TOP 10

Makedoniyalı skaut "Qarabağ"la "Neftçi"nin mərhələ keçəcəyinə əmindi: "Onların rəqibləri olan komandalarımız həvəskardı, şansları sıfırdı"

Futbol
Tarix: 2020-08-13 12:21

Azərbaycanla Şimali Makedoniyanın birdən-birə 3 təmsilçisinin avrokuboklarda rəqib olmaları geniş rezonans doğuraraq müzakirə olunur. Bu dəfə tribunanı makedoniyalı keçmiş futbolçu Muheddin İmerovskiyə verdik. O, ölkəmizdə legioner həyatı yaşamasa da, klublarımızı tanıyır. Karyerasını tez bitirməli olan, Makedoniya Futbol Federasiyasında skaut çalışan 28 yaşlı həmsöhbətimiz Sport24.az-a müsahibəsinə püşklə bağlı ümumi fikirlərini bildirməklə başlayıb. 

 

- Azərbaycan klublarına düşən təmsilçilərimiz arasında yalnız "Şkendiya" güclüdü. Digərləri heç güclü deyil. Məsələn, "Sileks"i "Qarabağ" keçəcək. Çünki zəif, həvəskar bir komandadı. Azərbaycanın daha güclü klubları var, avrokuboklarda oynamış futbolçulara malikdi. Ancaq burada yalnız "Şkendiya" güclüdü, başqaları belə deyil.

 

- Eləsə "Şkendiya" niyə çempion olmadı? Son mövsümdə heç 2-ci də yox, 3-cü yeri tutdu...

- Dəqiq səbəbini bilmirəm. "Şkendiya" bunadək son 2 ilin çempionudu. Ən son matçları yaxşı oynamadı, vacib xallar itirdi. Bunun üçün çempion "Vardar" oldu. Ancaq bildiyiniz kimi, o da UEFA lisenziyası ala bilmədiyinə görə ümumiyyətlə, avrokuboklara buraxılmadı. Bu klub "batıb", pulu yoxdu. 

 

- "Şkendiya"nın əsas gücü nədi?

- Orta sahəsində. Bu mövqedə yaxşı futbolçuları var. Çox güclü mərkəz hücumçusu olmasa da, yarımmüdafiə xətti çox güclüdü. Özü də bütovlükdə - mərkəzi də, cinahları da. Heyətində həm yerli, əcnəbi oyunçular yer alıb. 

 

- Belə çıxır ki, avrokuboklarda debüt edəcək "Sumqayıt"ın "Şkendiya" qarşısında heç bir şansı yoxdu?

- "Sumqayıt"ı görməmişəm, ona düşən rəqibin güclü olduğunu deyə bilərəm. Sadəcə, indidən heç bəlli olmaz. Çünki Makedoniya liqası bitib, indi komandalar hansı vəziyyətdədi, bilinmir. "Şkendiya" ölkəsində ən güclü sayılır. Bu, həm heyətinə, həm də maddi vəziyyətinə görədi.

 

- Avrokuboklarda qalib bu dəfə bir oyunla müəyyənləşəcək. Özü də klublarınızın hamısı Azərbaycana gəlməli olacaq. Bu, onların şanslarını azaldırmı?

- Tam haqlısınız. Bu məqam Azərbaycan klublarının şansını artırır. 

 

- Gəlin, bir az da "Şkupi" haqda danışaq. Transfer bazarında çox fəaldı...

- O qədər transferlər etsə də, aralarında heç önəmlisi yoxdu. Azərbaycandan da bir müdafiəçi gətirib - Elvin Yunuszadə. "Şkupi" həvəskar kimi bir komandadı, güclü rəqib deyil. Sizin klublar daha yaxşı oynayır. 

 

- "Neftçi" və "Qarabağ"ın oyununu görmüsünüzmü?

- Bəli. Onsuz da hər il avrokuboklarda çıxış edirlər. Bunun üçün onlara bir fürsətdi ki, düşdükləri zəif rəqibləri keçsinlər. 

 

- Yəni, düşünürsünüz ki, möcüzə baş verməsə, "Silesk"lə "Şkupi"nin heç bir şansı yoxdu "Qarabağ"la "Neftçi" qarşısında?

- Bəli, şansı heç yoxdu - sıfırdı. Tək "Şkendiya"yla bağlı vəziyyət bəlli deyil. Çünki rəqibini görmədiyindən, proqnoz verə bilmərəm. 

 

- Ölkənizdə Azərbaycan klublarıyla bağlı duel haqda nə danışırlar, nə düşünürlər?

- Onsuz da real vəziyyəti bilirlər. "Qarabağ"la "Neftçi" necə bir komandalar olmalarıyla bağlı ölkəmizdə hər kəs məlumatlıdı. Azərbaycan klublarında daha səviyyəti futbolçular çıxış edir. Bunu bilirik.

 

- Bu mənada "Sileks"lə "Şkupi" narahatdırmılarmı ki, onlara güclü rəqiblər düşüb və dediyiniz kimi, şansları yoxdu?

- Deyirlər ki, təslim olmayacağıq, ən son dəqiqəyədək oynayacağıq, mərhələ keçmək üçün mübarizə aparacağıq, öz futbolumuzu nümayiş etdirəcəyik. Baxaq görək necə olacaq. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

football24
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB