TOP 10

Rauf Məmmədov “İpək Yolu Kuboku” turnirinin qalibi oldu

Şahmat
Tarix: 2020-05-29 12:40

28 may Azərbaycanın Respublika Günü, 26 may Gürcüstanın Müstəqillik Gününə həsr edilən blits şahmat üzrə internet üzərindən “İpək Yolu Kuboku” turnirinə yekun vurulub. Sport24.az xəbər verir ki, koronavirus pandemiyası günlərində internet üzərində təşkil olunan blits şahmat yarışı maraqlı və gərgin mübarizəylə yadda qalıb. Son tura qədər liderlik edən Gürcüstan şahmatçısı Bahadur Cobava yekunda Azərbaycan təmsilçisi Aydın Süleymanlıyla oyunda heç-heçə oynamaqla birinci pilləylə vidalaşıb. Şahmatçımız Rauf Məmmədov isə 15-ci turda Nika Volkovu məğlub etməklə “İpək Yolu Kuboku”nun qalibi olub.
 

Beləliklə, 55 şahmatçının (ümumilikdə 33 qrossmeyster) iştirak etdiyi turnirdə 11,5 xal toplayan Azərbaycan təmsilçisi Rauf Məmmədov turnirin qalibi adını qazanıb. Qalibdən yarım xal geri qalan Gürcüstan şahmatçısı Bahadur Cobava ikinci yerlə kifayətlənib. Turniri yüksək səviyyədə keçirən Nicat Abasov (Azərbaycan) 10,5 xalla üçüncü olub.

 

Hərəyə 10 xal toplayan Vüqar Rəsulov 4-cü, reytinq favorit Şəhriyar Məmmədyarov 5-ci, Giqa Quparadze (Gürcüstan) 6-cı yeri tutub. Liderlərə qarşı inamlı mübarizəylə yadda qalan şahmatçımız Aydın Süleymanlı 9,5 xalla yarışı 7-ci pillədə başa vurub. Bununla A. Süleymanlı 16 yaşlı iştirakçılar arasında ən yüksək nəticəni göstərib. Eyni xala malik Levan Pantsulaya (9,5 xal; Gürcüstan) və Nicat Məmmədov (9,5 xal; Azərbaycan) müvafiq olaraq 8-9-cu yerləri bölüşdürüb. İlk onluqda sonuncu yer 9 xala malik Vasif Durarbəylidədir.
 

16 yaşlı iştirakçılar arasında Aydın Süleymanlıdan sonra ən yüksək nəticə 8 xal toplayan Əhməd Əhmədzadəylə (22-ci yer) 7,5 xala malik Xəzər Babazadəyə (26-cı yer) aiddir.

Qadınlar arasında ən yüksək nəticəni Nana Dzaqnidze göstərib. Gürcüstan şahmatçısı 8 xalla 20-ci yeri tutub. Eyni xala malik Meri Arabidze 25-ci sırada qərarlaşıb. Azərbaycan şahmatçısı Günay Məmmədzadə 7,5 xalla yarışı 28-ci yerdə bitirib.
 

Yarışın ümumi mükafat fondu 20 min avro təşkil edib. Turnirin qalibi 2500 avro qazanıb. Bununla yanaşı qadınlar və 16 yaşadək iştirakçılar arasında ən yüksək nəticəni göstərən şahmatçılar pul mükafatına layiq görülüb.


Xatırladaq ki, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF), Gürcüstan Şahmat Federasiyası (GŞF) eləcə də SOCAR-ın təşkilatçılığı ilə keçirilən İpək Yolu Kubokunun təşəbbüskarı Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti Mahir Məmmədovdur.

 

 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB