TOP 10

Mahir Emreli ÇL-də azarkeşlərsiz oynamağın çətinliyindən danışdı, Millətlər Liqasında qrupdan çıxmağımıza nikbin baxdı: "Artıq özüm də bezmişəm bundan, görürəm ki, siz də bezmisiniz bu sualı verməkdən"

Futbol
Tarix: 2020-08-09 10:41

"Qarabağ" Qəbələdəki uzun müddətli təlim-məşq toplanışını çox inamlı qələbəylə başa vurdu. "Keşlə"ni bunadək 3:1 hesabıyla məğlub edən Çempionlar Liqasındakı (ÇL) təmsilçimiz sonradan isə bu rəqibi darmadağın etdi - 4:0. Bu matçlarda qollarla fərqlənən hücumçu Mahir Emreli Sport24.az-a müsahibəsində həm "Qarabağ"ın ÇL-də azarkeşlərsiz oynamalı olmasına, həm özünün legioner həyatı yaşamasının hələ də reallaşmaması səbəblərinə, həm də milliyə toxunub.

 

- Qəbələdəki hazırlıq mərhələsini necə dəyərləndirərdin?

- Gündə bəzən 2, bəzən 1 məşqlə kifayətlənirdik. Ümumi götürsək, toplanış normal keçdi. Komanda uzun müddət idi çempionat oynamadı, bir yerdə deyildi. Amma düşünürəm ki, vaxtımıza hələ var. İnşallah, hər şeyin yaxşı olacağına ümidliyik. Düzdür, ağır olacağını biz də başa düşürük. Çünki nə qədər də məşq etsən də, oyun təcrübəsi tamam başqadı. Ümid edirəm ki, ən azından təcrübəmizdən istifadə edib, istəyimiz də sayəsində yaxşı nəticələr əldə edə bilərik.

 

- Gördüyüm qədərilə Ovusu Kvabenayla oyunda mövqelərinizi, cinahları tez-tez dəyişirsiniz. Elə olur ki, hücumun mərkəzində olursan, elə də olur afrikalı həmkarın həmin mövqeyə çəkilir. Ümumiyyətlə, hansı mövqedə özünü daha rahat hiss edirsən?

- Son oyunda həmin mövqe dəyişikliyi oldu. O da baş məşqçimizin istəyi, tapşırığı idi ki, yerlərimizi dəyişdik. Amma ümumi götürsək, mənə sağda da rahatdı, solda da, mərkəzdə də. Harda qoysalar, orda da oynayacam. 

 

- Məlumdu ki, ÇL-də qarşılaşmanız bir matçdam ibarət olacaq. Özü də boş tribunalar qarşısında oynamalı olacaqsınız. Bu olsa belə, hər halda, evdə oynamaq istəyərsiniz, yoxsa artıq bunun əhəmiyyəti olmayacaq?

- Əlbəttə ki, evdə oynamaq istəyirik. Çünki Tofiq Bəhramov adına Respublika stadionunda oynamaq, ümumiyyətlə, orda olmaq bir başqa hissdi. Amma azarkeşsiz qalmaq bizim üçün ağırdı, mənfi haldı. Amma nə qədər çox çətin olsa, yenə də inanıram ki, azarkeşlərimizin qəlbi bizimlə olacaq və sonadək bizi dəstəkləyəcəklər. 

 

- Yayda da, qışda da - artıq 3 ildir Mahiri xaricə yola salırıq, ancaq yenə gəlib çıxır "Qarabağ"a. Nə qədər bu proses davam edəcək?

- (gülür) Artıq özüm də bezmişəm bundan, görürəm ki, siz də bezmisiniz bu sualı verməkdən. Sözün açığı, bunu özüm də bilmirəm.. Nə zaman doğru olsa, o zaman da baş verər.

 

- Nə mane olur?

- Maneçilik məsələsi deyil. Sadəcə, bəzən olur ki, nədəsə razılaşa bilmirik. Elə olur ki, onları nədəsə qane etmirik. Elə də olur məni, yaxud klubu nəsə qane etmir. Yəni, cürbəcür olur. Bu üzdən çətindi demək məhz nə qane etmir.

 

- Bu pandemiya dövründə dəvət yenə var idi?

- Adları açıqlanan komandalar olduğunu eşitmişəm, ancaq rəsmi olaraq bir şey yoxdu.

 

- Son rəsmi dəvət "Sevilya"da olub?

- Bəli. O da keçən yay. 

 

- Necə düşünürsən, bəlkə  "Qarabağ"da rəqabətsizlikdi, ona görə gedə bilmirsən? Mərkəz hücumçusu oynayırsan, bu dəqiqə də komandada həmin mövqedə futbolçu yoxdu...

- Elə deməzdim. Mövsümə hazırlıq yeni başlayıb. Əlbəttə, hücumçu transferinin olacağını düşünürəm. Belə deyim ki, rəqabətsizliylə bağlı burda heç bir amil yoxdu. Sadəcə, təkliflər olduğu zamanı oturub bir yerdə Qurban müəllimlə dəyərləndirdik. Məsləhət edirik ki, mənim üçün nə daha yaxşı olacaq. 

 

- Milli komandamızın da növbəti həyəcanına çox az qalıb. Futbolçular uzun müddət məşq keçməyəndən sonra belə ardıcıl yüklənməyə tab gətirə biləcək?

- Ağır olacaq, başa düşürük. Bunu həqiqətən yaxşı dərk edirik. Ancaq yenə də peşəkar futbolçularıq. Başa düşürük ki, oyun zamanı texniki səhvlər, nəsə problemlər ola bilər. Bu, oyun təcrübəsizlyindən irəli gələn şeylərdi. Amma yüklənməyə qalanda, çalışmalıyıq ki, bu dövr ərzində ən azı fiziki formamızı qaydasına salaq. Nəticədə gücümüz yerində olsun ki, tez bir zamanda bərpa ola bilək. 

 

- Boş vaxtında daha çox kinoya baxdığına şahid olmuşam. Maraqlıdı, boş vaxtında Lüksemburq yığmasının oyununa baxmısanmı, görüm necə komandadı, "dişimizə" görədimi? Hər halda, Millətlər Liqasında ilk rəqibimizdi...

- Hazırda "Qarabağ"ı düşünürəm. Və bundan sonra artıq millini izləyəcəm. Çünki hər şey mərhələli olmalıdı. Amma digər rəqib olan Kipr yığmasının bir oyununu izləmişəm. Sadəcə, səfər matçı idi, rəqibini tam xatırlamıram.

 

- Ümumiyyətlə, qrup şanslarımız haqda nə düşünürsən?

- Düşünürəm ki, qrupda hər kəsin gücü eynidi. Kosovo yığmasının gücünə bələd olmuşuq. Yeni ölkə olsa da, özünüz gördünüz ki, futbolçuları necə klublarda çıxış edirdi. Amma futbolda indi qüvvələr nisbəti bərabərdi. Nə bizi kimdənsə güclü sayıram, nə də kimisə bizdən. 

 

- Yəni qrupdan çıxa bilərik?

- Ümid edirəm ki, çıxarıq. Niyə çıxa bilmərik ki?!

 

 

 

CEYHUN ƏLİYEV

 

football24
22 Sentyabr 2020
21 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB