TOP 10

Kapitan "Qarabağ"a "meydan oxudu", "Neftçi"dəki gedişlərin onlara rahatlıq vermədiyini bəyan etdi: "Könül istəyərdi ki..."

Futbol
Tarix: 2020-06-02 17:10

Premyer Liqamız qaldığı yerdən davam edirsə, bu, cəzaların da qüvvədə qalması deməkdi. Yəni, "Zirə"nin kapitanı Cavid Hüseynovun hələ 1 oyunluq cəzası qalır. Çünki fevralın 18-də "Qarabağ"la XVII turun matçında hakimi təhqir etməsi səbəbindən aldığı birbaşa qırmızı vərəqəyə görə  AFFA İntizam Komitəsi tərəfindən kəsilən 4 oyunluq diskvalifikasiya son dövrənin startında bitəcək. Deməli, Cavid üçün onsuz da 4 aydır davam edən futbolsuzluq hələ 1 ay da olacaq. Hüseynov komandasının ilk məşqindən sonra Sport24.az-a müsahibəsində bu və digər məqamlara toxunub. 

 

- Bu virusdan sonra mövsümə qaldığı yerdən davam edirik. Baş verən hadisələrdən sonra hazırda düşərgənizdə əhval-ruhiyyə necədi? Özünüzü necə hiss edirsiniz?

- Əlbəttə, evdə məşqlə açıq havada meydandakı məşqin fərqi çox böyükdü. Bu, hiss olunur. Sevindirici haldı ki, bu gün yaşıl meydanlara geri döndük. Müsbət ab-hava hiss olunur, hamı sevinir, şad olur. Çalışacağıq ki, bu 3 həftədən maksimum yararlanaq və nə qədər bacarıqısa, o qədər çempionata yenidən hazır olaq.

 

- Mövsümü bitirmək üçün vaxtın çox qalmadığını nəzərə alaq, səncə, hazırlıq üçün klublara verilən 3 həftə müddət qənaətbəxşdimi?

- Söz-söhbət gedirdi ki, hazırlıq müddəti 3 həftə olacaq. Sözün düzü,  buna görə şəxsi planda narahat idim. Ancaq 3 həftəni normal hesab etmək olar. Düzdür, azdı, ancaq normal saymaq mümkündü. 

 

- Kənardan belə görünür ki, artıq çəkiniz yoxdu. Hətat bəzilərinizdə əksinə, arıqlama müşahidə olunur. Buna necə izah verərdin?

- Sözün düzü, özümdə çəki 2 kq aşağı düşüb, nəinki kökəlmişəm. Ümumiyyətlə, məndə heç vaxt çəkiylə bağlı problem olmayıb. Futbolçularımızın da heç birində çəki artım hiss olunmurdu. Məşqdən əvvəl tərəziyə çıxıb gəlmişik. 

 

- Top üçün yadırğamamısınız ki?

- Müəyyən faiz bəli. Buna görə əlbəttə, vaxta ehtiyacımız var. Yəqin ki, bunu bərpa edəcəyik.

 

- Uzun müddət futbolsuz qalandan sonra mövsümün həlledici mərhələsinə necə köklənə biləcəksiniz? Özünüzü necə motivasiya edəcəksiniz?

- Bunu zaman göstərəcək. Çalışacağıq ki, qaldığımız yerdən, həmin hisslərdə, futbolla yaşadığımız o həyəcanda davam edək. Təbii, ki, indi hələ hisslər bir az uzaqdı. Amma zamanla, məşqlərin bərpasıyla bu, yerinə oturan bir şeydi. 

 

- Təqvim da açıqlandı və məlum oldu ki, kubok çempionatdan sonra olmayacaq. Buna şərhin?

- Sözün düzü, kubokda oynayanlar üçün bir az çətin təqvimdi. Amma mövsümü bitirmək üçün UEFA vaxt verib və buna da uyğun salıblar. Könül istəyərdi ki, oyunların ara məsafəsi daha çox olsun. Bildiyiniz kimi, 3 gündən bir oynayacağıq. Ancaq olmadı, buna da şükür edirik. 

 

- Komandana hələ də kömək edə bilməyəcəksən, çünki cəzan başa çatmayıb. Bu üzdən ilk dövrənin son turunda "Neftçi"ylə çətin, vacib ev matçını da kənardan izləməli olacaqsan. Səbrini basa biləcəksənmi?

- Biləcəm. Əlbəttə, buna məcburam. Yenə də komandamın yanında olduğuma görə şadam. Bundan sonra da "Zirə" üçün əlimdən gələn hər bir dəstəyi əsgirməyəcəm. Çalışacağıq ki, bunu unudaq, komandamız qələbə qazanaraq bunu unutdursun. 

 

- "Neftçi"dən söz düşmüşkən, Donald Gerye getdi, Baqali Dabo yol üstündədi. Bu itkilər az da olsa xeyrinizə ola bilərmi?

- Yox. Çünki "Neftçi"nin yetəri qədər ehtiyat oyunçuları var. Bilirsiniz ki, yaxşı futbolçuardan ibarət, geniş heyətə malik komandadı. Ona görə də bu, bizə rahatlıq verə bilməz. 

 

- Sıx qrafikdə iki "cəhbə"də çıxış etmək daha çətin olacaq. İndi "Sumqayıt"la 4-cü pilləni bölüşürsünüz. Bu yer də qızıla bərabərdi, çünki Kubokun nəticəsindən asılı olaraq həmin pillənin sahibinin Avroliqaya yollanması mümkündü. Premyer Liqaya, yoxsa Kuboka daha çox güc verəcəksiniz?

- Futbolda Avropaya ən qısa yol Kubokdan keçir. Amma çalışacağıq ki, "Sumqayıt"ı keçək, çempionatda da yolumuza davam edək. 

 

- Kubokda "Qarabağ" kimi böyük maneə var - ona qış fasiləsindən sonra evdə 0:6 hesabıyla uduzmusunuz. Bu, sizi narahat etmir ki?

- Bu, Kubok oyunudu, bilmək olmaz. "Qarabağ" maneəsi olsa da, çəkinmirik, qorxmuruq. Çempionatda da, Kubokda "Sumqayt"a qarşı mübarizəmizi yaxşı şəkildə aparacağıq. 

 

- Azarkeşsiz oynamağın sizə mənfi təsiri olacaqmı, yoxsa Azərbaycanda bu amil vacib rol oynamır?

- Əlbəttə ki, azarkeşsiz futbolun həyəcanı yoxdu. Amma bir tərəfdən də düşünürsən ki, bu, sırf azarkeşlərimizin sağlamlığını qorunması üçün atılan bir addımdı. Konkret hər bir klub istəyir ki, azarkeşlərin önündə futbol oynasın və onların dəstəyini hiss eləsin. 

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB