TOP 10

Juniç ölkəmizdən necə gedə bildiyini, Avropa və Asiya variantlarını götür-qoy etdiyini açıqladı: "Azərbaycanda da bir təklifim var, qoy, bu, hələ sirr olaraq qalsın"

Futbol
Tarix: 2020-07-05 17:09

"Azərbaycanı tərk edə bilməyimdə "Qəbələ"nin yardımı oldu. Daha doğrusu, menecerimiz Maqa (Məhəmməd Əzizli-müəllif.) mənimlə əlaqə saxladı ki, iyulun 3-nə Bakı-İstanbul - Vyana hava reysinə boş yer var. Dedim ki, bileti dərhal götür. Onu da deyim ki, bunadək çarter təyyarəsi axtarırdıq, nəsə alınmırdı". Bu fikirləri Sport24.az-a açıqlamasında son mövsümü "Qəbələ"də keçirən xorvatiyalı futbolçu İvitsa Juniç deyib. 

 

Klubla başa çatan müqaviləsinin uzadılması təklifini almayandan sonra ölkəmizdə qalmağa lüzum görməyən 32 yaşlı müdafiəçi ailəsinin yanına - Avstriya paytaxtına yollanıb. Səfər çıxmaq üçünsə koronavrus testi verməli olub: "Hələ "Qəbələ"də mövsümün qalan hissəsinə hazırlaşan zamanı da Bakıda test vermişdim, nəticəsi neqativ çıxmışdı. Bu dəfə də belə oldu. Həmin sənədi Bakı hava limanında göstərdim və məni təyyarəyə buraxdılar. Vyanada düşəndə də testin nəticəsini istədilər. Olmasaydı, 14 gün karantində qalmalı olacaqdım. Ümumiyyətlə, Bakıdan fərqli burda virusla bağlı problem aradan qalxıb.  Bəzi yerlərdə - xəstəxanalarda, ictimai nəqliyyatda qoruyucu maska taxmalısan, ancaq küçədə gəzəndə yox. Həm də SMS icazəsinə lüzum yoxdu. Hamı şəhərdə istədiyi vaxt çıxıb gəzir".

 

Eləsə təcrübəli futbolçuya ən yaxşısı elə Avstriyada oynamaq olmasın? Hər halda, Juniçin karyerasının böyük hissəsi məhz bu ölkəyə bağlı olub: "Açığı, Asvtriya variantım var. Sadəcə, burda maliyyə planında məni qane etmir. Avstriyada məvaciblər əvvəllər daha yaxşı idi. İndisə futbolda həmin pul yoxdu".

 

İvitsanın sözlərinə görə, onun Azərbaycan karyerasını başa çatdığını indidən söyləmək çətindi: " Nəhayət, ailəmin yanında olmağım əhval-ruhiyyəmi qaldırıb. Hazırda yalnız onu düşünürəm ki, 1-2 həftə yaxşıca istirahət edim. Bundan sonra gələcək karyeramı nəzərdən keçirəcəm. Təkliflərim var, ancaq hələ qərar verməmişəm. Burda Avropada da variantım var, Asiyada da. Hər iki qitədə koronavirusla bağlı vəziyyət stabilləşdiyindən bu probleçdən qoraxacağım yoxdu. Azərbaycandan də təklifim var, zəng etmişdilər. Hansı klubdu? Qoy, bu, hələ sirr olaraq qalsın (gülür). Fikirləşirəm, bir müddət gözləyəcəm, tələsməyəcəm. Baxacam ki, görüm hansı variant mənim üçün daha yaxşıdı. "Qəbələ"yə gəlincə, orda hələ qeyri-müəyyənlikdi, heç kimlə yeni müqavilə danışmayıblar. Mətbuatdan oxudum ki, 10-15 günə yeni mövsümün büdcəsinin necə olacağını biləcəklər. Və ondan sonra qərar verəcəklər ki, komandada kim qalır, kim gedir".

 

Həmsöhbətimizin sözlərinə görə, yenidən ölkəmizdə çıxış etməsə belə, bura onun üçün xoş xatirələrlə yaddaqalan bir məkan olacaq: "Mənə bu 1 ildə Azərbaycanda çox yaxşı idi. Açığı, bura gələndə futbolun səviyyəsi haqda yüksək fikirdə deyildim, mənim üçün qeyri-müəyyən durum idi. Ancaq 1 il keçəndən sonra yalnız pozitiv fikirlər deyə bilərəm. Hər şey xoşuma gəlirdi - infrastruktur, stadionlar, çempionat. Azərbaycanda futbolu da yaxşı oynayırlar. Karyeramı orda keçirməkdən razı qaldım, ciddi bir dönəm idi. Sadəcə, fikrimcə,  Azərbaycanda koronavirusun mənfi təsirinə görə növbəti mövsümdə klublarına büdcələrində dəyişikliklər olacaq. Bu gün internetdən xəbər tutdim ki, həmyerlim Jelko Sopiç istefaya göndərilib. Hərçənd, bu xorvatiyalı mütəxəssisin "Sabah"la hələ 1 illik müqaviləsi vardı".

 

  

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB