TOP 10

Ekşteyn "Səbail"ə Essyenin dəvətilə gəlməsi haqda açıqlama verdiyini təkzib etdi: "Klubumdan hətta desələr ki, dekabrda oynayacağıq, gozləyəcəm"

Futbol
Tarix: 2020-04-10 14:00

Premyer Liqamızda cari mövsümün qış fasiləsi legioner dəyiş-düyüşüylə diqqət çəkdi. Bu, "Sabah"la "Səbail"də Hendrik Ekşteynlə Yevgeni Koçukun əks marşrutda hərəkət etmələri nəticəsində reallaşdı. Özü də moldovalı həmkarından fərqli olaraq Ekşteyn ölkəmizdə ilk mövsümünü keçirir. Hər iki Bakı təmsilçisində qol hesabını açmağa müvəffəq olan 29 yaşlı bəstəboy cənubi afrikalı yarımmüdafiəçi Sport24.az-ın suallarını cavablandırıb. 

 

- Futbolçu üçün futbolsuz qalmaq bir çətinlik, bu, azmış kimi, sərt karantin rejimində olmaq. Bugünləri bir neçə kəlməylə gözümüzün önündə canlandırardın...  

- Biz futbolçular üçün sevdiyimizi etməmək, futbol oynamamaq yaxşı deyil. Amma edə biləcəyimiz bir şey yoxdu. Təlimatlara əməl etməli və doğru olanı etməliyik.

 

- Artıq xüsusi icazə olmadan evdən çıxmaq da qadağandı. Bu vəziyyətdə günün necə keçir? Klubun bununla bağlı hansı təlimatı var?

- Bəli, bizə deyilib ki, evdən çölə cıxmayaq, çünki koronavirus təhlükəlidir. Ona görə də evdə qalmalıyıq.

 

- Evdə az qala hər dəqiqə gigiyenik vasitələrlə qorunmaq hərdən bezdirici gəlmir sənə?

-  Düzdür, evdə qalıb hər gün eyni şeyləri etmək həqiqətən də darıxdırıcıdı. Amma dediyim kimi, qaydalara əməl və düzgün hərəkət etməliyik ki, koronavirus bitsin.

 

- Maraqlıdı, yemək bişirmək işini necə həll edirsən?

- Bunu etməyi sevirəm. Özüm üçün yemək bişirməkdən zövq alıram.

 

- Afrika mətbuatına müsahibəndə evində idman zalının olduğunu açıqlamısan. Həmin zalı bizə də təsvir edərdin. Hansı avadanlıqlar var, bunlardan nə vaxtdan istifadə edirsən? Bu məşqlər fiziki formanı qorumaq üçün nə dərəcədə yetərlidi?

- Afrika mətbuatına belə müsahibə verdiyimi xatırlamıram.

 

- "Səbail"ə səni Maykl Essyenin dəvət etməsi açıqlaman da diqqət çəkdi. Buna da aydınlıq gətirərdin. Doğrudanmı, Essyenin sözü hər şeydən, hətta klub rəhbərliyinin təklifindən də önəmli oldu?

- "Səbail"ə keçidim haqda onu deyə bilərəm ki, agentim mənə zəng edərək bu klubun məni istədiyini söylədi. Onu da bildirdi ki, gəlişim onları xoşbəxt edər. Agentimə dedim ki, gəlib "Səbail"də oynaya bilərəm. Çünki düşünürəm ki, yaxşı klubdu. "Səbail"dəki dövrümdən zövq alıram...Essyenə gəlincə, onun haqqında kiminləsə danışdığımı xatırlamıram. Və düşünmürəm ki, Mayklda mobil nömrəm var. Biz bir-birimizə zəng etmirik, ancaq məşqlərdə görüşürük.

 

- Deyilənə görə, havanın yüksək temperaturu koronavirusun qarşısını alır. Bu baxımdan Vətənində bu bəlayla bağlı vəziyyət necədi? Qohumlarından, dost-tanışlarından buna yoluxan varmı?

- Heç kəs evində xəstələnmir.

 

- Hərdən bunu fikirləşirmisən ki, qışda "Sabah"dan elə Afrikaya qayıtsam, daha yaxşı olardı ki, indi bu virus narahatçılığından əziyyət çəkməzdim?  

- Yox, belə düşünmürəm. Çünki burda xoşbəxtəm, burda olmağımdan zövq alıram

 

- Belə gedişlə çempionat bərpa olunası olsa, iyunda da oynamalı olacaqsınız. Həmin ayın maaşının verilməməyi ilə bağlı klubuna güzəştə getməyə hazırsan?

- Klubumdan hətta desələr ki, dekabrda oynayacağıq, gozləyəcəm. Çünki "Səbail"lə müqaviləm var.  Onların yalnız "evə gedə bilərsən" dediyi halda Vətənimə qayıda bilərəm. Əks halda, burda qalmaqdan başqa yolum yoxdu.

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
05 Iyun 2020
B.eÇ.aÇC.aCŞB