TOP 10

"Zirə"də müqaviləsi bitən 12 futbolçunun taleyi - göndərilənlərin sayı artır, qapıyla bağlı konturlar bəllidi

Futbol
Tarix: 2020-06-30 12:41

Avrokuboklardan kənarda qalan "Zirə" heyətinə "əl gəzdirməyə" davam edir. Sport24.az xəbər verir ki, qəsəbə təmsilçisi hələ rəsmi olaraq heç kimi yola salmasa da, bir sıra futbolçuların, xüsusilə də legionerlərin qalmayacağını indidən söyləmək olar.

 

Bunadək əcnəbi müdafiəçilər - monteneqrolu Miloş Bakraç, xorvatiyalı Yovan Krneta və perulu Alvaro Ampueronun həmin gedənlər arasında olduğunu yazmışdıq. Bura rumınıyalı arxa xətt oyunçusu Adrian Skarlatake də əlavə edə bilərik. O, hazırda Azərbaycanda çıxış edən legionerlər arasında ən uzunmüddətli oynayan olaraq 10 ilə yaxındı burdadı. Müqaviləsi bitən Skarlatakeylə bağlı əsas 2 məqam var ki, ən vacibi yaşıyla bağlıdı. Belə ki, hazırda 34 yaşı olan rumıniyalı daha 1 il də qalarsa, mövsümü 35 yaşında başa vuracaq. Bu isə legioner üçün çoxdu. Digər tərəfdən, Adrianın indiki maaşı kifayət qədər çoxdur ki, bunlara əsasən başa çatan müqavilənin uzadılması real görünmür. Onun əvəzinə gənc, daha çox fayda verə bilən legionerin cəlb olunması məqsədəuyğun sayılır. 

 

Fransalı mərkəz yarımmüdafiəçisi Şafik Tiqrudjanın da müqvailəsi başa çatsa da, onunla bağlı məsələ hələ açıq qalır. Bu da yeni mövsümə büdcədən, ilk növbədə aparılacaq yerli transferlərdən asılı olacaq. Çünki son mövsümdə konkret göründü ki, "Zirə"də azərbaycanlı futbolçularla bağlı sıxıntı var, klub onlardan əziyyət çəkdi. Bu üzdən baş məşqçi Zaur Həşimov sahə oyunçusu kimi daha bir legioneri meydana buraxaraq qapıda məcburiyyətdən Orxan Sadıqlını oynadırdı. Konkret olaraq Şafik yaxşı səviyyədə legioner olsa da, xroniki zədə üzündən heyətdən kənarda qalması halları az olmayıb. 

 

Orxandan söz düşmüşkən, onun "Zirə"dəki gələcək böyük sual altındadı. Belə ki, müqaviləsi bitən bu qolkiper bu gün üçün baş məşqçinin planlarına yoxdu və yola salınacağı 90 faizdi. Sadıqlının qış fasiləsindən sonra uğursuz çıxışının, kobud səhvlərinin nəticəsidir ki, komanda avrokuboklardan kənarda qaldı. Sadəcə, Azərbaycanda yerli qapıçıyla bağlı ciddi sıxıntı olduğundan, "qartallar"ın hazırda belə namizədi olmadığından Sadıqlını indidən göndərə bilmir. Buna görə "Zirə" "çərçivə"ylə bağlı hələ ki transfer çalışmalarında gözləmə mövqeyi tutmağa məcburdu. Orxanın qalıb-qalmaması yerli qapıçı transferindən asılı olacaq. 

 

"Qarabağ"la müqavilə imzalamaq üzrə olan Emil Balayevi maddi amillərə görə saxlaya bilməyən "Zirə"də daha bir qapıçı isə əcnəbi - monteneqrolu Boyan Zoqoviçdi. Onunla da klubla anlaşmasının müddəti qurtarıb.  Sadəcə, Zoqoviçin məsələsi ona görə açıq qalır ki, onun aldığı məvacib heç də böyük deyil və bahalı legioner olmayaraq kluba münasibdi. Düzdür, Həşimovun sərəncamında gənc Abdulla Seyidəhmədov da var. Ancaq 23 yaşlı bu əlcək sahibi çıxış etdiyi tək-tük matçlarda güvən verməyib. "Qartallar" yaxşı yerli sahə oyunçuları transfer edə bilsə, "çərçivə"yə yüksək səviyyəli əcnəbi gətirəcək.Təbii ki, bunun reallaşması ilk növbədən büdcədən asılı olacaq. 

 

Müqaviləsi bitən digər yerli oyunçu - müdafiəçi Bəxtiyar Həsənalızadənin da məsələsi Orxan kimi açıq qalıb. Onu Həşimov qış fasiləsində əsas komandadan kənarlaşdırdı ki, nəticədə bir müddət əvəzedici heyətdə yer aldı. Gənc mütəxəssis müsbət insani keyfiyyətləri ilə seçilən Bəxtiyarın sonradan əsas komandaya qayıtmasına icazə verdi. Bu futbolçu nəinki məşqlərdə iştirak etdi, hətta çempionatda oyuna da çıxdı. Ola bilər ki, klub yeni mövsümdəki büdcəyə uyğun Bəxtiyara müvafiq məvacib təklif etsin və o da bunu qəbul edərək qalsın. Yox, Bəxtiyar bunu qəbul etməsə, ən əsası, özünə yeni klub tapsa, qarşısına sədd qoyulmayacaq. İstənilən halda, Sadıqlıyla Həsənalızadə yerli transfer çalışmalarından asılı olaraq məcburiyyətdən saxlanıla bilər. 

 

Beləliklə, "Zirə"də bütün məsələlər baş məşqçinin klub rəhbərliyi ilə yeni mövsümlə bağlı görüşündən, ən əsası, büdcənin müəyyənləşməsindən sonra aydınlıq gələcək. Həşimov növbəti 1 ilə büdcəni biləndən sonra ilk növbədə səviyyəli yerli transferləri həyata keçirəcək, sonrasa yeni legioner axtarışına çıxacaq. Onu da bildirək ki, klubla müqaviləsi bitən 12 futbolçu var və göründüyü kimi, böyük əksəriyyəti göndəriləcək. 

 

CBCsport
15 Iyul 2020
14 Iyul 2020
B.eÇ.aÇC.aCŞB