TOP 10

Təmkin Xəlilzadə Avroliqaya çıxacaqlarına söz verdi: "Bu, bəhanə, absurd olardı ki, "Sabah"ın o üzdən şansı daha çoxdu, nəinki "Qəbələ"nin, "Zirə"nin"

Futbol
Tarix: 2020-06-04 15:18

Azərbaycanda futbol mövsümünün qalan hissəsinin bərpasından sonra ölkə Kubokunda mübarizəni davam etdirənlərin işi daha çətin olacaq. Axı, onsuz da çempionatda sıx qrafik var, üstəlik də kubok matçları. Ancaq "Sabah"ın bu turnirdə mübarizəni 1/4 finalda dayandırdığından nəfəsini dərməyə imkanı olacaq. Düzdür, digər tərəfdən də bu, Avroliqaya düşmək şanslarını azaldır. Çünki həmin məqsədə yalnız çempionatdan nail ola bilərsən. "Sabah"ın millimizin da üzvü olan sol cinah müdafiəçisi Təmkin Xəlilzadə Sport24.az-a müsahibəsində bu və digər məqamlara toxunub. 

 

- Təmkin, ilk sualı milli koloritdə verək - nə var, nə yox? 

- Sevindirici hal odur ki, yaşıl meydana qayıtdıq. Şükür Allaha, yenidən məşqlərə başladıq. Doğrudan da evdə oturmaqdan bezmişdik, "dəli olmuşduq". Sağ olsun hökümətimiz ki, bizi başa düşdü, hörmət etdi və yenidən məşq etməyimizə icazə verdi. Amma bu, o demək deyil ki, hər şeydə rahatlaşmışıq. Biz də bütün qaydalara riayət edirik, özümüzü, ailəmizi, xalqımızı qoruyuruq. Yavaş-yavaş əvvəlki futbol həyatına qayıdırıq. İnşallah, iyunun 21-ni gözləyirik ki, start fiti verilsin, oyun başlansın (gülür).

 

- İkinci sualı futbola çevirəcəm ki, özünü necə hiss edirsən? Digər sözlə, başqa nə var, nə yox?

- Bu həftənin ilk günündən məşqlərə başlamışıq. Əlbəttə, ilk məşqdə top ayağımıza gələndə, adam bir az qəribə olurdu. Hər halda, 2,5 aydı topsuz qalmışdıq. Düzdür, evdə onlayn məşqlərimizi edirdik, özümüz də imkan olanda qaçırdıq. Süni örtüklü meydançalar bağlanmayanadək vaxt tapıb uşaqlarla futbol da oynayırdım. Ancaq nə qədər də olsa, kollektivlə gördüyümüz bu məşqlərin yerini vermir. Çünki taktiki-texniki, hərtərəfli hazırlığı komanda şəklində burada keçirik. Yəqin məşqçilər korpusumuz oturub fikirləşib və bu 3 həftə ərzində ən yaxşısını etməyə çalışacaqlar ki, çempionat başlayanda rəqiblərimizdən geri qalmayaq. Onların verdiyi tapşırıqlarla formamızı tez bərpa etməyə çalışacağıq ki, oyunlarda çətinlik çəkməyək. 

 

- Ən azı gördüyümə əsasən deyə bilərəm ki, çəkin artmayıb... 

- Arıqlamışam ki, artmayıb.

 

- Orucluqla əlaqədar idi?

- Ola bilər ki, bunun da köməkliyi oldu. Özüm də boş durmurdum, qaçırdım. Bir gün komandayla onlayn məşq edirdim, bir gün özüm fərdi. Buna görə də elə bir çətinliklə üzləşmədim. Komanda yoldaşlarımda da gördüm ki, çəkiylə bağlı ciddi problem yoxdu. İnşallah, 3 həftəlik vaxtdan maksimum yararlanmağa çalışacağıq. Buna qədər də planda 2 yoxlama matçı keçirmək var. Bu, iyunun 21-ə tam hazır olmağımız üçün daha yaxşı olacaq.

 

- Kubokdan Avropaya şansınız qalmayıb. Avroliqaya vəsiqə yalnız çempionatdandı. Nəzərə alaq ki, qrafik həddən artıq sıx olacaq. Özünüzü qismən də olsa xoşbəxt hiss edirsinizmi ki, kubokda olmadığınızdan o yüklənmədən azadsınız?

- Bir tərəfdən sevindirici haldır ki, bizdə belə qrafik olmayacaq, bütün diqqətimizi çempionata yönəldəcəyik. Sırf məndən söhbət gedirsə. həmişə İngiltərə çempionatına, avrokubok matçlarına baxanda, həftədə 3 dəfə oynayanlara həsəd aparırdım ki, necə oynayırlar. Bu, marağımı çəkmişdi. Düzdür, bizdə də çempionar ərzində 1-2 belə oyun olub. 

 

- Ancaq mütəmadi olmayıb...

- Bəli. Bir tərəfdən sevindirici hal odur ki, başımızı qaşımağa vaxt olmayacaq. - oyun, otel, məşq...Bir tərəfdən də indi biləcəyik ki, kim nə qədər hazır olacaq. Allahdan bir arzum olacaq ki, heç kimdə zədə olmasın. Əsas məsələ budu. Çətin olacağını düşünmürəm, çünki illərdi futbolun içindəyəm. Fikrimcə, oyundan sonra bərpaya düzgün riayət etsək, o biri matça tam hazır olacağıq. 

 

- Kubokda qalan 4 komandayla müqayisədə üstünlük qazanırsınızmı?

- Avroliqa baxımından danışırıqsa, düzdü, onların şansı bizdən çoxdu. Çünki taleləri öz əllərindədi. Ancaq düşünmürəm ki, onlar bizdən daha ağır yükləməyə gedəcəklər. Çünki yarımfinal cəmi 2 qarşılaşmadan ibarətdi. Final onsuz da çempionatdan sonradı. Demirəm ki, 2 oyuna əsasən bizlə onlar arasında yerlə göy qədər fərq olacaq. İstər-istəməz başları kuboka da qarışacaq, çempionata da. Gərək baş məşqçinin əlinin altında o qədər futbolçu, heyəti o qədər geniş olsun ki, çətinliklərin altından çıxa bilsin. Bu, bəhanə olardı ki, "Sabah" kubok oynamır deyə şansı daha çoxdu, nəinki "Qəbələ"nin, "Zirə"nin. Fikrimcə, bu, real yox, absurd sayılar.

 

- Bizə müsahibə üçün başlıq verə bilərsənmi ki, "Sabah" cari mövsümdə Avroliqaya çıxacaq?

- Belə söhbət var. Onsuz da hamıya söz vermişəm, hər yerdə demişəm ki, çempionatı ən azı 4-cü yerdə bitirəcəyik.

 

 

 

 

CEYHUN ƏLİYEV

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB