TOP 10

Səmədov Rusiya millisində oynadığına görə fəxr edir: "Bu zaman bir qadın məni öpməyə başladı, mən ciddi görkəmdə, o isə..."

Futbol
Tarix: 2020-06-28 10:27

Rusiya millisinin sabiq futbolçusu Aleksandr Səmədov 2018-ci il dünya çempionatı ilə bağlı xatirələrini bölüşüb. Sport24.az xəbər verir ki, əslən azərbaycanlı keçmiş yarımmüdafiəçi Rusiya Futbol İttiqafının rəsmi saytına açıqlamasında baş məşqçi Stanislav Çerçesovun evdə keçirilən mundialda ona etimad göstərməsindən, yığma karyerasını bitirməsindən və İspaniya ilə 1/8 final qarşılaşmasından sonra oğlunun doğum gününü qeyd etməsindən danışıb.

 

Səmədovun sözlərinə görə millidən hələ AVRO-2016-dan sonra getməyi düşünsə də,Çerçesov onu qalmağa inandıra bilib: "Ümumiyyətlə, Stanislav Salamoviç taleyimi dəyişdi. O, məni yığmada saxladı, potensialımı açdı və əsas heyət oyunçusuna çevirdi. Çerçesov mənə iki il etimad göstərdi, onunla bu yolu sonadək getdim. Hələ mundial öncəsi millidən gedəcəyimi bilirdim, çünki özüm üçün belə qərar qəbul etmişdim. Dünya çempionatında oynamağı çox istəyirdim. Amma mundialdan dərhal sonra 34 yaşımın tamamlanacağını anlayırdım. Uşaqlar, ailəmi düşünərək, getmək vaxtının çatdığı qənaətinə gəldim. Bu haqda həyat yoldaşıma da dedim və o, məni dəstəklədi. Amma milli karyeramı parlaq və gözəl bitirməyi çox istəyirdim".

 

Veteran futbolçu dünya çempionatı ərəfəsində yığma ətrafında xeyli neqativ ab-havanın olduğunu da xatırladıb: "Deyirdik ki, A qrupundakı ilk 2 oyunda uduza bilmərik. Üçüncü görüşümüzü də mütləq qələbəyə köklənmişdik. Səudiyyə Ərəbistanı ilə açılış oyunumuzdan əvvəl yuxugətirici içdim. Adətən, bu dərman 10-11 saat yuxu verir. Lakin səhər saat 7-də ayıldım. Həyəcan və narahatlıq üzündən oyunadək bir dəqiqə də yatmadım".

 

Səmədov İspaniya ilə 1/8 final oyunu gününə düşən oğlunun doğum gününü "Lujniki" stadionu yaxınlığındakı restoranda qeyd etdiyini söyləyib. O, penalti seriyaları ilə qalib gəldikləri görüşdən sonra istirahət hüququndan yararlanaraq, oğlunu görməyə tələsdiyini bəyan edib: "Ayrıca zonada idik, bir qrup azarkeş isə İspaniya üzərində qələbəni eyvanda qeyd edirdi. Bir dəfə zaldan çıxdım və fanatların əhatəsinə düşdüm. Bu zaman bir qadın məni öpməyə başladı. Mən ciddi görkəmdə, o isə içkili idi. Digərləri də ona qoşularaq, məni qucaqladılar. Dərhal gizləndim və burada olduğumu heç kimə deməmələrini xahiş etdim. Birtəhər restoranda oturduq və sonradan evə yollana bildik".

 

Səmədovun fikrincə, Rusiya yığmasının qarşısını 1/4 finalda penaltilər seriyasında kəsən Xorvatiya İspaniyaya nəzərən daha keçilən idi: "Məncə, bunu oyun da göstərirdi. Şanslar yarıbayarı idi. Penaltilər isə lotereyadı, bəxtimiz gətirmədi. Xorvatiya həlledici penaltini vurduqda ilk düşüncəm "Hər şey bitdi" oldu. Bir ay hazırlaşmışdıq, daha bir ay isə dünya çempionatı davam etmişdi. İki ayımızı yalnız mundialla yaşamışdıq. Sonradan qapıçı İqor Akinfeyevlə restoranda oturaraq, müzakirə apardıq ki, bəxtimiz azacıq gətirsəydi, yarımfinala çıxacaqdıq və sonra kim bilir nə olacaqdı... Matçın ardından isə paltardəyişmə otağında, nəhayət, evə gedərək, əzizlərimizi və doğmalarımızı görmək düşüncəsi var idi".

 

Azərbaycan əsilli futbolçu dünya çempionatının önəmindən də danışaraq bunun sehrli, möcüzəvi zaman, zirvə, möhtəşəm an olduğunu bildirib: "Digər tərəfdən, karyeramın müəyyən həddi, finiş xəttidir. Buna doğru 7 yaşımdan gedirdim. Bunun dayanmasını istəmirsən, amma anlayırsan ki, çempionat bir anda ötüb keçəcək və sonradan yalnız xatirələr qalacaq. Kədərlidir ki, daha hisslər, həyəcanlar, emosiyalar olmayacaq. Amma digər tərəfdən, mundialı xatırlamaq çox xoşdur. Çox yaxşıdır ki, hər şey belə qurtardı. Həm də çox fəxr edirəm ki, bu komandada oynadım".

 

Qeyd edək kİ, Səmədov vaxtilə Azərbaycan millisindən də təklif alsa da, Rusiya yığmasında oynamağı üstün tutub.  

CBCsport
15 Iyul 2020
14 Iyul 2020
B.eÇ.aÇC.aCŞB