TOP 10

Çempionat hazırkı sıralamayla başa çatdırılsa, Zaur Həşimov bunu "Zirə" üçün haqsızlıq sayacaq: "Müqaviləsi bitənlərlə bağlı bizdə problem olmayacaq"

Futbol
Tarix: 2020-05-22 19:19

"Biz də bilirik ki, vaxt daraldıqca hər cəhətdən çətinlik çəkəcəyik - həm məşqlərin bərpası, həm də komandanın formaya düşməsi baxımından. Ancaq yenə də ümidimizi itirmirik. Ona görə ki, Avroliqaya getmək üçün yaxşı şanslarımız var. Həm Kubokda yarımfinaldayıq, həm də çempionatda 4-cü yerdə "Sumqayıt"la eyni xala malikik, hətta şəxsi oyunlarımızda nəticələr eynidi. Avrokuboklara vəsiqə verə bilən 4-cü pillə uğrunda mübarizə aparırıq". Bu fikirləri Sport24.az-a açıqlamasında "Zirə"nin baş məşqçisi Zaur Həşimov bildirib. 

 

Gənc mütəxəssis ümumən klubun mənafeyi baxımından turnir cədvəlinin belə tamamlanmasının onlar üçün əlverişli olmadığını bəyan edib: "Amma hansı qərar veriləcək, bundan sonra konkret danışa bilərik. İndi onu deyə bilərəm ki, turnir cədvəlində yerlərin belə bölüşdürülməsi, yəni buraxılan topların sayına görə olması fikrimcə, düzgün deyil. "Sumqayıt"la öz aramızdakı oyunlarda topların fərqi tam eynidi. Ümumən çempionat ərzində bu rəqibə nisbətən 1 qol artıq vurmuşuq. Bir də "Zirə"nin "Sumqayıt" üzərində səfər qələbəsi var - Sumqayıtda 2:1 hesabıyla qalib gəlmişik. Ancaq onlarda bu, yoxdu - Zirədəki yeganə görüşümüz 2:2 hesabıyla nəticələnib. Şəxsi oyunlar götürülürsə, səfər qələbəsi bizim üçün üstünlük olmalıdı. Çempionatda "Sumqayıt"a nisbətən bir neçə qol buraxmışıq deyə, yəni topların fərqinə görə turnir cədvəlində yerlərin sıralanmasını doğru saymıram. Bu, "Zirə"yə qarşı ədalətsiz bir sıralamadı. Bu baxımdan istəyərdik ki, çempionat sonadək davam eləsin və axırda kim haqq edəcəksə, o da getsin Avropaya. Onu da nəzərə alaq ki, bizdən aşağıda gedən - 6-cı, 7-ci, 8-ci pillədə olan komandala da 4-cü yer uğrunda mübarizə aparırlar və onların da Avroliqa şansları var. Bir sözlə, hazırkı sıralama bizim üçün haqsızlıq olacaq. Hər iki komanda əziyyət çəkib". 

 

Məlumdur ki, bir çox klublarda futbolçular müqavilələr mayın 31-də bitir. Çempionat iyunda başlayarsa, həmin oyunçular meydana çıxmaqdan imtina edə, artıq indidən başqa klublarla danışıqlar apara bilərlər. Bu amil də oyunların keyfiyyətinə təsir edəcək və razılaşaq ki, idman prinsipləri də pozulur. Həşimov öz klubunda bu baxımdan narahatçılığa əsas görmədi: "Futbolçu müqaviləsini artırmayacaqsa, klub ona heç bir şey edə bilməz. Ancaq fikrimcə, bizdə bu baxımdan böyük problem olmayacaq. Çünki "Zirə"də belə say çox deyil - 5-6 futbolçudu. Onlar da başa düşürlər ki, hazırkı vəziyyət fors-majordu. Bu situatsiyanı yaxşı dəyərləndirib, komanda üçün oynamağa hazırdırlar. Müqaviləsi bitən futbolçuları insan kimi tanıdığımdan əminliklə danışa bilirəm. Problem 1-2 oyunçuda ola bilər, bütün hamıda yox ki...Sadəcə, bugünkü gündə qərar verilməyib deyə müqaviləsi bitən futbolçularla danışığımız olmayıb. Ancaq mütəmadi əlaqə saxlayırıq ki, narahat olmayın. Durum tək Azərbaycanda və ya "Zirə"də belə deyil. Bütün Avropada, bütün ölkələrdə vəziyyət belədi. Onlar da bunu yaxşı başa düşürlər".

 

39 yaşlı mütəxəssis "Zirə"ylə müqaviləsi başa çatan futbolçuların da adlarını çəkib: "Bunlar əsasən legionerlərdi - Adrian Skarlatake, Miloş Bakraç, Boyan Zoqoviç. Alvaro Ampuero isə bizdə icarədədi və bu müddət bitir. Yerli futbolçulardan anlaşması başa çatan yalnız Tellur Mütəllimovdu. Hazırda qeyri-müəyyənlik, hava sərhədləri bağlı olduğundan, gələcək üçün hər hansı planlar qurmamışıq". 

 

Həşimov komandaların 2 aydan yarımdan çox dincəlməsi qarşılığında hazırlıq üçün minimum 3-4 həftənin lazım olmasının vacibliyi fikrindədi: "Ən azı belə müddət olmalıdı ki, komanda özünə gələ bilsin. Misal üçün qış və ya fasilələrində olduğu kimi, 3-4 həftə istirahət etsəydik, daha az vaxt kifayət edərdi ki, komandalar oyun ərzində müəyyən tempi saxlaya bilsinlər. İndi 3 həftə məşqdən sonra nə temp o vəziyyətdə olacaq, nə də zədə qaçılmaz. Bunlar hamısı problem olacaq. İsti havada oynamağa gəlincə, bunun da mənfi təsir edəcəyi fikri ilə tamamilə razı deyiləm. Bizim çempionat avqustun əvvəli başlayır. Bu da yayın qızğın vaxtı olur. Üstəlik, avrokuboklarada ilk təsnifat mərhələsində oynayanlar hazırlığa daha tez başlayır, yoldaşlıq görüşləri keçirir. Avropada çox turnirlər yayda olur. Bütün bunları nəzərə alsaq, yayda oynamaq problem olmamalıdı. Bir də ki bütün klublarımızın stadionlardakı işıqlandırmaya görə axşam oynamaq şəraitləri var".

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
12 Iyul 2020
11 Iyul 2020
B.eÇ.aÇC.aCŞB