TOP 10

Balayev "Zirə"ylə nəticəyə köklənib, yenidən legioner həyatı yaşamaq məsələsini zamanın ixtiyarına buraxıb: "Məndən də həmin baş məşqçinin fikirlərini eşidəcəksiniz..."

Futbol
Tarix: 2020-06-05 14:30

"Zirə" qış fasiləsində transferlərdə fəal olmaqla yanaşı, 3-cü dövrənin gedişində də heyətinə yeni futbolçu qatdı. Bu, millimizin əsas qapıçısı Emil Balayev oldu. 26 yaşlı qolkiper Qazaxıstan "Tobol"undan ayrılandan sonra uzun müddət klubsuz qaldı və yenidən legioner həyatı yaşaya bilməyərək Vətənə dönməyi üstün tutdu. Ancaq "qartallar"la müqavilə yalnız cari mövsümün sonunadək nəzərdə tutuldu ki, bundan sonra yenidən Azərbaycandan kənara çıxsın.

 

Elə alındı ki, Emil cəmi 1 matçda iştirak etdi, bundan sonra karantin üzündən çempionatımız dayandırıldı və o, yenə futbolsuz qaldı. Koronavirus pandemiyası dünyanı elə bir-birinə vurub ki, mövsüm bitəndən sonra da xarici kluba keçmək asan olmayacaq. Maraqlıdı, Emil bütün bunlar haqda nə düşünür? "Zirə"nin düşərgəsində olduğumuz zamanı onunla da söhbətləşdik. Balayev Sport24.az-a müsahibəsində 3 aya yaxın fasilədən sonra ilk dəfə açıq havada hazırlıqla, qapıçı kimi "çərçivə"də iş başında olmamasıyla bağlı təəssüratlarını bölüşüb. 

 

- Təbii ki, 70-75 gündən sonra birinci dəfə meydana çıxmaq adamda çox xoş hisslər yaradır. Çünki doğrudan da futbol üçün çox darıxmışdıq. Nə qədər onlayn məşqlər etsək də, meydanın yerini heç nə verə bilməz. İndi təbii ki, heç bir futbolçunun fiziki durumunun yaxşı səviyyədə olmadığı bilinir. Ona görə də tədricən bunu yaxşılaşdırmağa çalışırıq. Üstəlik, topdan xeyli vaxtdır kənarda qalmışıq. Bütün bunları yoluna qoyandan sonra qapıçı kimi də məşqlərə başlamağınız nəzərdə tutulub. 

 

- Demək olar heç birinizdə artıq çəki yoxdu, əksinə, bəzilərində arıqlama müşahidə olunur. Buna 3 aya yaxın müddətdə necə nail ola bilmisiniz? Çünki karantin adətən insanı kökəldir...

- Bəli, bu söhbət də düzdü. Sadəcə, işimiz peşəkar futboldadı. Yəni, həvəskar oyunçu deyilik də...Bu üzdən hərə məsuliyyətini anlayır, hərə öz işinə peşəkarcasına yanaşır. Hamı ən azından çalışır ki, qida rasionuna fikir versin, vaxt tapanda qaçmağa çıxsın. Karantin daha sərt olan dövrdə 2-3 saatlıq vaxt kəsiyində də çalışırdım ki, qaçım. Həm də karantinin sonuna yaxın Ramazan ayı düşdü. Bəlkə ola bilər ki, buna görə bir az çəki söhbətində problem yaşamadıq. Ancaq gördüyünüz mənzərə ilk növbədə futbolçuların peşəkarlığından xəbər verir. 

 

- Ümumiyyətlə, karantini necə keçirdin? Daha çox mütaliə, yoxsa...?

- Düzünü desəm, əsasən serialları, filmləri izləməklə keçirdim. Daha çox sənədli seriallara baxdım.

 

- Koronavirusa yoluxma narahatlığı yox idi? Bu fikir səni təsadüfən qarabaqara izləmirdi, yoxsa tam sakit idin?

- Xeyr-xeyr, təşviş yox idi. Sadəcə, dövətimizin qoyduğu qaydalara çalışırdım ki, maksimum riayət edim. Misal üçün ilk növbədə gigiyena qaydalarına əməl edirdim. Kütlənin içinə çıxanda qoruyucu maskadan və əlcəklərdən istifadə edirdim. Bunlara riayət edəndən sonra fikirləşirəm kİ, heç bir qorxusu yoxdur.

 

- "Zirə" üçün həddən artıq sıx qrafik olacaq. Əsas da ona görə ki, ölkə Kubokunda da mübarizəni davam etdirəcəksiniz. İsti yay aylarıda 3-4 gündən bir oynamaq, zədə riski - bəs, bunlar indidən sizdə narahatlıq yaradırmı? Dediyimiz amillər pis fəsadlarını göstərə bilərmi?

- Hər bir insanın, idmançının orqanizmi individual olaraq dəyişir. Kimsə ola bilər ki, bu zədələrə tab gətirəcək, kimsə isə yox. Buna görə də konkret olaraq bir şey deyə bilmərəm. Amma bizə verilən bu müddətdə maksimum çalışacağıq elə rejimdə hazırlaşaq ki, sonrakı sıx qrafikdə pis fəsadlarını göstərməsin.

 

- Ancaq köklənmə, motivasiya baxımından heç bir probleminiz olmamalıdı. Çünki futbol üçün necə deyərlər, "ac"sınız...

- Ay sağ olun! Bax, mən də elə bunu deyəcəkdim. Futbol üçün çox "ac"ıq, darıxmışıq. Elə bil oyunçu əməliyyat edib sağalandan sonra necə səbirsizlənir ki, yaşıl meydana qayıtsın, bizdə də elə bir vəziyyətdi. Bu üzdən motivasiyamız yüksək səviyyədə olacaq. 

 

- Bu il sənin üçün futbol planında heç düşərli olmadı. İl yarılanır, ancaq səmi 1 oyun keçirmisən...

- Qismət, hər şey olur. Buna görə də hər bir halda hər şeyə hazır olmaq lazımdı. Çalışacam ki, keçən, buraxılmış vaxtlara çatım.

 

- Planında vardı ki, ilk növbədə oyun praktikası qazanmaq üçün cari mövsümü "Zirə"də başa vurasan, sonra yenidən legioner həyatı yaşamaq variantını reallaşdırasan. Koronavirus bütün planlarını alt-üst elədimi?

- Yox, bunu indidən deyə bilmərik. Hazırda klubumla müqaviləm var və başqa bir şey haqda danışmaq istəməzdim. Çünki psixoloji cəhətdən də köklənmişəm ki, "Zirə"nin uğurları üçün çalışım. İnşallah, mövsüm bitindən sonra bir şey danışa bilərik.

 

- Ara-sıra adın yenidən Qazaxıstan klubu ətrafında hallanır. Özü də bu dəfə səni həmin ölkənin Kubokunun son qalibi "Kaysar"a göndərirlər. Ancaq bu komandanın bolqar baş məşqçisi Stoyço Mladenovla hər dəfə əlaqə saxladıqda səninlə bağlı xəbərləri təkzib edir. Səncə, Qazaxıstan mətbuatında yayılan bu informasiyalar hardan çıxır? Nə dərəcədə əsaslıdı? Menecerlərin işidi?

- Özüm də bu xəbərləri internet portallarında görmüşəm. Məndən də həmin baş məşqçinin fikirlərini eşidəcəksiniz - nə konkret olaraq kimsə mənimlə əlaqəyə çıxıb, nə də danışıb. Mən də sizin kimi bu xəbərləri internetdən oxumuşam. Şəxsən mənimlə əlaqə saxlayan olmayıb.  

 

- Məqsədin qalır ki, millimizin əsas qapıçısı olaraq mütləq ölkə xaricində daha yüksək səviyyəli çempionatda çıxış edim?

- Özünüz də şahid olmusunuz ki, həmişə xaricə can atmışam, istəmişəm legioner həyatı yaşayım. Ancaq bu, gələcəyin işidi. İndi bu haqda heç bir şey deyə bilmərəm. Təbii ki, Azərbaycan çempionatında çıxış edən hər bir futbolçunun arzusu xaricə getmək, daha çox Avropyaa üz tutmaqdı. Mən də bunu istəyirəm. Ancaq hal-hazırda bu haqda düşünmürəm. Çünki müqaviləylə bağlı olduğum "Zirə"ylə cari mövsümün sonunda vacib oyunlarım var.

 

- Bu vacib matçlardan üzüağ çıxaraq Avroliqaya çıxmaq şansınız nə dərəcədə yüksəkdi?

- Şanslarımız hər bir halda var. Sadəcə, qalır bundan yararlanmaq.  

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB