TOP 10

Cavid Hüseynov çempionluğuna qiymət verdi, Ramin Musayevdən mükafat alacağına ikiqat sevindi: "Ruslanın açıqlaması məni bir az qıcıqlandırdı və ona göstərdim ki, tələsmə..."

Futbol
Tarix: 2020-04-11 10:40

Sport24.az və Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyilə keçirilən "Azərbaycan futbol tarixiyl baş-başa" bilik yarışmasl nəhayət, yekunlaşdı. "Sabah" və "Zirə"nin kapitanlarının - Ruslan Abışovla Cavid Hüseynovun duelində gözlənilənlərin əksinə olaraq ikinci qalib gəldi. 32 yaşlı çempion suallarımızı cavablandırıb.  

 

- Çempion uğurunu necə şərh edərdin? Hiss olunurdu ki, finalda motivasiyan güclü idi...
- Bəli, rəqibin özündən razı olması, bizi zəif görməsi, "rəqibimi saymıram" deməyinə görə idi. Bu üzdən də ona göstərdim ki, tələsmə, Cavid Hüseynov səddini aşmaq lazımdı. 

 

- Cavid Hüseynov səddi çox keçilməzdi?
- Xeyr. Ruslan da rahatlıqla qalib gələ bilərdi. Sadəcə, o, saytınıza açıqlamasında demişdi ki, "10-da 10" edəcəm. Bu da məni bir az qıcıqlandırdı. Mən də dedim ki, buyur, bu meydan, bu şeytan. Şükür, yekunda qalib gəldim.

 

- Yaxşı hazırlaşmağın da özünü göstərirdi. Virtual baş məşqçin, mətbuat katibiniz Elmar Abdullazadə bu tip yarışların böyük həvəskarıdı və görünür ki, səni məlumatlarla yaxşı "silahlandırmışdı"...
- Bəli, o, mənə gün ərzində çox məlumat göndərirdi. Əvvəllər "Zirə" haqqında statistikalar, final vaxtı isə artıq ümumi informasiyalar. Mən də bilmədiyim faktları öyrənirdim, əzbərləyirdim. Özümün bildiklərim də çox idi. 

 

- Sənə qələbə gətirən ən məhsuldar heç-heçə sualına cavabında da yəqin ki, Elmarın köməyi olub...
- Elədi, bu nəticəni bilməzdim. Elmarın mənə göndərdiyi köməklər arasında bu fakt da var idi ki, milli çempionatımızda ən məhsuldar heç-heçə 6:6 olub. 

 

- Bu, "Turan"ın oyununda ("Viləş"lə səfər matçı-müəllif) qeydə alınıb ki, onu da xatırlamışdın. Futbolçu karyerana məhz bu klubda başlamısan, indi də o, çempion olmağında rol oynadı. Demək olar ki, "Turan" sənə uğur gətirir?

- Əlbəttə! Peşəkar karyerama 16 yaşımda "Turan"da başlamışam. Üç il yarım Tovuzda yaşamışam, oynamışam. Oranın çörəyini yemişəm, suyunu içmişəm. Mənə həddən artıq çox doğma klubdu. 

 

- Abışovla "Neftçi"də və millidə komanda yoldaşı olmusan. Münasibətləriniz necədir? Soyuqluq var?
- (gülür) Xeyr, əksinə, əladı. Qardaşlarımla belə intriqa aparıram. Yad adam olsaydı, belə maraqlı mübarizə olmazdı.

 

- Heç-heçələrlə davam edən finalların gedişində aranızda danışıq və yazışma olurdu? Kimsə kiməsə meydan oxuyurdu?
- Yox, olmayıb. Əslində, istədim Ruslana yazım ki, "silahı qoy yerə". Amma sonra düşündüm ki, bu, əks effekt verəcək. Ona görə də səbrimi sıxdım ki, finalı da udum, sonra yazaram. 

 

- Yarışmadan sonra yazdın?
- Hələ ki, yox. Sizdən gözləyirdim ki, çempion kimi şəklimi dərc edəsiniz, mən də "screen" edim, göndərim ona. Və yazım ki, Ruslan, bu da sənə hədiyyəm olsun (gülür).

 

- Qalib olduğunu biləndən sonra bizim vasitəmizlə səni təbrik etdi...
- Bilirəm. Allah sizin də, onun da canını sağ eləsin. Bu, yalnız bilik yarışması idi. Sadəcə, elə insanlar var ki, hər bir işdə birinci olmaq istəyirlər. Mən də beləyəm. Bir işin sonuna çatmasam, rahat olmuram. 


- Çoxları düşünürdü ki, çempion Ruslan olacaq. Favorit üzərində qələbə ikiqat ləzzətli olar?
- Əlbəttə. Saytınızda bu yarışmayla müsahibələri də oxuyurdum. Xüsusən keçmiş baş məşqçimiz Arif Əsədovun açıqlamasın qeyd edərdim. O, demişdi ki, Ruslan səbrlidi, Cavid səbrsiz. Arif müəllimin sözlərindən təmkinli olmağı öyrəndim, səbrimi sıxdım. Ruslanla 3 final oynadıq. Həqiqətən belə durumda dözə bilmirəm. İstəyirdim deyəm ki, bezdim, mən "pas". Yenə də son ana qədər bunu etmədim və öz-özümə dedim ki, finalı udmalıyam. 

 

- Arif müəllim qeyd etdi ki, məktəbdə də əlaçı olmusan. Deməli, yaddaşın da pis deyil...
- Bilirsiniz, bizim nəsil ziyalıdı. Bir mən idmançı olmuşam. Qohumların çoxu xaricdə təhsil alıb - dayılarım, xalalarım, əmilərim. Xalamoğlu alimdir, digərləri müəllim. Mən də atam tərəfə oxşamışam. Atam güləşçi olub, babam boksçu. Məktəbdə "4" qiymətilə oxuyurdum, çalışırdım "5" də alım. 9-10-cu sinifdə isə məcbur oldum məktəbi, təhsili buraxım. Həmin vaxt  artıq "Turan"da oynayırdım. Məktəbə də ara-sıra gedirdim. 

 

- Tanışlardan, futbolçulardan təbrik edən oldu səni bu çempionluğa görə?
- Hələ yox. Yəqin, məşğuldurlar (gülür). Qalib gəlməyimi isə ən çox gözləyən Rasim Ramaldanov idi. Onunla yaxın dostam. Mənə deyirdi ki, çempion sən olmalısan. 

 

- Deməli, Rasim də izləyirdi yarışmanı...
- Nəinki Rasim, futbolçulardan hamısı izləyirdi, maraqlanırdı. Mən özüm gündə 3-4 dəfə saytınıza daxil olub xəbərləri izləyirdim. Digərləri də həmçinin. 

 

- Səninlə danışanda hiss edirdim ki, ailən də bu yarışmanı həyəcanla izləyirdi. Hətta sənə kömək etməyə çalışmaları diqqətimi çəkdi...
- Həyat yoldaşım Şəmkirdəndi. Bir suala cavabın "Şəmkir" olmaq ehtimalını eşitdi, mənə dedi ki, onu seç. Mən də seçdim, cavab düz oldu (gülür). 

 

- Futbolçu karyeranda çempion, kubok qalibi olmusan, başının üzərinə kuboklar qaldırmısan. Bu isə bilik yarışması idi. Burda qalib olmaq sənin üçün nə anlam kəsb edir? Nə dərəcədə fərqlilikdir?
- Mənim üçün fərqi yoxdu bu, ciddi və qeyri-ciddi oyundu, meydanda ya ondan kənardadı, futbol ya qeyri-futbol yarışmasıdı. İnsan hər zaman birincilik arzulayır. Sadəcə, insanın özünü kökləməyindən asılıdır hər şey. İlk turlar bu yarışa ciddi yanaşmasam da, sonradan saytda izlədikcə mənim özümdə də bir qıcıq yarandı. 5-ci yerə düşdüm, sonra 6-ya və əsəbləşirdim. Turnir cədvəlinin aşağılarında adımın olması və insanların görməsi ki, sonuncu yerə doğru gedirəm, məndə qıcıq yaradırdı. Heç kim deməsə də, qəlbində hamı ciddi yanaşır. 


- "Zirə"dən təbrik edən oldu? Nəzərə alsaq ki, bu yarışda klubunu təmsil edirdin, rəhbərlikdən mükafat gözləyirsən?
- Yox, mükafat gözləmirəm. Adi təbrikləri kifayətdir. İlk təbrik edən Elmar Abdullazadə oldu. Çempion olmağımla bağlı xəbər yeni dərc olunub. Yəqin ki, təbrik edən olacaq. 


- PFL prezidenti Ramin Musayev bir müddət əvvəl saytımıza müsahibəsində verəcəyi mükafatın nə olduğunu sirr qalmasını daha məqsədəuyğun saymışdı. Ondan nə hədiyyə gözləyirsən?
- Deməli, Ramin müəllim mükafat verəcək... Bunu gözləmirdim, mənim üçün yaxşı xəbərdi. Yarışın belə səviyyədə olduğuna, PFL prezidenti tərəfindən mükafatlandırmanın olacağına ikiqat sevindim.

 

- Yarışmamız PFL-in dəstəyilə keçirilirdi. Musayevin şərti də var. Kuboku təqdim edəndə PFL-in yaranma ilini soruşacaq. Yadında qalıb?
- Əlbəttə! PFL  2008-ci ildə yaranıb, düz cavab vermişdim. Bu, indi də yadımdadı və mikrofonla da təsdiq edə bilərəm.
 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
11 Iyul 2020
10 Iyul 2020
B.eÇ.aÇC.aCŞB