TOP 10

Koronavirusdan qorxmayan, aztəminatlılara maddi dəstək göstərən, yarımçıq qalan işi başa çatdırmağa can atan Ramazanov: "Mənə həsəd aparırdılar ki, ay Ağabala, səndə olan bəxt bizdə də olardı..."

Futbol
Tarix: 2020-05-28 11:50

Millimizin üzvü olan Ağabala Ramazanov qış fasiləsində klubunu dəyişməyə qərar verdi. 27 yaşlı hücumçu "Səbail"lə müqaviləsini pozaraq daha iddialı olan "Zirə"yə keçməyə qərar verdi. Yeni klubunda 6 turda qollarını da sıralamağa, qırmızı vərəqə də almağa imkan tapan Ağabala futbol üçün çox darıxıb. O da mövsümün başa çatdırılmasının qatı tərəfdarlarından biri olduğunu Sport24.az-a müsahibəsində gizlətmədi. 

 

- İlboyu o qədər komandayla, təlim-məşq toplanışlarında olurdunuz ki, ailəni görməyə çox az vaxt qalırdı, "kaş, vaxt olaydı, ailəmlə doyunca istirahət edəyim", deyirdiniz. İndi bu imkan ələ düşdü, ancaq məncə, məcburi istirahət həddən artıq, hətta deyərdim ki, bezdirici oldu. Bəs, sən nə düşünürsən bu haqda?

- (gülür). Bu karantin rejiminə ən çox sevinən bizim ailə üzvləri oldu. Çünki evdə olduq, üzümüzü daha çox gördülər. Uzun zamandı evdəyik və vaxtımızı həqiqətən evdə keçiririk. Karantin rejimi yaxında yumşalıb, yeni-yeni çölə çıxırıq. Həm onlar üçün xoş günlər oldu ki, bizimlə çox vaxt keçirdilər evdə, bağda. Uzun müddət bir yerdə qaldıq. Mən cavanam, o qədər yaşlı deyiləm, amma belə baxıram ki, get-gedə artıq, pis çıxmasın, bədənimiz ağrıyır boş qalmaqdan. Nə qədər də çıxıb özün tək məşq eləsən də, kollektiv məşqin heç bir əvəzini, xeyrini verməz də. 

 

- Bir gününü necə keçirdiyini təsvir edərdin...

- İlk növbədə doyunca yata bilirik (gülür). Evdə nə qədər fərdi, "Zoom"la hazırlaşsan da, təlim-məşq toplanışının heç bir effektini vermir. Evdə sırf olaraq yalnız passiv qaldıq. Virus var, inanırdıq buna. Ancaq özüm üçün şişirtmirdim, qlobal virus saymırdın. 

 

- Nəyə görə?

- Həkimlərimiz, hamı deyir ki, 2-3 nüans var ki, özünü qorusan, təhlükə səndən uzaq ola bilər. Ən əsası, özümü qoruyurdum. Çünki çölə mən çıxırdım, evdəkilər yox. Hər dəfə qorxurdum ki, mənə nəsə olar, gələrəm evdə bilmədən kiməsə keçər. Bu üzdən həmin vacib şərtlərə əməl edirdim. Düzdür, həmişə maska taxmırdım, ancaq maşından düşüb marketə girəndə bunu edirdim, özümü qoruyurdum. Spirtdi, həmişə olurdu yanımda, ondan da istifadə edirdim. Özümü maksimum çalışırdım qoruyum. Amma o qədər də ürəyimə almırdım ki, bu gün xəstəlik tutaram və ya sabah. 

 

- Necə deyərlər, qorxan gözə çöp düşər...

- Elədi. Nəsə bir şeydən çəkinsən, o, elə bil daha da sənin üstünə gəlir. Bəli, bu, təhlükəli xəstəlikdi, bütün dünya bu virusdan əziyyət çəkir. Neçə min adam ondan ölür. Bunu boş da vermək olmaz, ancaq qorxmaq da. Şükür Allaha, meydanda məni necə görürsünüzsə, ondan qıraqda da eləyəm. Həyatda da çalışıram cəsarətli, mübariz olum. Ruzini də verən Allahdı, heç nədən də qorxacağım, çəkinəcəyim yoxdu. Buna görə həmişə eyni qaydadayam. 

 

- "Keşlə"nin futbolçusu Əfran İsmayılov karantin yeni başlayanda mətbuata bildirmişdi ki, spirt vurmaqdan əlinin qabığı soyulub.  "Sabah"ın kapitanı Ruslan Abışov siprtlə bütün günü "çimdiyini" müsahibəsində qeyd etmişdi. Bəs, səndə necədi vəziyyət bu planda?

- Spirti çox vurmadım, maskanı yalnız kütlə olan yerdə taxdım. Adamlar var idi ki, hər dəqiqə, maşın sürəndə də maska taxır. Maşının içindəsən, şüşələr bağlıdırsa, qapalı yerdəsənsə, maskanı niyə taxmısan? Təksən də içəri, yanında adam yoxdur ki, ünsiyyətdən keçsin. Spirti üzərimə çox tökməmişəm, özümü yandırmamışam (gülür). Mənim üçün ən vacib olan bir məqam da odur ki, evdə körpə var, çalışırdıq əsas onu qoruyaq. 3-5 yaxın insan var ki, əsas onlara görüşürdük. Bilirdim ki, onlar da məni kimi özlərini qoruyurlar. 

 

- Yeri gəlmişkən, ilk övladın olan qızını bu istirahət müddətində doyunca oxşaya bildinmi?

- Bildim. Özüm böyütmüşəm. onunla yalnız özüm məşğul olmuşam (gülür). Maşallah, böyüyür, bugünlərdə 9 ayı tamam oldu. 

 

- Futbolçu kimi əsas üstünlüklərindən biri cəldliyin, sürətindi. Meydana günü sabah qayıtsan, bunu yenə görə bilərikmi? Özünü necə hiss edirsən? Artıq çəki problemin yoxdu?

- Bəlkə də eşitmisiniz, futbolda 2-3 nəfərdən biriyəm ki, hamı çəkidə mənə həsəd aparır. Pis çıxmasın, gecə 3-də kabab da yeyirəm, ürəyim nə istəyir, yeyirdim. Səhər dururdum çəkiyə, həmişə olmuşam 66,6-66,7 kq. Uşaqlar da mənə həsəd aparırdılar ki, ay Ağabala, sənə qurban, səndə olan bəxt bizdə də olardı ki, necə yeyirsən, kökəlmirsən. Buna görə hazırda zərrə qədər də artıq çəkim yoxdu. Normal çəkidəyəm, normal da yeyənəm. Özümə heç vaxt sədd qoymamışam ki, birdən yeyərəm, kökələrəm. Bəlkə buna görə məndə eyni çəkidə qalmaq alınır.

 

- Bir şeyi də nəzərə alaq ki, topla xeyli vaxtdır oynamırsan. Bunu yadırğamazsan ki?

- Düz deyirsiniz. topla uzun müddət məşq eləmirik. Top elədir ki, ona toxunmadıqca səndən uzaqlaşa bilər. Amma "qab"ında varsa, 3-4 günə onu düzəldə bilərsən.

 

- Maraqlıdı, çempionatın başlayacağınla bağlı nikbinsən, yoxsa sən də düşünürsən ki, hər şey mövsümün yarımçıq bitməsin doğru gedir?

- Özümdən götürürəm ki, xarakterimə görə istəmirəm çempionat yarımçıq başa çatsın. Olduğumuz yerlə razılaşmaq istəmirəm. Düzdür, ən birinci yerdə insan sağlamlığıdı, ona heç şübhəmiz yoxdu. Hamılıqla buna riayət edirik. Amma mövsümün bu cür başa çatmağını istəmirəm. Şəxsən mən mübarizə aparmaq istəyirəm, kim Avropaya layidirsə, o da getsin. İndi də durub demirəm ki, belə qurtarsa, kim Avroliqaya getsə, haqsızlıq olar. Bu cür fasilə indiyədək futbolda, həyatda olmayıb. İlk dəfə olur, heç kimi qınamaq da olmaz. Allah eşitsin səsimizi, çempionat olsun. davam eləsin məşqlərimiz. Bəlkə də olduğumuz yerdən də aşağı düşə bilərik. yuxarı qalxa da. Çox istəyirəm olsun yarım qalan işimizi başa çatdırmaq. İşimiz hal-hazırda yarımçıq qalıb. 

 

- 4-cü pillədə olan "Sumqayıt"ın mövsümün davamında maraqlı olmamasını başa düşmək olar. Çünki indiki halda Avroliqaya yollanacaq. "Zirə"nin isə "Sumqayıt"la şəxsi oyunları da eynidi, hətta səfərdə onu məğlub edib. Sadəcə, topların fərqinə görə 5-ci pillədə olmaqla barışırsınız. "Sumqayıt" avrokuboklara yollanası olsa, bunu ədalətli sayacaqsınız? Özünüzə görə çox üzüləcəksiniz?

- Deyə bilmərəm ki, "Sumqayıt" 4-cü pilləylə getsə, ədalətsizlik olardı, ya yox. Ən ədalətlsi, mübarizənin davamıdı. Demək olar hamı bunu deyir. "Sumqayıt"ın düşərgəsində də belə fikirləri mətbuatdan oxumuşam. Ancaq yarımçıq qalsa belə, heç kim heç nə deyə bilməz. Çünki dövlət belə qərar veribsə, heç kim buna qarışa bilməz. Tutaq ki bu gün qərar verildi çempionat olmayacaq, kim hansı yerə uyğun nəyi qazanıbsa, ilk 4 pillə avrokuboklara gedəcəksə, deməli, belə olacaq. Heç kim buna qarşı çıxa, durub deyə bilməz ki, niyə belə oldu. Ancaq hamı istəyir ki, mübarizə davam eləsin. Əlbəttə, biz də bu gün 4-cü yerdə olsaydıq, rahat olardıq. Bilirdik ki. dəyişiləsi bir şey olmazdı. Ancaq hazırda 5-ci pillədəyiksə, "Sumqayıt" 4-cü yerdədirsə, bu komanda mövqe baxımından heç bir narahatçılıq keçirmir. Ancaq biz narahatıq, çünki yarım qalan işimiz var. "Sumqayıt" isə mövsüm ləğv olunsa, birbaşa Avroliqaya gedəcək. 

 

- Bir sıra klub baş məşqçiləri 2,5 ayıq fasilədən sonra hazırlığa verilməsi gözlənilən 3 həftənin azlığını, zədə riskinin böyük olmasını və isti havada oynamaqla bağlı problemləri qabardırlar. Doğrudanmı, bütün bunlar siz futbolçulara problem yarada bilər? Üstəlik, bir sıra futbolçuların mayın 31-də klublarıyla müqavilələri bitir...

- Deyilən nüansların hamısında həqiqət var. Çünki 75 günlük fasilədən sonra durub 2-3 həftə məşq edib hazır ola bilməzsən. Müəyyən bir vəziyyətə gəlib çıxa bilərsən. Zədə almaq riski də ola bilər. Bu, daha çox idmançının bədən quruluşundan asılı olan bir şeydi. Zədəyə meylli oyunçular daha tez zədələnə bilər. İstiyə gəlincə, avrokuboklarda da görürsən ki, axşam saatlarına salıb oynamaq olur. Bu o qədər çətin bir iş deyil. Hava isti olsa belə, axşam 8-9 radələrində oynamaq mümkündü. Şəxsən məndə müqavilə bitmir. Kimlərdə ki bitir, onları hansısa bir formada yola gətirmək lazımdı - ya yeni müqavilə təklif olunmalıdı, ya da federasiyayla məsələni yoluna qoymaq lazımdı. Yəqin ki, bir yolunu taparlar.

 

- Keçmiş komanda yoldaşın Ruslan Qurbanov saytımıza açıq şəkildə bəyan etdi ki, optimal formaya düşməsi üçün 10 gün də bəs edir. Bəs, sənə?

- Mənə hardasa 20 gün bəs edər.

 

- Futbol olmadığı vaxtda maaşlarınızda sıxıntı, yubanma, azaldılma yoxdu?

- Şükür Allaha yoxdu. 1 ay qalıb, onu da yaxında verməlidirlər, problem deyil.

 

- Bilmək olar, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmisən? Və ya aztəminatlılara maddi dəstək göstərmisən?

- Açığı, fonda pul köçürməmişəm. Ancaq ehtiyacı olan, tanımadığım aztəminatlı ailələrə maddi yardım etmişəm. Sadəcə, elədiklərimi çox qabartmamışam. kiməsə göstərməmişəm. İndi də istəməzdim detallara varam. Məndən əlavə dostlarım da qoşulub buna. Bu gün də onu edirlər. 

 

- Və sonda. Ağabala Ramazanov media, müsahibə vermək üçün darıxıbmı, yoxsa indi də buna o qədər meylli deyilsən?

- Həmişə jurnalistlərlə ünsiyyətim yaxşı olub, heç kimlə pis münasibətdə olmamışam. Zəng edənlər olub, tanıdıqlarımla danışmışam, hörmətlə yanaşmışam, suallara cavab vermişəm. Bu, işinizdi, bizimlə hətta futbol olmayan dövrdə də maraqlanırsınızsa, sizə müsahibə vermək borcumuzdu. Əlbəttə, 2 aydan çoxdu kölgədə qalmışıq. Futbol yoxdu, necə olmalıdı ki? Medianı oxuyuruq, görürəm ki, saytlar köhnə oyunlardan videolar qoyurlar. Baxırıq ki, mətbuat da bizim üçün darıxıb.  

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

 

 

 

 

 

 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB