TOP 10

"Qəbələ"nin legioneri mümkün "fəlakət"dən söz açdı: "Klubla müqaviləm bitsə belə, hər şeyi yarımçıq qoyub getmək mən tərəfdən düzgün, etik olmazdı"

Futbol
Tarix: 2020-05-27 12:00

"İndidən deyə bilmərəm ki, məşqlərə başlaya, mövsümü bitirə biləcəyikmi, ya yox. Fikrimcə, karantin bitsə, bununla bağlı müsbət qərar verə bilərlər. İntuitsiyam nə deyir? Artıq biz də start götürməliyik, çünki Avropada futbol oynamağa başlayıblar. Azərbaycanda da vəziyyət normaldı, sadəcə, bilmirəm ki, çempionatın startı nə vaxta müəyyənləşəcək. Üstəlik, hələ Kubok matçları da qalıb. Bu iki turniri iki aya başa çatdırmaq mümkün olacaqmı - əvvəlcə bunu həll etmək lazımdı". Bu fikirləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin legioneri İvitsa Juniç deyib.

 

Onun sözlərinə görə, çempionatın bərpasınadək məşqlər üçün klublara 20 günlük icazə verilsə, bu, qənaətbəxş olacaq: "Bizə bu qədər vaxt versələr, bu, normaldı. Aydın məsələdir ki, vaxt az, matç sayı isə çox qaldığından, həftədə 2 dəfə oynamalı olacağıq. Fikrimcə, belə variant mövsümü başa vurmaq üçün ən yaxşı variantdı. İdman prinsiplərinə görə ən düzgünü mövsümü bitirməkdi. Necə qərar verəcəklər, elə də olsun. Əsas odur ki, oynayaq, hər şey yarımçıq qalmasın. Mənim üçün ən vacib olan budu. Çünki 2,5 aydır futbolsuz qalmışıq və bu, oyunçu üçün ağırdı. Mövsümü başa çatdırılmamış elan olunsa, daha 3 ay da fasilə deməkdi. Bu isə az qala yarım il futbolsuzluq, "fəlakət" deməkdi. Aydın məsələdir ki, məşq edirik, hər gün qaçıram. Ancaq bu, komanda hazırlığı deyil".

 

Məlumdur ki, bir çox futbolçunun, o cümlədən həmsöhbətimizin klubuyla müqaviləsi mayın 31-də bitir. Maraqlıdı, İvitsa "Qəbələ"yə bağlı olmadığı vaxtda onun heyətində məşqə, oyuna çıxmağı düşünürmü, yoxsa həmin müddətin bitməsini gözləyir ki, getsin? Juniçi dinləyək: "Fikrimcə, bu planda hər şey normal olacaq. Mövsümün qalan hissəsinin olacağı rəsmən açıqlananda, məşqlərə başlayanda bunu rəhbərliklə həll edəcəyik. Bəli, bilirəm ki, klubla müqaviləm mayın 31-dəkdi. Ancaq mən tərəfdən düzgün olmazdı ki, yarımçıq qoyub gedim. Bu, etik cəhətdən də doğru olmazdı. İstəyirəm ki, "Qəbələ"ylə mövsümü başa çatdırım. Təbii ki, uğurla".

 

Bəs, bundan sonra necə olacaq? Çünki "Qəbələ"nin növbəti mövsüm maddi vəziyyətinə görə legioner saxlamayacağı gözləniləndi. 32 yaşlı xorvatiyalı müdafiəçi hadisələri qabaqlamağı məqsədəuyğun saymadı: "Bu mövzu haqda yalnız mövsümdən sonra danışmaq olar. İndi çətindir demək ki, "Qəbələ"də qalacam, ya yox. Mövsüm başa çatandan sonra rəhbərlik qərar verəcək ki, kimlər qalacaq, kimlər yola salınacaq. Onda rəhbərliklə yeni müqavilə məsələsini nəzərdən keçirəcəyik. Mən də hər bir futbolçu kimi baxacam hansı variantlarım var ki, onlardan ən yaxşısını dəyərləndirim. Bizə rəhbərlikdən yeni mövsümlə bağlı heç bir şey deyilməyib. İndi hamı gözləyir ki, mövsümün qalan hissəsiylə bağlı durum necə olacaq".

 

İvitsa bir yox, bir neçə menecerlə işbirliyinin olduğunu da diqqətimizə çatdırıb: "Çox agentlə işləyirəm. Belə bir şey yoxdur ki, məhz bu insan mənim agentimdi. Bu sferada çox dostum var. Harda oynamışam, əlaqələrim olub, indiyədək qalır. Ancaq hələ ki sakitçilikdi. Hamı çempionatın başlamasını gözləyir. Düzdür, zəng edirlər, soruşurlar. Ancaq heç nə konkret deyə bilmirəm, çünki mövsümü başa vurmaq istəyirəm. Ən düzgünü belə etmək, sonra gələcək taleyinlə bağlı qərar verməkdi. Asiyada da variantlarım olub, Avropada da. Gərək rahat götür-qoy edəsən. İndisə bunun vaxtı deyil. Gərək "transfer pəncərəsi" açılsın, özümə komanda taparam, klubsuz qalmaram".

 

Juniç Azərbaycanda mövsümü başa çatdırmaq mümkün olmasa, bu, rəsmən açıqlanan kimi getmək haqda düşünür: "Çünki klubumdan, ümumiyyətlə, burdan təklif olmasa, nə edim ki? Onda sərbəst futbolçu olaraq, qalmağıma lüzum olmayacaq, Vətəninə dönüb orda məsələni həll edəcəm. Təbii ki, bunun üçün hava sərhədləri açılmalıdı. Ümid edirəm ki, bu iyunda reallaşacaq". 

 

Xatırladaq ki, İvitsa keçən yaydan ölkəmizdə legioner həyatı yaşayaraq "Qəbələ"ylə yarım illik müqavilə imzalayıb, bunu qış fasiləsində mövsümü sonunadək artırıb. 

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB