TOP 10

Həşimov ehtiyatlandıqları məqamları və azarkeşsiz oynamağın təsir göstərəcəyini açıqladı: "Zirə"yə daha çətin olacaq, kubok çempionatdan sonra keçirilsəydi, bizim üçün daha münasib idi"

Futbol
Tarix: 2020-06-02 15:18

COVİD-19 pandemiyasına görə uzun müddətdi ki, hazırlıqlarına ara verən "Zirə" 2 ay yarımlıq fasilədən sonra məşqlərini bərpa edib.⁣ Dünən Bakı Olimpiya Stadionunun ehtiyat meydançasına çıxan "qartallar"ın baş məşqçisi Zaur Həşimov hazırlıq prosesini izləyən Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb. Gənc mütəxəsssis ilk olaraq mövsümün qalan hissəsinin bərpasıyla bağlı düşüncələrini bölüşüb. 

 

- Doğrudan 2,5 ay çox uzun müddət oldu ki, oyunçular da, biz də futbolsuz qalmışdıq. Məşqdən əvvəl qısa müddət də olsa futbolçularla söhbətimiz oldu. Hamımız üçün sevindiricidir ki, mövsümün bərpası haqda qərar verildi və yenidən komandalar yaşıl meydanlara qayıda bildilər. 

 

- Hazırlıq proqramında hər bir detala xırdalığına kimi xüsusi diqqət yetirməlidi. Bunu necə müəyyənləşdirmisiniz? Gündə 1 məşq nəzərdə tutulub, yoxsa 2?

- Onlayn məşqlərin xeyri dəyəcək bizə. Buna görə tətildən qayıdanda olduğu kimi sıfırdan deyil, 20-30 faiz hazırlıqdan başlaya biləcəyimizi deyə bilərik. Proqramımızda 1 məşq olan günlər də var, 2 məşq olan da. Bütün futbolçularımızın hamısı məşqdə iştirak edir. Sevindirici hal odur ki, zədəlilərimiz də tam sağalaraq komandaya dönüblər.

 

- Hazırlıq dövründə yoxlama matçlarının keçirilməsi də vacib olacaq. Bu yöndə planlarınız necə olacaq?

- Təxmini tarixlər bilinir. Rəqiblərlə də danışıqlar gedir. Ən azı iki yoxlama matçı oynamağı düşünürük. 

 

- Tarixlər hansı günlərə nəzərdə tutulub?

- Çox güman ki, iyunun 10-u və 14-ü olacaq. Bu tarixlər üzərində işləyirik, dəqiqləşmək üzrədi. Matçlar Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında olacaq. 

 

- Klublarımız üçün yeni, tam fərqli sınaqdı. Mövsümün sonu alışmadığınız şəraitdə keçiriləcək. O mənada kimi, iyun-iyulda çempionat, kubok matçları olacaq. Gözləntiniz nədi? Hamı təxminən eyni səviyyədə olacaqmı? 

- Bizim komanda üçün daha çətin olacaq. Çünki "Zirə"də Kubok oyunları da var. Təqvimdən görünən odur ki, 40 gündə ən azı 10 oyuna çıxacağıq.  Bu, 3-4 gündən bir oynamaq deməkdi. Həddindən artıq çətin bir dönəmə giririk. Fikrimcə, Azərbaycanda futbol olaraq praktikada hələ belə bir şey olmayıb. Yekunu nə olacaqsa, bunu zaman göstərəcək. Yüklənmə, zədə riski, ehtiyat skamyanın qısa olması - bunların hamısından ehtiyat edirik. Çalışacağıq ki, rotasiyalarla bu zədələrdən özümüzü qoruya, müəyyən yorğunluqlardan sığortalaya bilək. 

 

- Əvvəl belə format açıqlanmışdı ki, kubok çempionat matçlarından sonra olacaq. Ancaq indi görürük ki, təqvimdə adət etdiyimiz ardıcllıqdı - son turlara az qalmış yarımfinal matçları baş tutacaq, mövsüm də final görüşüylə yekunlaşacaq. Sizə hansı daha münasibdi?

- Çempionatdan sonra kubok oyunların davam etməsi əlbəttə, bizim üçün daha yaxşı, uyğun olardı. Ancaq qərar artıq verilib və heç nə dəyişə bilmirik. 

 

- Məlumdur ki, oyunlar azarkeşlərsiz keçiriləcək. Bu, "Zirə"nin çıxışına nə dərəcədə təsirini göstərəcək, yoxsa Avropadan fərqli Azərbaycanda stadionlara az tamaşaçılar gəldiyindən, boş tribunalar önündə oynamaq gərgin mübarizədə ciddi rol oynamayacaq? Yəni, bütün klublarımız eyni vəziyyətdə olacaq?

- Bir söz var ki, qol futbolun gözəlliyidi. Həmişə deyirəm ki, azarkeş oyunlara daha çox gözəllik qatır. Həqiqətən azarkeşsiz oynamağın təsiri hiss olunacaq. Futbolun o gözəlliyi bir az kölgədə qalacaq. Vurğuladığınız məsələyə - Azərbaycanda oyunlara az adamın gəlməsi məəsləsinə gəlincə, istənilən halda, tribunalarda az azarkeş olsa belə, onların səsi-dəstəyi futbolçulara stimul verir. Bu üzdən təsirini göstərəcək. Məlumdur ki, oyunlar axşam saatlarına - saat 19:00 və ondan sonraya salınacaq. Bu saatlarda oynamaq sarıdan bizdə problem olmayacaq. Yəni, karantinə bir neçə gün qalımış - onda heç bilmirik ki, futbol dayanacaq - klub rəsmilərimiz stadionumuzda projektorların tam qaydasına salınmasıyla bağlı işlərlə məşğul idilər.  

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB