TOP 10

"Sabah"ın prezidenti Bəhlul Mustafazadəylə bağlı xaricdən aldıqları rəsmi təklifdən, Jelko Sopiçin qarşısında duran vəzifələrdən danışdı: "İyun və iyulda heç bir oyunçuya maaş verilməyəcək"

Futbol
Tarix: 2020-06-05 17:18

Nəhayət, Premyer Liqa təmsilçilərimiz məşqlərə başladılar. Yüksək dəstənin ən gənc klubu "Sabah" da istisna olmadı. Komandada işlər necədir? Hansı transferləri gözləmək olar? Komanda gəncləşir - bu, klubun və ya məşqçi heyətinin strategiyasıdı? Bütün aktual suallara cavab tapmaq üçün klub rəhbərliyi ilə söhbətləşmək lazım idi. Klub prezidenti Maqsud Adıgözəlov görüş üçün "Bank Respublika Arena"nın ehtiyat meydançasını təyin etdi və burada Sport24.az-ın əməkdaşının suallarını cavablandırdı.
 

- Komandanız müqaviləsi başa çatan 6 oyunçu ilə anlaşmaların müddətini daha 2 ay uzatdı. Fors-major vəziyyəti nəzərə alsaq, futbolçular bir az maliyyə güzəştləri etdilərmi?
- Bəli, bu müqavilələr yenidən imzalanıb, amma bütün bu futbolçular pulsuz oynayacaqlar! Bütün oyunçular mart, aprel və may aylarında - oynamadıqları dövr üçün maaş aldılar. Bu səbəbdən heç biri əlavə ödəniş tələb etməyib. Bu, yalnız müqavilələri mayın sonunda başa çatanlara aid deyil. İyun və iyul aylarında heç bir oyunçuya maaş verilməyəcək.

 

- Yəqin ki, klub rəhbərliyi Ramil Şeydayevi gələn mövsüm öz sıralarında görmək istərdi. Bu, nə qədər realdır? "Sabah" avrokuboklara düşsə, bu amil onun qərarına təsir edə bilərmi?
- Bu suala cavab vermək mənim üçün çətindir. Məncə, bunu Ramilin özündən soruşmaq daha yaxşıdır. Bəli, Şeydayevlə söhbətləşdik, amma növbəti mövsüm üçün heç bir danışıq aparmadıq. Xarici klublardan yaxşı təklifləri olmasa, düşünürəm ki, qalmaqdan imtina etməzdi. Əlbəttə, istərdik ki, o, sıralarımızda qalsın, amma danışmaq üçün hələ tez olan bir çox amil var. Bəli, danışıqların son mərhələsinə başlamamışıq, amma bunu mütləq edəcəyik.

 

- Bir neçə Azərbaycan klubu Amin Seydiyev üçün mübarizə apardı, amma bu perspektivli futbolçu növbəti mövsümdən "Sabah"ın sıralarımda olacaq. Klubunuz bu virtual mübarizədən qalib çıxması üçün hansı "kozır"dan istifadə etdi?
- Bəli, digər komandaların Aminlə maraqlandığını da eşitdik. Amma belə bir təkliflə "Qəbələ"yə kimin müraciət etməsiylə bağlı dəqiq məlumatımız yoxdur. Hələ yanvar ayında Seydiyevi sıralarımıza cəlb etmək istədik. Onda razılaşmaq mümkün olmadı. "Kozır"a gəlincə, "Qəbələ" rəhbərliyi ilə yaxşı münasibət olduğumuzu proqnozlaşdıra bilərəm. Hansılara kimi fürsətdən istifadə edərək minnətdarlığımı bildirmək istəyirəm. Aramızda səmərəli danışıqlarımız getdi. Düşünürəm ki, onlar üçün yalnız transferin baş tutması və klubun qazanması deyil, həm də yetirmələrinin bundan sonrakı artımı da vacibdir. Yəqin, onlar Aminin "Sabah"da hər şeyin alınacağına inanırlar.

 

- Amin Seydiyev ilk transferiniz oldu. Mövcud vəziyyəti nəzərə alaraq, "transfer pəncərəsi"nin qısaldılması mümkündür. Transfer bazarında yaxın gələcək üçün hansı planlarınız var?
- Ondan başlayaq ki, Seydiyev ilk transferimiz deyil. Tezliklə ilk transferimizi elan edəcəyik, amma hələlik açıqlamayacam. "Transfer pəncərəsi"ylə bağlı vəziyyətə gəlincə, bunun necə olacağı hələ məlum deyil. Çox güman ki, həmin "pəncərə" həm Avropada, həm də Azərbaycanda oktyabrın ortalarına qədər açıq olacaq. Bu mövzuda müəyyən planlarımız var, amma hələlik bunları səsləndirməyəcəm.

 

- Bəhlul Mustafazadənin “Sabah”a keçməsindən sonra onu ya İngiltərəyə, ya Şotlandiyaya, ya da İsrailə “göndərməyə” başladılar. Klub prezidenti olaraq bu məlumata sizdən yaxşı heç kim sahib deyil. 23 yaşlı müdafiəçini həqiqətən bu ölkələrin klublarına çağırırdılar?
- Bizə də dedilər ki, ABŞ klubu onun xidmətlərində maraqlıdır, Şotlandiya təmsilçisinin adını çəkdilər. Ancaq bütün bunlar söhbət səviyyəsində idi. Biz də öz növbəmizdə rəsmi təsdiqləmə mövqeyini tutduq. Başqa sözlə, bizə rəsmi məktub heç bir klub müraciət etməyənədək bu məsələni nəzərə almadıq. Yalnız bir belə təklif var idi. Bu, bizə İsrail klubundan gəldi. Ancaq bunu" transfer pəncərəsi"nin son günündə əldə etdik. Təbii ki, bunu nəzərdən keçirməyə vaxtımız yox idi. Bundan əlavə, aparıcı oyunçunu itirirdik ki, onun yerini doldurmağa vaxtımız yox idi. Yaxşı bir təklif təkcə klub nöqteyi-nəzərdən deyil, eyni zamanda futbolçunun özünün də perspektivlərindən qaynaqlanırsa, bunu mütləq nəzərə alacağıq. Başqa sözlə, onun ayrılmasına mane olmayacağıq. Bizim klub bunda maraqlıdı.

 

- Baş məşqçiniz Jelko Sopiç ilə müqavilə ilyarımlıqdı. Bu müddət özündə nə əks etdirir? İlk yarım il planlaşdırılan komandanın yaradılması üçün və artıq növbəti mövsümdə Avropa arenasına vəsiqə üçün mübarizə?

- Sopiç dekabr ayında komandaya gəldi və dərhal işə qoşuldu. Nəsə alındı, nəsə yox. Prinsipcə, bu, gözlənilən idi. Bu mövsüm üçün onun qarşısına heç bir vəzifə qoyulmadı. Ancaq ümumilikdə o, mövsümün əvvəlində avrokuboklara getməklə bağlı arzularımız və ambisiyalarımız barədə bilirdi. İndi çox çətin bir vəziyyətdir. Komandanı qəbul etdi, mövsümün ilk hissəsini başa vurduq. Ardından Türkiyə təlim-məşq toplanışına getdik ki, bundan sonra müəyyən irəliləyiş oldu. Ancaq indi yenə hər şeyi sıfırdan başlamaq lazımdır. Vəziyyət belədir ki, bu mövsüm Sopiçdən nəticə tələb edə bilmərik. Bəli, müəyyən variantlar var ki, onlar sayəsində avrokubok zonasına düşəcəyik. Və bu vəzifələr hətta müqavilələrdə göstərilməsə də, onun qarşısında durur. 

 

- Bəhlul Mustafazadə, Amin Seydiyev, indi də İdris İnqilli və Samir Məhərrəmli - klub bossları gənc yerli futbolçulardan və təcrübəli legionerlərdən ibarət komanda yaratmaq fikrindədi, yoxsa Sopiç özü gənclərlə işləməyi üstün tutur?
- Bu, strategiyamızın bir hissəsidir. İlk növbədə uzunmüddətli müqavilələr bağlamaq istəyirik. Bəhlulla müqavilə bağladığımız zaman hələ millidə oynamamışdı. Ümid edirəm ki, eyni şey Seydiyevlə də baş verər. Bunun özü də bizim üçün müsbət məqamdır. Bunlar gələcəkdə sata biləcəyimizə ümid etdiyimiz futbolçulardır. Bu, elə bizim strategiyadı. Onlar mövqelərində ölkənin ən yaxşılarından biridir. Bununla yanaşı, akademiyamızın yetirmələrini inkişaf etdirməyi hədəfləyirik. Klubumuz gəncdi, hazırda akademiyada gördüyümüz işlərin bəhrələrini  2-3 ildən sonra biləcəyik. 17 yaşadək komandamız birinci yeri tutdu, 19 yaşlılarımız "Qəbələ"dəki həmyaşıdlarından cəmi 1 xal geri qaldı - bu, doğru yolda olduğumuzun nümayişidir. Perspektivdə əsas komandamızın özəyinin "Sabah"ın yetirmələrinidən olmasını istəyirik.
 

 

 

 

 

CEYHUN ƏLİYEV

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB