TOP 10

Əhmədov yolunu gözlədiyi Sezarın durumuna görə çox narahatdı: "Yeni oyunçular da cəlb olunandan sonra daha yaxşı, aqressiv "Keşlə" görəcəksiz"

Futbol
Tarix: 2020-08-08 14:08

Hazırlığın ilk mərhələsini Şamaxıda keçən “Keşlə” 3 günlük Bakı fasiləsindən sonra Qəbələyə üz tutdu. Ölkə çempionatının son bürünc medalçısı bu kurort şəhərciyində fərqli hazırlıq keçdi. Paytaxt təmsilcisi günaşırı olmaq şərti ilə 5 gün ərzində 3 yoxlama oyunu keçirdi. Avqustun 6-da Bakıya qayıdan “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Sport24.az-ın əməkdaşının suallarını cavablandırdı.

 

- Şamaxı toplanışından fərqli olaraq Qəbələdə daha çox taktiki-texniki məşqlərə üstünlük verdiniz. Qəbələ toplanışını necə dəyərləndirərdiz? Razı və narazaı qaldığınız hansı məqamlar oldu?
- Şamaxı toplanışında biz daha çox funksional və psixoloji hazırlığa üstünlük vermişdik. Qəbələdə isə sırf texniki və taktiki hazırlıq keçdik. 5 aya yaxın idi ki, komanda futbol oynamırdı. Futbolçular topla məşqlər etməmişdilər. Çəkini nəzarətdə saxlamaq üçün onlayn məşqlərlə kifayətlənirdik. Qəbələdə isə ən əsas oyunçuların, yeni gələnlərin uyğunlaşması, oyun təcrübəsinin artırılması yönündə işlər davam etdirildi. Bu nöqteyi nəzərdən çalışdıq ki, bacardığımız qədər bir gündən bir oyun keçirək ki, komandanın oyun təcrübəsi artırılsın. Uzun müddət futbol oynamayan oyunçular həm uyğunlaşmada, həm oyun quruculuğunda əziyyət çəkirlər. Oyundan oyuna komandada inkişaf gedirdi. Hər növbəti oyun daha istəkli, aqressiv və daha düzgün oynamağa çalışırdıq. Burda şərt deyildi ki, biz qalib gələk və ya məğlub olaq. Önəmli olan uyğunlaşmanı həyata keçirmək, səhvləri görmək idi. Bir oyun Şamaxıda olmaqla, 4 oyun keçirdik. Bir gündən bir oyun keçirmək və həm də oyununların təhlilini aparmaq oyunçular üçün psixoloji gərginlik yarada bilərdi. Buna görə də Qəbələdə yox, Bakıda bu oyunların təhlili, futbolçularla fərdi söhbətlər olacaq. Çempionatın startına qədər bütün səhvlər aradan qaldırılacaq. Komandada əsas çətinlik futbolçu çatışmazlığıdır ki, bu da yaxın müddətdə həll olunmalıdır. Sezar Meza Kollinin məsələsi açıq qalır. Şamaxı toplanışında Cavidi İmamverdiyevin köhnə zədəsi yenidən özünü büruzə verdi. Hazırda fərdi məşqlər edir. Bu gün tibbi müayinədən keçəcək. Hücum xəttinin gücləndirilməsi istiqamətində işlərimiz gedir. Həm Şamaxıda, həm Qəbələdə tam komplektləşmiş heyətlə toplanış keçə bilmədik. Düşünürəm ki, komandaya yeni futbolçular cəlb olunacaq. Bundan sonra komandamız daha yaxşı çıxış edəcək, daha yaxşı kollektiv formalaşacaq. Çox ümid edirəm ki, yaxın günlərdə Sezar da bizə qoşulacaq. Cavid də sağalacaq. Hücum xəttini də gücləndirəcəyik. Ola bilər ki, cinah yarımmüdafiəçisi mövqeyinə də bir oyunçu cəlb edək. Hər halda bu yöndə işlərimiz davam edir. Önəmli olan odur ki, komanda bu 3 oyunda yaxşı, ümüdverici təsir bağışladı. Hər görüşdə komandada kompakt oyun, düzgün nizam-intizam gördük. Düzdür, hücum xəttində axsama olsa da, müdafiədə daha inamlı idik. Baxmayaraq ki, son oyunda "Qarabağ"a böyük hesabla məğlub olduq, komanda son ana qədər inamlı çıxış edirdi. Sadəcə, oyunun sonlarda hiss olunurdu ki, yorğunluq özünü büruzə verir. Buna baxmayaraq nizam-intizam özünü büruzə verirdi. Cavid istisna olmaqla, digər yenilər demək olar ki, komandaya uyğunlaşıblar. Düşünürəm ki, bu toplanışda görmək istədiyimiz bütün məqamları gördük. Yeni oyunçular da cəlb olunandan sonra daha yaxşı, aqressiv "Keşlə" görəcəksiz.

 

- Düzdür, zədə olmasa da, hər halda bir gündən bir oyun keçirmək komandanın yüklənməsi baxımından risk deyildi?
- Zədə qaçılmaz deyil. Adi məşq zamanı da oyunçu risk altındadır, zədələnə bilər. Risk hər zaman var. "Səbail"lə oyunda Vüsal İsgəndərli topuğundan zədə aldı. Bu oyun epizodu idi və yorğunluqla əlaqəli deyildi. Fikirləşsək ki, bu oyunlarda hansısa futbolçunu itirə bilərik, o zaman işimiz alınmaz. Əlbəttə, bütün bunlar riskdir. Funklional hazırlığımızı keçmişdik. Təbii, düşünürdük ki, istənilən halda mikrozədə ola bilər. Buna baxmayaraq qlobal böyük bir zədə gözləmirdik. Belə baxanda, çempionat zamanı bəzi süni meydançalarda da zədə riski yüksək olur. Deyərdim ki, hətta oyunçunun süni meydanda zədə alma riski 100 faizdir. Təbii meydançada isə bu risk 50 faiz təşkil edir. Biz bu riskləri düşünsək işimiz getməz. Biz sadəcə çalışırıq futbolçuları qoruyaq və bu riski minimuma endirək. Məşqlərdə bu riski, zədə ehtimalını minimuma endirən hərəkətlər etməyə çalışırıq. Hazırda bizim üçün əsas oyun təcrübəsidir. 5 gündən bir, həftədə bir dəfə də oyun oynasaq, zədə qaçılmazdır.

 

- Qeyd etdiyiniz kimi, hücum xəttində olan boşluq ciddi şəkildə nəzərə çarpırdı. Yeni gələcək oyunçuların adaptasiyasına vaxt çatacaq?
- Hücum xəttində həqiqətən böyük problemimiz var. Bu problem də özünü çox büruzə verir. Çalışırıq ki, qısa zamanda bu məsələ öz həllini tapsın. Hücumçunun gəlməyi, uyğunlaşması bir yana, üstəlik Sezarın durumu da bizim üçün çox böyük problemdir. Artıq çəkiyə meylli oyunçudur. Məşqsiz qalması bizi çox narahat edir. Durumundan xəbərsizik. Təbii ki, uyğunlaşma üçün zamana ehtiyac var və bu futbolçudan da asılıdır. Elə futbolçu var komandaya çox tez uyğunlaşa bilir. Ümumiyyətlə, braziliyalıların, latın amerikalı futbolçuların Azərbaycana uyğunlaşma problemi demək olar ki, olmur. Buna görə də düşünmürəm ki, braziliyalı oyunçuların gəlməyi ilə uzun müddətli uyğunlaşma çətinliyi yaşayaq. Ümid edək ki, tez bir zamanda gəlib komandaya qoşulsunlar.

 

- Yəqin ki, çempionatın startınadək ən azı daha 1 yoxlama görüşü keçirməyi düşünürsünüz. Həmin oyun üçün dəqiq tarix bilinir?
- Avqust ayının 12-si və ya 13-ü üçün nəzərdə tutmuşam. Durumdan və rəqibdən asılı olaraq bir gün əvvəl və ya sonra da ola bilər. Daha sonra isə avrokubok oyununa hazırlaşacağıq.

 

 

 

CEYHUN ƏLİYEV

football24
27 Sentyabr 2020
26 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB