TOP 10

Baxşıyev Qəbələdə məkan dəyişikliyindən, gələcəklə bağlı nikbinlikdən, yan qaça bilməyəcəkləri sıxıntıdan söz açdı: "Bura qayıtmaq planımızda vardı, ikigünlük karantin bunu tezləşdirdi"

Futbol
Tarix: 2020-06-06 15:24

Premyer Liqa klublarımız Bakıda karantində həftəsonuyla bağlı sərtləşmə qərarına görə məşqlərini yenidən dayandırmalı oldularsa, yalnız "Qəbələ"də bu problem yoxdu. Çünki bu komanda təmsil olunduğu Qəbələyə dünən qayıdaraq artıq orda hazırlıq keçir. "Qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev Sport24.az-a müsahibəsində bir sıra məqamlara aydınlıq gətirib. 

 

- Komandanızı bu həftənin ilk günündən meydançada iş başında gördünüz. Futbolçuların fiziki, psixoloji durumuyla bağlı mənzərə necədi?

- Desək ki, komandanın durumu yaxşıdı, yalan danışmış olarıq. Əlbəttə, oyunçular uzun müddət futbolsuz qalıb və bunu məşqlərdə hiss edirik. Psixoloji duruma gəlincə, dəfələrlə vurğulamışdım ki, futbolçu futbol, top üçün darıxırsa, məşq prosesində dediyimiz məqam yerinə düşəcək. Bu, eynilə bizim komandaya aiddi, psixoloji durum qaydasındadı. Sadəcə, futbolçular uzun müddətdi məşqlərdən kənarda qaldıqlarına görə bir az həmin optimal formadan uzaqdırlar. 

 

- Bundan daha pis vəziyyəti gözləyirdiniz, yoxsa..?

- Məşqçinin işi nəyisə pis, nəyisə yaxşı gözləmək deyil. Sadəcə, biz də bilirik ki, sıfırdan başlamalı olacağıq. Amma hər məşqdən sonra hiss edirik ki, komanda hazırlıq keçdikcə hansısa komponentlərdə daha effektli olur.

 

- "Zirə"ylə "Sabah"ın düşərgəsində olduğumuz zaman futbolçularında nəinki artıq çəki problemi görmədik, hətta bəzilərində arıqlama müşahidə etdik. Bəs, komandanızda bu planda vəziyyət necədi?

- Çəki baxımından bizdə də hər şey qaydasındadı. Heç bir futbolçuda artıq çəki problemi yoxdu. Fərdi məşqləri dayandırmamışdılar, ona görə karantin dönəmində bu hazırlığın da müsbət təsiri var. Plan üzrə işləyirik. Biz də bilirik ki, futbolçuları optmal formaya gətirmək üçün yavaş-yavaş məşqlərə başlamaq, tədricən intensivliyi artırmaq lazımdı.

 

- Artıq indidən ayağını tutaraq əzələ ağrısından şikayətlənən, bəlkə fərdi məşq etməli, kənarda qaçmalı olan futbolçunuz varmı?

- Bu planda da sıxıntımız yoxdu. Ancaq qarşıdakı yoldaşlıq görüşlərində həmin sıxıntı olacaq. Bundan qaçmaq mümkün deyil. Ancaq yenə deyirəm ki, məşq proseslərində bu çatışmazlıqları aradan qaldırmaq mümkündü. 

 

- Qəbələyə qayıtmaq qərarınız həftəsonuyla bağlı məlum qərardan sonra gündəmə gəldi? Çünki Bakıda qalıb məşq etməyi planlaşdırırdınız...

- Planımızda sırf bu, var idi ki, gündə 2 məşq üzərində dayanaq. Bunun üçün Qəbələ varinatımız da var idi. Sadəcə, ikigünlük karantin bura qayıtmağı daha da tezləşdirdi. Əslində, bunu qarşıdakı həftəyə planlaşdırmışdıq kİ, burda qısamüddətli təlim-məşq toplanışı keçək - bir yerdə qalaq, qidalanaq, gündə 2 dəfə hazırlıq keçək. 

 

-  Yenə "Gilan" otelində məskunlaşmısınız?

- Xeyr. Hazırda öz akademiyamızın inzibati binasında qalırıq. Burda şərait "Gilan"dan da yaxşıdı, əsas komandaya uyğundu. 

 

- Uzun fasilədən sonra olduğunuz Qəbələdə şərait necədi - meydançalar, hava və sair..?

- Son matçımızı burda oynamışdıq - "Sumqayıt"ı 5:0 hesabıyla məğlub etmişdik. Üç aylıq fasilədən sonra döndüyüçüz Qəbələdə futbol üçün hər bir şərait var. Komanda üzvləri çox sevincli idilər öz meydançamıza qayıtmağa görə. Qəbələyə gəlməklə bağlı həmişə isti münasibət olub - həm biz tərəfdən, həm də futbolçular.

 

- Yoxlama matçları üçün paytaxta gələcəksiniz. Bəs, bundan sonra Qəbələyə dönmək planınızda var? Çünki çempionatda qarşıdakı matçınız Bakıda "Qarabağ"la olacaq...

- Qəbələdəki hərtərəfli şəraitdən maksimum istifadə edəcəyik. Bakıdan bura 3 saatlıq yoldu, gedib-gəlmək bizə çətinlik yaratmayacaq. Burda qalsaq, daha yaxşı olardı. Sadəcə, Qəbələdə yoxlama matçları üçün rəqib olmadığına görə məcburuq Bakıda oynamağa.

 

- İspaniyada qalıb gələ bilməyən legioneriniz Fernan Lopezdən yeni bir xəbər varmı?

- Heç bir yenilik yoxdu. O da öz ölkəsində karantindədi. Fernanı çıxmaq şərtilə hamı Qəbələdədi.

 

- Bəzi futbolçularınızda, legionerlərinizdə müqavilələr mayın 31-də bitdi. Onlarla mövsümün sonunadək 2 aylıq anlaşça imzalamaq məsələsi nə yerdədi?

- Hiss edirəm ki, onlar çox istəklidirlər və işlərinə də belə yanaşırlar. Hüquqi məsələləyə gəlincə, inanıran ki, rəhbərlik səviyəsində müsbət qərar qəbul olunacaq və hər iki tərəfi razı salacaq. 

 

- Karantin qaydaları yenidən sərtləşəndən sonra sizdə bədbinlik yaranıbmı ki, deyəsən, bu mövsümü başa çatdırası olmayacağıq?

- Yox. İnanırıq ki, mövsümün qalan hissəsinə başlayacağıq. İnsan həmişə inamlı olmalıdı. Hər bir şeyə optimist yanaşmalıyıq. İnanırıq ki, çempionat oyunları başa çatacaq və Azərbaycan klubları azarkeşlərini oyunlarıyla sevindirəcəklər. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB