TOP 10

Volkov üçün əsəbi an, Qiqauri məsələsini həll edib Gürcüstana yollanmağı gözləyir: "Futbolçum mövsümün rəmzi yığmasına düşüb, ancaq gələcək karyerası hələ aydın deyil"

Futbol
Tarix: 2020-07-03 16:00

"Merab hələ də Bakıdadı, Tiflisə gələ bilmir. Azərbaycanda iki klubla danışıqlar aparırıq və onun yekunlaşmasını gözləyirik. Məsələ konkret həllini tapan kimi nəticəsi haqda sizə məlumat verəcəm. Ümid edirəm ki, bu, artıq növbəti həftədə olacaq". Bu fikirləri Sport24.az-a açıqlamasında "Qəbələ"ylə yollarını ayıran gürcü futbolçu Merab Qiqaurinin agenti Mixal Xutsişvili bildirib. 

 

Ölkəmizdə vaxtilə legioner həyatı yaşamış 41 yaşlı keçmiş hücumçu müştərisi üçün daha bir variantın Rusiya Premyer Liqa klubu olmaqda davam etdiyini vurğulayıb: "Sadəcə, orda çempionatın başa çatmasını gözləyirlər ki, yekun nəticəni bilsinlər. Ola bilsin ki, kimsə aşağı düşdü, kimsə də avrokuboklara çıxdı. Ancaq bizim üçün əsas variant Azərbaycanla bağlıdı. İndi klublarınızın hamısı növbəti mövsümdə büdcənin necə olacağını gözləyir. Sizdə koronavirusa görə vəziyyət gərgindi, hamı gözləmə mövqeyindədi. Hazırkı vəziyyət belədi ki, futbolçum son mövsümün rəmzi yığma komandasına düşüb, ancaq gələcək karyerası hələ aydın deyil".

 

Maraqlıdı, 27 yaşlı Qiqauri ölkəmizdə koronavirusa görə vəziyyətin gərginləşməsinə, bunun futbola da təsirinə görə burdakı karyerasını başa vurmağı götür-qoy edirmi? Xutsişvilini dinləyək: "Yox, belə fikir beynimizdən keçmir. İstənilən halda, Azərbaycanı arxa plana keçirmirik. Ona qalsa, pandemiya hər yerdə var, harda bu problem yoxdu ki...Avropada da var, deməli, bu vəziyyətdə yaşamağa öyrəşmək lazımdı. Bəli, Gürcüstanda virusla bağlı tam stabilləşib, gündə tək-tük yoluxma var. Ancaq Merabın yenidən burda çıxış etməsini həm maddi amillərə, həm də çempionatın səviyyəsinə görə nəzərdən keçirmirik. Onun Azərbaycanla bağlı karyerasına aydınlıq gəlməyənədək Gürcüstana yollanmasını istəmirik. Çünki bizə gəlsə, burda iki həftə karantində oturmalı olacaq, ora qayıtsa, sizdə. Ölkənizdə çıxışını davam etdirməsi reallaşmasını bilən kimi dərhal Vətəninə gələcək". 

 

Məlumdur ki, Xutsişvilinin ölkəmizdə çıxış edən daha bir futbolçusu, həmyerlisi var. Bu, Qiqauriylə "Qəbələ"də komanda yoldaşı olmuş, qış fasiləsində isə "Zirə"yə keçən hücumçu Davit Volkovdu. Bu komandada baş məşqçi istefası Volkovun heç ürəyincə olmamalıdı. Axı, onu "Zirə"yə gətirən, müqaviləsi uzadılmayaraq yola salınan baş məşqçi Zaur Həşimov "Qəbələ"də də məşqçisi olub: "Davitlə baş məşqçisinin istefasından sonra danışmışam. O da gözləmirdi ki, bu mütəxəssisi vəzifəsindən çıxararlar. Bilmirəm, klub rəhbərliyi belə qərar verdi. Tanıdığın baş məşqçinin komandadan gedişi əlbəttə, həmişə xoşagəlməz haldı. Ancaq yeni baş məşqçi kim gəlirsə-gəlsin, Volkov peşəkar futbolçudu, klubla müqaviləsi var və əlbəttə, bunun əsasında üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcək".

 

Həmsöhbətimizin sözlərinə görə, Davitə daha çox təsir edən məqam başqa olub: "Ona mövsümün erkən başa çatdırılması çox pis təsir etdi. Buna görə çox əsəb keçirdi. Çünki həm mövsümün bombardiri olmaq şansı vardı, həm də yeni klubuyla Avroliqada çıxış etmək istəyirdi. Üstəlik, Azərbaycan Kubokunun yarımfinalında idilər. Mövsümün həlledici mərhələsinə hazırlaşırdılar. Mənə deyirdi ki, çox yaxşı forma yığıb, bunu iştirak etdiyi yoxlama matçlarında hiss edib. Fikirləşirdi ki, bu mövsümün sonu özünə də, klubuna da çox uğurlu olacaq. Ancaq belə alındı...Nə edə bilərik, həyat davam edir. Klubunda maddi planda demək olar stabilikdi. Bir az maaş yubanması vardı ki, onu da başa düşürük, bütün klublarda var bu çətinlik. Davitlə Merabın hər ikisi peşəkar futbolçudu, hazırkı fasilədə vaxtlarını boş keçirmək istəmirlər, fərdi məşq edirlər".

 

Xatırladaq ki, son çempionatın bombardirlərindən cəmi 1 qol geri qalan 25 yaşlı Volkovun (6 qol) "Zirə"ylə hələ 1 illik müqaviləsi var.

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB