TOP 10

Qiqauri müqaviləsi bitdiyi "Qəbələ"dən cavab gözləyir: "Ona Rusiya Premyer Liqasından 1, Azərbaycandan 2-3 klub təklif göndərib"

Futbol
Tarix: 2020-06-01 14:19

"Merabın "Qəbələ"ylə mayın 31-də müqaviləsi bitdi. O, bu gündən artıq sərbəst agent statuslu futbolçudu. Özüylə gələcək taleyi ilə bağlı söhbətim olub. Məndə eyni vəziyyət digər futbolçum - Georgi Papunaşviylə bağlı olmuşdu. Onun da klubuyla - "Rasinq"lə müqaviləsi bitmişdi. Bildiyiniz kimi, İspaniyada da mövsüm bərpa olunur. "Rasinq"lə asanca razılaşdıq və cari mövsümün sonunadək qısamüddətli müqavilə imzaladıq. Merab da sərbəst oyunçu olsa da, bu mövsümün axırınadək kənarda qalmaq yox, oynamaq istəyir. Sadəcə, bunun üçün bəzi nüansları həll etmək lazımdı". Bu fikirləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin gürcü futbolçusu Merab Qiqaurinin agenti Mixail Xutsişvili bildirib. 

 

"Qırmızı-qaralar"ın keçən yay transfer etdiyi bu 27 yaşlı mərkəz yarımmüdafiəçisinin gələcək taleyi sual altındadı. Xutsişvilinin sözlərinə görə, Qiqauri həm Premyer Liqamızda qalan 8 turda, həm də yarımfinaladək irəlilədikləri Kubokda "Qəbələ"yə kömək etmək istəyir: "Merabın Azərbaycanda 2-3 variantı var. Onlar müqavilə imzalamaqla bağlı təklif göndəriblər və bu yöndə artıq söhbətimiz olub. Ancaq istənilən halda, Qiqauri indi digər kluba keçə bilməz axı... Həm də özü bu müddətdə oynamaq istəyir. "Qəbələ"yə Premyer Liqada ən azı yerini qorumaq, imkan olarsa, Avroliqaya vəsiqə qazanmağa, Azərbaycan Kubokunda isə qalib olmağa yardımçı olmaq fikrindədi. Hazırda "Qəbələ"nin cavabını gözləyirik. Bildiyim qədər klubu da Merabla yoluna davam etməyi istəyir. Təbii ki, belə olmalıdı. Komandanın liderlərindən biridi, cari mövsümün ilk yarısına görə ən yaxşılardan olub. Belə olan halda, "Qəbələ" də Qiqaurinin qalmasında maraqlıdı. İndi hər şey ondan asılıdı ki, klub nə təklif edəcək. Bu iki ay necə olacaq - bunu rəhbərliklə danışmaq lazımdı. Bilirsiniz, çox nüans var. Pis bir şey demək istəmirəm, məsələn, qarantiya olmalıdır ki, futbolçu 2 ayda oynayıb zədələnsə, kim bunun müalicə xərclərini qarşılayacaq? Digər nüans Meraba Bakıya bu 2 ayda da kirayə mənzil tutmaqdı. Bir sözlə, maddi tələblər var ki, onları yolunu qoymaq lazımdı. Əsas odur ki, müştərim bu 2 ayda "Qəbələ"də çıxışını davam etdirmək istəyir".

 

Bəs, bundan sonra futbolçu klubla yeni müqavilə imzalamaqda maraqlıdırmı? Merabın agentini dinləyək: "Qəbələ" hələ ki heç nə təklif etməyib. Bizim isə təkcə Azərbaycandan 2-3 real variantımız var. Hələ xaricdən demirəm. Belarusdan futbolçuma çox ciddi təklif var. Klubun adını açıqlamasam da, onu deyə bilərəm ki, ilk "3-lük"də gedəndi. Rusiya Premyer Liqasından da variant var. Bəli, real söhbətdi, ordan mənə zəng etmişdilər, Merabın oyununu Azərbaycan çempionatında görərək bəyəndiklərini, maraqlandıqlarını diqqətimə çatdırdılar. Sadəcə, orda da koronavirus problemi var, özü də Azərbaycan və Gürcüstandan fərqli geniş vüsət alıb. Üzrlü sayın, Rusiya klubunun da adını çəkə bilmərəm. Əsas odur ki, Qiqauriyə maraq böyükdü. Bu da mövsümü yaxşı keçirməsinin, demək olar hər matçda 90 dəqiqə oynamasının nəticəsidi. Gürcüstanda uğurlu çıxış etdi, adından söz etdirdi. Azərbaycana gəldi, burda da dərhal əsas heyətə düşdü. Həm də "qoca" futbolçu deyil. hələ 27 yaşı var. Üstəlik, çox peşəkar futbolçudu, karantinə ciddi əməl edərək yalnız evdə oturur (gülür)".

 

Xatırladaq ki, Merab ötən yay "Qəbələ"yə keçib. 

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB