TOP 10

Qismət Alıyev yalnız "Qəbələ"ni düşünmür, bir neçə klub arasında götür-qoy edir: "Neftçi"ylə ortaq məxrəcə gəlmədik, "Zirə"ylə hələ 50-50-di"

Futbol
Tarix: 2020-07-12 14:00

Növbəti mövsüm taleyi qeyri-müəyyən klublardan biri heç şübhəsiz ki, "Qəbələ"di. Onun yetirmələrindən olan vitse-kapitanı Qismət Alıyev də müqaviləsi bitən çoxsaylı futbolçulardan biridi. 24 yaşlı müdafiəçi Sport24.az-a müsahibəsinə "qırmızı-qaralar"da qalmaq perspektiviylə bağlı fikirləriylə başlayıb. 

 

- Elə bir şey yoxdu ki, oturum-durum yalnız "Qəbələ"ni gözləyim. Bizə deyiblər ki, ən azından bir az gözləyin, klubun yeni mövsüm üçün büdcəsi bilnməlidi. Buna görə də bir az gözləmə var. Düzdür, "Qəbələ"ylə tam danışıqlar olmayıb. Bir neçə variant var, götür-qoy edirəm. Hansının mənim üçün daha yaxşı olacağını fikirləşib seçim edəcəm. Soyuq başla bir qərar verəcəm.

 

- Bunu nə vaxt etmək fikrindəsən?

-  Zaman baxımından bu aralarda. Yəqin ki, önümüzdəki həftəsonunadək bilinər. Həqiqətən artıq klub karyerana aydınlıq gətirmək vaxtıdı. AFFA İcraiyyə Komitəsinin də iclası oldu və deyildi ki, növbəti çempionat avqustun ortasında başlamalıdı. Əsas odur ki, artıq biləsən hansı klubla müqavilə bağlamaqla bağlı danışıqlar olmalıdı. 

 

- Belə demək olarmı ki, könlün, ürəyin "Qəbələ"ylədi, ancaq məcbur olub başqa kluba keçə bilərsən?

- Xeyr, könlüm-məcbur söhbəti də yoxdu. Neçə il burda oynamışam, deyiblər ki, büdcəyə görə bir az gözləyin. Ola bilər ki, heç "Qəbələ"ylə müqavilə bağlamaram. Başqa təkliflər də var. Baxarıq ki, hara mənə sərf edər. Ondan sonra bilərəm ki, bu, ya "Qəbələ", ya da hansısa başqa komanda olacaq.

 

- "Qəbələ"nin büdcəsinin bir qədər də azalacağı gözlənilir. Yeni müqaviləylə maaşın tutaq ki 2 dəfə azalsa, qalmağa razı olacaqsan? 24 yaşında pul sənin üçün önəmli olacaq, yoxsa yetirməsi olduğun kluba sadiqlik?

- Sözün düzü, bundan qabaq "Qəbələ"nin büdcəsi az idi, qalıb oynamışdıq. Yadınızdadırsa, keçən yay bir çox futbolçu çıxıb getdi. Həmin vaxt mənim də müqaviləm qurtarmışdı, ancaq qaldım. Rəhbərlikdən deyildi ki, çətin vəziyyətdi, kömək edin. "Qəbələ" üçün hər şey edərik, bunun söhbəti yoxdu  Onda qaldıq, kömək edik. 

 

- Bəs, bundan sonra? 

- Onlar da ən azından deyiblər ki, əvvəlki, keçən ilki kimi olmayacaq vəziyyət. Durub yalnız "Qəbələ"ni də fikirləşmirəm. Bir sıra təklfilər var, ən azından söhbətlər gedir. Yaxında aydınlıq gələcək.

 

- Yaxşı, digər təkliflər hansı klublardandı?

- Hələ bu barədə sizə bir ipucu verə bilmirəm. Bir müddətə bilinəcək.

 

- Adın bir müddət "Neftçi" ətrafında hallandı. Bu, nə dərəcədə real idi?

- Real deyəndə ki, elə bir söhbət var idi, ortaq məxrəcə gəlmədik. 

 

- Bəs, "Zirə"?

- Bu, hələ 50-50-di, dəqiq bilinmir. Bəli, ortada belə bir variant var.

 

- Sadəcə, bu komandada yeni baş məşqçi bilinməlidi...

- Elə ona görə hələ açıq qalıb.

 

- Belə qənaətə gəldik ki, avrokuboklara getməyən komandalardan birinə keçəcəksən...

- Avropaya gedənlər də var. Özümü harda rahat hiss edəcəm, harda daha çox oynayacam - bunları düşünüb qərar verəcəm. "Qəbələ" də olsa, başqa komanda da olsa. Böyük ölçüdə bir həftəyə bilinər. Çünki yeni çempionatın başlanmasına 1 ay vaxt qalıb və artıq komandan bilinməlidi. 

 

- Hər şey ona doğru gedirmi ki, digər klubların birindən müqavilə imzalamaqla bağlı real təklif gəlsə, qeyri-müəyyən vəziyyətdə olan "Qəbələ"ni gözləməyib ora keçəcəksən?

- Seçim etmək öz əlimdədi, müqaviləm bitib. Sadəcə, "Qəbələ" mənə doğma klubdu, rəhbərlikdən tutmuş hər kəslə neçə illərdi bir yerdəyik. Sadəcə, "Qəbələ"ni də gözləyib yekun qərar vermək istəyirəm. Götürüb buna "hə" deyib, onu arxa plana keçirmək istəyirəm. Ən azından "Qəbələ"nin də 3-4 günə büdcəsi bilinməlidi. Buna görə məni istəyən klublarla danışıqlarda bir az vaxtı uzatmaq istəyirəm ki, "Qəbələ"də də vəziyyətə tam aydınlıq gəlsin və bir həftə içində hər şeyə nöqtə qoyum. 

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB