TOP 10

"Neftçi-66"nın canlı əfsanəsi "80"-ə çatdı

Futbol
Tarix: 2020-08-12 23:08

Bu gün ad günü olan Boris Xetaqurov. Azərbaycanın ən tanınmış və ən titullu futbol həkimi. Xetaqurovu qısaca belə qələmə vermək olar – canlı əfsanə. Zarafat deyil ki, bu insan “Neftçi”nin yeganə uğurunun – 1966-cı il bürünc mükafatının canlı şahidlərindəndir. Həmin heyətdən isə sağ qalanlar tək-tükdür.

 

1940-cı ilin avqustun 12-də Bakıda anadan olan, tibb İnstitumuzun məzunu olan Xetaqurov 1965-cı ildə “Neftçi”nin gənclər komandasında işə başlayıb və cəmi 1 il sonra əsas komandaya cəlb olunub. Bu isə uğurlu vaxta – 1966-cı ildəki  "bürünc il"ə təsadüf edib. Həmin vaxt səbəbkarın cəmi 25-26 yaşı vardı. Beləcə onun “Neftçi”də fəaliyyəti başlayıb və SSRİ dövründə yalnız bu kluba bağlı olub. O, tibb sahəsində görülən işlərin əsas memarlarından sayılır. Ancaq Boris Nanayeviç “Neftçi”də müstəqillik dönəmində də - 2003-cü ilədək, 38 il fasiləsiz çalışıb. Öz aramızda böyük müddətdir. Ümumiyyətlə, dünya praktikasında bir klubda bu qədər çalışanlar çox az olar. Hətta əfsanəfi Aleks Ferqyuson “Mançester Yunayted”in baş məşqçisi kimi bu qədər çalışmayıb.

 

Xetaqurov eyni zamanda Azərbaycan milli komandasının ilk həkimi kimi tarixə düşüb. O, 1992-2005-ci illərdə bu vəzifədə çalışıb. Yəni o, uzun müddət həm “Neftçi”də, həm də millimizdə işləyib. Boris Nanayeviçin 2011-ci ildə “Neftçi”yə qayıdışı da uğurlu vaxtda olub. Yenə çempionluq, kubok və ən əsası, tarixdə ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə. Yubilyara “Neftçi”nin əsas rəqiblərindən “Qarabağ”la “Xəzər Lənkəran”da da işləmək nəsib olub. Ağdam klubunda İqor Ponomaryov baş məşqçi olanda çalışıb. “Neftçi” kimi “Xəzər Lənkəran”da da titullar sahibi olan təcrübəli həkim 2010-ci ildə ailə vəziyyətinə görə paytaxta dönməli olub. O, bu klublarda yaratdığı tibb mərkəzlərinə rəhbərlik edib.

 

Xetaqurov həm də futbol funksioneri olub. 1992-ci ildə AFFA-nın yaradıcılarından biri olan yubilyar 11 il İcraiyyə Komitəsinin üzvü olub, eyni zamanda AFFA-nın Tibb Komitəsinə başçılıq edib. Boris Nanayeviç tibb sahəsində böyük təcrübəsi olmaqla yanaşı, çoxlu mükafatlar sahibidi. Əvvəla, o, Azərbaycanın əməkdar həkimi, ümumiyyətlə, idman tibbi üzrə ali kateqoriyalı həkimidi. 1985-ci ildə “İdmançıların fiziki işgüzarlığının artırılması vasitəsi” ixtirasına görə SSRİ-nin ixtiralar və kəşf işləri üzrə Dövlət Komitəsinin Müəlliflik Şəhadətnaməsini alıb. 1978-ci ildə isə SSRİ-nin fəxri fərmanlarını alan Xetaqurov futbol komandaları arasında SSRİ-nin ən yaxşı həkimi seçilib.

 

Təbii ki, Xetaqurov təkcə Azərbaycanda yox, postsovet məkanında, hətta Avropada tanınmış həkimlərdəndi. Onun əhatə dairəsi genişdi. Həmkarları arasında dost-tanışları çoxdur ki, bunlar sırasında Avropada idman üzəri ixtisaslaşan tanınmış həkimlər də var. O, dəfələrlə beynəlxalq seminarlarda, Konqresslərdə iştirak edib, diplomlara, sertifikatlara layiq görülüb.

 

Ən nəhayət, Boris Nanayeviç gözəl, mədəni insandı. Təsadüfi deyil ki, xətrini istəyənlər saysız-hesabsızdı və onlardan biri də mənəm. Səbəbkarın yaşı çox olsa da, ona "qoca" deməyə adamın dili gəlmir. Göz dəyməsin, cavan oğlan kimidi. Xetaqurovda xoşuma gələn xüsusiyyətlərdən biri də müasir yeniliklərlə yaxından maraqlanmasıdı. Yəni o, yaşlı nəslin nümayəndəsi olsa da, yenilliklərdən, müasir texnologiyadan uzaq qalmamağa, əksinə, müasir dövrün tələbləriylə ayaqlaşmağa çalışır.

 

Çoxlu tələbələri olan yubilyar yaxşı pedaqoqdu. Ondan hər zaman dəyərli məsləhətlər almaq mümkündü. Hətta başqa klublarda oynayan futbolçuların zədələriylə bağlı ona müraciətlər çox olur. O da öz növbəsində problemin həlliylə bağlı lazımı məsləhətlər, düzgün istiqamət verir.

 

Xetaqurov son illərdə işləməsə də, futbolumuzda o qədər işlər görüb ki, bunu yazmaqla qurtarmaz. Belə parlaq karyera hər adama nəsib olmur...

 

 

 

MEHMAN SÜLEYMANOV

 

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB