TOP 10

Amil Yunanov gələcək karyerası və 1 aydı olduğu Tovuzdakı son vəziyyət haqda: "Heç kim evini qoyub getməyib, elə bir şey ola bilməz!"

Futbol
Tarix: 2020-07-15 16:29

"Gələcək karyeram qeyri-müəyyən olaraq qalır. "Sumqayıt"la müqaviləm başa çatıb. Mənə klubdan nə bir təklif olub, nə də bir zəng". Bu fikirləri Sport24.az-a açıqlamasında son mövsümü keçirən "Sumqayıt"da keçirən futbolçu Amil Yunanov söyləyib.

 

Məlumdu ki, avrokuboklarda ilk dəfə ölkəmizi təmsil ecəcək "gənclik şəhəri"nin təmsilçisi baş məşqçi məsələsinə tam aydınlıq gətirəndən - Ayxan Abbasovla başa çatan müqaviləni daha 1 illiyə uzadandan sonra heyətin komplekləşdirilməsinə başlayıb. İranlı hücumçulardan Peyman Babayi icarəsi başa çataraq "Maşinsazi"yə qayıdıbsa, Mehdi Şərifi öz istəyilə müqaviləsini pozub. Amilin də anlaşmasını bitdiyini nəzərə alsaq, komandada hazırda hücumçu qalmayıb. Maraqlıdı, 27 yaşlı Yunanov belə vəziyyətdə özünün saxlanılmasına ümid edirmi?: "Bilmirəm, mənimlə bağlı necə olacaq. Bunu "Sumqayıt"dan soruşmaq lazımdı. İranlı hücumçuların gedişindən xəbərim var. Ancaq mənə özümlə bağlı heç nə deyilməyib. Klubun haqqımda nə fikirdə olması haqda heç nə deyə bilmərəm. Durub kiməsə deyəsi deyiləm ki, məni komandaya götürün. Bu da düzgün addım deyil. Kimsə təklif edəcəksə, gedib oynayacam. Etməyəcəksə, xeyirlisi nədi, o da olacaq. Hələ ki gözləyirəm".

 

Amil Premyer Liqamızın iştirakçısı olan tovuzlu futbolçulardandı və şiddətli döyüşlərin getdiyi doğma rayonundadı. O, bizimlə söhbətdə Tovuzdakı son durumu da açıqladı: "Son iki-üç gündə cəhbə xəttində gərginlik idi. Şükür, bu gün atışma yoxdu, sakitlikdi. Əsas gərgin vəziyyət cəbhəyə yaxın kəndlərdədi - Ağdam, Əlibəyli, Donqar Quşçu... Şəxsən mən rayonun özündənəm, ancaq o kəndlərə yaxınam. Aramızda məsafə elə uzaq deyil. Həm də atışma səsləri olanda, açıq-aydın eşidilir".

 

Yunanov doğma rayonunda heç bir panika, qorxunun olmadığını bəyan edib: "Tovuz camaatı yerindədi. Heç kim evini qoyub getməyib, hansısa kəndlər boşaldılmayıb. Elə bir şeylər ola bilməz! Hamı öz işinin, gücünün başındadı. Xeyli vaxtdı burdayam. Çempionat dayanandan, artıq 1 aya yaxındı Tovuzdayam. Bundan əvvəl də gəlmişdim. Sonra dedilər ki, çempionat davam etdirilir, Bakıya qayıtdım. "Sumqayıt"la bir müddət məşq elədik. Sonradan qərar verildi ki, mövsüm vaxtından əvvəl başa çatdırlsın, Tovuza döndüm. Burda qohum-əqrəbam, dost-tanışım çoxdu. Onlar arasında sərhədə yaxın yaşayanlar yetərincədi. Şücaətli ordumuz var və düşmənin cavabını layiqincə verir. Tovuz camaatı da onların arxasındadı. Şükür Allaha, hər şey qaydasındadı, burda möhkəm birlik var. İnşallah, hər şey bizim - dövlətimiz, xalqımız üçün yaxşı olar. Xeyirlisi olsun. Allah əsgərlərimzi qorusun, onlara güc-qüvvət versin".

 

Futbolçunun sözlərinə görə, rayon əhalisi də ordumuza mənəvi dəstək olur və bütün bunlar vətənpərvərliyin göstəricisi olmaqla insanı duyğulandırır: "Tovuzda ermənilərə torpağın bir qarışı olsun verilməyib, inşallah, vermərik də. Ən böyük arzumuz erməni işğalı altında olan torpaqlarımızı geri qaytarmaqdı".

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
12 Avqust 2020
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB