TOP 10

Zaur Əzizov "Qəbələ"dəki qeyri-müəyyən vəziyyətlə bağlı gözləməli olduqları zamandan və baş məşqçinin taleyindən söz açdı: "Onlara hansı şərtlər təklif edə bilərik, bununla bağlı sual var"

Futbol
Tarix: 2020-06-24 13:24

Vaxtından əvvəl başa çatdırılan çempionatı son pillədə bitirən, avrokuboklardan kənarda qalan "Qəbələ"nin gələcək taleyi sual altındadı. Bu da ilk növbədə maddi durumla, büdcənin yenidən aşağı düşməsi nəticəsində yaranacaq problemlərlə bağlıdı. Klubun baş meneceri Zaur Əzizovla əlaqə saxlayaraq qeyri-müəyyən vəziyyətə aydınlıq gətirməyə çalışdıq. "Qəbələ" rəsmisi Sport24.az-a müsahibəsinə hazırkı durumla bağlı fikirlərini bildirməklə başlayıb. 

 

- Vəziyyətlə bağlı bir az qeyri-müəyyənlik var. Ümid edək ki, yaxın günlərdə hər şeyə aydınlıq gələr. 

 

- Belə söz-söhbət gəzir ki, maliyyə dəstəyi üçün AFFA-yla danışıqlar aparırsınız. Belə bir şey varmı?

- AFFA-yla hər zaman işgüzar müzakirələr olub, var. Amma hal-hazırda o məsələylə, gedişatla bağlı hansısa bir fikir deyə bilməyəcəm. 

 

- Gedişatda heç nə yoxdu, yoxsa necə?

- Yəqin ki, bir qədər zamana ehtiyac var. İstər-istəməz onu nəzərə alaq ki, çempionat da yeni başa çatıb. Bu üzdən ümumiyyətlə, bir çox işlərdə olduğu kimi, burda da bir az durğunluq var. Yəqin ki, bir müddət sonra məsələlərə aydınlıq gələr.

 

- Legionerlərinizdən Merab Quqauriylə Fernan Lopez getdilər. Bu tərəfdən də maddi sıxıntı var. Növbəti mövsümdə yalnız akademiyanın futbolçularına güvəniləcək?

- İstənilən halda, çalışacağıq ki, veriləcək büdcəyə uyğun normal heyət olsun. Gedənlər onlarla hər hansı danışıq olub-olacağını gözləyir, komandada çıxşlarını davam etdirmək istəyirlər. Ancaq biz onlara hansı şərtlər təklfi edə bilərik, bununla bağlı sual var. Buna görə də hansısa biri hazırda kluba desə ki, getmək istəyirəm - xüsusilə legionerləri nəzərdə tuturam - bugünkü gün üçün şərtlər bəlli olmadığı üçün hər hansı təklif edə bilmirik. Bu üzdən hansısa biri başqa kluba keçə bilər.

 

- Digər legionerlərinizin aqibəti necədi? Qalacaqlar?

- Klesio Bauk, Fernan Lopez, Abdelrafik Jerar, Nikolas Raysel, Rodriqo Qattasın hər birinin müqaviləsində qeyd olunub ki, klub onları növbəti mövsüm üçün saxlaya bilər. Yəni, bunun üçün bəlli bir vaxtımız var. Amma həmin vaxt da demək yekunlaşmaq üzrədi. Ola bilsin ki, növbəti həftənin əvvəlinə yekunlaşır. Rəsmi şəkildə müqaviləni uzatmaq istəsək, klubun belə bir hüququ var. Amma büdcə məsələsində bir qədər qeyri-müəyyənlik olduğuna görə bu hüququmuzdan hələ ki istifadə edə bilmirik. 

 

- Yaxın düşən hansı variantdı - hüququnuzla qüvvədə olan vaxt o futbolçularla danışmaq üçün yetərlidimi ki, onları məlumatlandırasınız, bəli, qalırsınız və ya gedirsiniz? Yoxsa bu zaman çatmayacaq?

- Bununla bağlı bir söz deyə bilməyəcəm.

 

- Üç futbolçunuz - Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmli "Sabah"a keçdilər. Onlardan başqa kiminləsə danışıq aparırsınızmı ki, akademiyanızın yetirmələrindən kimisə satasınız?

- Bu dəqiqə konkret danışıq apardığımız yoxdu. Yalnız "Sabah" müraciət elədi, klublar arasında danışıq oldu, razılaşdıq. Daha sonra futbolçularla danışıqlara başlayıb onu yekunlaşdırdıq. Başqa bu şəkildə danışıq yoxdu. Amma bilirik ki, bəzi futbolçularımıza maraq var.

 

- Daxili bazarda?

- Bəli. Ancaq rəsmi şəkildə kluba müraciət edən yoxdu.

 

- Düzdür, yeni çempionatın başlanması tarixi də bilinmir.... 

- Bu da yaxş hal deyil və işlərin qeyri-müəyyən davam eləməyində rolu var. Məsələn, bilinsə ki, 2 aydan sonra başlayırıq, yəqin ki, işlər bir az sürətlə olar. Ən azı onu bilərik ki, nə vaxtdan sonra işlərə başlamalıyıq. Yəni, proqram tərtib edərik.

 

- Baş məşqçiniz Elmar Baxşıyevlə bağlı vəziyyət necədi? 

- Qaydasında.

 

- Yəni, növbəti mövsüm də komandanın "sükanı arxası"nda olacaq?

- Hal-hazırda vəziyyət belədi.

 

- Ancaq onun klubla müqaviləsi bitib...

- Bəli. Bilirsiniz, Baxşıyev uzun müddətdi klubdadı. Yəqin ki, razılaşmaq çətin olmamalıdı. Çünki onunla klub arasında qarşılıqlı inam, razılaşma var. Hər iki tərəf əməkdaşlığı davam etdirmək istəyindədi. Komandada nəinki futbolçu, hər hansısa əməkdaşa belə növbəti mövsümlə bağlı müqavilə təklif eləməmişik. Çünki yenə deyirəm ki, ortada bəlli olması lazım olan vacib məsələlər var. Yalnız bundan sonra addımlar atacağıq. Ancaq dediyim kimi, istər məşqçi, istərsə texniki, istərsə də futbolçu heyətinin əksəriyyyəti, hər kəs komandada qalmaq istəyir. Hətta deyim ki, Elmar Baxşıyev hazırda heyətdə olan futbolçulardan klubun şərltərinə uyğun gələrsə, növbəti mövsüm üçün hamısını heyətdə görmək istəyir.

 

- Nə vaxta gözlənilir ki, "Qəbələ"ylə bağlı situatsiyaya qismən də olsa aydınlıq gələcək?

- Yəqin ki, ən azı iyulun əvvəlini gözləmək lazımdı və karantin rejimi bitəndən sonra müəyyən şeylər bilinər. 

 

 

 

CEYHUN ƏLİYEV

 

 

 

 

CBCsport
12 Iyul 2020
11 Iyul 2020
B.eÇ.aÇC.aCŞB