TOP 10

Azərbaycan idman jurnalistikası: dünən, bu gün və sabah - MÜSABİQƏ YAZISI

Layihə
Tarix: 2020-07-17 19:00

Görkəmli idman jurnalisti, uzun illər “İdman” qəzetinin baş redaktoru vəzifəsində çalışmış Mirpaşa Miriyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan idman jurnalistikası: dünən, bu gün və sabah” müsabiqə yazısına onun övladı Ulduz Miriyevanın xatirələri ilə başlamağı qərara aldıq:

“Atam çox mərd, həyatda öz prinsipləri olan qürurlu insan​ idi. Peşəsini çox sevirdi. Əlyazmalarını imkan daxilində yığırdım. 2012-ci ildə atamla bağlı kitab çap etdirmişəm - "Bizim təmkinli əzizimiz". Bu il də 100 illik yubileyi ilə əlaqədar kitab çıxacaq. 1950-87-ci illərdə "İdman" qəzetinə rəhbərlik edib, daha sonra "Neftçi" İdman-Sağlamlıq Cəmiyyətində sədr müavini vəzifəsində işləyib. Şübhəsiz ki, atamın həyatında "İdman" qəzeti​ xüsusi yer tuturdu. Əsasını qoyduğundan, bu nəşri övladı qədər sevirdi.

Əvvəllər bu qəzet "Azərbaycan bədən tərbiyəçisi" adlanırdı, sonra adı dəyişib "İdman" olub. Atamın​ xatirəsindən:​ "Bir dəfə məni Mərkəzi Komitəyə​ çağırıb soruşdular ki, qəzetin adı xoşuna gəlirmi. Dedim ki, yox. Onda hansı adı təklif etməyimi soruşdular. Cavabım "İdman" oldu".


Mirpaşa müəllimin​ ən tanınmış yetrmələrindən biri mərhum Aqşin Kazımzadə olub. "İdman"ın baş redaktoru uzun illərdi Qabil Mehdiyevdi. Çox şadam ki, atamın yolunu belə bir peşəkar insan​ davam etdirir".

Azərbaycan mətbu orqanlarında idman barədə ilk yazılar ötən əsrin əvvəllərinə təsadüf edir. Həmin vaxtlara ki, ölkəmizdə futbolun ilk cücərtiləri görünməyə başlayırdı.

“Dəqiq məlumdur ki, 1911-ci ilin 8 sentyabr (yeni təqvimlə 21 sentyabr) tarixi - "İdman dəstəsi” dərnəyinin yaranma tarixidir. Bu, ingilislərin komandasından sonra Bakıda yaranmış ilk futbol təşkilatıdır.

Bakı futbolçularının Dərnəyi. Payız mövsümünün başlamasıyla Bakı futbolçular Dərnəyi sıralarını yeni üzvlərlə genişləndirdi. Oyunlar şənbə günləri Balaxanı şossesinin arxasındakı, Xəzər maşınqayırma zavodunun yaxınlığındakı meydanda baş tuturdu. Ancaq meydanın şəhərin mərkəzindən xeyli aralıda yerləşməsi səbəbindən Dərnək şəhər özünüidarəetməsi qarşında oyunların Birja meydanında keçirilməsi məsələsini qaldırır” (“Bakı” qəzeti, №204, 11 sentyabr 1912, səh. 3; “Qafqaz qəpiyi” (Bakı), №234, 11 sentyabr 1912, səh. 4).

1932-ci ildə Azərbaycanda ixtisaslaşmış idman nəşri işıq üzü gördü - “Azərbaycan bədən tərbiyəçisi” (“Fizkulturnik Azerbaydjana”). 1941-ci ildə qəzetin əməkdaşları cəbhəyə yollanır, 90 yaşı haqlayan mediaorqan isə bir də 1950-ci ildə​ fəaliyyətini bərpa edir. Bundan 18 il sonra qəzetin ovaxtkı baş redaktoru Mirpaşa Miriyevin tələbi ilə “Azərbaycan bədən tərbiyəçisi” “İdman” adı altında dərc olunmağa başlayır.


SSRİ dönəmində futbola bircə dəfə baxan hər kəs bu xırıltılı, özünəməxsus tembri 1000 səsdən seçərdi. Onun “atakaya keçmək lazımdı”, “yox, Maşallah, yıxılmaq lazım deyildi”, “nə etmək olar, qabında olanı budu” kimi ifadələri qulaqlarda hələ də cingildəyir. Layihə çərçivəsində uzun illər “Neftçi”nin ev oyunlarını şərh etmiş, bu komandanın sabiq qapıçısı Çingiz İsmayılova tribuna verməsəydik, rahatlıqla “ədalətsizliyin benefisi” nominasiyasında namizədliyimizi irəli sürə bilərdik:


“1967-ci ildə futbolçu karyeramı başa vurduqdan sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdim. Diplom işim "Bakı" və "Баку" axşam qəzetlərində​ idman sahəsinin işıqlandırılması olub. Sovet vaxtında şərhçini 7-10 gündən sonra​ efirə buraxmırdılar. 3-4 ay 4-5 kq​ ağırlığında​ maqnitofonla stadionun az adam olan yerində 15 dəqiqəlik reportaj aparırdım. Yaradıcılığıma Valid Sənani daxil olmaqla, televiziyada işləyən peşəkar mütəxəssislər​ baxırdılar, iradlarını bildirirdilər. Əsas onu diqqətimə çatdırırlar ki, danışığımda bir az Bakı ləhcəsi var, bunu aradan qaldırmaq lazım idi. Efirə çıxmağım 1957-ci ildə İrandan səfərdən qayıdandan sonra Azərbaycan Radiosunda idmana nəzarət edən Altay Zahidovun sayəsində oldu. SSRİ dövründə ağızdan çıxan hər kəlmə nəzarətdə olurdu. Onda şərhçilərə bugünkü kimi sərbəstlik vermirdilər. Sovet vaxtında Azərbaycan dilinin saflığını qoruyurdular. Bizim vaxtda həddən artıq qışqırmaq yox idi. Həmin vaxtlar “Neftçi”nin səfər oyunları​ çəkilridi və ertəsi gün televizorla göstərilirdi. Bu fikri​ də ilk irəli sürən Heydər Əliyev oldu. “Neftçi” 1972-ci idə SSRİ güclülər dəstəsindən çıxandan sonra komandanın oyunlarına xüsusi diqqət yetirirdi. Hətta bir dəfə Nalçikdə oyunumuzu şərh edirdim, Heydər Əliyev də orada istirahətdə idi, matça baxmaq üçün stadiona gəlmişdi.​ Şərhçi ilk növbədə bitərəf olmalıdı. İzləyici hiss etməməlidi ki, onun hansısa komandaya simpatiyası var. Və mütləq Azərbaycan dilinin incəliklərini yaxşı bilməlidi”.

Oktyabrın 3-də 75 illik yubileyini qeyd edəcək Ceyhun Şərifovun SSRİ dönəmində radioreportajları zamanı bütün futbolsevərlər həmin dalğaya koklənirdi:

“Dəqiq tarixini deməyə çətinlik çəkirəm. Ancaq o yadımdadır ki, ilk dəfə “Mayak” radiosu ilə “Neftçi” - “Metallist” oyununu şərh etmişəm. Əlbəttə, fərqli mühit, fərqli vəziyyət idi. İndi az qala Antarktidadan da matçı televiziyaya daşımaq olur. O dövrlərdə isə matçı vizual görüntü olmadan təsvir etmək lazım idi. Nə gizlədim, bir çox hallarda təmsilçilərimizin qurduğu hücumları bir qədər şişirdilmiş, daha rəngarəng formada çatdırırdım ki, futbolsevərlərimizi həyəcanlandırım. Ən yaddaqalan oyun? “Kəpəz”lə Abovyan “Kotayk”ı (Ermənistan) oynayırdı. O dövrlərdə İttifaq hakimləri oyunun əsas vaxtına 1, uzağı 2 dəqiqə əlavə edirdilər. Bu görüşü idarə edən Yuri Boçarov əsas vaxta 12 dəqiqə əlavə etdi. Yekunda rəqib qapısına penaltı təyin etdi və gəncəlilər (1:0) qalib gəldi. Hə, mən də axı, bunu elə qələmə verməli idim ki, 12 dəqiqənin əlavə edilməsi tam ədalətli qərardı (gülür). Əlbəttə, şərhçi ədalətli olmalıdı, amma tərəzinin gözündə hansı ölkələrin təmsilçilərinin dayandığını xatırlayanda, ədalət prinsipləri arxa, ən arxa plana keçir”.


 

88 yaşlı “İdman” qəzeti ölkənin bu sahəsinin mətbuatında “ilk qaranquş” sayılır. Artıq 20 ildir ki, qəzetin “sükanı” Əməkdar jurnalist Qabil Mehdiyevdədir. Deməli, onunla dünənə də boylanmağa əsas var, bu günə də, sabaha da:

“Müasir dövrümüzdə onlayn medianın çap mətbuatını qabaqladığı danılmaz faktdır. Bu gün informasiya mübarizəsində çap mediası onlayn KİV-ə uduzsa da, tarixi əsrlərlə ölçülən qəzetçilik ənənələrini yaşatmaq lazımdır. Qəzetlərə salnamə olaraq, həmişə ehtiyac var. Hazırda Azərbaycanda cəmi 3 idman qəzeti nəşrini davam etdirir. Bunlardan ən çox tarixə malik olanı “İdman” qəzetidir. Bu illər ərzində idman mediamızın problemləri də müxtəlif olub, oxucuların tələbatı da. Sovet dönəmində qəzet respublikanın yeganə idman nəşri olmaqla yanaşı, sosialist rejimin təbliğatında da KİV siyasətinə tabe olub. Buna görə də, bəzi hallarda manşetlər idman yox, siyasi yönümlü olub. Təsadüfi deyil ki, “İdman”ın 50-80-ci illərdəki saylarında SSRİ siyasi rəhbərliyinin portret və şüarlarına tez-tez rast gəlmək olardı. Müstəqilliyimizin ilk illərində “İdman” maliyyə problemləri içində boğulsa da, o zamankı həmkarlarımızın fədakarlığı sayəsində fəaliyyətini dayandırmayıb. Lakin bəzən fasilələrlə işıq üzü görüb. Bir neçə il öncə, Aqşin Kazımzadənin qəzet kağızı alınması üçün Bakı şəhər rəhbərliyinə məktubunun surətini tapdım. Oxuyanda ürəyim ağrıdı. Həmin məktub 90-cı illərin əvvəllərində idman mətbuatımızın vəziyyətinin tam açıqlığı ilə əks etdirirdi. Hazırda qəzet nə sovetlər dövründə olduğu kimi siyasi təbliğata tabe edilib, nə də müstəqilliyin ilk illərində olduğu kimi, diqqətsiz qalıb. Bu gün idman yönündə hökumətin yeganə sahə qəzeti olaraq, bədən tərbiyəsinin, kütləviliyin təbliğatına xidmət edir”.

Müstəqil Azərbaycanın idman mediası ilk növbədə “Futbol+” qəzeti ilə bağlıdır. İyirmi üç ildir fasiləsiz fəaliyyət göstərən bu qəzet ölkəmizə onlarla peşəkar jurnalist bəxş edib. Nəşrin əvəzsiz baş redaktoru Mahir Rüstəmli zamanla ayaqlaşmanın fərqindədir:

“Saytlarla qəzetin operativlik imkanı qeyri-bərabər olduğundan, biz artıq xəbərçiliyə qaçmırıq. İlk növbədə bütün aktual hadisələrə fərqli, özəl baxış bucağından yanaşmağa, oxucumuza nəyin düz, nəyin yanlış olduğunu anlatmağa çalışırıq. Analitik-təhlili xarakterli materialların həcmini artırmaq, saytlarda çalışan həmkarlarımızın gözündən qaçan məqamların üzərində işləmək də vəzifələrimizdən biridi. Sütun yazılarının sayı da əvvəlki dövrlərlə müqayisədə artıb. Düzdü, kəmiyyət bütün hallarda keyfiyyət demək deyil. Hər halda, hər sütun yazısı müəllifin aktual məsələyə fərqli və düşündürücü baxışı ortaya qoymasıdı.

Bir maraqlı məqam da odu ki, qəzetçilikdə hansısa aktual mövzudan yapışıb, onu fərqli yönlərdən təkrar-təkrar işləmək, xırdalıqlarına qədər incələmək baxımından geniş imkanlar hələ də qalır. O dövrün qəzetləri, təbii ki, dil-üslub xüsusiyyətləri, qrammatik təmizlik, müəllif korpusunun genişliyi, konkret mövzuya akademik yanaşma baxımından indikilərdən üstündü. Qəzetlərin strukturu fərqli, ştat cədvəli geniş idi. Təsəvvür edin ki, yaradıcılıqdan kənar olan, qəzet buraxılışının texniki məsələlərini tənzimləyən ayrıca katiblik, şöbə var idi. Açıq etiraf etmək lazımdı ki, sözün, yazının məsuliyyəti də böyük idi. Eyni zamanda bəzən bir yazını hazırlamaq üçün müəlliflərə həftələrə vaxt verildiyini də unutmamalıyıq. İndiki qəzetlərdə isə bir adam bir neçə işin öhdəsindən gəlməyə çalışır, fərdin qazanc, hamını qabaqlamaq istəyi yersiz, hətta bəzən yalan xəbərlərin qəzet səhifələrinə ayaq açmasına səbəb olur. Bununla belə, mövzu genişliyi, tematika zənginliyi indiki qəzetçiliyin üstün cəhətlərindəndi. İctimai-siyasi qəzetləri bilmirəm, amma şəxsən bizdə siyasi-ideoloji kursdan asılılıq, partiya xəttinə, dövlət rəhbərliyinə, kommunist prinsiplərinə sadiqlik kimi SSRİ dönəminin nöqsanları yoxdu və bütün bu məqamlar məni sevindirir”.


 

2000-ci illərin əvvəllərində ölkəmizdə internet mediası demək olar ki, yox idi. İdmana dair ilk portal olan azerisport.com saytının yaradıcısı və baş direktoru Vüqar Zeynalov 15 ilə yaxındı ölkə idmanımızın səsini ölkədən kənara da daşımaq yükünü çiyinlərinə götürüb:

“Qəzetdə çalışdığım 10 il göstərdi ki, artıq daha sürətli media işinə qol qoymağın vaxtıdı. Qəzet nə qədər maraqlı olsa da, qaynar informasiya vermək iqtidarında deyil. Bu, idmanda daha qabarıq formada özünü büruzə verir. Bax, bu səbəbdən də həmkarlarımla birgə “Zerkalo” qəzetindəki fəaliyyətimlə yanaşı, sayt yaratdım. Əvvəl-əvvəl çox çətin idi, tempə uyğun hərəkət etməyə çalışırdıq. Xüsusilə, futbol matçlarında​ onlayn-reportajlarda gecikmələrə yol vermək olmazdı. Tədricən tempi tuta bildik. Bundan sonra qəzet fəaliyyəti arxa plana keçdi. Çünki qəzet ertəsi gün oxuculara sadəcə, həmin mətni təqdim edirdi. Bizə motivasiya verən daha bir məqam xarici elektron KİV-lərin saytımıza istinadla materiallarımızı dərc etmələri idi. Deməli, fəaliyyətimizi rus dilində göstərməklə doğru yolu seçmişdik. Bu 14 il ərzində çox şey dəyişib. İdman jurnalistikasında pul peyda olub. Bu da artıq adamların bu sahəyə gəlməsinə yol açıb ki, nəticədə, idman jurnalistikasının səviyyəsi aşağı düşüb. Ölkədə 4-5 normal fəaliyyət göstərən sayt mövcuddur, ancaq onlar idman jurnistikasının sanbalını qorumaq iqtidarında deyil. Son illər saytlarda yalan məlumatlar, təhqirlər və digər arzuolunmaz faktlara da rast gəlmək mümkündür. Bu da öz növbəsində normal fəaliyyət göstərən idman jurnalistlərinin işinə də kölgə salır. Bundan tək jurnalistika yox, həm də idmanımız zərər çəkir. Vəziyyət elə gətirib ki, ən populyar saytlar belə sosial şəbəkəylə rəqabət apara bilmir. Hesab edirəm ki, günümüzdə idman saytlarının səviyyəsi aşağıdır. Səbəb olaraq yuxarıda qeyd etdiyim məqamlarla yanaşı, maliyyə sıxıntılarını da göstərərdim”.


 

Azərbaycanda hazırda iki idman kanalı fəaliyyət göstərir. Bunlardan ən gənci “CBC Sport” kanalıdır ki, idmanın təbliğatında müstəsna pay sahibidir. Kanalın baş redaktoru Şəmsəddin Abbasov internet televiziyasının günümüzə böyük sürətlə daxil olmasına baxmayaraq, televiziyanın hər zaman ön planda olacağı qənaətindədir:

“Hesab edirəm ki, yaxın gələcəkdə TV və internet texnologiyası sintez olaraq birgə addımlayacaq. Amma televiziya heç yerə itməyəcək. Sadəcə, transformasiya olunacaq və biz artıq bunun şahidi olmağa başlayırıq. Vaxtilə kino yarananda teatr erasının bitməsini, televiziya yarananda isə kino dövrünün başa çatdığını deyirdilər. Lakin günümüzdə teatr da, kino da özünəməxsus yer alır. 2018 və 2020-ci illəri müqayisə etsək, artıq bu transformasiyanı hiss edə bilərik. Transformasiya deyəndə, televiziyanın artıq daha çox tematik və internetə bağlı olduğunu nəzərdə tuturam. Sürətli texniki inkişaf televiziyaya təsir edir. İldən ilə yeni tematik kanalların açılması, həm tamaşaçı marağı, həm də informasiya və yayım sahəsinin genişliyindən xəbər verir. Statistikaya nəzər salsaq, 2018-ci ildə idman telekanalları arasında tematik kanalların dünya üzrə sayı o qədər çox deyildi. Amma iki ilə bu say artmağa doğru gedir və hazırda da davam edir. Yəni tək idman kanalı yox, ayrı-ayrı idman növlərinə həsr olunan telekanalların sayı artır, tək musiqiyə yox, musiqinin ayrı-ayrı növlərinə həsr olunan kanallar açılır və s. Bu iki il ərzində əsasən Azərbaycanda telekanalların hamısının analoq formatından rəqəmsal formata tam şəkildə keçməsi televiziyanın yeni inkişaf dövründən xəbər verir. Rəqəmsal format daha keyfiyyətli, daha cəlbedici müxtəlif internet platformaları ilə rahat iş birliyinə səbəb olduğundan yeni tamaşaçı cəlb edir, marağı artırır və bunun məntiqi davamı kimi sponsorlardan əlavə maliyyə axını yaranır”.

​ ​
Maraqlıdır, bəs, ölkə hüdudlarından kənardan Azərbaycan idman jurnalistikası necə görünür? Gəlin, Azərbaycanın Rusiyadakı “elçi”si, “Matç TV” kanalının şərhçisi Elvin Kərimovu dinləyək:

“Azərbaycan və Rusiya şərhçilərini bir çox məqamlar birləşdirir. Yəqin ki, bu, televiziya mədəniyyətinin ümumi tarixi köklərindən qaynaqlanır. SSRİ süquta uğradıqdan sonra - hamısına əmin deyiləm, amma Azərbaycanın böyük şəhərlərində - Rusiya kanallarını izləməkdə davam edirdilər. Hamı Pereturin, Orlov, Utkinin şərhlərini dinləyirdi. Bu şərhçilər yalnız oyunçuların soyadlarını səsləndirməklə kifayətlənmirdilər, komandalar barədə rəy bildirir, tərəflərin sərgilədiyi oyunu təhlil edir, öz mövqelərini ortaya qoyurdular. Fikrimcə, azərbaycanlı şərhçilər də analoji prinsiplə işləyib, bu gün də eyni üslubda fəaliyyət göstərirlər. Türklər klassik üsluba üstünlük verirlər - top ayağında olan oyunçunu​ adını səsləndirir və əvvəlcədən hazırlanmış faktı, məsələn, hava yağışlıdır, deməli, “Barselona”ya kombinasiyalı oyun nümayiş etdirmək çətin olacaq, dilə gətirir. İngiltərədə olduğu kimi, Türkiyədə də oyunu ekspert qiymətləndirir. Şərhçi isə yalnız təhlükəli epizod yarandıqda səsini ucaldaraq topa sahib olan futbolçunun adını bağırır. Onun fəaliyyəti bununla yekunlaşır. Əksər hallarda, kulminasiya anında hakimlərin aşkar səhvlərini, məsələn, cərimə meydançasında əllə oyunu belə şərh etmirlər. Kənardan bu çox bərbad görünür. Axı reportajı canlı insan aparır, amma “ağa ağ” deməyə cürəti çatmır, çünki icazə yoxdu. Mən Utkin və Maslaçenkonun şərhləri ilə böyümüş azarkeş kimi fikir yürüdürəm. Amma Türkiyədə hər şey fərqlidi. Türk üslubunda şərhçilik klassik qərb dəst-xəttinə daha yaxındı, Azərbaycan sərhçiliyi isə - rus modelinə. Mənə ikinci variant daha xoşdu. Axı, soyadları sadalamağı robot da bacarar, bunu əvvəlcədən kompüter simulyatorunda yazılmış səslə də həyata keçirmək olar. Şərhçi isə şəxsi fikriylə maraqlıdı. Ancaq zövqlər fərqlidir. Kimsə hesab edir ki, oyunu yalnız ekspert qiymətləndirməlidir. Ancaq bu mövqe mənə doğma gəlmir”.

 

Sirr deyil ki, elə həmin “Matç TV” ölkəmizdə ən sevimli telekanallardandı. Məhz bu səbəbdən həmin televiziyanın digər əməkdaşı, Rusiyanın ən populyar futbol şərhçilərindən olan Georgi Çerdantsevin də baxış bucağı maraqlıdır:

“Azərbaycanda daim istedadlı idman jurnalistləri yetişib. Vaxtilə respublikanızın bu sahədə yeganə nəşri olmuş “Sport” qəzetinin əməkdaşları Aleksandr Kiknadze və Yuri Seqeneviç müxtəlif illərdə “Sovetski Sport”da futbol şöbəsinin müdiri vəzifəsinədək yüksəlməyi bacarıblar. Bu gün də Elvin Kərimov kimi həmyerliniz mənimlə çiyin-çiyinə çalışır. O ki qaldı futbol şərhçiliyinə... İdeal futbolçu da yoxdu, şərhçi də. Ancaq futbol şərhçisindən tələb olunan minimumları sadalaya bilərəm. İlk növbədə şərh etdiyin dili mükəmməl bilməlisən. Özü də oynaq formada - quru cümlələr tamaşaçını, azarkeşi yoracaq. İkinci məqam səs tembridi. Şəxsi fikrimdi, futbol - kişi idman növüdür. Söhbət şərhçinin cinsiyyətindən getmir, məhz səsi müəyyən mənada kobud kişi səsi olmalıdı. Əvvəlki illərdən fərqli olaraq, bu gün nəzəri, statistik biliklərə zərurət yoxdu. İnternetdən istənilən statistik informasiyanı almaq mümkündürsə, izləyicini belə məlumatla yormaq lazım deyil. Eyni zamanda, şərh etdiyin idman növüylə ən azı uşaq-gənclik illərində məşğul olmalısan. Əgər şərhçi topu necə qəbul etməyi bilmirsə, onu 20 metrliyə ötürməyi özü bacarmırsa, adekvat formada tamaşaçıya hansısa epizodu çatdıra bilməyəcək. Nəhayət, emosiya. Bax, burda əsl peşəkarlıq tələb olunur! Hansısa keyfiyyətsiz oyun zamanı şərhçi səs tonunu inanılmaz detsibelə qaldırılsa, bu, pafosdan başqa bir şey deyil. Şərhçi meydandakı emosiyaya uyğun davranmalıdı - nə artıq, nə də əksik. Məsələn, Çempionlar Liqasının finalıdır, tribunalarda 100 min azarkeş, milyonlarla tamaşaçı isə televiziyadan şərhini dinləyir, sən də “Gecəniz xeyrə qalsın, balalar” verlişindəki səslə oyundan bəhs edirsən - bu, şərhçilik adına rəzalətdi. Nəhayət, sosial şəbəkə. Şərhçi bu sahədə də fəal olmalı, tamaşaçılarla ünsiyyət qurmağı bacarmalı, müəyyən sərhədləri keçməmək şərti ilə populyar sima olmağı bacarmalıdı”.

Bu materialda dünənə də boylandıq, müasir jurnalistikamızın durumundan da bəhs etdik, gələcəyə də nəzər saldıq. Hər bir sahədə olduğu kimi, gənc idman jurnalistləri də keçmişindən xəbərdar olmalı, tarixi simaları tanımalı, onların yaradıcılığını öyrənməlidirlər. Ki, yaşa dolduqca onların təcrübəsindən bəhrələnmək üçün də növbəti nəsil keyfiyyətli məhsul tapa bilsin.

 

 

www.sport24.az

CBCsport
06 Avqust 2020
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB