TOP 10

"Xəzər Lənkəran" "Nitsru"ya 250 min dollar təklif edib - rumıniyalı hücumçunun etirafı

Futbol
Tarix: 2020-05-23 15:00

Moldovanın “Nistru” klubunun sabiq legioneri Katalin Likioyu Moldovanın tanınmış Moldfootball.com saytına müsahibə verib. Sport24.az xəbər verir ki, bu ölkənin çempionatının bombardiri, Ataki təmsilçisinin heyətində ölkə Kubokunun qalibi olan rumıniyalı hücumçu 2005/06 mövsümündə UEFA kubokunun “Xəzər Lənkəran”la görüşündə rüşvət təklifi ilə üzləşdiyini açıqlayıb.

 

- “Nistru”nun “Xəzər”lə oyunları Moldova klublarının avrokubok tarixində ən qaranlıq olaylarından biri kimi yadda qalıb. Gəlin, indi həmin vaxt baş verənlər ətrafındakı sirri açaq. Mərhələni keçmələri üçün oyunu verməyinizə görə sizə pul təklif edildiyi həqiqətdir?

- Bəli.

 

- Nə qədər?
- Azərbaycanlılar moldovalı agentlər vasitəsilə bizim maaş və mükafatlarımızı öyrənmişdilər. Bundan sonra bizə 250 min dollar təklif etdilər ki, “Xəzər” – “Nistru” oyununda lazım olan hesabla məğlubiyyəti təşkil edək.

 

- Bu məbləğ “Nistru” rəhbərliyinə, yəni Vasili Traqireyə (klub prezidenti-red.) təklif olundu, yoxsa oyunçulara? Ümumiyyətlə, bu, necə baş verdi?
- Moldovalı agentlərdən biri dedi ki, “Xəzər”dən bir nəfər sizinlə danışmaq istəyir. Onda hələ bilmirdik ki, hansı məsələdir. Məndən başqa daha iki futbolçu – qapıçı Leu və müdafiəçi Lupaşko ilə də əlaqə saxladılar. Birbaşa sövdələşməni təklif etdilər və 250 minlik məbləğ səsləndirdilər. Bizdən başqa heç kim bu təklif barədə bilmirdi.

 

- Belə çıxır ki, seçiminiz var idi. Bu pulu götürüb aranızda bölə bilərdiniz. Bu zaman hərəniz 80 min götürəcəkdiniz. Qapıçı, mərkəz müdafiəçisi və mərkəz hücumçusu olduğunuzu nəzərə alsaq, bu, “Xəzər”in qələbəsi üçün kifayət etməli idi. Üçünüz də əsas heyətin daimi üzvləri idiniz və hətta heç kim də sizi dəyişməyəcəkdi. Əsas qapıçı, kapitan, bombardir...
- Bəli, bu pulu götürə bilərdik. Amma belə etmədik.

 

- Bu təklifi biləndən sonra nə etdiniz?
- Bütün komanda ilə toplaşıb, futbolçulara belə variantın olduğunu dedik. Bir ailə idik və qərarı birlikdə verirdik. Futbolçular dedi ki, meydana çıxıb qələbəmizə təmiz oynayacağıq.

 

- Bu pulu qardaş kimi 18 futbolçu arasında da bölsəydiz, hərənizə 14 min düşərdi...
- Bəli, belə çıxır.

 

- Bəs, rəhbərlik sizə “Xəzər”i keçmək üçün nə verdi?
- 4 min dollar.

 

- Bu, azərbaycanlıların təklif etdiyindən təxminən 3 dəfə azdır. Özü də mərhələni keçməsəydiniz, həmin 4 mini almaya da bilər və heç bri qazancsız qalardınız...
- Başa düşürəm. Amma imtina etdiyimiz üçün peşman deyiləm. Gərginlik olmadan çıxıb 10 min artıq qazanardıq. Amma həmin vaxt səfərdə - Azərbaycanda  iki qol vuranda məni bürüyən emosiyalar heç nə ilə müqayisə oluna bilməz. Bunu heç bir pulla almaq olmaz. Oyun və nəticədən ağlasığmaz məmnunluq aldım. 10 min dollar bunun yanında heç nədi... Bu, futbol karyeramın ən yaddaqalan anıdır. Bu iki qol uzun müddət həyatımızın ən vacib hadisəsi idi - övladım olanadək.

 

- Təsəvvür edirsiniz, 2005-ci ildə Moldovada 90 dəqiqəyə 14 min dollar qazanmaq nədir?! Başqaları səhər 8-dən axşam 6-ya qədər həftədə 5-6 gün işləməklə 3 ilə əldə edə bilmirdi...
- Karyeramızı korlamaq istəmirdik. Təsəvvür edin, bu, sonradan hardasa üzə çıxardı. Onda heç bir normal kluba düşə bilməzdik. Bir anlıq 10-14 min üçün risk eləməyə dəyməzdi. Gələcəyimizi korlaya bilməzdik. Həmin matçdan dərhal sonra “Xəzər” mənə ora keçməyi təklif etdi. Yaxşı şərtlər təklif olundu. On dəfələrlə artıq qazana bilərdim.

 

- Niyə keçmədiniz?
- Onlar üç nəfər – məni, Yançuku və Andrey Matsyuranı istəyirdi. Amma Traqira buraxmadı.

 

- Niyə?
- Daha zəif çempionata və daha zəif kluba keçməyin mənasız olduğunu dedi. Onları iki dəfə udduq və aşkar güclü idik. Bu üzdən rəhbərlik daha güclü liqaya getməyimizi istəyirdi, nəinki Azərbaycan çempionatına.

 

- Bəlkə də haqlı idi. Həmin illərdə Moldova klubları Azərbaycan təmsilçilərini həmişə keçirdi. “Zimbru”, “Tiraspol”, “Daçiya”, “Olimpiya”, “Nistru” komandaları “Qarabağ”ı, “MKT-Araz”ı, “Xəzər Lənkəran”ı və “Bakı”nı mübarizədən kənarlaşdırmışdı...
- Bilirsiz də, orda pulla bağlı şərait var idi. “Xəzər”in prezidenti təkcə “Bakı” üzərində bir qələbəyə görə hər futbolçuya yeni BMW Х5 vermişdi.
 

 

CBCsport
03 Iyun 2020
02 Iyun 2020
B.eÇ.aÇC.aCŞB