TOP 10

Ümit Karan Sport24.az-a "Şkupi"nin ən güclü tərəfini, "Neftçi"nin şansını artıran məqamı göstərdi: "Bəlli olmaz, bir gün Azərbaycanda işləyərəm..."

Futbol
Tarix: 2020-08-11 12:34

"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsində düşdüyü Şimali Makedoniyanın "Şkupi" klubunun sabiq baş məşqçisi, Türkiyə futbolunun ən tanınmış nümayəndələrindən biri sayılan Ümit Karan olub. "Qalatasaray"da çıxışıyla tanınan keçmiş hücumçuyla əlaqə saxlayaraq qarşıdakı duel haqda suallarımızı ünvanladıq. Azərbaycandan gələn zəngi məmnuniyyətlə cavablandıran Karan ilk olaraq ümumi təəssüratlarını bölüşüb.

 

- "Şkupi"də 2018-19-cu illərdə çalışdım. Püşkdən xəbərdaram, bilirəm ki, Bakının "Neftçi" klubuna düşüb. İkisi də sevdiyimiz komandalardı. Onsuz da azərbaycanlıları hər zaman çox sevirik. Təbii ki, "Şkupi" də albanların çox olduğu bir komandadı. Onsuz da onların çoxu müsəlmandı. Yaxşı, gənc bir komandadı. Hər şeyi matç göstərəcək. Hər iki komanda çətinlik yaşaya bilər. Ancaq bu il yaxşı transerlərə imza atdı "Şkupi". İki ildir yeni komanda qurmağa çalışır, hazırda buna nail olub. Asan qarşılaşma olmayacağını düşünürəm. Hər iki komandaya uğurlar arzulayıram.

 

- Nəticəylə bağlı proqnozunuz necədi?

- Bir oyun olduğu üçün nəticə indidən bəlli olmaz. 

 

- Üstəlik, keçmiş komandanız səfərdə çıxış edəcək. Bakıda oynamaq mərhələ keçmək şanslarını azaldır?

- Təbii ki, səfərdə oynamaq həmişə çətindi. Düzdür, tribunalar boş olacaq, seyrci stadiona buraxılmayacaq. Ancaq buna baxmayaraq, yol yorğunluğu var. Azərbaycana gəlmək asan deyil, yəni məsafə çoxdu. Futbolçu üçün yol yorğunluğu, hava dəyişikliyi olacaq. Bunların hamısının təsiri var. "Şkupi" üçün Bakıda hər şey fərqli olacaq. Buna görə də meydan sahibinin öz azarkeşləri olmasa belə, üstünlüyü olur. 

 

- Maraqlıdı, "Neftçi"nin oyununu görmüsünüzmü? Ümumiyyətlə, bu klubun adı gələndə, gözünüzün önündə nə canlanır?

- Tanınmış klubdu. Azərbaycanı həqiqətən çox sevirik. Bəlli olmaz, bəlkə bir gün Azərbaycanda çalışarıq, "Neftçi"də çalışarıq. Ölkənizə böyük sevgim var. Keçən mövsüm oyununu izləyə bilmədim, koronavirus pandemiyasından sonra komandanızın çıxışı necə oldu, bilmirəm. Bir dəfə "Neftçi"nin oyununu canlı izləmişdim. Onda baş məşqçisi italiyalıyalıydı (Roberto Bordin-müəllif.), yaxşı komanda idi. Ancaq təbii ki, son vaxtlar komandanızın necə olduğunu, tranferlərini bilmirəm. 

 

- "Neftçi"nin oyununda əsas nə xoşunuza gəlmişdi?

- Gənc bir komanda kimi xoş təsir bağışlamışdı. Ancaq indi "Neftçi" haqda çox bilgi sahibi deyiləm. 

 

- Bəs, "Şkupi"ni yaxşı tanıyan bir mütəxəssis olaraq onun əsas gücünü nədə görürsünüz?

- "Şkupi"nin orta sahəsi çox yaxşıdı. Yarımmüdafiədə keyfiyyətli futbolçuları var. Sürətli, meydanda çox qaçan komandadı. Keçən həftə yeni mövsümləri başladı. İlk turda "Şkendiya" ilə matçda 2 xal itirdi. Halbuki, hesabda 2:0 irəlidə idi. Onu da deyim ki, "Şkendiya" Makedoniya liqasının ən yaxşı komandasıdı. İstənilən halda, "Neftçi" - "Şkupi" matçı bəlli olmayacaq bir dueldi. Yaxşı olan qazansın!

 

- Yeri gəlmişkən, "Şkendiya" da Azərbaycanla düşüb - avrokubokların debütantı "Sumqayıt"la. "Qarabağ"ın da Çempionlar Liqasında "Sileks"lə görüşəcəyini nəzərə alsaq, Azərbaycanla Makedoniyanın 3 dueli olacaq...

- Dediyim kimi, bu ölkənin ən yaxşı komandası "Şkendiya"dı, çətin olacaq onunla. Keçən mövsüm də eynisi bizim üçün oldu - "Şkupi" də, "Şkendiya" da Ermənistan klublarıyla rəqib oldu. Makedonlar elə eyni ölkəyə düşür (gülür). "Pünik"lə səfərdə 3:3 oynadıq, ancaq evdə 1:2 hesabıyla uduzduğumuzdan mübarizəni dayandırdıq. Ermənilər bizi keçəndən sonra "Vulverhempton"la dayandılar.  

 

- Bilmək olar, "Şkupi"dən ayrılmağınıza nə səbəb oldu?

- Komandanı Avropa Liqasına çıxardıq. Bu yerdə də missiyamız bitdi, indi yeni üfüqlərə baxırıq. Yenə ölkə xaricindən bir neçə təklif almışam. Onlar arasında İranın bir neçə klubu var. Xaricdə çalışmağı sevirəm və seçirəm. 

 

- Bəs, Azərbaycandan nə vaxtsa təklif almısınız?

- Vallah, almadıq. Ancaq ala bilərik. Dediyim kimi, Azərbaycan çox sevdiyim ölkədi. İnşallah, bir gün ordan da təklfi alaram. Niyə də olmasın?!

 

- "Şkupi" ən son olaraq millimizin sabiq müdafiəçisi Elvin Yunuszadəni transfer edib. Hansını ki, həmkarınız Umit Özat Bosniya və Herseqovinanın "Çelik" klubuna aparmışdı...

- O futbolçunu yaxından tanımıram. Ancaq məşqlərdə görmüşdüm, pis oyunçu deyil. 

 

- "Şkupi"dən fərqli "Neftçi"nin avrokuboklarda böyük təcrübəsi var. Bunu təmsilçimiz üçün üstünlük sayırsınız?

- Bəli. Elə Avropa təcrübəmiz olsaydı, mübarizəni dayandırmazdıq, bəlkə daha irəli gedə bilərdik. İndi bəlkə bir az təcrübələri artıb. Ancaq təbii ki, "Şkupi"də beynəlxalq təcrübə çatışmazlığı var. Bakı klubu isə illərdi avrokuboklara qatılır. Ancaq indi hər şey fərqli olduğundan bilmək olmaz, tək matçdı. Bu zaman rəqibin təhlükəlidi. 

 

- Maraqlıdı, Azərbaycan təmsilçisinə azarkeşlik edəcəksiniz, yoxsa keçmiş komandanıza?

- (gülür) Yəni, yekunda əməyimiz var bir komandada. Ancaq dediyim kimi, Azərbaycanı çox sevdiyim üçün könüllər bölünür. Bir reallıq var ki, çörəyini yediyim, futbolçular yetişdirdiyim bir klub var. Ona görə bir az ağır gəlir seçim.

 

- Şanslar bərabərdi?

- Bəli, məncə də 50-50-di. Ancaq ev sahibi olması Bakı klubunun bir az şansını artırır. 

 

- "Neftçi"ylə matçda "Şkupi"yə xüsusi olaraq nəyə diqqət yetirməyi tövsiyə edərdiniz?

- O qədər dərinə gedə bilmərəm, deyəcəyim bu qədər (gülür). 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

football24
20 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB