TOP 10

"Qəbələ"nin ilkə imza atdığı günlər heyətdə qalan tək qəhrəmanın gözündə: "Bundan sonra da gözəl sürprizlər edə bilərik, özümsə karyeramı elə burda bitirməyi düşünürəm"

Futbol
Tarix: 2020-05-17 14:17

Bu gün - 17 may 2006-cı ildən fasiləsiz Premyer Liqada çıxış edən "Qəbələ"nin tarixinə əlamətdar gün kimi düşüb. Axı, "qırmızı-qaralar" milli çempionatımızda ilk mükafatı məhz bu gün qazanıb. Bu, Yuri Syominin baş məşqçiliyi döründə 2013/14 mövsümünün son turunda "Sumqayıt"la ev matçında baş verib. 

 

Bunadək "Bakı"yla Qəbələdə 3:1 hesablı nəticələnən matçda avrokuboklara vəsiqə təmin edilmişdi. Ancaq 4-cü yerdə qərarlaşan "qırmızı-qaralar" nəhayət, milli çempionatımızın medalçısı olmağa çox iddialı idi. Sadəcə, hər şey komandanın öz əlində deyildi. çünki 3-cü pillədə olan "Neftçi" 1 xal irəlidə idi. Paytaxt klubu son turda ortabablardan olan "Simurq"un Zaqatalada qonağı idi və qalib gələcəyi gözlənilirdi.

 

Üstəlik, "Qəbələ" üçün autsayderlə görüş heç də yaxşı başlamadı. Belə ki, meydan sahibləri artıq 7-ci dəqiqədə Məhəmməd Qurbanovun vurduğu qolla hesabda geri düşdü. Ancaq hələ fasiləyədək - 39-cu dəqiqədə komandanın fransalı bombardiri Viktor Mendi hesabı bərabərləşdirdi. Əyalətdə eyni vaxtda keçirilən matçlarda bərabərlik son dəqiqələrədək davam edirdi. Yəni, Qəbələdə 1:1, Zaqatalada 0:0 idi. Hadisələrin bu axarı isə "Neftçi"yə sərf edirdi. Ancaq "Qəbələ" son 6 dəqiqədə əzmkarlıq göstərərək qələbəni qopara bildi. Belə ki, 86-cı dəqiqədə hollandiyalı yarımmüdafiəçi Lorenzo Ebesilyo komandasını hesabda irəli çıxardı. Matçın 90+2-ci dəqiqədə isə nigeriyalı hücumçu Abdulvahid Afolabi həm "Qəbələ"də ilk qolunu vurdu, həm də "Qəbələ"nin tarix yazdığı çempionatda son qolunun müəllifi oldu - 3:1."Simurq" isə sonadək qolsuz heç-heçəni saxlayaraq "Neftçi"ni dayandırdığından, Yuri Syominin komandası 61 xalla 3-cü pilləni ələ keçirdi və bununla da bürünc mükafatçı oldu. "Qəbələ"nin 18 qələbəsi, 7 heç-heçəsi, 11 məğlubiyyəti oldu (topların fərqi 48-36).

 

Ümumiyyətlə, mayın bugünləri "Qəbələ" üçün əlamətdar tarixlərdi. Çünki komanda 2 gün sonra - keçən ilin mayın 19-u daha böyük mükafatı, nəhayət. ilk titulu qazandı. Bu, Azərbaycan Kubokunun qalibi olmağıdı. Maraqlıdı ki, bu həllledici matçda da rəqib "Sumqayıt" idi. Ancaq bu dəfə heyət ondan xeyli zəif, komandanın baş məşqçisi də yerli mütəxəssis - həmin vaxt Syominin köməkçisi olmuş Sənan Qurbanov idi. Düzdür, gənc mütəxəssis cəzalı olduğundan,  Naxçıvandakı qarşılaşmanı "texniki zona"dan kənardan izləyirdi. Maraqlıdı ki, "Qəbələ" ilk dəfə finalda məhz bürünc medal qazandığı mövsümdə çıxmışdı, həmin "Neftçi"yə oyunsonrası penaltilərdə uduzmuşdu. Bundan sonra 2 final ukraynalı baş məşqçi Roman Qriqorçukla olmuşdu. Ancaq Naxçıvanda da, doğma Qəbələdə də məğlubiyyətdən qaçmaq mümkün olmamışdı. 

 

Nəhayət, 4-cü cəhd uğurlu alındı. Matça Qurbanovun əsas köməkçisi, hazırda isə əsas baş məşqçisi olan Elmar Baxşıyevin rəhbərliyi altında çıxan "Qəbələ" erkən qolla titul həsrətinə son qoydu. Artıq 3-cü dəqiqədə fransalı hücumçu Stiven Jozef-Monroz başla qələbə topuna imza atdı - 1:0. 

 

Məlumdu ki, "Qəbələ"də keçən yay maddi vəziyyətə görə heyətində köklü dəyişikliklər oldu. Hətta komandanın oyun sayında rekordçusu olan müdafiəçi Ürfan Abbasov da klubunu dəyişməyə qərar verdi. Ancaq hər iki mükafatçı heyətdən qalan tək futbolçu var. Özü də bu, kapitan Anar Nəzirovdu. Hazırda komandanın əsas, o vaxtlar isə ehtiyat qapıçısı olan 35 yaşlı qolkiperlə tarixə səyahət edərək, ilk olaraq "bürünc"ü xatırladıq: "Həmin vaxt yaxşı heyətimiz vardı. Komanda liderlər qrupunda idi, medallar uğrunda mübarizə aparırdı. Buna kimi "Qəbələ" heç vaxt medal qazanmamışdı. İlk mükafat həmişə yaddaqalan olur. Düzdür, bunadək komanda tarixində ilk dəfə avrokuboklara vəsiqəni təmin etmişdi. Ancaq bununla kifayətlənmək fikrində deyildik və əzmkar qələbəylə məqsədimizə çatdıq. İki eyni səviyyəli heyətimiz var idi. Daniel Subotiç, Lorenzo Ebesilyo, Leonardo da Silva, Marat İzmayılov kimi legionerlər transfer olunmuşdu. Bu güclü heyəti quran Syominin məşqçiliklə yanaşı, insanlığına da söz ola bilməzdi. Bu da uğurda rol oynayırdı. Həm komandada birlik var idi, həm də nəticə qazanmaq istəyirdik - ya medal, ya da Kubok. Sonda Allah bizə bürünc mükafat nəsib elədi".

 

Nəzirovun həmin vaxt yetərincə təcrübəsi, yaşı 30-a yaxın olsa da, çempionatda cəmi 1 oyun keçirmişdi. Anar onda "1 nömrə"liyin çox çətin olduğunu etiraf edib: "Həmin mövsümdə 4 qapıçı var idi - Kamran Ağayev qışda gəldi. Bunadək isə mən, braziliyalı Dieqo Kosta və polşalı Davit Pietrzkieviç heyətdə idi. Kubokda 1 matç oynadım - "Qarabağ"ı səfərdə 2:1 hesabıyla məğlub edərək yarımfinala çıxdıq. Çempionatda isə "İnter"lə, yəni hazırkı "Keşlə"ylə matçda şans qazanmışdım".

 

Nəzirovun "Qəbələ"yə 2-ci gəlişində isə qapıda artıq Dmitri Bezotosnının hegemonluğu vardı. Ancaq ilk titulu qazandıran final matçında "çərçivə"ni qorumaq məhz həmsöhbətimizə nəsib oldu: "Bildiyiniz kimi, ondan əvvəlki Kubok matçında da mən qapıda dayanmışdım. çünki Bezotosnı zədəli idi. Özümü hərtərəfli hazırlamışdım və bilirdim ki, futboldu, oyundan qabaq hər şey ola bilər. Ona görə ki, Bezotosnı zədədən yeni qayıtmışdı. Özüylə da danışırdım, yaxşı münasibətdə idik. Mənə deyirdi ki, Anar, hazır olmaq lazımdı, özüm tam hazır deyiləm, yenidən zədə problemi özünü göstərə bilər. Qapıçılarla işləyən məşqçimiz Andrey Qluşenko məni də hazırlayırdı. Oyuna çıxanlar bilir ki, isinmə hərəkətlərini də yüz faiz etmişdim, tam hazır idim. Həmin vaxt "Qəbələ" haqda çox söz-söhbət gəzən dövrü idi. Ancaq komandada möhkəm birlik oldu. İstəyirdik ki, komandanın dağılacağı ilə bağlı yaranan səs-küyə nəticə qazanmaqla, "Qəbələ"nin yaşamasını göstərməklə son qoyaq. Onda istər futbolçular, istərəs də məşqçilər qarşısına məqsəd qoymuşdu ki, nə olursa-olsun, mövsümü titulla başa vuraq. Bir yumruq kimi birləşməyimizin nəticəsi idi ki, sonda Kuboku qazandıq".

 

Nəzirov "Qəbələ"nin ən güclü vaxtında, daha təcrübəli əcnəbi baş məşqçilərin yox, daha zəif heyətlə, yerli mütəxəssislə titul qazanmasına belə izah verib: "Sənan Qurbanov Syomin və Qriqorçukun yanında işləyərək təcrübə toplamışdı. "Qəbələ" bunadək 3 dəfə finala çıxaraq uğur qazana bilməmişdi və Qurbanov onda köməkçi kimi komandada idi. O, hər şeyi analiz etmişdi ki, finalda necə qalib gəlmək olar və demək olar Qurbanovun bəxtinə düşdü Kuboku qazanmaq".

 

"Qəbələ"nin hazırkı heyətində hər iki ilk nəticənin qazanan yeganə futbolçu olmasını özü üçün qürurverici göstərici hesab edən Anar karyerasını da elə burda bitirmək fikrindədi: "Bu komandaya həmişə inanmışam, indiki heyətimizə də inanıram. Daha çox gənclərdən qurulan yeni komandamız var. İnşallah, bundan da yaxşı olacağıq. oyun baxımından bundan da irəli gedəcəyik. Mübarizəni Kubokda da sürdürürük. Hər bir şey var və gözəl sürprizlər edə bilərik. İnşallah, başlasın, davamını gətirə bilərik. Mövsüümn bərpa olunacaqmı? Bunu deyə bilmərik. Azərbaycanda çempionatın başlamasıyla bağlı qərarı biz yox, aidiyyatı dövlət qurumları verəcək. Futbolda bilmək olmur ki, sabah necə olacaq. Tək mənim istəyidimlə hər şey olmur. Ancaq karyeramı "Qəbələ"də başa vurmaqla bağlı həqiqətən fikirləşmişəm. Bunadəksə ilk hədəfim bu gənclərlə daha yaxşı nailiyyətlər qazanmaqdı. Təbii ki, bu mövsüm yox, ancaq gələcəkdə potensial olaraq bu heyət saxlanısa, bir az da güclənsə, hətta qızıl medallara iddia etmək olar".

 

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

football24
26 Oktyabr 2020
25 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB