TOP 10

Tərlan Əhmədov braziliyalı hücumçunun yolunu gözləyir, üzərinə düşən məsuliyyətdən çəkinmir: "Onları komandadan göndərəndə, çoxları ittiham edirdi ki, karyeramın sonudu" 

Futbol
Tarix: 2020-08-02 15:30

Avropa Liqasında ölkəmizi təmsil edəcək "Keşlə" hazırlığın ilk mərhələsi üçün məkan Şamaxını seçdi. Burda daha çox fiziki hazırlıq üzərində qurulan təlim-məşq  toplanışı bitəndən sonra Bakıya qayıdan komanda qısammüddətli istirahətin ardından yenidən əyalətə üz tutdu. Ancaq bu dəfə bütün klublarımızın məskunlaşdığı Qəbələyə. Bu həftənin əvvəlindən orda hazırlığın 2-ci mərhələsini keçən bürünc medalçı dünən "Zirə"ylə yoxlama oyununa çıxaraq 1:0 hesabıyla qalib gəldi. "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov bu görüşdən sonra Sport24.az-ın suallarını cavablandırıb. 

 

- İlk olaraq Qəbələ toplanışı barədə fikirlərinizi almaq istərdik. Qısa müddət olsa da, hazırlıq prosesi necə keçir?

- Bu gün işimiz normal keçir. Çətinliyimiz ondan ibarətdi ki, iki oyunçumuz zədəlidi. Cavid İmamverdiyev üç gündən sonra komandaya qoşula bilər, Miyuşko Boyoviç isə sabah komandaya qoşulmalıdı. Əvvəlcə çempionatın startı avqustun 14-nə nəzərdə tutulduğu üçün Qəbələ toplanışını bu ayın 5-dək planlaşdırırdıq. Fikirləşirdim ki, çempionat 14-də başlayacaq və bir həftə də Bakıda hazırlaşacaqdıq. Amma sonradan bəlli oldu ki, Premyer Liqa ayın 21-i başlayacaq və istər-istəməz proqramda böyük dəyişiklik etdik. Yükləmələri artırdıq ki, hələ vaxtımız var. Operativ Qərargah avqustun 5-dən sonra icazə versə, ayın 8-də Bakıda başlamaq istəyirik. Çempionat 21-də başlayacaq deyə məşq proqramında bir az dəyişiklik etmişik, yükləmələr altında işimizi görürük. Əsas odur ki, "Zirə" ilə matçda qələbə xoş da olsa, çatışmazlıqlar var, bunları görürük. Bilirəm ki, yeni futbolçular hələ uyğunlaşmayıb. Amma bir gündən bir oyun salmışıq ki, sırf ağır yüklənmələr oyunda olur və bu oyunlarla həm bir-birinə uyğunlaşma, həm də çatışmazlıqların hamısını artıq Bakıya gedəndə aradan qaldıraq. 

 

- Komandaya bir hücumçu, bir də oyun qurucusu transfer ediləcək?
- Tam qərar verilsin, futbolçuların bileti alınsın, ondan sonra bu barədə danışaq. Çünki bilet alıb, təyyarəyə oturaraq Bakıya düşməyənə qədər açıq deyə bilmirəm. Amma ukraynalı Dmitri Klyots Bakıdadr. Ukraynanın "Karpatı" (Lvov) klubundan gəlib, yarımmüdafiəçidir. Braziliyalı hücumçu ilə danışıqlar gedir. Demək olar ki, yekunlaşmaq üzrədi. Amma hələ ki, Bakıya gəlib çıxmadığı üçün onun haqqında sizə nəsə deməyim düzgün alınmaz. Gəlməsə, sabah deyəcəyəm ki, alınmadı.


- Hücum xəttinizə hörmət etsək də, Aleksandr Kristovao ilə "dağları aşmaq olmaz"...
- Bu mövqeyi gücləndirmək üçün braziliyalı oyunçu ilə danışıqlar gedir. Biz də bilirik ki, tək çempionat yox, Avropa Liqasında da bizə çətin olacaq. Kristovaonun öz özəllikləri var. Ancaq tam potensialını aça bilmir. Düşünürəm ki, artıq digər hücumçu gələndən sonra Kristovao da arxasında kimisə hiss edəcək, rəqabətdən sonra onu başqa cür görə bilərik. Amma yeni hücumçuya ehtiyacımız daha çoxdu.


- Lorenzo Frutos gedəndən sonra əvvəlcədən plan var idi ki, həmin mövqeyə kimsə gələcək? 
- Bəli. Yeni hücumçu cəlb etmək istəyirdik. Aqressiv hücumçuya ehtiyacımız var. Biz də fikirləşdik ki, Frutosu göndərək. Onu da öz özəllikləri vardı. bombardirimiz idi. Hər halda, ağır da olsa, yeni komanda üçün başqa strategiya ortaya qoymuşuq. Ona görə də daha keyfiyyətli hücumçuya ehtiyac var və bu səbəbdən axtarırıq. 

 

- Yeni oyunçularla bir illik müqavilə imzalanır?

- Müqavilə şərtlərinə rəhbərlik baxır. Ümumiyyətlə, o məsələlərə qarışmıram. Mənim işim seçməkdi, qaldı ki, detallara, bunu rəhbərlik edir. 

 

- Klub rəhbəriniz Zaur Axundov bildirdi ki, bu qədər oyunçunun göndərilməsində məsuliyyət məşqçilər heyətinin üzərinə düşür. Onlar da cavab verəcək...
- Əlbəttə (gülür) Onsuz da hər zaman bu, baş məşqçinin üzərindədi. Hər halda, keçən mövsüm oyunçuları yola salanda, çoxları ittiham edirdi ki, Tərlan Əhmədovun karyerasının sonudu. Yazanlar var idi ki, böyük risk altına girmişəm və nəticə verə bilməyəcəm. Hansısa bir riskə gediriksə, deməli, məsuliyyət də bizim üstümüzdədi. Məşqçi hər zaman məsuliyyət altındadı. Biz o işi yerinə yetirməsək də, onsuz da təzyiq altındayıq - istər mətbuat, istərsə də rəhbərlik tərəfindən. Hər zaman çemodanımız yanımızdadı. Hələ heç müqavilə də bağlamışam, klubla sözləşməm yoxdu. Bakıda bu məsələ müzakirə ediləcək. O ki, qaldı futbolçulara, onları göndərmişiksə, deməli, daha yaxşılarını axtarırıq. Daha yaxşı nəticə üçün bunu öhdəliyimizə götürmüşük. Məsuliyyət də hər zaman bizim üzərimizdədi. 

 

- Ötən ildən fərqli  məqam odu ki, keçən il komanda sonuncu pillədə idi və çox futbolçunun göndərilməsi təbii idi. Amma hazırda bürünc medal qazanan heyətdə çox dəyişiklik olub...
- Keyfiyyətə üstünlük veririk, daha yaxşılarını komandaya gətirmək istəyirik. Hər bir komanda oyunçu göndərir və yenisini gətirir. Bu, o demək deyil ki, kimdənsə çox göndərmişik. Bu gün Tərlan Əhmədov hansısa yükün altına giribsə, deməli, nəsə fikirləşirəm ki, komandanı daha yaxşı edim. Məsuliyyət məndədirsə, həmişə cavab vermişəm və çəkinməmişəm. Təkəmsə, tək də cavab verəcəm. 

 

- Bu qədər futbolçunun göndərilməsi büdcə ilə bağlıdı?
- Bu sualı rəhbərliyə versəniz, daha yaxşı olar...
 

 

CBCsport
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB