TOP 10

Cinahının AĞAsı - Emin AĞAyev - I HİSSƏ

Futbol
Tarix: 2020-04-19 11:21

Onunla şəxsi tanışlığımız hazırkı minilliyin ilk ilində başlayır. Bu natamam 20 ildə bir dəfə də olsun xatırlamırıq ki, heç olmasa bir jurnalistə ünvanlanmış yanlış ifadəsi olsun. Həmişə təkcə KİV nümayəndələrinə deyil, ətrafındakılara da hörmətlə yanaşıb. Karyerasının çox hissəsini Rusiyada keçirib, amma həmişə milli komandanın oyunlarına böyük məmnuniyyətlə gəlib. Sol müdafiəçi fövqəladə hərəkətləri ilə nadir hallarda yadda qalır. Və o, belə deyildi - sakit, təvazökar, amma əsl döyüşçü. Güman ki, təcrübəli azarkeşlərin üzündə zərif, mehriban bir təbəssüm yarandı - axı, kimin haqqında söhbət getdiyini artıq başa düşdülər. Bu da anlaşılandı, belə futbolçular əsrdə bir dəfə doğulur. Gənc nəsil onu canlı görmədi. Emin Ağayevin futbol kitabının bütün səhifələrini vərəqləməyə və toxunmağa çalışaq.

 

 

"Boksla başladım, sonra futbola keçib hücumçu kimi ilk addımlarımı atdım"

- Niyə məhz futbol? Uşaq arzuların arasında təsadüfən kosmonavt olmaq olmayıb?

- Əvvəla, onu deyim ki, ailədə iki uşaq olmuşuq. Kiçik bacım var və hazırda Moskvada yaşayır. Futbola qədər boksa gedirdim. Hətta yeniyetmələr arasında 3-cü dərəcə də almışdım. Bakıda 8-ci mikrorayonda yaşayırdım. Bir gün təsadüfən uşaqlarla "FŞM" stadionuna getdim. Məhz həmin vaxtlar "Neftçi"nin məşhur futbolçusu Nikolay Smolnikov karyerasını başa vurmuşdu. O da mikrorayonda yaşayırdı. Smolnikovun qızı da mənimlə eyni məktəbdə, paralel sinifdə oxuyurdu. Həmin gün Smolnikov mənə baxaraq dedi ki, gəlib məşqlərdə iştirak edə bilərsən. Beləliklə, həm boksa, həm futbola getməyə başladım, ancaq hər ikisi ilə məşğul olmaq mənə çətin oldu. Hələ, üstəlik, təhsil də var idi. Qərara gəldim ki, bosku atım, yalnız futbolla məşğul olum. 14 yaşımda baş məşqçi Tahir Əmiraslanovun rəhbərliyi altında Azərbaycan yığmasına dəvət aldım və turnirə yollandıq. Ordan da SSRİ yığmasına düşdüm. Sonra məni Moskva "Lokomotiv"inə dəvət etdilər və ora getdim. Ancaq həmin vaxt təhsil ili davam etdiyi üçün məktəbdən sənədlərimi mənə vermədilər və Moskvadan qayıtmaq məcburiyyərində qaldım. Daha sonra da məni Bakıda internat məktəbinə götürdülər.

 

- Boksda səni nə cəlb etmişdi? Çox adam döymüsən?

- Yox. O vaxt məhlə uşaqlarından hərə bir idman növü ilə məşğul olurdu. Kimsə güləşlə, bir başqası cüdo ilə və.s. Qonşu blokda yaşayan bir oğlan mənə təklif etdi ki, bir yerdə məşqə gedək, bax, bəyənsən davam edərsən mənimlə. Və beləcə boksa düşdüm, xoşuma gəlirdi. Sadəcə, futbolu ona görə daha çox sevdim ki, futbolun fərdi yox, komanda oyunu olması, fərqli və maraqlı məşq hərəkətləri, topun olması idi. Bir sözlə, hərtərəfli inkişaf edirsən. Boks isə fərdi idman növüdü və hər şey başqa cürdü.

 

- Nəzərə alsaq ki, futboldan fərqli boksda hər şey özündən asılı idi və daha çox uğur, mükafat qazanmaq olardı...

- Başa düşürəm, amma bilmirəm, futbolu sevdim. Hər ikisi ilə məşğul oldum, amma futbolu seçdim. Məhlədə də futbol oynayanda hər zaman özümdən 2-3 yaş böyük uşaqlarla oynayırdım və hamı deyirdi ki, afərin sənə, futbolçu ola bilərsən. Yəqin ki, bu da futbolu seçməyimə səbəb oldu. Və bir daha rinqə çıxmadım.

 

- Həmin vaxtlar bütün futbolçuların arzusu "Neftçi"də oynamaq idi və sən də 1991-ci ildə buna nail oldun. Bu arzu necə reallaşdı?

- İnternatların iştirak etdiyi bir turnir vardı, ora yollandıq. Orda hansısa fərdi mükafat qazandım. Bilmirəm, ən yaxşı yarımmüdafiəçi, yoxsa ən yaxşı hücumçu. Onu da deyim ki, futbola hücumçu kimi başlamışam.

- Aha, bu, indiyədək mətbuatda getməyən maraqlı faktdı...

- O zaman mənimlə oynayan, indi məşqçi olan adamlar xatırlayarlar bunu. Hücumçu kimi sürətli idim, şəhər birincliyində çoxlu qol vururdum. SSRİ yığmasına dəvət alanda isə sonralar "Spartak"dakı çıxışıyla məşhurlaşan Vladimir Bezçastnıx var idi. Buna görə də baş məşqçimiz Aleksandr Piskaryev məni sol yarımmüdafiəçisi mövqeyinə qoydu. Vladisval Qədirovgil SSRİ U-17 yığmasıyla dünya çempionu olanda onların baş məşqçisi olub. Solaxay olsam da, hər iki ayaqla yaxşı oynaya bilirdim. Buna səbəb də uşaq vaxtı sol ayağımda zədə olması idi. Həmin vaxt sağ ayağımı işlətməyi də öyrənmişdim. Həmin vaxtdan hər iki ayağımla eyni cür oynayırdım. Turnirdən qayıdanda isə hava limanında məni qarşıladılar və dedilər ki, "Neftçi"nin bazasına getməliyəm. O vaxt "Neftçi"də komandanın rəisi Çingiz İsmayılov idi, mənə bunu deyəndə, şoka düşdüm. Dedim, necə yəni "Neftçi"? Heç kim oyunuma baxmayıb, hətta bu komandaya bir dəfə cəlb olunmamışam axı. Dedilər getmək lazımdı. Getdim bazaya, artıq gecə idi. Baş məşqçi Ruslan Abdullayev dedi ki, səni yoxlamaq istəyirik. Səhər bazaya məşq çantanla gələrsən, səni baxışdan keçirəcəyik. Ertəsi bazaya gəldim, məşqə çıxdım. Həmin vaxt bir az zədəm də var idi. Bu haqda heç kimə demədim və məşqə çıxdım. Ruslan müəllim dedi ki, qalırsan komandada, bizimlə oyuna gedəcəksən. Oyun da Özbəkistanda yerli klubla qarşı idi. Artıq zədəmi gizlədə bilməzdim. Qorxurdum ki, gedərəm ora, meydana çıxmalı olaram, zədəmi gizlətməyim üzə çıxar. Həkimimiz Boris Xetaqurova göstərdim. Onlar dedilər ki, onda biz səfər matçına gedirik, qayıtdıqda isə sən artıq komandaya qoşulursan. Atamı bazaya dəvət etdilər. Axı, 16 yaşım olduğu üçün müqavilə bağlaya bilməzdim. Sənədləri atam imzaladı və beləcə "Neftçi"nin futbolçusu oldum.

 

- Barəndə onlara kim məlumat vermişdi?

- SSRİ yığmasına hər adam düşə bilmirdi axı...Yəqin məhz yığmada olmağım diqqətlərini cəlb edib. Həmin vaxt Rauf Adıgözəlov də vardı, bu işlərə nəzarət edirdi. Yəqin ki, haqqımda məlumatları olub, məni izləyiblər və belə qərar qəbul etmişdilər.

 

- Necə düşünürsən, hücumçu olsaydın, daha parlaq simaya çevrilərdin?

- Artıq uzun zaman keçib və əslində, hərdən bu haqda düşünürəm. Bilmirəm necə olardı, amma hər zaman düşünmüşəm ki, hansı mövqedə oynamağından asılı olmayaraq, ən vacibi meydanda olmaq və komandana uğur gətirməkdir. Bunu indi məşqçi kimi futbolçularıma da deyirəm ki, səni hara qoymalarından asılı olmayaraq, çıxış etdiyin mövqedə komandana faydalı olmalısan. Yarımmüdafiənin hər iki cinahında da çıxış etmişəm, müdafiənin isə hər yerində.

 

 

Unudulmaz Nijni Novqorod

- "Neftçi"nin heyətində meydana çıxdığın ilk rəsmi oyunu necə xatırlayırsan?

- Yadımdadır, evdə oynayırdıq və start heyətində çıxmışdım. Rəqib Simferopol "Tavriya"sı, baş məşqçimiz də Əhməd Ələsgərov idi.  

 

- Heyətdə ulduzlar və 17 yaşlı Emin Ağayev. Özünü necə hiss edirdin? Həyəcan var idi?

- Onların hamısını bazada görmüşdüm və şokda idim. Mən bazada birinci mərtəbədə qalırdım, əsas heyət üzvləri isə ikinci mərtəbədə. O vaxt “dubl” yox idi axı, “Termist” adlı komanda vardı. “Neftçi”nin futbolçularlyla ünsuyyət qururdum, məşq edirdim. Gənc idim, yəqin, indi o vaxtkı kimi hörmət yoxdu. Nazim Süleymanovu, Vəli Qasımovu, Arif Əsədovu, Vladislav Qədirovu, hamısını televizorda görmüşdüm, indisə onlarla daiim bir komandada idim. Mənim üçün böyük stimul idi, gündə 4 dəfə məşq edirdim.

 

- Onlardan kim sənə daha yaxın idi, dəstək, məsləhətlər verirdi?

- Mənə yaxın Vladislav Qədirov, Vəli Qasımov, Elxan Həsənov idilər. Onlar qocamanlarımız idilər, mənə kömək edirdilər.

 

- "Neftçi"nin heyətində ən yaddaqalan oyunun hansı olub?

- Bu, Nijnı-Novqoroddakı görüş idi. İlk səfər matçım idi, bu baxımdan yadımda qalan oyundur. 2:0 hesabıyla qalib gəlmişdik. İkinci ən çox xatırladığım "Zenit"lə evdəki görüş idi. 0:2 uduzurduq, meydana daxil oldum, məhsuldar ötürməmdən sonra Vəli Qasımov qol  vurdu və 4:2 hesabıyla qalib gəldik.

 

 

"Sumqayıt" "duş"u

- Bunlar SSRİ çempionatının I liqası matçları idi, Sovet İttifaqı dağıldı, müstəqil Azərbaycanın ilk milli çempionatı oldu. Səviyyə, rəqabət necə idi o zaman?

- İki komanda çox güclü idi - "Neftçi" və "Sumqayıt". "Sumqayıt"ın heyətində çoxu "Neftçi"nin keçmiş oyunçuları idi – Elxan Həsənov, Yaşar Vahabzadə, Vaqif Sadıqov…

 

- "Sumqayıt" sizi o zaman 3:0 hesabıyla uddu. O vaxtdan sonra "Neftçi" 15 il belə böyük hesabla uduzmadı. Həmin oyunda nə baş vermişdi ki, belə “soyuq duş” aldınız?

- Səbəbini deyə bilmərəm. Futbol elə oyundur ki, hər şey ola bilər. O oyuna kimi məğlub olmamışdı. Məncə, heç-heçə belə etməmişdik. "Sumqayıt" isə bizə qarşı ciddi hazırlaşaraq revanşa köklənmişdi. Çünki ilk dövrədə evdə onları mübahisəli qolla yenmişdik. Top qapı tirinə dəyərək xəttin keçib-keçməməsi müzakirə mövzusu idi, hakim qolu saymışdı. Bu üzdən “Sumqayıt” bizə qarşı əsəbi idi və bizi öz meydanlarında məğlub etmək istəyirdilər. Bacardılar da.

 

- Maraqlıdır ki, həmin çempionatın qalibi olduğun ilk qıızl medalın səndə qalır, yoxsa artıq itirmisən?

- Yox-yox, qalır. Nəinki ilk, bütün medallarım, vımpellərim, oynadığım formalar hamısı evdə divarda asılıb.

 

- Səni həm millidə, həm də “Neftçi”də oynadan Əhməd Ələsgərovun karyeranda rolu hansı dərəcədə olub?

- Bilirsiniz, "Neftçi"yə gəlmək biletini mənə Ruslan Abdullayev verib. Daha sonra isə Əhməd Ələsgərovla işlədim. Sadəcə, Əhməd Lətifoviç mənə daha çox güvənirdi. Bu iki şəxs mənə gənc yaşlarımdan böyük futbolda addım atmağıma şərait yaratdı.

 

- Səni sol cinah müdafiəçisi kimi xatırlayırıq. “Neftçi”də səni hansı mövqedə oynadırdılar?

- "Neftçi"də həm sol, həm də sağ cinah müdafiəçisi kimi oynayırdım. Hətta mərkəzdə də çıxış etmişəm. Bu, "Neftçi" məni Sovetlər vaxtında birinci dəstədə çıxış edəndə götürdüyü zamanlar idi. Belə deyim ki, heyətdə zədəli, cəzalı olanda müdafiə xəttində həmin oyunçunun mövqeyində çıxış edirdim.

 


 

"Transferimə görə "Neftçi"yə 80 min ödədilər"

- Karyeranın ikinci səhifəsi "Anji" ilə bağlıdır. İnternetdə bu məlumata rast gəldik ki, keçidin üçün o zaman üçün çox yüksək, ağlasığımaz məbləğ - 80 min dollar ödənimişdi "Neftçi"yə. Bu, real məlumatdır? Ümumiyyətlə, onlar səni harda görüb bəyənmişdilər ki, bu qədər israr etdilər keçidinə?

- "Neftçi"də oynamış çox bakılı o vaxt Mahaçqalada yaşayırdı. "Anji"də məşqçi işləyən də var idi, komanda rəisi olan da. Onlar da SSRİ çempionatı dağılandan sonra məhz Bakıdan futbolçu istəyirdilər. Çünki paytaxtımız Dağıstan paytaxtına yaxın idi. Bakıya gəlib hansıda iki oyuna baxmışdılar və bizi seçdilər. Daha sonra “Neftçi”nin bazasına gəldilər və bizə dedilər ki, sizi Mahaçqalaya dəvət etmək istəyirik.

 

 - Gəl, oxuculara aydınlaşdıraq ki, bunlar ümumilikdə 5 futbolçu idi...

- Elədi. Mən, İqor Getman, Elşən Qəmbərov, Vyaçeslav Lıçkın və “Torpedo” ləqəbli mərhum İlham Qəmbərov.  O vaxt "Neftçi"nin prezidenti Aydın İbrahimov idi. Yadınızda olar, güləşçi idi. O, dedi ki, buyurun, onsuz da müqavilələri bitir. Bir və ya iki oyun qalmışdı. Mənim isə yarım illik müqaviləm var idi. Onlar deyəndə ki, indi aparmaq istəyirik, rəhbərliyin cavabı “o zaman kompensasiya ödəyin, alın” oldu. Qiyməti soruşdular, söhbətsiz pulu verdilər və qışda birlikdə Mahaçqalaya getdik.

 

- Belə çıxır ki, ən bahalı sən oldun?

- Bəli. Hər halda, onlara lazım olmasaydım, düşünmürəm ki, o zaman mənə görə o pulu verərdilər. Gözləyib yarım il sonra pulsuz dəvət edə bilərdilər. Görünür ki, bəyəniblər, məlumat toplayıblar.

 

- Dörd nəfər üçün nə qədər ödədilər?

- Gəl, hesablayaq... Bizim üçün 8 milyon rubl ödədilər. Bu da hazırkı dövrədə 150 min dollar edir. Bəli, bu məbləğin yarısından da çoxu məhz mənə görə ödənilmişdi.

 

 

 

"Anji Arena"da şərəfimə "ulduz plitəsi" quraşdırılıb"

- Beş azərbaycanlı futbolçu "Anji"də - bu, nonsens idi! Sanki bir “mafiya” yaratmışdınız. Mahaçqalada necə yanaşırdılar sizə, nə deyirdilər?

- Bizi orda çox sevirdilər. Bizə qarşı münasibət super idi. Azarkeşlər bizi şəhərdə tanıyırdılar. Bazara gedirdik, zənbillərimizi doldurub pul da almırdılar. Çox böyük hörmət var idi. Hər oyun stadion dolu olurdu. Bilirsiniz, "Anji Arena"da adıma "Ulduz plitəsi" var.

 

- Çox maraqlı məlumatdı. Hollivudda olduğu kimi…

- Ay sağ ol! Bu, “Anji”nin tarixində ən yaxşı futbolçulardan biri kimi, xidmətlərimə qarşılıq olaraq şərəfimə düzəldilib.

 

- Ən uzun müddət səninlə Getman orda qaldı, digərləri tez qayıtdı.

- Elşən, Slavik və “Torpedo” iki ildən sonra getdilər, İqorla ikimiz qaldıq. Bir müddət sonra Getman da getdi. Mən isə sona qədər qaldım. 1998-ci ildə “Anji”də böhran başladı və Moskvaya yollandım. "Torpedo ZİL" məni dəvət etdi. Onu da deyim ki, “Anji”də tanınmış yerli mütəxəssis Hacı Hacıyevlə yox, belaruslu məşqçi Eduard Malofeyevlə işləmişdim. 1998-ci ilə qədər o idi, sonra isə mən getdim.

 

- Belə demək olar ki, səni Rusiyada tanıdan "Anji" oldu?

- Bəli, sadəcə, bir nüansı da qeyd edim. O vaxt SSRİ çempionatı dağılandan sonra "Anji"dən başqa da üç təklifim var idi. Biri Boris Tbilovun baş məşqçisi olduğu I liqa təmsilçisi “Saxalin” idi. Qədirov da orda idi, məni ora çağırırdılar. Sadəcə, həm uzaq idi, həm də ali təhsil alırdım. Bədən Tərbiyəsi və İdman İnstitutunun tələbəsi idim. Hər şeyi buraxıb o qədər uzaq yerə gedə bilməzdim. "Terek"dən də dəvət var idi. Sonra ora Vidadi Rzayevlə Şahin Diniyev getdilər. Vladimir Bruxtinin çalışdırdığı Ukraynanın "Vorskla" klubundan da məni çağırmışdılar. "Anji”ni ona görə seçdim ki, birincisi, dərhal ödəniş etdilər, ikincisi, söz verdilər məni Bakıdakı institutdan Mahaçqaladakı ali təhsil ocağına köçürəcəklər. Həm də yaxın olduğu üçün evə ailəmin yanına tez-tez gedib-gələ bilərdim.

 

- Uzun zaman yaşadığın Mahaçqalada özünə şərait qura bilmisən? Şəxsi evin var orda?

- Xeyr, heç nəyim yoxdur. Orda 3 otaqlı evim var idi, amma o da xidməti idi. Düzdür, onu özümə də saxlaya bilərdim, amma Mahaçqalada mənə heç nə lazım deyildi. Bakıda evim var idi. Fikirləşirdim ki, futbola davam etmək istəyirəmsə, Moskvanın yaxşı klublarından birinə keçməliyəm.

 

 

 

Batmış 90 min dollar

- Və beləliklə "Torpedo-ZİL"ə keçdin. Hansıyla ki, I Divizionda çempion oldun, Premyer Liqada çıxış etdin. Ümumiyyətlə, bu ölkədə yüksək liqada çıxış etdiyin komadayla bağlı futbol həyatının səhifəsi necə idi?

- Bəli. Rusiya millisini də çalışdırmış Boris İqnatyevlə işlədim, Moskva “Torpedo”sunda oynamış məşhur Valentin İvanov baş məşqçim oldu. Ümumiyyətlə, klub keçidim sırf təsadüfən alındı. 1998-ci ildə “Anji”də vəziyyət artıq yaxşı deyildi. Yarım il idi ki, maaş almırdıq. İndiyə kimi yadımdadır, Omska səfər oyununa getmişdik. Geri qayıdanda məni atam qarşılamalı idi. “Anji”dən milimizin futbolçuları olmuş Narvik Sirxayevi, mərhum İbrahim Həsənbəyovu özümlə götürərək kabab çəkməyə getməli idik. Elə oldu ki, atam qarşılamadı. O vaxt da mobil telefon yox idi axı. Küçədən avtomat telefondan evə zəng etdim və bacım dedi ki, atam rəhmətə gedib. Dərhal əşyalarımı yığıb evə gəldim. Atamı dəfn etdik və daha Mahaçqalaya qayıtmadım. Evdə oturmuşdum. Mənə İqnatyevdən zəng gəldi ki, Emin, bizdə baxışda olmaq istəmirsən? Evdəki vəziyyəti izah etdim. Bir aydır ki, məşq etmirəm və bilmirəm necə oynayacam. Bu olub yanvar ayında, qış, soyuq, temperatur mənfi 15 dərəcə idi. Butslarımı, məşq paltarımı götürüb "Dinamo"nun bazasına getdim. "Torpedo-ZİL" "Dinamo" ilə yoldaşlıq oyunu keçirirdi. Bir hissə gücüm çatan qədər oynadım. İqnatyev ikinci hissədə məni əvəzləyərək dedi ki, istəyirik bizimlə Türkiyəyə təlim-məşq toplanışına gedəsən. Türkiyəyə gedən heyətdə axırıncı - 48-ci oyunçu idim.

 

- Bir komandada toplanışda bu qədər futbolçu…

- Bəli. Toplanışdan sonra isə artıq “1 nömrə”li sol müdafiəçi idim və mənimlə müqavilə bağladılar. Elə həmin vaxt Hacı Hacıyev "Anji"nin baş məşqçisi təyin olundu və mənə zəng etdi ki, qayıt. Dedim ki, bunu edə bilməyrəm, çünki artıq burda insanlara söz vermişəm. Həmin vaxt "Anji" mənə yarım illik maaşımı, mükafatın cəmləşdiyi 90 min dollar pul borclu idi. Mahaçqalaya qayıtmadım və "Torpedo-ZİL"də qaldım. Daha sonra da onlarla yüksək liqaya vəsiqə qazandıq.

 

- Həmin 90 min batdı?

- Bəli.

 

- Şikayət etmədin?

- O vaxt indiki kimi deyildi. Elə şeylər yox idi, bu kimi vəziyyətləri tənzimləmək olmurdu.

 

- Rusiya Premyer Liqasında az oynadın. Səbəb nə idi? Səviyyə fərqi çox idi və ya ulduzlarla rəqabət?

- Yox, ona görə deyildi. Birincisi, məni milliyə çox çağırırdılar. İkincisi isə onurğa sütunundan ciddi zədə almışdım. Yarım il yataqda qaldım, ayaq üstə dura bilmirdim

 

- Zədə necə olmuşdu? Hansı oyunda?

- Birinci zədəmi Türkiyədə almışdım – həmin vaxt milliylə "Beşiktaş"ın bazasında qalırdıq, 0:3 hesabıyla uduzduq.”Torpedo-Zil”ə qayıtdıq və 5-6 oyun ağrıkəsici iynə ilə oynadım. "Alaniya" ilə Vladiqafqazdakı matçda isə topu aşırma zərbəsi ilə uzaqlaşdırdım və yenə belim üstə yıxıldım. Ondan sonra məni güclə Moskvaya gətirdilər. Əməliyyat olundum və 6 ay yataqda qaldım. Ayaq üstə dura bilmirdim. Buna görə də az oynadım.

 

 

 

Roberto Karlos

- O vaxt Rusiya Premyer Liqasında səviyyə necə idi? Hər şey qaydasında olsaydı belə, çətin olmazdı orda möhkəmlənmək?

- Yox. Hamı ilə bərabər səviyyədə oynayırdıq. Uduzanda da minimal fərqlə məğlub olurduq və ya heç-heçə edirdik. "Dinamo" ilə 2-2 oynadıq, "Zenit"lə də bərabər səviyyədə oynayırdıq. Qalib də gəlirdik, heç-heçə də edirdik. Heç bir komandaya asan təslim olmur, böyük hesablı məğlubiyyət yaşamırdıq. Düşünürəm ki, zədə olmasaydı, mən də çox oynayardım.

 

- “Torpedo-Zil”dən sonta yüksək liqada oynamadın. Rusiyada ya I, ya da II Divizionda oynayırdın. Premyer Liqadan real təklif olmadı?

- Birinci divizionda daha çox "Ximki"də oynadım. Daha sonra “Baltika”ya getdim. Yuri Syominin oğlu Aleksandr Syominin yanına. Dmitri Kramarenko, Zaza Canaşiya, Roman Axalkatsi, Yevgeni Xarlaçyovla eyni komandada idik. "Baltika" ikinci dəstəyə düşəndən sonra təklif etdilər ki, qalın və növbəti mövsüm yenidən birinci diviziona yüksələk. Mən isə qalmadım, birinci divizionda çıxış edən Bryansk “Dinamo”suna keçdim. Orda yarım il çıxış etdim və artıq ikinci diviziona getdim. Yaş da özünü göstərirdi. 34 yaşım var idi. 38 yaşımda isə karyeramı bitirdim.

 

- Bu, az yaş deyil. Oynamağa gücü hardan alırdın?

- "Volqa"dan sonra "Anji"yə qayıtdım, orda yarım il komandayla məqş etdim, oynayan məşqçi idim. Roberto Karlosun "Anji"də olduğu zaman idi. Təlim-məşq toplanışında oyuna da çıxırdım. Bu hesabla götürsək, hətta 39 yaşımda bitirmişəm. Sol cinah müdafiəçisi kimi Karlos da oyanyırdı, mən də. Bilirsiniz, insan özünə nəzarət edirsə, vaxtında yatır, vaxtında yeyir, məşq edirsə, o yaşda birinci ya ikinci divizion səviyyəsində rahat oynamaq qolar.

 

- Karlosdan söz düşmüşkən, futbolçi kimi səviyyəsi məlumdu. Bəs, necə insan idi? Nəzərə alsaq ki, dünya ulduzu idi, biləndə ki, sən azərbaycanlısan, reaksiyası necə oldu? Azərbaycanı tanıyırdımı?

- Bəli, bilirdi. İkincisi də ki, çox super insan idi. Bu planda "Anji"də olan bütün legionerlərdən müsbət mənada fərqlənirdi. Çox mərhəmətli, çox hörmətli insan idi. Mənimlə də münasibəti əla idi. Hətta məni "coach” (məşqçi) çağırmırdı, “my friend” (dostum) deyirdi. Otaqlarımız qarşı-qarşıya idi. Onun otağında hər zaman süfrə açılmış vəziyyətdə olardı. Hər dəfə məni səsləyərək qonaq dəvət edərdi. Sizə bir söz də deyim, Roberto çox ürəyi yumşaq adamdı. Onun bir dəftərçəsi var idi. Orda bütün qohumlarının, valideynlərinin, hətta ilk həyat yoldaşının, bacı qardaşlarının sıyahısı var idi. Hər ay maaş alan kimi birgə çıxıb banka gedirdik və hər birinə 5 min dollar göndərirdik.

 

- Bütün bu işlərdə sən köməklik edirdin?

- Bəli, tərcüməçimiz də vardı. Şəhəri tanıydım, dili bilirdim. Gedirdik, Karlosun bank işlərinə kömək edirdik.

 

- İndi yəqin ki, Robertoyla əlaqən yoxdur...

- Yoxdur. Axı, ingilis dilində səlis danışa bilmirəm. Tərcüməçi vasitəsilə də çətindir. Qarşılaşsaq, xoş görüş olar.

 

- Səni xatırlayar yəni?

- Əlbəttə! Birlikdə məşq vaxtı, gəzdiyimiz, istirahət etdiyimiz vaxtla bağlı bir çox şəkillərimiz var.

 

-  Millimizin braziliyalı sabiq baş məşqçisi Karlos Alberto Torres onların ulduzu idi, son dünya çempionluğunda Pelenin kapitanı olub. Roberto onun bizim millidə işləməsini bilirdi?

- Bəli, ona hər şeyi danışmışdım. Deyirdi ki, Braziliyada Peleden sonra ikinci ən böyük hörmətcil adam məhz Torres olub. Çox böyük hörməti var idi ona.

 

 

 

"Budun Budunov mənə qardaş kimidi, onun təklifinə necə "yox" deyə bilərdim?"

- "Anji"də daha bir ulduz vardı – Samuel Eto O…

- O, gələndən yarım ay sonra "Daqdizel"dən baş məşqçi kimi dəvət aldım və artıq getdim. Bu üzdən Samueli az gördüm, az ünsiyyətim oldu.  

 

- "Anji" sənə həm doğma klub idi, həm də maddi imkanlarına görə Rusiyanın "Çelsi"si sayılırdı. Əla maliyyə vəziyyəti var idi. Niyə orda qalmaq istəmədin?

- Bilirsiniz, ən yaxın dostum var, demək olar ki, qardaşım kimidi - Budun Budunov. “Anji”ni himayədarlığa götürməyi də Süleyman Kərimova o təklif etmişdi. Daha sonra Budunov "Daqdizel"in prezidenti olanda mənə dedi ki, gəl yanıma, mənə kömək elə. İstəyirəm mənim komandamda baş məşqçi sən olasan. O insana necə “yox” deyə bilərdim? Dedim ki, heç bir söhbət yox, gəlirəm. Aydın məsələdir ki, fərqli komandalar idi. Bizə hər şeyi "Anji" vermişdi, onun farm-klubu sayılırdıq. Buna baxmayaraq, karyera pilləsində yüksəlmək üçün böyük bir şans idi. Həm də "Anji"də baş məşqçi dəyişdi. Qus Hiddink gəldi. Dili bilməməyim isə onunla işləməkdə mənə çətinlik yaradırdı. Buna görə də seçimim "Daqdizel"ə, Budunun xeyrinə oldu.

 

- Uzun illər legioner həyatı yaşamısan, əcnəbi futbolçularla çıxış etmisən. Bu müddət ərzində ingilis dilini öyrənə bilmədiyin üçün təəssüf hissi keçirmirsən?

- Əslində, danışılanın hər şeyi başa düşürəm. Sadəcə, dili bilmək üçün mütəmadi ünsiyyətdə olmalısan. Bəlkə də sırf o dildə danışanların arasında olsaydım daha yaxşı bilərdim. Legionerlər danışırlar, başa düşürəm, ümümi sözləri, terminləri bilirəm, amma təmiz ingilis dilində kimsə danışanda çətinlik çəkirəm. Bakıya gəldim, azərbaycanca danışılanın tam anlayıram. Bəlkə tam əcnəbilər olan komandaya düşsəydim, tez öyrənərdim. Əslində, təəssüflənmirəm və hesab edirəm ki, heç indi də gec deyil. Müəllim tapıb hazırlaşsam, elə də çətin olmaz.

 

(Ardı var)

 

 

 

MEHMAN SÜLEYMANOV

 

 

CBCsport
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB