TOP 10

İpək Yolu Kubokunda şərikli liderlər

Şahmat
Tarix: 2020-05-27 13:17

26 may - Gürcüstanın Müstəqillik Günü və 28 may - Azərbaycanın Respublika Gününə həsr edilmiş şahmat üzrə internet üzərindən İpək Yolu Kubokuna start verilib. Sport24.az xəbər verir ki, ilk yarış günündə 7 tur oynanılıb.

 

Koronavirus pandemiyası günlərində internet üzərində təşkil olunan yarış bir sıra gözlənilməz nəticələrlə yadda qalıb. Favoritlər liderlik uğrunda yarışda çətin anlar yaşayıb. Gənc şahmatçılar isə iddialılara layiqli müqavimətlə diqqəti cəlb edib.

 

7 turdan sonra iki şahmatçı hamıdan çox – 5,5 xal toplayıb. Azərbaycan şahmatçısı Nicat Abasov 54 şahmatçının yarışdığı turnirdə birinci pilləyə yüksəlib. Onunla eyni xala malik gürcü Bahadur Cobava ikinci sıradadır. Hərəyə 5 xal toplayan Qədir Hüseynovla (Azərbaycan) Levan Pantsulaya (Gürcüstan) müvafiq olaraq 3-4-cü yerləri bölüşdürür. Liderləri ən yaxın izləyicilərdən 0,5 xal ayırır. Səkkiz şahmatçı 5, yeddi şahmatçı isə 4.5 xal topladığından İpək Yolu Kubokunda əsas mübarizənin ikinci yarış günündə olacağı gözlənilir.

 

Yarışın reytinq favoriti Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov 7 turdan 5 xal toplamaqla 9-cu pillədə qərarlaşıb. Azərbaycan yığmasının digər üzvü Rauf Məmmədov da 5 xal toplamasına baxmayaraq, 7 turun nəticələrinə görə 4-cü yeri tutub. Eyni xala malik Gürcüstan təmsilçisi İvan Çeparinov 7-ci sıradadır.

 

16 yaşlı iştirakçılar arasında 7 turdan sonra ən yaxşı nəticə Xəzər Babazadə (5 xal, 10-cu yer) və Aydın Süleymanlıya (4.5 xal; 11-ci yer) aiddir. Qadınlar arasında ən yüksək nəticəni 7 oyundan 4.5 xal toplayan Nana Dzagnidze əldə edib. Gürcüstan şahmatçısı 13-ci pillədə qərarlaşıb.

 

Məlumat üçün bildirək ki, əzarət vaxtı hər bir şahmatçıya oyunun sonuna qədər 3 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün iki saniyə əlavə olunmaqla müəyyən edilir. Mayın 28-i keçiriləcək 8-15-ci turlar saat 18:00-da start götürəcək.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası, Gürcüstan Şahmat Federasiyası, eləcə də SOCAR-ın təşkilatçılığı ilə keçirilən İpək Yolu Kubokunun təşəbbüskarı Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovdur.

Yarış playchess.com virtual oyun platformasında keçiriləcək. Turnirin ümumi mükafat fondu 20 min avro təşkil edir. Qalib 2 500 avro qazanacaq. Bununla yanaşı, qadınlar və 16 yaşadək iştirakçılar arasında ən yüksək nəticəni göstərən şahmatçılar pul mükafatına sahib olacaq.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB