TOP 10

Cinahının AĞAsı - Emin AĞAyev - II HİSSƏ

Futbol
Tarix: 2020-04-20 13:00

Onunla şəxsi tanışlığımız hazırkı minilliyin ilk ilində başlayır. Bu natamam 20 ildə bir dəfə də olsun xatırlamırıq ki, heç olmasa bir jurnalistə ünvanlanmış yanlış ifadəsi olsun. Həmişə təkcə KİV nümayəndələrinə deyil, ətrafındakılara da hörmətlə yanaşıb. Karyerasının çox hissəsini Rusiyada keçirib, amma həmişə milli komandanın oyunlarına böyük məmnuniyyətlə gəlib. Sol müdafiəçi fövqəladə hərəkətləri ilə nadir hallarda yadda qalır. Və o, belə deyildi - sakit, təvazökar, amma əsl döyüşçü. Güman ki, təcrübəli azarkeşlərin üzündə zərif, mehriban bir təbəssüm yarandı - axı, kimin haqqında söhbət getdiyini artıq başa düşdülər. Bu da anlaşılandı, belə futbolçular əsrdə bir dəfə doğulur. Gənc nəsil onu canlı görmədi. Emin Ağayevin futbol kitabının bütün səhifələrini vərəqləməyə və toxunmağa çalışaq.

 

 

 

"Futbol oynadığım vaxtda saçımda bir dənə ağ tük yox idi"

- Futbolçu Emin Ağayevlə məşqçi Emin Ağayevi necə müqayisə edərdin?
- Futbol oynayanda ancaq özünə görə cavabdehlik daşıyırsan, məşqçi isə bir çox insana görə məsuliyyət daşıyır. Komandanın hər bir üzvünə görə -  futbolçulara, massajçı, inzibati heyətə görə belə məsuliyyət daşıyırsan.

 

- Yəni, məşqçi fəaliyyəti daha çətindir?
- Bəli. Onu deyim sizə ki, 38 yaşıma kimi futbol oynamışam, saçımda bir dənə ağ tük yox idi. Məşqçiliyə başlayandan 2 il sonra saçlarım ağarmağa başladı. İndi artıq çoxdu. 

 

- İki ulduz futbolçu, iki Çempionlar Liqasının qalibiylə işləmisən. Biri Karlosdursa, digəri hazırda futbolçu olan sabiq "Çelsi"li Maykl Essyen. Onları necə müqayisə edərdin?
- Belə deyə bilərəm ki, hər ikisi insan kimi münasibətdə sadədirlər, xoş niyyətlidirlər. İnsan bu səviyyəyə gəlib çatır və hələ də mənəvi cəhətdən müsbət keyfiyyətlərini qoruyursa, belələrinə böyük hörmətim olur. 

 

 

 

"Rusiyada Nazim Süleymanovu məndən çox tanıyırlar"

- Rusiyada çempionatlarına legioner kimi 500 oyuna yaxın rekordçu legioner kimi tarixə düşmüsən. Bu şəxsi göstərici sənin üçün nə dərəcədə önəm kəsb edir?
- Rekordumu heç kim keçməyib. Yəqin ki, hər klubda yaxşı iz buraxmışam. Elə adamam ki, klubda məni hər şey qane edirdisə, heç vaxt pula baxmırdım. Lap az qazanım, ancaq burda hər şey xoşuma gəlirdisə, klubda mənə xoş idisə, böyük pullar arxasınca qaçmırdım. 

 

- Rusiyada uzun illər çıxış etmiş iki tanınmış futbolçu olub - Nazim Süleymanovla sən. Necə hesab edirsən, bu ölkədə hansınız daha məşhursunuz?
- Məncə, Nazim Süleymanovu daha çox tanıyırlar. İlk öncə ona görə ki, Nazim "Alaniya" ilə çempion olub. İkincisi də o,  hücumçu idi, çox qol vurub. Süleymanov sözün əsl mənasında futbolçu kimi parlaq simadı. Düşünürəm ki, heç də hər futbolçu hansısa başqa ölkəyə gedib orda komandayala çempion ola bilməz. İndi də bu baxımdan bizim hansısa futbolçunun adını çəkə bilmərəm. 

 

 

 

"Azarkeşi aldatmaq olmaz"

- Karyeranda bir klub var ki, ona xüsusi toxunmaq istəyirdik. Bu, Tver "Volqa"sıdı. Karyeranı da məhz orda bitirmisən və orda baş məşqçi də olmusan. Bildiyimizə görə, Tverdə səni çox sevirlər, çox hörmət edirlər. Bu sevginin səbəbi nədir?
- Bilirsiniz, azarkeşi aldatmaq olmaz. Hər oyun meydanda ürəyini qoyursansa, azarkeşlər bunu görürlər. Komandayla II liqadan Rusiya Kubokunun 1/8 finalına kimi gəlirsənsən, evdə "Rubin", "Baltika"nı məğlub etmisənsə, "Zenit"lə "Petrovski"də oynamısansa... Bu rəqiblə matça olan oyunsonrası penalti seriyasında qələbə topunu vurdum. Məşqçi olanda da həmin komandayla demək olar həmin şeyi təkrarladım. 1/8 finalda yenə də "Zenit"ə qarşı oynadıq. 90 dəqiqəlik əsas vaxt 0:0 hesabıyla yekunlaşdı. Yalnız 30 dəqiqəlik əlavə vaxtda qol buraxaraq 0:3 hesabıyla uduzduq. "Zenit"in heyətində ulduzlar oynayırdı - Artyom Dzyuba, Aksel Vitsel və s. Yəqin, buna görə xalq məni sevir. Tverin "Volqa" klubu üçün yalnız ən yaxşısını etmişəm.

 

- İndi də Tverlə əlaqələrin varmı?
- Bəli. Orda ən böyük Azərbaycan diasporası yerləşir. Bugünə kimi onlarla əlaqə saxlayıram. Ora dostlarımın yanına gedəndə, küçədə insanlar məni tanıyırlar, mənə yaxınlaşırlar. 

 

 

 

 Milliyə qələbə gətirən qol

- Bir az də milli haqda danışaq. Millimizin ilk matçında start heyətində meydana çıxmısan. Necə yadında qalıb Gürcüanidəki 3:6?

- Onu yox, gürcülərlə sonrakı matçımızı xatırlayıram. Onda da yoldaşlıq görüşündə qarşılaşdıq. Ancaq bu dəfə Gəncədə. 

 

- 1998-cü ildəki həmin oyunda qələbəni Emin Ağayev qazandırmışdı. Bu, millimizdə ilk və yeganə qolun oldu...
- Mənə bu matçadək çətin olmuşdu. "Anji"ylə səfərdən - İjevskdən gəlirdik. Bu, 10 avqustda, ad günümdə idi. Mahaçqalaya uçanda təyyarənin mühərriki yandı. Bir gün buna görə yubandıq, mən də sabahısı Bakıya yollanmalı idim. Bizə başqa təyyarə ayırdılar və gəldik Mahaçqalaya. Ordan dərhal taksiyə oturdum, gəldim sərhəddə, ordan keçdim Azərbaycana. Bakıya çatan kimi də məni Gəncəyə apardılar. Demək olar ki, 10-12 saat yolda olmuşdum. Ertəsi gün isə oyuna çıxdım və qol vurdum. 

 

- Yadında necə qalıb o qol?
- Səhv etmirəmsə, Vidadi Rzayev topu qapı önünə ötürdü. qapıçını qabaqlayıb qol vurdum. 

 

- O zamanlar Kramarenkoya Rusiya millisində çıxış etmək təklif olunmuşdu. Belə bir təklif sənə də olmuşdu?
- Mənimlə bağlı belə variantlar yox idi. Belə təklifləri nəzərdən keçirmirdim də. Necə ola bilərdi bunu edim? Bu haqda fikirləşmək belə ağlımdan keçmirdi. Nə təklif var idi, nə də belə düşüncəm. 

 

 

 

"0:10-da Fransa televiziyası həmin epizodumuzun təkrarını 5 dəfə göstərmişdi, heyran qalmışdılar"


- Millimizin ən uğursuz  matçlarından birində iştirak etmisən - "Oser faciəsi"ində... 
- Bəli, Fransaya 0:10-da. Start heyətində meydana çıxmışdım, sol cinah müdafiəçi oynayırdım. 

 

- Rəqibin heyətində həmin mövqedə kimə qarşı oynayırdın?
- PSJ-nin hücumçusu Patris Lokoya. O, Trabzonda bizə 2:0 hesabıyla qalib gəldikləri ikinci qolu vurmuşdu. Hesabı isə Jan-Pyer Papen açmışdı.

 
- 0:10-un sirri hələ də açılmayıb. Həmin gün nə baş vermişdi?
- Əlbəttə, hesab böyük oldu. Buna baxmayaraq, bu, bizim üçün ilk növbədə təcrübə oldu. Heç vaxt elə stadionda oynamamışdıq, elə atmosferi görməmişdik. O vaxt həmin futbolçuları ancaq televizorda görmüşdük. Onlar bizim üçün ulduz idilər. Belə hesabın olacağını heç bir zəmin yox idi. Müdafiədəki səhvlərimiz nəticəsində buraxdığımız ilk üç qol daha çox təsir etdi. Ardıcıl xətalarımız həlledici oldu. Bizə ilk qolu künc zərbəsindən vurdular. İkinci qolun müəllifi Yuri Corkaeff oldu. Üçüncü qolu isə 35 metrdən vurdular, qapıçı tutduğu topu əlindən buraxdı və belə üzücü an oldu. Bundan sonra da artıq toparlanmaq çətin oldu. Hərçənd, hesab 0:0 olan vaxtı künc zərbəsini azərbaycansayağı yerinə yetidik və Rasim Abışov qol vurmağa çox yaxın idi. Həmin epizodun təkrarını Fransa televiziyası 5 dəfə göstərdi, heyran qalmışdılar. Açığı, hesabı deyəndə mənə, buna görə xəcalət çəkmədiyiçi bildirirəm. Çünki gələcək dünya və Avropa çempionuna məğlub olmuşduq. Aydın məsələdir ki, hesab böyükdü, ancaq istənilən halda, səviyyə fərqi tam başqa idi, vəssalam.

 
- Fransızlardan kiminləsə forma dəyişdiniz?
- Bəli. Məndə Fransk Leböfun forması var. Bu müdafiəçi "Çelsi"də çıxışıyla tanındı. 

 

 

 

"Klubumda qazancım millidə qələbə qazananda aldığımız mükafatdan 3 dəfə çox idi"

- Həmin ilk seçmə mərhələdə millimizin heyətində futbolumuzun "qaymaqlar"ı olsa da, yalnız 1 xal qazandıq, o da son matçda. Belə uğursuz çıxışınız təcrübəsizlik idi, yoxsa Azərbaycandan kənarda oynamamağınız?
- Bilirsiniz necədir, məhz beynəlxalq oyun təcrübəsi çatmırdı. Düzdür, aydın məsələdir ki, biz legioner idik. Oyundan-oyuna gəlib gedirdik. Orda çox faktor var idi. İlk növbədə şüuraltı hələ hazır deyildik. Bütün bu səbəblər hərəsi bizdə bir az təzyiq yaradırdı. Trabzonda azarkeşlərimiz olmadan oynayırdıq. Bəli, oyunumuza gəlirdilər, ancaq istənilən halda, evdə tam başqa atmosferdə çıxış edrisən. Düşünürəm ki, məhz təcrübə çatmadı. 

 

- Millidəki ən uğurlu dönəmin nə vaxt, hansı oyun olub, hansı baş məşqçinin rəhbərliyi altında?
- Yəqin ki, ilk rəsmi qələbəmiz olan İsveçrəylə qarşılaşma. Hər halda, Bakıda ilk rəsmi matçımızı qələbəylə başa vurduq. Baş məşqçiyə gəlincə, prinsipcə, hamıyla, bütün məşqçilər korpusu ilə əla münasibətim olub. Ümid edirəm ki, onlarda da mənə qarşı belə olub. Konkret kiminsə adını çəkə bilmərəm. Hamısı ilə işləmək, görüşmək mənə xoş idi. Nəzərə alsaq ki, onlar futbol oynayanda, hələ uşaq idim - həmin Əhməd Ələsgərov, Kazbek Tuayev, Karlos Alberto Torres və Vaqif Sadıqov. Mənə hamısı ilə işləmək rahat və xoş idi. Kimisə fərqləndirə bilmərəm. 

 

- Torresdən söz düşmüşkən, millimizin ilk əcnəbi baş məşqçisi olub. Yadımdadı, Kramarenko ilə müəyyən problemləri olmuşdu. Bəs səninlə münasibəti necə idi?
- Dima ilə aralarında nə olub, bilmirəm. Mənimlə hər şey normal idi. Sadəcə , o vaxt "Baltika"da oynayırdıq, komanda I Diviziondan aşağı düşürdü. Millinin İngiltərə ilə oyunu var idi. Bakıda 0:1 hesabıyla uduzmuşduq. Küləkli, yağışlı bir hava idi, bizə qolu da Maykl Ouen vurmuşdu. Mənlə Dimanı bu matça çağırmışdılar. Həmin vaxt "Baltika"nın prezidenti bizə yaxınlaşıb dedi ki, 2 oyun qalıb, xahiş edirəm, mümkünsə, qalın, kömək edin. Dima getdi, mən isə qaldım klubda. Sonra bilmirəm nə oldu. Dəqiq xatırlamıram, artıq 16 il keçib. Məncə, bir də Uelslə səfər oyununa gəldim. Onda artıq baş məşqçi Vaqif Sadıqov idi. 

 

 

 

"Hamı Tommazinin ayaqları arasından topu atmaq istədiyimi deyir, ancaq..."

- Milli karyeranı klub karyeranla necə müqayisə edərsən? Hansı daha uğurlu alındı?
- Milliyə hər zaman ürəklə gəlmişəm, orda hər şey xoşuma gəlib. Heç vaxt pula görə gəlməmişəm milliyə. Onda klubumda qazancım millidə qələbə qazananda aldığımız mükafatdan 3 dəfə çox idi. Həm də gəlirdim ki, köhnə dostlarımı, qohumlarımı, futbolçuları görüm. Azarkeşlərimizə oyunumuzla zövq vermək istəyirdim. Ona görə tam istənilən kimi alınmadı ki, ilk növbədə tez-tez baş məşqçi dəyişikliyi olurdu. Bu, birinci faktor idi. İkinci səbəb isə millidə gəncləşdirmə prosesinin getməsi idi. Gəncləşdirmə prosesi isə elə-belə aparılmır. Uelslə Bakıda 1:1 oynadığımız oyunda millidə gənclər çox idi. Səhv etmirəmsə, ən yaşlı oyunçu Tərlan Əhmədov idi, sonra Qurban Qurbanovla mən gəlirdim. Evdə finləri də uda bilərdik, çox qol epizodumuz olmuşdu. Sadəcə, alınmadı. Norveçə 0:1 uduzduq, amma uda bilərdik. İsveçlə də həmin nəticə, həmin ssenari oldu. Badri Kvaratsxeliya boş qapıdan topu keçirə bilmədi. Millidə tam sözü deyə bilməməyim nisgili qalıb. Amma çıxışımdan razıyam ki, millidə xeyli oyun keçirmişəm. Ümid edirəm ki, insanlara zövq vermişəm. Millidə tək səhvim İtaliya ilə oyunda olub. 

 

- Elə buna toxunmaq istəyirdik. "Roma"nın ulduz futbolçusu Tomazzi ilə olan epizod idi. Topu onun ayaqları arasından keçirərək aldatmaq istədin, ancaq top itkisi və sonda Tərlan Əhmədovun avtoqoluyla nəticələnən qapımıza qol oldu...
- Hamı sizin kimi deyir, ancaq topu Tommazinin ayaqlar arasından yox, yanından ötürmə etmək istəyirdim. İstəyim alınmadı, belə alındı ki, top ayağına dəydi. Ağılsız deyiləm ki, italyanlara qarşı öz cərimə meydanımızda belə edim.

 
- Yəqin, peşman oldun, hər halda, səhv səndən başlamışdı. Oyundan sonra Tərlandan və ya kimdənsə üzr istədin?
- Oyundan sonra ab-hava normal idi. Bəli, səhv etmişdim. Bu simamdan da görünürdü ki, artıq kefim yoxdu. Üzr istəmədim. Bu, futboldu, hamı səhv edir. Müdafiəçi topu boş qapıdan çıxararaq komandasını xilas edəndə heç kim ona təşəkkür etmir axı. Bu, onun işidir. Həmin an da belə alındı ki, səhv etdim. 

 

- Düşünmürdün ki, Tərlandan çox məsuliyyət sənin üzərinə düşür?
- Əlbəttə! Fikirləşdim ki, səhv etməsəydim, ilk hissə 0:0 bitəcəkdi. Aydın məsələdir ki, belə qol buraxandan sonra özünə gəlmək, dönüş yaratmaq çətin idi. Belə götürəndə, ikinci hissədə layiqli oynadıq, qol epizodlarımız da oldu. Bir dəqiqə, ən unudulmaz bir matç da var, onu unutmuşdum - Portuqaliyayla Bakıda 1:1.

 

 

Gerbi qoparılan Portuqaliya

- Bir az o tarixi matçdan da danış...

- İki gün oynadıq onlarla. Bu, ən sevdiyim matçdı. Künc nöqtəsinin yanında Ruy Koştanın formasından Portuqaliya gerbini qopardım, əlimdə qaldı. İki gün layiqli mübarizə apardıq, qalib də gələ bilərdik. 

 

- Portuqaliya yığması büsbütün ulduzlardan ibarət idi, ancaq seçmə mərhələdə belə güclü rəqibə badalaq vurduq. Fiqu yalnız uzatma dəqiqələrində, son saniyələrdə hesabı bərabərləşdirə bilərək 1 xalı qopardı. Oyuna necə köklənmişdiniz? Bu adrenalin hardan idi? Əhməd Ələsgərov psixoloji hazırlamışdı ki, çıxın, qorxmadan oynayın?
- Oyuna köklənmə ağlasığmaz idi. Stadionda projektorlar sönəndə portuqallar əllərini qaldırıb sevindilər ki, Azərbaycana texniki məğlubiyyət veriləcək. Ancaq matç ertəsi yenidən keçirildi. İlk hissə onlarla başabaş oynamışdıq. Artıq başa düşdük ki, portuqallarla oynamaq olar. Üstəlik, super azarkeş dəstəyi var idi. 60 min insan həm tribunada, həm ağaclarda, həm evlərin eyvanlarından dəstək verirdilər. Bu, bizim üçün super stimul idi. Daha bir yaddaqalan oyun isə evdə Serbiyanı 2:1 məğlub etdiyimiz oyun idi. Ancaq ən sevimli oyunum Portuqaliyaya qarşı idi. Bu oyun yəqin ki, həyatımın sonuna qədər ürəyimdə xoş xatirə kimi qalacaq. 

 

- Həmin oyunda cinahda Fiquya qarşı oynamaq necə idi?
- Əlbəttə, bu mübarizəni yaxşı xatırlayıram. İlk hissədə ona qarşı oynadım, iki dəfə qarşısını yaxşı aldım. Bundan sonra Fiqu mövqeyini dəyişərək getdi Kamal Quliyevin oynadığı cinaha.

 

- Kamalla da bacara bilmədi. Özü də onun millidə debüt oyunu idi....
- Bəli. Fiqu ilə aramızda insident hələ Portuqaliyadakı oyunda başlamışdı. Həmin matçda tullanaraq mübarizədə butsundakı iplərin çıxardım. Fiqu mənə dedi ki, sən kobudsan. Mən də ona cavab verdim ki, sən hələ Bakıya da gələcəksən, onda sərt oyunun nə olduğunu sənə başa salacam. Burda oyun başlayan kimi iki dəfə ona qarşı cinahda sürüşmə fəndi etdim və o yerini deyişib Kamal olan cinaha keçdi (gülür).

 

 

 

"Getmanla toyunda qohumuyla tanış oldum, 3 ildən sonra həyat yoldaşım oldu"

- Daha bir məqam da İqor Getmanla bağlıdır. Onunla həm yaxın dostsunuz, həm də yeznə-qayın..
- Elədir. Onun xalası qızı həyat yoldaşımdı. 

 

- Necə oldu bu qohumluq?

- İqorun toyuna gəlmişdim, xalasıqızını gördüm, tanış oldum. Bundan sonra 3 il görüşdük və sonda ailə qurduq. 

 

- Neçə uşağınız var?
- Üç. 
 

- Atanın adını daşıyan oğlun Rafael futbolçudu. "Səbail"ə də gəlmişdi... 
- Bəli. Bir həftə bizdə təlim-məşq toplanışında oldu. Rusiyada ikinci divizionda oynayır. 

 

- Necə düşünürsən, yaxşı futbolçu olacaq?
- Bilmirəm, amma futbolçu üçün lazım olan göstəriciləri var.  Boyu 1.94-dü, cüssəlidi. Mənim kimi iki ayağı ilə də yaxşı oynaya bilir. Ağıllıdı, başla yaxşı oynayır. Mərkəz müdafiəçisidir. İkinci liqada "Strogino"da çıxış edir. 

 

- "Səbail"də niyə qalmadı?
- Bilirsiniz, bizdə burda legioner limiti var. O, isə Rusiya vətəndaşıdır və burda legioner sayılacaq. İkincisi isə ona çox oynamaq lazımdı. Burda isə az oynayacaqdı, ehtiyatda oturacaqdı. Baş məşqçi ilə danışdıq və qərarə gəldik ki, daha çox oynaması üçün hələ öz klubuna qayıtması yaxşı oalrdı.

 

 

Vətən sevgisi

- Artıq il yarımdır Bakıdasan. Bura tam öyrəşmisən? Uzun illər yaşadığın Rusiya, Moskva üçün darıxmırsan?
- Mənə Bakıda çox komfortludur. Deyirlər ki, insan yaşa dolduqca Vətən səni geri çəkir. Məndə də belə hiss var. Qəlbimdə burda olmaq rahatdı. Hamı məni tanıyır. Hava limanında görəndə, tanıyırlar, salamlaşırlar. Növbə olanda gömrük işçiləri növbəsiz buraxırlar. Şəhərdə avtomobillə hərəkət edəndə, köhnə azarkeşlər saxlayıb hal-əhval tuturlar. Burda çoxlu stadionların olması, yaxşı infrastrukturun olması da xoşuma gəlir. Mən burdan gedəndə, bütün bunlar yox idi. Bir tək Tofiq Bəhramov adına Respublika stadionu var idi, sonra "Şəfa"nı tikdilər. Ölkədə futbol inkişaf edir. Daha da çox inkişaf etməsi üçün işlər görülür. Avropa Liqasının finalı keçirildi. Həqiqətən bütün bunlar, münasibət mənə çox xoşdür. 

 

- Azərbaycan mətbəxi üçün də darıxmışdın yəqin ki. Hər halda, bakılı balasısan...
- Elədi. Açığı, yeməkləri daha çox özüm hazırlayıram.  Ailəm Moskvada olduğu üçün burda tək yaşayıram. Düzdür, ilk günlər restoranlara daha çox gedirdim ki, Azərbaycan yeməklərinin hamısının dadına baxım - ləvəngi, həm toyuqla, həm də balıqla, sonra qutab.. Düzdür, yeməkləri evdə də hazirlayan olur, amma sırf Bakı pomidoru, göyərti üçün darıxır adam. Salatları daha çox sevirəm, buna görə də tərəvəzdən daha çox istifadə edirəm. 

 

- Ailən yanında deyil. Çətin olmur belə? Düşünməmisən ki, onları da Bakıya gətirəsən, birdəfəlik köçəsiniz bura?
- Bilirsiniz, Moskvada evim var, həyat yoldaşım orda işləyir. Uşaqların təhsili ordadı, oğlum orda futbol oynayır. Bütün bunlara görə çox çətindir. Yayda gəlirlər, birgə oluruq. 

 

- Sirr deyilsə, Moskvada hansısa biznesin var? Bakı restoranı ya buna oxşar bir şey...
- Yox-yox, elə bir şey yoxdur. Bütün həyatımı futbola həsr etmişəm. Nə biznesmen deyiləm, nə də hansısa bir fırıldaqçı. 

 

- Rusiyada pis pul qazanmamısan. Bunun müqabilində daşınmaz əmlaka sahib ola bilməmisən?
- Evim var. Bacıma ev almışam. Bütün pullar belə xərclənib. Harasa yatırım etməyə imkanım olmayıb. 

 

 

"PRO kateqoriyası bahalıdı, bunu oxumağa maddi imkanım olmayıb"

- Rusiyadan əlaqə saxlayıb dəvət edən var orda işləməyə, yoxsa hələ Bakıda qalmaq istəyirsiniz?
- Bilirsiniz, indi orda çox çətin vəziyyətdi. Rusiyada çox tanışım var, Premyer Liqada baş məşqçilər, baş direktorlar var aralarında, əlaqə saxlayırıq, elə Boris İqnatyevlə də danışmışam. Hələ ki burda hər şey ürəyimcədi. Gördüyünüz kimi, gələcək haqda planlama etmək olmur. Hazırda hamımız görürük ki, dünyada nələr baş verir. Həm də ona görə heç yerə getmədim ki, burda kluba da məsuliyyətim var. Əlbəttə, hansısa Top klubdan baş məşqçi olmaq təklifi gəlsə, onda bu haqda fikirləşəcəm. Hazırda isə "Səbail"də hər şey məni razı salır. Mənə olan münasibətdən razıyam. 

 

- Həm də PRO kateqoriyanın olmaması da irəliləyişinə mane olur...
- Bəli, 3 il əvvəl baş məşqçi olmaq təklifləri almışdım. Ancaq PRO olmadığına görə alınmadı. Rusiyada dekabrda təsdiqləmə olmalıdı. Orda hər üç ildən bir lisenziyanı təsdiqləmək lazımdır. O zaman bunu edəndə, danışacam ki, imkan olsa, PRO üçün də sənədlərimi verim. 

 

- Rusiyada tanınmış simasan. Bu vaxta qədər PRO almamağına səbəb nə olub?
- Maddi imkanım yox idi. Bu kateqoriya bahalıdı, xərci böyükdü.

 

 

"...Qoy, hətta bürünc yox, taxta medal olsun"

- Aftandil Hacıyevlə millidə bir yerdə oynasanız da, aranızda çox - 8 yaş fərqi var. Münasibətiniz belə yaxın olub ki, o, sizi dəvət etdi?
- Dediyim kimi, hamı ilə yaxşı münasibətdə olmuşam, indi də yaxşı münasibətdəyəm. Hər dəfə Bakıya gələndə çalışırdım hamı ilə görüşüm. Aftandil mənə zəng etdi ki, Rusiyada işləmisən, təcrübəlisən. İstəyin varsa, gəl, bir yerdə işləyək. "Ximki" ilə də üç illik müqaviləm var idi. Dedim ki, onlarla danışım, icazə versələr, gələrəm. Onlar da mənə dəqiq cavab vermədilər. Dedilər gözlə, klubun baş məşqçisi gəlsin, onunla görüş, danış. Onlara dedim ki, yox, məndən Bakıda bu gün cavab gözləyirlər. Dedilər ki, o zaman özün seç. Dedim ki, onda gedim, lazım olsa, zəng edərsiniz danışarıq. Sənədlərimi aldım və dərhal gəldim. 

 

- "Səbail"də ilk mövsümündəcə medal qazandın. Bu, məşqçi kimi ilk medalın oldu. Əyarı bürünc də olsa, nə anlam kəsb edir sənin üçün? 
- Məşqçi kimi bu, mənim üçün çox önəmlidi. Gənc klub, gənc məşqçilər korpusu...Şüuraltı düşünürəm ki, hər halda, bura gəlməklə, Azərbaycana qayıtmaqla düzgün seçim etmişəm. Nəticəmizin də yaxşı olması göz önündədi. Yaxşı komandamız vardı, liderlərin hamısına qarşı yaxşı oynadıq. Medal da ikiqat xoş oldu, Vətənimdə mükafat aldım. Bu, çox sevindiricidi. Qoy, hətta bürünc yox, taxta medal olsun, medal medaldı. Əsas odur ki, yenə də həm ölkə futbolunun tarixinə düşdüm, həm də "Səbail"in. 

 

 

"Bizim vaxtdakı milli də indikindən güclü idi, çempionat da"

- Futbolçu kimi çıxış etdiyin Azərbaycan çempionatına indi məşqçi kimi qayıtmısan. Uzun illər millidə çıxış etmisən. Bu iki fərqli dövrü necə müqayisə edərdin? İndiki çempionat və milli ilə o zamankı arasında hansı paralellər aparmaq olar?
- Deyərdim ki, indiki futbolçularda olan şərait bizdə yox idi. Millimiz də o vaxt güclü idi, nəinki indiki.

 

- Hansı planda?

- Fərdi baxımdan daha güclü futbolçular var idi heyətdə. Xaricdə oynayan futbolçularımız da xeyli idi. Daha təcrübəli idilər və üstəlik, Sovet futbol məktəbi də hər şeyə böyük möhürünü vurmuşdu. Mütləq legioner həyatı yaşamaq lazımdır ki, inkişaf edəsən - başqa ölkədə, başqa səviyyəli çempionatda, başqa rəqiblərə qarşı oynayasan. "Qarabağ" niyə güclü oynayır? Çünki beynəlxalq oyun təcrübəsi çoxdur. Üstəlik, legionerləri yaxşı səviyyədədi. Buna görə də onlar hamıdan bir baş üstündürlər. Və xüsusən məşqçi işini qeyd edərdim. Qurban Qurbanov uzun illərdir bu klubda çalışır və oyunçuları da öz futbol düşüncəsinə uyğun seçir. Bütün bunlar şərtdir. 1-2 ilə Top klub yaratmaq mümkün deyil. Buna nail olmaq çox çətindi. Pulun olsa, kimi istəsən ala bilsən, yenə də vaxt lazımdı. Məncə, 90-cı illərdəki çempionat indikindən maraqlı idi. Bura 2000-ci illəri də əlavə edərdim. 

 

- Və nəhayət, son. Emin Ağayev özünə futbol və şəxsi planda nə arzulayır?
- Həm özümə, həm də bütün hamıya, bütün ailələrə ilk növbədə cansağlığı arzulayıram. İmkan daxilində az həyəcan, narahatçılıq keçirək. Özümə yerimdə dayanmamağı, PRO alıb məşqçi, insan kimi inkişaf etməyi diləyirəm. Övladlarımla bağlı arzum odur ki, futbolçu olmasalar da, normaq, layiqli insan olsunlar. Ən əsası, işdə, həyatda faydalı olmaqdı. Hələ ki məşqçilikdə arzuladığım piramida zirvəsi yoxdu. Yəqin ki, Premyer Liqada komandanı çalışdırmaqdı. Konkret ölkəni götürmürəm. Vacib odur ki, ətrafında səninlə həmrəy fikirdə olanlar cəmləşsin. Komanda şəklində çalışırsansa, hamının istəyi bir olmalıdı. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
09 Avqust 2020
B.eÇ.aÇC.aCŞB