TOP 10

Aftandil Hacıyev daha güclü "Səbail" qura biləcəklərinə inanır, universal futbolçu axtarır: "Bu hal davamlı olarsa, daha ciddi sanksiyalara əl ata bilərik"

Futbol
Tarix: 2020-08-05 16:13

Premyer Liqa təmsilçilərimizin hamısı Bakldakı karantin rejiminə görə Qəbələyə hazırlığa yollandılar. Ora ən tez gedən də  "Səbail" oldu, ən tez qayıdan da. Belə ki, iyulun 21-də səfərə çıxan Aftandil Hacıyevin komandası hazırlıq müddətində 2 yoxlama matçı keçirərək avqustun 4-də paytaxta döndü. İkihəfətlik təlim-məşq toplanışında "Qəbələ"ni 2:1 hesabıyla məğlub edən "dənizçilər" ardından "Keşlə"yə 0:2 hesabıyla uduzdu. Hacıyev Sport24.az-a müsahibəsində bir sıra məqamlara aydınlıq gətirib. 

 

- Ötən mövsümü uğursuz başa vurdunuz. Hazırda komandada itkilər də var. Təcrübəli oyunçuları gənclər əvəz edib. Düşünmək olar ki, "Səbail" ötən ildəkindən də zəif çıxış edəcək?
- Həqiqətən də keçən mövsümü uğurlu adlandırmaq olmaz. İstərdik ki, çempionatı daha yuxarı pillələrdə bitirək. Buna baxmayaraq, sonuncu pillədən qurtula bildik və o üzdən vəziyyətdən narazı qala bilmərik. Karantin rejiminin tədbiqindən əvvəl baş tutan son turda "Zirə" ilə qarşılaşmışdıq. Həmin oyunda qalib gəlsəydik, Avroliqa şansımız yaranacaqdı. Bütün bunları, mövsümün əvvəlindən baş verənləri təhlil edirik və görürük ki, bir çox futbolçu komandadan ayrıldı, yeni, gənc oyunçular cəlb etdik. Bu hallar da komandanı tam hazırlamaq üçün böyük əmək tələb edirdi. Düşünürəm ki, qarşıya qoyulan minimum vəzifənin öhdəsindən gəlməyi bacardıq. Belə vəziyyətdə maksimumu edib Avroliqaya getməyimiz sensasiya olardı. Bu yay da komandanı tərk edən oyunçular oldu. Hazırki "transfer pəncərəsi"ndə də onların yerini doldurmağa çalışırıq. Artıq Məqsəd İsayev sıralarımıza qoşulub. Bir neçə oyunçu ilə də danışıqlarımız davam edir. Bir legioner - makedoniyalı Florian Kadriunu artıq transfer etmişik. Transfer çalışmalarımız bundan sonra da davam edəcək. Çalışacağıq ki, mübariz komanda yaradaq və ötən il olduğu kimi yenə də Avroliqaya vəsiqə qazanaq.

 

- Düşünmürsünüz ki, komanda ilk mövsümdən Avroliqaya vəsiqə qazanmaqla əvvəldən səhv strategiya müəyyənləşdirmişdi? Həmin vaxt komanda dağıldı və yenidən yeni oyunçular cəlb olundu. Gəncləşdirmə siyasətini həmin vaxt etmək olmazdımı ki, indi həmin gənclər daha təcrübəli olardılar?
- Klubun tarixinə baxsaq, Premyer Liqada 3 ildi çıxış edir. İki il olacaq ki, "Səbail"ə rəhbərlik edirəm. Mən kluba gələn vaxt heyətdə 6-7 oyunçu var idi. Komandanı yenidən formalaşdırmağa çalışdıq. Belə olan halda, gənc bir klubun akademiyasından yetişən oyunçu gözləmək hələ çox tezdi. Həmin vaxt daha çox futbolçunu icarəyə götürməyə üstünlük verirdik. Fəhmin Muradbəyli, Ruslan Hacıyev kimi futbolçuları icarəyə götürdük. U-19 komandamızdan da bir neçə gənc oyunçu cəlb etdik. Deməzdim ki, gənclərə şans yaranmırdı. Əksinə, çempionatın ən gənc oyunçusu kimi Ədilxan Qarəhmədova şans verdik. O da bir neçə oyunda özünü yaxşı tərəfdən göstərməyi bacardı. Bunun davamlı olması akademiyada iş tələb edir. Gənclərin seleksiya işinə böyük önəm vermək lazımdı. Bu istiqamətdə isə nəinki "Səbail"də, bizim öndə gedən komandalarımızda da "axsama"lar var. İlk ildə olan büdcənin indiki büdcə ilə müqayisədə az olmasına cavab vermək çox çətindi. Onu rəhbərlik təyin edir. Bunun da müxtəlif səbəbləri ola bilər. Hazırkı pandemiya dövründə tək "Səbail"də yox, digər klublarımızda da eniş yaşanır. Əvvəlki mövsümdə isə, yəni üçüncü pilləyə sahib olduğumuz mövsümdən sonra büdcənin azaldılması mənim özüm üçün də gözlənilməz oldu. Daha da inkişaf etmək və heyətin güclənməsi üçün büdcənin artmasını gözləyirdim. Buna baxmayaraq, ən çətin dönəmlərdə də klubda qalıb işimi davam etmək qərarı verdim. Bundan sonra da yaxşı dönəmdə olduğu kimi, pis gündə də "Səbail"də olmağı düşünürəm. İnanıram ki, gələcəkdə daha güclü və yüksək pillələr uğrunda mübarizə aparan "Səbail" görə biləcəyik.

 

-  Qəbələdə iki oyununuzu izləmişəm. Hər ikisində fərqli "Səbail" gördüm. Stabil oyun yoxdur. Bu gün komanda bir neçə epizodda yaxşı oyun göstərsə də, bu da ani olurdu. Bütün bunlar futbolçuların təcrübəsizliklərindən irəli gəlir, yoxsa məşqçilərin ağır fiziki məşqlər keçməsindən?
- Qəbələdəki hazırlığın ikinci həftəsini başa vururuq. Demək olar ki, hazırlıq planının ilk mərhələsini yekunlaşdırırıq. Beş aylıq fasilədən sonra bu iki həftəlik hazırlıq dönəmində həm məşq edib, həm iki oyun yoxlama oyunu keçirdik. Hazırki pandemiya dövrü bizə yad dönəmdi. Əvvəlki illərdə maksimum bir ay fasilədən sonra məşqləri bərpa edirdik. İndi isə uzun müddət fasilədən sonra futbolçular üçün də çətindi. Qısa vaxt ərzində hazır olmaq, 90 dəqiqə istənilən səviyyədə oynamaq ağırdı. Bunu futbolçulardan gözləmirik də. Sizin də qeyd etdiyin kimi, bu iki oyunda yaxşı epizodlar da oldu. Düzdür, nəticə bizim üçün uğurlu olmasa da, gözlədiyimizdən də sürətli oyun gördük, inkişaf hiss etdik. Bəli, yaxşı epizodlar ani məqamlarda olsa da, bunu həm komandanın uzun müddət fasilədə olması, həm də bəzi oyunçuların təcrübəsinin azlığı ilə əlaqələndirərdim. Əlimizdən gələni edəcəyik ki, gələcəkdə bu cür epizodların sayı artsın. Bu gün futbolçularda da o istəyi görürəm. Heyətimizdə bir neçə gənc oyunçu var və bu onlar üçün şansdır ki, meydanda daha çox olsunlar. Əvvəlki illərdən fərqli olaraq bu il işimi gənclər üzərində qurub Bahadur Həziyev, Ədilxan kimi oyunçuları üzə çıxaraq. Təbii ki, hər zaman komandada təcrübəli oyunçulara da ehtiyac var. Onlardan da çox gözləntimiz var, tələbimiz o olacaq ki, öz oyunları ilə, davranışları ilə gənclərə örnək olsunlar. Rahid Əmirquliyev, Rauf Əliyev, Aleksandr Ribka kimi təcrübəli oyunçularımız var. Onların üzərinə böyük yük düşür. Gələcəkdə mübariz heyət olacağımıza çox inanıram.

 

- Qapıda təcrübəli Ribka, hücumda güvənilən Rauf, ortada təcrübəli Rahid. Bütün bunlara baxmayaraq, müdafiənin mərkəzində isə çox böyük boşluq var. "Səbail"in müdafiə xəttinin mərkəzini rahat "dəhliz" adlandırmaq olar. Ən önəmli mövqedəki boşluqla çempionata necə gedirsiz?
- Həqiqətən də o mövqedə rəqabətsizlik hökm sürür. Bu iki həftədə bunu biz də müşahidə edirik. Düşünürəm ki, bu boşluq uzun sürməyəcək. İstəyirik ki, hər mövqedə azı iki oyunçumuz olsun. İnanırıq ki, həmin mövqeyə istədiyimiz oyunçuları istədiyimiz şərtlərlə transfer edə biləcəyik və o mövqedə layiqli rəqabət yaranacaq. Digər mövqelərdə də güclənməyə ehtiyac var ki, bunlardan biri də hücum xəttidi. Rauf kimi oyunçu o sahədə tək qalıb. Son yoxlama matçında olduğu kimi, məcbur olub o mövqeyə Ekşteyni meydana buraxdıq.

 

- Rauf kimi təcrübəli oyunçu istənilən an əsəblərinə sahib çıxmalıdı. Bilə-bilə ki, ehtiyatda onu əvəz edəcək oyunçu yoxdur, bu davranışa nə ad vermək olar? Və bu hərəkət gənclərə necə təsir edəcək?
- Təbii ki, az təsir göstərmir. Dediyim kimi, hazırda bizdə rəqabətsizlik var. Ola bilər ki, bu amil də futbolçuların bəzi davranışlarına təsir edir. Raufla futbolçu kimi bir komandada çıxış etmişik. Onu yaxşı tanıyıram. Sadəcə, uzun müddət futboldan uzaq qalmaları, formada olmamaları futbolçuların meydanda belə xoşagəlməz hal yaşamalarına gətirib çıxarır. Bu gün bunu anlayışla qəbul edirik. Təbii ki, bu hal davamlı olarsa, daha ciddi sanksiyalara əl ata bilərik. Komanda daxilində də bu haqda söhbətimiz olub. Tək Rauf yox, bütün futbolçulara bu haqda məlumat verilib. İnanırıq ki, bütün futbolçular ən qısa zamanda bundan nəticə çıxarıb gələcəkdə bu cür xoşagəlməz hallarla üzləşməyəcəklər.

 

- Bu iki oyunda diqqətimi çəkən bir oyunçu da gənc Bahadur Həziyev oldu. Onu azərbaycanlı futbolçuların düşdüyü "xəstəlikdən" xilas etmək olacaq?
- Bahadur Premyer Liqada ilk addımlarını atır. Yüksək liqa təcrübəsi kifayət qədər deyil, hər hansı xəstəliyə tutulmasına səbəb yoxdu. Onun kimi gənclərə bu rahatlığı verməyi də düşünmürük. Potensialı olan gənclərimizdəndi. Bu gün meydanda öz üzərində daha çox çalışan, daha çox oynamaq istəyən Bahadur görürük. Bunun davamlı olmasını istəyirik. Düzdür, bəzi futbolçular olub ki, xarakterinə görə potensialını tam aça bilməyib. İnanırıq ki, Bahadur elə olmayacaq. Həm xarakteri, həm oyunu ilə nəinki "Səbail"ə, ölkə futboluna faydalı oyunçu olar.

 

- Çempionatın startına qədər neçə yoxlama oyunu və hansı mövqelərə neçə transfer nəzərdə tutulub?
- Hazırda hazırlığın ilkin mərhələsini başa vururuq. Üç günlük istirahətdən sonra ikinci mərhələyə start verməyi planlaşdırırıq. Hazırlığın harda olacağını indi dəqiq deyə bilməyəcəm. Çempionatın startına kimi daha 2 oyun keçirməyi planlaşdırırıq. Avqustun 10-u "Sumqayıt"la qarşılaşma olacaq. İkinci oyunu avqustun 14 və ya 15-i keçirməyi düşünürük. Rəqibin adına hələ aydınlıq gəlməsə də, çempionatın püşkünə əsasən bu haqda da qərar verəcəyik. Transfer məsələsinə gəlincə, stopper mövqeyinə ən azı bir oyunçu düşünürük. Çalışırıq şərtlərə uyğun istədiyimiz oyunçu tapaq. Sıralarımızı kifayət qədər çox futbolçu tərk edib. İstərdik ki, ən azı 4 futbolçu ilə anlaşaq. Duruma görə isə bu sayın azalması və ya 4-dən 5-ə qalxması mümkündü. Transferlərin yerli və ya legioner olması da sual altındadı. Fəhmin Muradbəylinin gedişindən sonra sağ cinah yarımmüdafiəçisi mövqeyində rəqabəti artırmağa ehtiyac var idi ki, ora Kadriunu gətirdik. Bundan başqa, daha bir universal futbolçu düşünürük. Hansı ki, cinahlarda və hücumda oynamağı bacarsın. Say yox, daha çox keyfiyyətə üstünlük vermək istəyirik ki, bir futbolçunu bir neçə mövqedə oynada bilək.

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB