TOP 10

"Sabah"da qalması ehtimalının az olduğunu gizlətməyən vitse-kapitan: "Məvaciblə bağlı hansısa bir minimum var ki, bu məbləğdən aşağı düşmək istəmirəm"

Futbol
Tarix: 2020-06-29 13:27

"Sabah" mövsümün vaxtından əvvəl başa çatdırlması qərarı veriləndən dərhal sonra heyətdə islahatlara başlayıb. Paytaxt klubu müqaviləsi başa çatan bəzi futbolçularla artıq yollarını ayırıb. Bunlar az oynayan Kərim Diniyevlə Vadim Abdullayevdi. "Sabah"da əsas heyət üzvü sayılmayan oyunçulardan biri də Rəşad Eyubovdu. Son çempionatda 11 oyun (628 dəqiqə, 1 qol, 3 sarı vərəqə) keçirən, vitse-kapitan olan 28 yaşlı yarımmüdafiəçi Sport24.az-ın suallarını cavablandırıb. 

 

- "Sabah"dakı gələcək taleyini necə görürsən?

- Klubla müqaviləm başa çatdı. Gələcəyimlə bağlı hələ ki konkret bir şey deyə bilmərəm. 

 

- Bu komandada qalmaq ehtimalın nə dərəcədə yüksəkdi? Səni saxlamaq istəyirlər? Yeni müqavilə təklif ediblər?

- Qalmaq ehtimalım var, ancaq yüksək deyil. 

 

- Bəs, özün qalmaq istəyərdin? Yoxsa ötən mövsüm çox az oynadığından "Sabah" səhifəsini artıq özün üçün bağlamısan?

- Az oynamaq deyəndə ki, zədəli idim, xəstələnmişdim. Buna görə deyə bilmərəm ki, belə vəziyyətin yaranmasının səbəbi özümlə bağlıdı. Qalıb-qalmamaq isə müxtəlif faktorlardan asılıdı. Hər şey məni və klubu qane etsə, qalmaq istəyirəm. Hələ ki detallı bəzi şeyləri müzakirə etmişik.

 

- Xorvatiyalı baş məşqçiniz Jelko Sopiçlə münasibətlərin necədi?

- Adi, işgüzar münasibətlərdi. 

 

- Bəs, Azərbaycandan kənara çıxmaq variantın varmı? Məsələn, futbolda ilk addımlarını atdığın Ukraynaya? Yaxud agentinin səni Avropaya, konkret Macarıstana aparmaq üzərində işlədiyi deyilir...

- Fikrimcə, istənilən futbolçuyla bağlı həmişə söz-söhbətlər, variantlar olur. Ancaq özümlə bağlı hələ konkret bir şey yoxdu.

 

- Vaxt isə gedir və karyeranla bağlı növbəti dayanacağı müəyyənləşdirmək lazımdı. Avrokuboklara gedəcək təmsilçilərimiz artıq heyətlərini komplekləşdirirlər...

- Razıyam ki, vaxta görə özüm də komandayla bağlı vəziyyəti müəyyənləşdirmək, müqavilə imzalamaq istəyirəm. Ancaq elə şeylər var ki, yalnız məndən asılı deyil. Həm pandemiya öz sözünü deyir, həm də bir sıra klublar yeni mövsümlə bağlı büdcələrini müəyyənləşdirməyiblər. Ona görə bəzi şeylər var ki, birbaşa məndən asılılığı yoxdu. 

 

- Ümumiyyətlə, Azərbaycan transfer bazarında sənə təklif, maraq, heç olmasa zəng varmı?

- Əlbəttə, maraq var. Ancaq belə bir şey yoxdu ki, kimlə oturub müqaviləni müzakirə edim. Özümün də bəzi prioritetlərim, müqaviləylə bağlı minimal tələblərim var. Bir sözlə, gözləyirəm ki, şərtlər də mənə uyğun gəlsin, mənim də şərtlərim qarşı tərəfə. 

 

- Bu prioritetlərinin, tələblərinin nə olduğunu bilmək olar? Rəşad Eyubov onunla müqavilə imzalamaqda maraqlı olan klubdan nə istəyir? Əsas vacib detallar nədi?

- İlk növbədə istəyirsən ki, klub iddialı olsun. Müvəqqəti bir layihənin iştirakçısı olmaq, belə klubla müqavilə imzalamaq istəmirsən. İkincisi, aydın məsələdir ki, bu, məvacibimdi. Hansısa bir minimum var ki, bu məbləğdən aşağı düşmək istəmirəm. Məncə, bu, istənilən insan üçün normal haldı. Bax, bütün bu faktorlar cəmləşməlidir ki, işbirliyimiz həm mənə maraqlı olsun, həm də kluba. 

 

- Son mövsümdə kölgədə qaldın. Çoxmu geri düşmüsən? Hazırda hansı formadasan? Sənə ölkə daxilində hansı tələbat var?

- Əlbəttə, yarım il buraxanda, bu, istəsən də, istəməsən də, öz sözünü deyir. Səhhətimdə yaranan problemədək isə hesab edirəm ki, çox yaxşı formada, öz mövqeyimdə ən yaxşılardan biri idim. Pandemiyadan sonra məşqlərə başlayanda özüm hiss edirdim ki, bu problemlərimin hamısı artıq arxada qaldı və zədəyə qədər olan oyun səviyyəsinə qayıtmağım yetərincə mümkündü. 

 

- Millimizdə komanda yoldaşın olmuş Ruslan Qurbanov Azərbaycanda 10 il çıxış edəndən sonra bəyan etdi ki, burdakı karyerası başa çatır, artıq ölkədən kənara çıxmağın vaxtıdı. O, çox klubumuzda oynadığını, milli çempionatımızı əzbərdən bildiyini bildirərək, stimulun qalmadığını gizlətmir. Sən də ölkəmizdə xeyli klubda çıxış etmisən. Burayla bağlı hansı stimulun var? Keçmiş klublarının birinə qayıtmaqda maraqlı olarsan?

- İlk növbədə bizim Azərbaycan çempionatının spesifikliyini başa düşmək lazımdı. Bu da normal deyil ki, hər futbolçu hər klubda oynamalıdı. Bunu da deyə bilmərəm ki, bütün klublarda forma geyinmişəm. Bizdə müqavilələr adətən 1-2 illik imzalanılır və hər klub mövsümdən sonra 5-6 futbolçu dəyişir. Onu da nəzərə alsaq ki, bizim çempionatda cəmi 8 klubdu, istər-istəməz karyeramda 5-6 klubu dəqiq dəyişəcəksən. Ona görə buna nətərsə qəribə baxmıram. Avropa meyarınca bir futbolçunun karyerasını bir klubda keçirməsi doğru deyil. "Qarabağ"la "Neftçi"ni bir kənara qoysaq, qalan klubların həmişə maddi vəziyyəti, ididaları, inkişaf istiqamətləri dəyişir. Dəyişikliyə öyrəşib-öyrəşmədiyimə gəlincə, deyərdim ki yox. Çünki hər il qarşında yeni vəzifələr, yeni məqsədlər durur. Bu, həm klub baxımındandı, həm də mənimlə bağlı individual olaraq. 

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
12 Iyul 2020
11 Iyul 2020
B.eÇ.aÇC.aCŞB