TOP 10

"Qartallar"ın ilk "uçuş"una şahid olarkən - "ofsayd"da qalan qapıçılar, nömrələnən su qabları - FOTOLAR

Futbol
Tarix: 2020-06-02 10:54

İyunun ilk günləri adətən Premyer Liqa klublarımız ağır mövsümdən sonra istirahətdə olurlar. Avrokuboklar iştirakçıları bu ayın ikinci yarısında bir araya gəlirdilərsə, qitəmiqyaslı turnirlərə vəsiqə qazanmayanalar tələsməyərək iyulun ilk günlərində yığışırdılar. Ancaq dünəndən klublarımızla bağlı alışmadığımız mənzərəyə şahidlik etdik. Onlar 2,5 aylıq fasilədən, məcburi istirahətdən sonra yığışaraq sanki yeni mövsümün ilk məşqinə çıxdılar. Ancaq təbii ki, bu, yeni yox, bərpa olunan cari mövsümün qalan hissəsinə hazırlıqdı. Axı, iyunun 21-dən çempionat qaldığı yerdən, yəni XIX turdan davam edəcək, hələ üstəlik, Premyer Liqa təmsilçilərindən yarısı Azəbaycan Kubokunda da iş başında olacaq.

 

Elə həmin turnirin yarımfinalında rəqib olan "Qəbələ"ylə "Zirə" Bakı Olimpiya Stadionunda qonaq idilər. Ehtiyat meydançalardan hərəsi birini "zəbt etmişdi". "Qəbələ" koronavirus testini keçməyən yeganə Premyer Liqası təmsilçisi olaraq bunu edəndən sonra məşqə çıxmışdısa, "Zirə"də hələ ki buna lüzum yox idi. Zaur Həşimovun komandası bunu bir də təlimatda göstərildiyi kimi, oyunların bərpasına 2 gün qalmış - iyunun 19-da edəcək. "Qırmızı-qaralar"da ilk məşq mətbuat üçün qapaılı olması daha məqsədəuyğun sayılmışdısa, "qartallar"da belə maneə yox idi. Belə olan halda, az qala 3 aylıq fasilədən sonra ilk klub məşqini canlı izləyə bildik. 

 

Futbolçular 1,5 saatlıq məşdə sanki özlərini "suda balıq kimi hiss edirdilər". Axı, açıq havada yaşıl otda topla məşq etmək üçün çox darıxmışdılar. Düzdür, bunadək "Zoom" proqramıyla məşqlər olurdu. Ancaq ev şəraitində olan məşqlə indiki müqayisəoluna bilməz. Həmin çalışmalar məcburi idi və nə açıq hava vardı, nə yaşıl, nə də ən əsası, top. 

 

Ancaq təbii ki, stadionda məşqə çıxmaq əngəl aradan qaldırılsa da, birdən dərhal yüklənmə şəraitində çalışmaq qeyri-peşəkarlıq olardı. Klublarımızın hazırlıq üçün 20 gün vaxtı var ki, bundan maksimum yararlanmaq lazımdı. Ən vacibi, futbolçuları aryan templə elə hazırlamaq lazımdı ki, 3 gündən bir oyunlar zamanı sıx qrafikə tap gətirsinlər, zədə riski minimuma ensin. Hə, bax, bunda əsas iş fiziki hazırlıq üzrə məşqçilərə düşür. "Zirə"də bu işi Azərbaycanın ən titullu futbolçularından olan Azər Məmmədov görür. Həşimovun "Qarabağ"ın əvəzedici komandasında da köməkçisi olmuş 44 yaşlı bu mütəxəssis "qollarını çırmalayaraq" ilk məşqdə əsas iş başında oldu.

 

Baş məşqçinin də kənardan izləyərək göstərişlərini verdiyi hazırlıq prosesi yüngül qaçışlarla başladı, elə onunla da bitdi. Sadəcə, 30-ə yaxın futbolçu iki qrup şəklində qaçırdı. Uzun müddətdi belə demək mümkünsə, süst qalan bədəni açmaq üçün isinmə hərəkətləri xeyli çəkdi. Futbolçular Məmmədovun təlimatları əsasında müxtəlif fiziki hərəkətləri etdilər. Məşqin yarısı buna sərf olunandan sonra digər yarısı toplu çalışmalar oldu. Əlbəttə, futbolçuların uzun müddət uzaq qaldıqları topa hiss etmələri lazım idi ki, yadırğamasınlar. Futbolçular topla asta sürətlə hərəkət edirlər, sonra onu komanda yoldaşlarına verərək özləri növbəti otürməni gözləyirdilər. Bu zaman meydançada quraşdırılan "maket"lərə rəqib gözüylə baxaraq onu keçmək lazım idi. 

 

Məşqdə adət etdiyimiz ikitərəfli oyun, qapıya zərbələrinin hələ ki olmaması başadüşüləndi. Bu yerdə onu bildirək ki, qapıçılar "çərçivə"də olmadılar, sonadək komanda yoldaşlarıyla fiziki çalışmalar da etdilər, topu hərəkət etdilər də. Yəni, aədət etdiyimiz kimi qapıçılarla işləyən məşqçiylə ayrıca hazırlıq olmadı. Bu üzdən "Zirə"nin qapıçılarla işləyən məşqçisi Anar Niftəliyev məşqi Həşimovun digər köməkçisi Vüqar Məmməd kimi kənardan izləyirdi. Maraq üçün bildirək ki, hazırlıqda 4 qapıçı - Emil Balayev, Boyan Zoqoviç, Orxan Sadıqlı və Abdulla Seyidəhmədov iştirak edirdi. 

 

Həşimovun qış fasiləsində əsas komandadan kənarlaşdırdığı futbolçulardan yunan legioner Anastasios Papazoğlu həmin vaxtdan əvəzedici heyətdə yer almağa razı oldu və onunla artıq müqavilə bitərək yollar ayrılıb. Həmin vaxt belə aqibətlə üzləşən digər mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadə isə fasilə yaranmaq ərəfəsində əsas komandaya qaytarılmışdı və indi də onun hazırlığında iştirak edirdi.   

 

Bəli, "qartallar"ın necə deyərlər, ilk "uçuş"u oldu. Artıq məşqlər start götürsə də, koronavirusa görə vacib olan gigiyena qaydaları, sosial məsafə yenı gözlənilir. Məşqi kənardan izləyən klub rəsmiləri, habelə texniki işçilər maskada idilər. Ən diqqətçəkən məqam isə plastik butulkalarla bağlı oldu. Əvvəl kim hansı butulkanı götürüb başına çəkirdisə, indi su içmək üçün gərək daşıdığın nömrəni tapasan. Çünki butulka qapaqları futbolçuların formalarındakı nömrələr yerləşdirilmişdi ki, onu taparaq həmin suyu içmələri tələb olunur.  

 

 

 

 

MEHMAN SÜLEYMANOV

 

MEHMAN SÜLEYMANOV

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB