TOP 10

Canni de Byazi Azərbaycan millisində iş üslubundan söz açdı, azarkeşlərimizə səsləndi: "Çox istərdim ki, Bora Milutinoviç kimi eyni nəticələr verim"

Futbol
Tarix: 2020-07-13 10:13

Ötən həftənin sonunda Canni De Byazinin Azərbaycan milli komandasına baş məşqçi təyin olunacağı rəsmən elan edildi. Bu gün isə 64 yaşlı italiyalı mütəxəssis Sport24.az-ın suallarını cavablandırmağa razılıq verdi.

 

- Sizi ilk növbədə təyinatınız münasibətilə təbrik edirik! Cənab de Byazi, azərbaycanlı azarkeş böyük qələbələrə "acdı". Albaniya ilə tarixi uğurunuz böyük ümidlər verir. Hazırkı Azərbaycan millisini Albaniya-2016 nümunəsi ilə müqayisə etsək, onlardan çoxmu geri qalırıq?

- Təbriklər üçün təşəkkür edirəm. Ölkənizin futbol üzrə milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunmağımdan xoşbəxtəm. Çox ümid edirəm ki, Azərbaycan yığmasında işim Albaniya millisi ilə olduğu kimi uğurlu olacaq. Albaniya milli komandasında istifadə etdiyim eyni metodu tətbiq etməyə çalışacam. Bəli, əlbəttə, fərqli ölkələr, fərqli bir futbol mədəniyyətlridi.. Yalnız bir qızıl qayda var: futbol bundan maksimum yararlanmaq istəyənlərə, buna bütün gücünü qoyanlara nəticə verməyi sevir. Azərbaycanlı azarkeşlər əmin olsunlar ki, milli komandanın ən yaxşı nəticə göstərməsi üçün hər şeyi edəcəm. Bu, mənim üçün yeni bir çağırışdı. Hamımızın bir nöqtəyə vurması, ümumi məqsədlər uğrunda mübarizə aparmağımız, eyni istiqamətdə hərəkət etməyimiz və bu düşüncələrlə irəliləməyimiz çox vacibdir.

 

- Azərbaycan mətbuatına müsahibənizdə qeyd etmisiniz ki, son 3 ayda milli komandamızı incələmisiniz. Maraqlıdır, bəs Millətlər Liqasındakı qrupumuzdakı rəqiblər barədə nə demək olar? Onlar haqqında bir şey deyə bilərsiniz, yoxsa yalnız potensial yetirmələrinizi izləmisiniz?

- Azərbaycan milli komandasını tam öyrənməyə vaxtım oldu. Köməkçilərimlə birlikdə bu komandanı diqqətlə nəzərdən keçirdim. Milli komandanızda keyfiyyətli futbolçular var. Hesab edirəm ki, taktiki cəhətdən inkişaf etmək, güclənmək üçün lazımi potensial və imkanlarımız var. Hər kəsin diqqətli olması və Azərbaycan futbolu tarixində heç vaxt olmadığı kimi yüksək hədəflərə çatmaq istəyinin olması çox vacibdi. Bax, onda az da olsa, oyun mentalitetində inkişafa nail ola bilərik. Qeyd etmək lazımdır ki, bu, işin ən çətin hissəsidi. Millətlər Liqasındakı rəqiblərə gəlincə, qrupun balanslaşmış olduğunu düşünürəm. Amma fikrimcə, Lüksemburq onlar arasında ən yaxşısıdı. Məsələ ondadır ki, bu yığmada milliləşdirilən futbolçu sayı xeyli çoxdu, əksəriyyəti də cənubi amerikalılardı. Bu amil onları çox təhlükəli edir. Azərbaycan millisinə gəlincə, deyə bilərəm ki, bu komandada əvvəlki iş metodlarından bir az fərqli şəkildə çalışacağıq.

 

- Cavabınızın birinci hissəsinə əsaslanaraq, köməkçilərlə bağlı artıq qərar verdiyinizi hiss etdik...
- Düzdür. Həmvətənlərimdən Benni Karbone və Klaudio Belluççi mənə kömək edəcəklər. Onlar fiizki hazırlığa və videotəhlilə cavabdeh olacaqlar.

 

- Koronavirus pandemiyası Azərbaycan futboluna ciddi zərbə vurdu. Çempionat dayandırılıb və yeni mövsüm ən yaxşı halda avqustun ortalarında başlayacaq. Potensial namizədləri görmək üçün cəmi üç həftəyə yaxın vaxtınız olacaq. Bundan əlavə, Azərbaycanın 4 klubu Avropa yarışlarında iştirak edəcək. Başqa sözlə, uzunmüddətli təlim-məşq toplanışı üçün vaxt olmayacaq. Belə çətin vəziyyətdən necə çıxmaq fikrindəsiniz?
- Problemi dərk edirəm. Açıq demək lazımdı: vaxtımız azdı. Bu məsələ ilə bağlı mütləq AFFA rəhbərliyi ilə danışacağam. Görək nə fikirləşə bilərik. Bizi artıq sentyabrın 5-də Millətlər Liqasında ilk oyun gözləyir. Bizə mütləq milliyə çağıracağım futbolçularla meydanda hazırlıq keçmək lazımdı.

 

- İstənilən komandanın, üstəlik, milli komandanın liderlərə ehtiyacı var. Bu üç ay ərzində apardığınız təhlillərə əsasən, azərbaycanlı oyunçulardan hansında belə keyfiyyət görürsünüz?
- Liderlər fərqli cür, fərqli xarakterdə olurlar. Danışmağı, məsləhət verməyi, bəzən qışqırmağı, əsəbi, emosional olmağı sevən liderlər var. Başqa bir qrup liderlər var ki, onlar fəaliyyətə üstünlük verirlər. Ruh etibarilə çox danışmağı sevməyən, bu xüsusiyyətləri öz hərəkətləri, davranışları ilə nümayiş etdirən liderlər mənə daha yaxındı. Liderlərin ambisiyalarını, maraqlarını bir kənara qoyub kollektivi komandanın məqsədinə çatması üçün arxasınca aparmaları çox vacibdi.

 

- Bir dəfə kiçik bir möcüzə yaratmağı bacardınız. Canni de Byazi ikinci Bora Milutinoviç ola bilərmi?
- Belə bir suala görə çox məmnunam. Adımın bu mütəxəssislə müqayisə edilməsi çox xoşdu. Əlbəttə, çox istərdim ki, Bora Milutinoviç kimi eyni nəticələr verim. O, dünya futbolunda iz buraxmağı bacaran böyük şəxsiyyətdi. Mənə gəlincə, inamı ön plana çəkirəm. Həmişə uğur qazanacağına ümid etməli və inanmalısan. Bax, bu inam enerjisini oyunçulara çatdırmalıyam. Kiçik qığılcımları bir nöqtəyə toplamaq lazımdı ki, onlardan parlaq alov alasan. Düşünürəm mənimlə razılaşacaqsınız ki, ilk baxışdan həddən artıq böyük vəzifələrə çatmaq, insana gözləniləndən daha çox müsbət emosiyalar bəxş edir. Mən özüm elə bir insanam ki, mümkün olmayana inanıram, buna can atıram. Bax, belə eyni fikirli insanlarla işləməyi üstün tuturam. Məhz belə məqsədlərə çatmağa can atmaq lazımdı. Bunun üçüncə belə uşaqları özünə dost seçmək gərəkdi. 


 

 

 

 

CEYHUN ƏLİYEV

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB