TOP 10

“İstəmərəm ki, “Qarabağ”da 14 nömrə əbədiləşdirilsin” – Rəşad Sadıqov

Futbol
Tarix: 2020-06-27 16:30

Bir neçə gün əvvəl karyerasını bitirən “Qarabağ”ın və Azərbaycan millisinin sabiq kapitanı Rəşad Sadıqov “Report”un suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, 38 yaşlı keçmiş müdafiəçi qərarına ən çox hansı amilin təsir etdiyini açıqlayıb. Sadıqov bildirib ki, karyerasını bitirməsi güclə bağlı deyil:
 

“Hazırda iki hissi özümdə yaşayıram. Özümü həm böyük boşluğa düşmüş kimi, həm də yükün altına girmiş kimi hiss edirəm. Bəlkə də, bu misiyanın bitməsinə hardasa sevinirsən. Böyük oyunlarda iştirak edə bilməyəcəyəm. Düşünürəm ki, əlimizdən gələn qədər bunun öhdəsindən gəldim. Ən əsası məsuliyyət idi. 35 yaşımdan sonra hər mövsümün sonu karyeramı bitirmək barədə fikirləşirdim. Artıq 38 yaşım var idi. Bu il çox qəti qərar verdim. Amma oynamaq olardı, bundan sonra "Qarabağ"ın heyətində 38 yaşlı oyunçu yox, daim oynaya biləcək biri çıxış etməlidir". 


Rəşad Azərbaycan Premyer Liqasında oynamaqla bağlı çətinlik çəkmədiyini söyləyib: “Ətrafımda olan çox insan deyirdi ki, Azərbaycan çempionatında 2-3 il oynaya bilərsən”. 


Sadıqov “Qarabağ”da 14 nömrəli formanın ona görə əbədiləşdirilməsini istəmədiyini də bəyan edib. Müdafiəçi buna layiq olmağın çətinliyini bildirib. Sadıqov Azərbaycanda hələ ki, forması əbədiləşdiriləcək oyunçunun olmadığını sözlərinə əlavə edib: "İstəmərəm ki, "Qarabağ"da 14 nömrə əbədiləşdirilsin". 


Sabiq kapitan ölkə xaricində məşqçi kimi işləmək istədiyini də etiraf edib. Sadıqov bunun üçün ingilis dilini öyrənməyi qarşısına şərt qoyduğunu bildirib. Keçmiş oyunçu bu dili bir az bildiyini sözlərinə əlavə edib: “Amma bu yetərli deyil. Futbolçu ilə birbaşa ünsiyyət qura bilməyəcəyəmsə, onun beyninə girə bilməyəcəyəm. Bu səbəbdən qarşıma məqsəd qoymuşam ki, dili öyrənməliyəm. İspan və portuqal dillərini də öyrənmək niyyətindəyəm. İmkan olan kimi mükəmməl şəkildə buna yiyələnmək istəyirəm".


Rəşad bir müddət əvvəl AFFA-nın baş katibi Elxan Məmmədovla keçirilən görüşündən də danışıb: “Elxan Məmmədovla görüşüm xüsusi reaksiyaya səbəb oldu. Aramızda belə görüşlər tez-tez olur. Bu, birinci və axırıncı görüş deyil: Hər zaman uğurlarımızda bizi təbrik edir, millinin yaxşı nəticələrni olanda mən də təbrik edirəm. Görüş mövsümün əvvəlində olmuşdu. Bir müddət idi görüşmürdük. Adi görüşlərdən biri idi, futbolu müzakirə etdik və başqa məsələlərdən danışdıq. Xüsusi görüş deyildi. Görüşlər əvvəl də olub, bundan sonra da ola bilər".


Millimizin sabiq kapitanı hazırda bütün dünyanı təsiri altına alan koronavirus pandemiyasından da danışıb: 


“Bu virus elədir ki, yoluxmamaq üçün tövsiyələrə riayət etmək lazımdır. Amma yenə də yoluxa bilərik. Ünsiyyətdə olduğum insanları və getdiyim yerləri azaltmışam. Xüsusən də sərt karantin dönəmində. Bu, gözə görünməyən xəstəlikdir. Kimsə evdəki yaxınlarını, əzizlərini də yoluxdura bilər. Deyilən tövsiyələrə, qoyulan qaydalara maksimum riayət etmək lazımdır. Bunun başqa çıxış yolu yoxdur. Digər ölkələr var idi ki, onlarda vəziyyət çox kritik idi. İndi baxırıq ki, yaxşılığa doğru gedirlər. Bizə də tövsiyə olunan onların etdikləridir. Xəstəliyin hələ peyvəndi yoxdur ki, kimsə qarşısını alsın. Amma təminat da yoxdur ki, xəstəliyə yoluxmayacağıq. Allah millətimizi bu xəstəlikdən qorusun, tezliklə çətin günləri geridə qoyaq". 


Sadıqov deyib ki, hazırkı dönəmdə birlik və bərabərliyə çox ehtiyac var: "Hamı bir nöqtəyə vurmalıdır, qərar nədirsə, ona uyğun addımlar atılmalıdır. Pərakəndəlik olsa, problemin həlli uzanacaq”. 


Təcrübəli oyunçu virusa inanmayan insanlar barədə də danışıb: "İlk periodlarda qohumlarımdan xəstələnənlər var idi, artıq sağalıblar. Kimsə mənim yalan danışacağımı təsəvvür etməz, qohumlarımdan da xəstələnən olub, dostlarımdan da. Onlar xəstəliyi ağır keçirmədilər. Virus var, kimsə xəstələnir və ölürsə, "yoxdur" deyən şəxs məsuliyyət daşıyırmı? Düşünürmü ki, hansısa şəxs mənim sözümə inanar, fikir verməz, xəstələnər və hansısa yaxınını yoluxdurar, o da dünyasını dəyişər. Kimsə inanmırsa, məsləhətim odur ki, sussun, danışmasın. Xəstəliyə inanıram. Son 3-4 ayda atamı və anamı iki dəfə ziyarət etmişəm. 2 aydır ki, onları görmürəm. Onların yanına getməkdən ehtiyat edirəm, özümdən qoruyuram. Evdən bayıra çıxmırlar. Deyilənlərə görə virus daha çox yaşlı insanlara təsir edir. Bu səbəbdən belə mövqe tutmuşam".

CBCsport
15 Iyul 2020
14 Iyul 2020
B.eÇ.aÇC.aCŞB