TOP 10

Mahmud Qurbanov eyni gündə anadan olduğu Heydər Əliyevlə görüşünü xatırladı: "Məşqçilik karyeramın futbolçu həyatımdan daha samballı olmasını istəyirəm"

Futbol
Tarix: 2020-05-11 16:27

Azərbaycan futbolunda ən çox çempion, ən titullu olan oyunçu. Ukraynalıların da oyununa həsəd apardığı, hətta bu ölkənin tanınmış məşqçilərindən olmuş mərhum Anatoli Zayayevin "Professor" ləqəbi verdiyi oyun qurucusu. Bəli, təbii ki, söhbət Sport24.az, Football24.az və "İdman TV"nin birgə layihəsi olan, AFFA-nın dəstəyilə keçirilən "Ulduzların savaşı" bilik yarışmasının da iştirakçısı olan Mahmud Qurbanovdan gedir. Mayın 10-da ad günü, 47 yaşı tamam olan "Neftçi-2"nin baş məşqçisi Sport24.az-ın suallarını cavablandırıb.

 

- İlk növbədə ad gününüz münasibətilə sizi təbrik edirik. Ad günləri sizin üçün nə dərəcədə önəm kəsb edir? Bunu təmtəraqlı keçirməyi xoşlayırsınız?

- Təbrikə görə çox sağ olun! Düzünü deyim ki, uşaqlıq dövrümdə xoşlayırdım ad günümü. Bu, bəlkə də uşaq ağlıyla bağlı idi. Amma artıq böyüdükcə, sözün düzü, indinin özündə də mənim üçün adi gündü. Heç vaxt təmtəraqlı keçirməmişəm, heç bunun tərəfdarı da olmamışam. Ad günümü ailəmin, yaxınlarımın ətrafında keçirmişəm. İndi bu yaşımda da mənim üçün adi bir gün idi. Düzdü, yaş tamam olur. Ancaq doğum gününə heç vaxt önəm verməmişəm. Yəni, bu koronavirus, karantin olmasaydı belə, bunu qeyd etməyəcəkdim, fikrim də yox idi.

 

- Uşaq vaxtında bəlkə ona görə xoşlayırdınız ki, çoxlu yaxşı hədiyyələr alırdınız?

- Yaxşı hədiyyələr alırdım deyəndə ki, nə bacarırdılar, verən olurdu. Valideynlərim, qohumlarım imkanları dərəcəsində hədiyyələr alırdılar. Uşaq vaxtı təkcə hədiyyələrə görə ad gününü xoşlamırdım. Uşaq vaxtı elə bilirsən ki, ad günü sənin üçün xüsusi bir gündü. Ancaq böyüdükcə görürsən ki, yox, xüsusilik bir şey yoxdu. Ad günün həyatında növbəti bir gündü. 

 

- Azərbaycanın sabiq prezidenti, Ümummilli lider Heydər Əliyevlə eyni gündə dünyaya gəlmisiniz. Onunla görüşmək imkanınız olubmu?

- Bəli, ad günüm Heydər Əliyevlə eyni günə təsadüf edir. Mayın 10-u bütün respublikada keçirilən əlamətdar gündü. Onunla bir dəfə görüşmək imkanım olub. Şəmkirdə Su Elektrik Stansiyasının açılışı idi. Həmin vaxt "Şəmkir"də çıxış edirdim. Bizi Ulu öndərə təqdim etdilər ki, "Şəmkir" komandasıdı. O da hər birimizin əlini sıxaraq görüşdü. 

 

- Şəxsən sizi xüsusi təqdim etdilər ki, bu, Azərbaycanın ən yaxşı futbolçularından biri olan Mahmud Qurbanovdu?

- Yox, o vaxt heç bir təqdimat olunmadı. Heydər Əliyev bizə yaxınlaşaraq hər birmizlə salamlaşdı, uğurlar arzuladı. Komanda adından hər bir futbolçunun imzası olan top xatirə hədiyyəsi kimi ona təqdim olundu. Allah rəhmət eləsin Ulu öndərə!

 

 

- 50 illik yubileyinizə bir şey qalmayıb. Yaşlanmaqla bağlı qorxu, narahatçılıq yoxdu?

- Yox. Bu dəqiqə həyat o qədər tez gedir, gündəlik həyatda hadisələr elə sürətli dəyişir ki, bunu nəzərə alsaq, yox, qorxutmur. Hamımız bilirik ki, nə vaxtsa biz də yaşad olacağıq. Həmişə eyni yerimizdə, eyni yaşımızda qalası deylik...Buna görə də heç bir narahatlıq, qorxu-filan yoxdu. 

 

- Keçmiş komanda yoldaşınız, "Ulduzların savaşı"nda rəqibiniz olan Samir Əliyev son ad günündə bildirib ki, yaşlanmaqdan qorxmuram, yaşlanmaq istəmirəm...

- Bu, adamın özündən asılı deyil ki, yaşlanmayaq. İstəsək də, istəməsək də, gün keçir, yaşlanırıq. Buna görə hər şeyə, o cümlədən qocalmağa da hazır olmalıyıq. 

 

- Futbolçu dövründə artıq çəkiniz qətiyyən olmayıb, elə indi də oynamasınız belə, demək olar həmin vəziyyətdəsiniz. Buna nəyin hesabına nail olursunuz? Həmin dietanın sirrini aça bilərdiniz?

- Heç bir dieta-zad yoxdu. Onsuz da yeməyi həmişə az yeyən olmuşam, hətta oynadığım vaxtda çox yeyən olmamışam. Yəqin ki, orqanizmim belədi. Həm də bir yerdə oturmağı xoşlamıram, daim hərəkətdə olmağı sevirəm. Bir az çəkim qalxanda, çalışıram ki, futbol oynamaqla, qaçmaqla, başqa hərəkətlərlə bunu aradan qaldırım. Açığı, çəkim qalxanda özüm narahat oluram. Bunun olmasını istəmirəm, qarşısını almağa çalışıram. Düzdür, hələ ki alınır, sonra yaşad olduqca necə olacaq, onu deyə bilmərəm.

 

- Ad gününuzlə bağlı xüsusi təbrik, hədiyyə oldumu?

- Sağ olun ki, siz diqqətdə saxladınız. Futbol adamlarından, futbol ictimaiyyətindən, azarkeşlərdən - fərqi yoxdu hansı klubda oynamışam - "Neftçi"dən, keçmiş komanda yoldaşlarımdan təbriklər aldım. Bunların hamısı mənim üçün xoşdu. Onların təbrikləri mənim üçün ən böyük hədiyyədi. Əsas diqqətdi. 

 

- Bəs, karyeranızda ən yaddaqalan hədiyyə nə olub? Ad gününüzdə qol vuraraq özünüzə hədiyyə etmisiniz?

- Ad günümdə bir dəfə xaricdə olmuşam - İranda "Fulad"da oynayarkən. O da oyun yox, məşq gününə düşdü. Elə bir fərqlilik olmadı. "Kəpəz"də, "Şəmkir"də, "Neftçi"də oynayanda ad günümə hədiyyə olub. O vaxt - 2005-ci ildə "Neftçi"də prezidentimiz Rövnəq Abdullayev idi. Keçən il PFL prezidenti Ramin Musayev doğum günümdə mənə hədiyyə verdi. I Divizionda axırıncı oyun və sonra da mükafatlandrıma idi, ad günümə düşmüşdü, Hamısı da qiymətli idi. Hədiyyənin ucuzu-bahalısı olmur. Fərqi yoxdu ki, o, böyükdü, kiçikdi. Lap adi top da olsa, dəyərli olur. Çünki söhbət diqqətdən gedir. Mən də buna əsas önəm verirəm. Ukraynada da legioner həyatı yaşamışam, ancaq onda ad günümə düşmədi. Çünki yayda getdim, fevralda qayıtdım. Çempionatımızda olub ki, 10 maya oyun düşüb. Düzdür, həmin matçda qol vurmamışam, amma qələbə qazanmışıq ki, bu da hədiyyədi (gülür). Hansı klubda oynamışam, ad günümdə təbrik almışam. Bu da normaldı ki, səbəbkara kollektiv təbriklərini çatdırır. 

 

- Çoxları Mahmud Qurbanova çempionluq, titulların sayına görə həsəd aparır. Bəs, siz bu mükafatlarınıza görə özünüzü ən xoşbəxt futbolçu sayırsınızmı?

- Sözün düzü, bunu şişirtməyə dəyməz. Adi bir şeydi, bu, Azərbaycan futbolu üçündü. Əlbəttə ki, indi futbolçu olsaydım, deyərdim ki, bu, mənim üçün fəxrdi. Amma artıq bu dövr keçib. İndi məşqçiliyə başlamaq və həmin şeyləri orda da qazanmaq istəyirəm. 

 

- Sizə elə gəlmir ki, məşqçilik karyeranız futbolu həyatınızın hələ ki kölgəsində qalır?

- Belə deməzdim. Sözün düzü, məşqçilik karyerasına əməlli-başlı başlamamışam ki, nəsə bir şey deyəm. İstəyirəm ki, məşqçilik həyatım nəticəli, hətta futbolu karyeramdan daha samballı olsun. 

 

- Futbolçu və məşqçi Mahmud Qurbanov. Necə müqayisə edərdiniz? Məşqçilikdə çox əsəbi olmusunuz, artıq saçlar ağarırmı?

- Futbol oynayanda komandanın udmasını fikirləşsən də, özün hazırlaşırsan. Fikirləşirsən ki, bu gün çıxıb meydanda nə göstərəcəksən, əlmdən gələnin ən yaxşısını edim komanda üçün. Məşqçilik isə başqa şeydi. Bu zaman daha stressli olursan. Çünki qarşında 23-25 futbolçu olur, özü də müxtəlif xasiyyətli. Nizam-intizam, məşqin qurulması, oyunun gedişi - əlbəttə ki, bunların hamısı böyük güc tələb edir. Məşqçilik heç də sakitçiliklə keçmir. Deyərdim ki, daha çılğındı.

 

- Futbolçu karyeranızı bitirəndə, vida oyunu keçirmədiniz? Buna səbəb nə oldu? Və 50 illik yubileyinizdə belə bir matç keçirməyi planlaşdırırsınız?

- Sözün düzü, o vaxt üstünə düşmədim ki, vida oyunu keçirək. Özüm də bunun təşəbbüskarı olmadım. Bunu onda fikirləşməmişdim, inşallah, görək gələcəkdə necə olacaq....

 

- Şəxsi planda və futbolda özünüzə arzularınız?

- Əsas odur ki, can sağlığı olsun, başqa bir şey arzulamıram. Məşqçilikdə isə hədəfim bunun da uğurlu olmasıdı. 

 

- Əslən gəncəli, Gəncə futbol məkətibinin yetirməsi olduğunuzu, "Kəpəz"də tanındığınızı, ilk böyük uğurlarınızı burda qazandığınızı nəzərə alsaq, məşqçilikdə əsas zirvələri bu klubda əldə etmək istəyirsiniz? 

- Mənim üçün fərqi yoxdu ki, bu, məhz "Kəpəz"də olsun. Azərbaycan klublarının hamısı mənim üçün doğmadı. 

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
11 Iyul 2020
10 Iyul 2020
B.eÇ.aÇC.aCŞB