TOP 10

“Zirə” dilemması: baş məşqçi kim olacaq?

Futbol
Tarix: 2020-07-01 11:17

Premyer Liqamızda son mövsüm yarımçıq başa çatdırıldı, yenisinin isə nə vaxt başlayacağı hələ bilinmir. Ancaq artıq ilk baş məşqçi​ istefası reallaşdı. Bu, avrokuboklara vəsiqə qazana bilməyən "Zirə"də baş verdi. Çempionatı 5-ci yerdə bitirən qəsəbə təmsilçisi Zaur Həşimovla başa çatan müqaviləni uzatmamağı daha məqsədəuyğun saydı.​

Təbii ki, bu məqamda ortaya sual çıxır - "Zirə"nin yeni baş məşqçisi kim olacaq? Məlumdu ki, "qartallar" 2015-ci ildən  Premyer Liqada fasiləsiz çıxış edir və Azərbaycan ölçüləri ilə tez-tez baş məşqçi dəyişən klub deyil. Təsadüfi deyil ki, bu 5 ildə cəmi 4 baş məşqçiylə çalışıblar. Həşimovun əvəzlədiyi Samir Abasov həmin vaxtdan, yəni 2019-cu ilin oktyabrından işsiz mütəxəssis olsa da, o, "Sumqayıt"dan böyük ümidlərlə gətirildiyi "Zirə"də uğursuz fəaliyyətlə​ yadda​ qaldı və cəmi 1 ildən sonra yola salındı.

Zirəlilərin ilk 2 baş məşqçisi isə uğurlu olublar və avrokuboklara vəsiqə qazanıblar. Ancaq onlardan Avropada debüt etmək​ nəsib olan Ayxan Abbasov hazırda elə "Sumqayıt"la da​ ilk dəfə Avropa Liqasında çıxış edəcək. Düzdür, 39 yaşlı bu mütəxəssisin müqaviləsi bitib, ancaq klub prezidenti Riad Rəfiyev rəsmən bəyan etdi ki, yeni anlaşmanın imzalanması problem olmayacaq. Beləliklə də yaxın vaxtda Abbasovun yeni mövsümdə də "gənclik şəhəri" təmsilçisinin başında olması​ rəsmiləşəcək. Abbasovun "Sumqayıt"ın yeni müqavilə təklifini qəbul etməyərək, ona doğma "Zirə"yə qayıtması üçün gərək bu klubun yeni mövsümdə büdcəsi elə artsın ki, çempionluq uğrunda mübarizə aparsın. Bu isə real görünmür.

İndiki məqamda əsas iki namizəddən biri hesab etdiyimiz Adil Şükürov. Bu mütəxəssisin 43 yaşı olsa da, məşqçilikdə təcrübəsi yetərincə çoxdu. Belə ki, onun bu sahədə fəaliyyəti 2008-ci ildən başlayır. Həmin vaxt 31 yaşında məşqçilikdə ilk addımlarını atan Şükürov "Zirə"yə gələnədək daim iş başında olub. Özü də debütü millilərimizdə olub və adıçəkilən mütəxəssisə U-15 və U-17 yığmalarımızda​ çalışmaq etimadı göstərilib. Bu da səbəbsiz deyil. Çünki Şükürov futbolçu karyerasını bitirdikdən sonra, həmin ildə​ AFFA-nın təşkil etdiyi məşqçilik kurslarına qatılıb və fərqlənmə ilə bitirib. Şükürov əvvəlcə U-15 yığmamızda almaniyalı baş məşqçi​ Oliver Pelzerin köməkçisi kimi çalışıb, sonra isə həmin mütəxəssislə U-17 yığmamızda eyni statusda işləyib.​ 2010-2011-ci illərdə isə Şükürov U-17 yığmamızda artıq baş məşqçi kimi fəaliyyətini​ davam etdirib, Avropa çempionatının seçmə mərhələsinin həyəcanını yaşayıb.

Bu mütəxəssis "Zirə"yə gələnədək 3 il "Bakı"nın Futbol Akademiyasına​ çalışıb, komandalar üzrə​ mərhələ-mərhələ irəliləyib. O, 2011/12 mövsümündə​ bu klubda​ U-14 komandasıyla​ bürünc, 2012/13 mövsümündə​ isə baş məşqçi kimi U-15-in komandası ilə ölkə çempionatının gümüş medalını qazanır. 2013/14 mövsümündə​ isə Şükürov "Bakı"nın U-17-si ilə ölkə çempionu və Kubokun qalibi adlarını qazanmaqla, "qızıl dubl"a imza atıb.

Əldə olunan bu nailiyyətlərdən sonra Şükürov işlədiyi sahədə növbəti addımı atmağı lazım bilib - ən yüksək məşqçilik kateqoryası olan UEFA "Pro"sunu almağı. Bunun üçün həmin kateqoriyayla kurslara qatılmaq lazım idi və Şükürov bu məqsədlə Türkiyənin ən böyük klublarından olan "Fənərbaxça"ya ezam olunmaqla​ uşaq futbolunun strukturunu öyrənib. O, həmçinin "Beşiktaş"ın həmin vaxt baş məşqçisi olan tanınmış xorvatiyalı mütəxəssis​ Slaven Biliçin yanında bir həftə təcrübə keçib.

2015/16 mövsümündə Premyer Liqamızın iştirakçıları arasında "Zirə"nin də debüt edəcəyi məlum olur. Klub rəhbərliyi artıq yetərincə təcrübə qazanan Şükürovu​ hələ I Divizionda çıxış edərkən mövsümün sonuna yaxın "sükanı arxası"na gətirməyi​ qərara alır və seçimində yanılmır. Debütant Premyer Liqada ilk mövsümündə çox uğurlu çıxış edir və​ "Qəbələ", "İnter", "Neftçi" kimi iddialı klubları qabaqlayaraq 36 oyundan 62 xalla gümüş medalçı olur. Adil Şükürovlu "Zirə" yalnız "Qarabağ"dan geri qalır ki, burda da qeyri-adi heç nə yoxdu. Çünki Qurban Qurbanovun komandası​ həmin mövsümdə çempionatımızda artıq hegemonluq edərək ardıcıl 3-cü dəfə qızıl medalçı olur. "Qartallar" çempionatda ilk məğlubiyyətini yanız 8-ci turda elə həmin "Qarabağ"dan​ alır. "Zirə" həmin çempionatda qələbə sayında da 2-ci olaraq bu göstəricidə də təkcə çempiondan geri qaldı.

Şükürov çempionatdakı nəticəsiylə 1992-ci ildən keçirilən milli çempionatımızın tarixinə düşür. Belə ki, ilk çempionatı​ nəzərə almasaq, hələ heç bir komanda yüksək liqada debüt​ mövsümündə​ belə yüksək göstəriciyə imza atmayıb. Təbii ki, "Zirə" gümüş medalçı kimi vəsiqə qazandığı Avropa Liqasında çıxışı haqq edirdi. Ancaq UEFA-nın qaydaları Zirənin eyniadlı təmsilçisi qarşısında "qırmızı işıq yandırır". Çünki avrokuboklarda iştirak etmək istəyən klub 3 il peşəkar fəaliyyət göstərməlidi. Həmin vaxt isə I Divizionu da nəzərə alsaq, "Zirə"nin cəmi 2 yaşı vardı. Qəsəbə təmsilçisinin avrokubok arzusu​ növbəti mövsüm reallaşır ki, həmin çempionatı 4-cü pillədə başa vuran komanda yolun ilk yarısını həmin Şükürovla keçmişdi.

Bəli, Şükürov sonradan "Zirə"nin Futbol Akademiyasına rəhbərlik etdiyindən, bu klubun strukturunu yaxşı tanıyır. Yəni, o, "qartallar" üçün yad​ mütəxəssis deyil, əksinə, Premyer Liqada mükafatı​ qazandıran yeganə çalışdırıcıdı. Yəni, bu mütəxəssisə "Zirə"yə uyğunlaşmaq üçün vaxt lazım olmayacaq. Digər tərəfdən, Şükürov əvvəl vurğuladığımız kimi, "Pro"​ kateqoriyasına malikdi ki, bu da Premyer Liqa klubları üçün vacib amildi. Axı, yüksək liqada çalışan baş məşqçisinin bu yüksək dərəcəsinin olması şərtdi. Buna görə "qartallar"a "dağa-daşa düşmək" lazım gəlməyəcək.

Şükürov "Zirə"də statistikada da diqtə edəndi. Əvvəla, komanda Premyer Liqada iniyədək ən çox oyunu məhz bu baş məşqçinin rəhbərliyi altında keçirib - 50. Abbasov bu göstəricidə liderdən 6 oyun geri qalır. "Zirə"nin tarixində ən çox matç sayı da məhz Şükürovdadı. Belə ki, onun hesabında 65 oyun var. Bunun 50-si az əvvəl göstərdiyimiz kimi Premyer Liqadırsa, 6-sı Azərbaycan Kuboku, 9-u I Diviziondadı. Abbasov isə "Zirə"ni ümumilikdə 51 matça çıxarıb. Şükürov bu klubda qələbə sayında da 1-cidi.​ ​

 

"Zirə"nin baş məşqçi postuna digər real namizəd Rəşad Sadıqovdu. Məlumdu ki, "Qarabağ"ın kapitanı futbolçu karyerasını artıq rəsmən bitirdi. 38 yaşlı Sadıqov yaşıl meydanda çıxışını yenicə bitirsə də, bu, o demək deyil ki, məşqçilikdə təcrübəsi yoxdu və ilk addımlarını atacaq.​ Axı,​ unutmaq olmaz ki, Rəşad hələ karyerasının son illərində parallel olaraq məşqçilik də edirdi. Əvvəlcə - 2017-ci ildə Sadıqov "Qarabağ"ın U-19 komandasının baş məşqçisi olaraq UEFA Gənclər Liqasında ölkəmizi təmsil etdi. Bundan 1 il sonra isə Sadıqov artıq U-21 yığmamızın yeni çalışdırıcısı təyin edildi və seçmə mərhələnin həmin ilə aid olan matçlarında iş başında oldu. Onun "Qarabağ"ın U-19-uyla Azərbaycan çempionatında həmin liqanın​ gümüş medalçısı olması da qeyd edilməlidi.​ Özü də tutduğu postların hər birində gənc olmasına baxmayaraq, iz buraxmağı bacardı. Elə "Qarabağ"la Gənclər Liqasında səfərdə İspaniya nəhəngi "Atletiko" üzərində əldə edilən qələbəni qeyd etsək, Sadıqovun hansı potensiala sahib olması aydın olar. Onun rəhbərliyi altında U-21 yığmamızın Norveçlə səfərdəki qolsuz bərabərliyi də məşqçi istedadından xəbər verir. Bunun da başlıca səbəbi gənc mütəxəssisin ambisiyaları ilə bağlıdı. Məhz onun inadkarlığı, yetirmələrinə özünəinam hissini aşılamaq bacarığı daim faydasını verir.

"Qartallar" Sadıqovla da bağlı "Pro" problemi yaşamayacaq. Çünku o da bu kateqoriyaya sahib çıxıb. Ən əsası, Rəşad ambisiyalıdı - futbolçu kimi belə olub, məşqçilikdə də belə olacağı şübhə doğurmur. Sadıqovun nüfuzu böyükdü, xarizması ilə​ seçilir və Azərbaycan çempionatının incəliklərini beş barmağı kimi bilir.

 

Eyni zamanda, bir görünməyən məqama da toxunaq. Sadıqov daha iddialı, daha nüfuzlu kollektivdə işləməyi bacarar və layiqdir də. Sirr deyil ki, Rəşad belə bir yükün altına girməkdən çəkinən oğul deyil. O, nə məsuliyyətdən qorxur, nə də uğursuzluqla bağlı sindromu var. Belədə, uzun illər "Qarabağ"la yanaşı "Neftçi" forması geyinmiş və bu kluba sevgisini heç vaxt gizlətməyən Sadıqovun məhz belə bir komandanın "sükanı arxası"na keçmək versiyasını da istisna etmək olmaz. Hətta bir qədər də dərinləşdirsək, "Rəşada məhz belə komanda yaraşar" iddiasını da irəli sürə bilərik. Bax, bu vəziyyətdə Sadıqovun "Zirə"yə "hə" deyəcəyi bir qədər inandırıcı görünmür.

 

Əlbəttə, indidən "Zirə"nin "sükanı arxası"na kimin keçəcəyini proqnozlaşdırmaq müşkül məsələdir. Amma bizim baxış bucağımız belədir ki, klubu ya Rəşad Sadıqov, ya da Adil Şükürova həvalə edəcəklər.

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB