TOP 10

Arif Əsədov keçmiş futbolçularının şanslarını dəyərləndirdi: "Qurban Qurbanovun daha çox yada düşməsini..."

Futbol
Tarix: 2020-04-09 10:40

"Keçirdiyiniz yarışmanı izləyirəm və deyərdim ki, həqiqətən maraqlıdı. Futbolsuzluq vaxtında, karantində olduğumuz bugünlərdə nəyləsə məşğul olmaq lazımdı. Fiziki iş olmasa da, beyində iş olsun. Bu baxımdan intellektual yarışmanız yerinə düşür". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov bildirib.

 

Sport24.az və Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyilə keçirilən "Azərbaycan futbolu tarixiylə başa-başa" çempionatını dəyərləndirən təcrübəli mütəxəssis belə bilik yarışmasının əhəmiyyətindən danışıb: "Bilirsiniz, keçmişi yada salmasan, irəlini görə bilməzsən. Sağ olun ki, Azərbaycan futbolu tarixini yaşadırsınız. Ölkə futbolunun keçmişini mütləq bilməlisən ki, nələr baş verib, hansı uğurlarımız, rekord göstəricilərimiz olub, buna kimlər imza atıb. Son vaxtlar deyirlər ki, bizdə futbol yoxdu, olmayıb. Yox, belə deyil. Hər halda, futbolumuzun tarixini araşdıranda deyilənlərin əksini görürsən. Sadəcə, bunları silkələmək, axtarmaq lazımdır ki, bunları siz edirsiniz. Məqsəd həm də odur ki, yeni nəslimiz bunu bilsin. Onlar gözünü açandan yalnız məğlubiyyətlərimizdən danışırlar. Nəticədə futbolumuza yanaşma neqativ yaranır ki, siz bunun əksinin olmalı olduğu bu layihənizlə ortaya qoyursınız. Buna görə sizə "5" düşür". 

 

Məlumdur ki, yarışmamızın qalibi uğrunda Ruslan Abışovla Cavid Hüseynov arasında gərgin mübarizə gedir. Maraqlıdır ki, onlar məhz Əsədovun rəhbərliyi altında "Neftçi"də komanda yoldaşı olaraq ölkə çempionluğunu qazanıblar. 50 yaşlı mütəxəssis məhz 2010/11 mövsümündə bu naliyyətilə futbol tariximizə adını qızıl hərflərlə yazdırıb. Axı, həm futbolçu, həm də baş məşqçi kimi Azərbaycan çempionu olan ilk şəxs məhz həmsöhbətimizdi. O da maraqlıdır ki, keçmiş yetirmələri "Qızıl tur"da bununla bağlı sualın cavabını bilmədilər. Əsədov buna görə sabiq futbolçularından incimədiyini açıqlayaraq, daha çox Qurban Qurbanovun yada düşməsinə münasibət bildirib: "Bunu normal qarşılamaq lazımdı ki, rekordlar olanda daha çox Qurban Qurbanov yada düşür. Çünki son 6 ildə "Qarabağ"ın hegemonluğu nəticəsində "Neftçi"nin uğurları bir az arxa plana keçib. Belədə bu uğurların içərisində olan şəxslər də bir az kölgədə qalıb. Buna görə də futbolçular qınanılası deyil. Ümumiyyətlə, istər futbolçu, istərsə də məşqçi kimi bir çox uğurlarım olub. Hər birinin də futbol həyatımda öz yeri var. Qeyd etdiyiniz göstərici də onlardan biridi və göstərir ki, nailiyyətlərim təsadüfi deyil - futbolçu kimi dünya və Avropa çempionu, Avropa çempionatının gümüş medalçısı, üçqat Azərbaycan çempionu, iki dəfə Kubokun qalibi, sonra baş məşqçi kimi Azərbaycan çempionu olmaq. Bunlar futbol həyatımdı və hər birinin öz tarixçəsi var. Hər biri yada düşəndə, məndə xoş nostalji hisslər oyadır".

 

Əsədovdan yaxşı tanıdığı finalçıları intellektual səviyyələrinə görə incələməyi istədik: "İlk növbədə onu qeyd edim ki, Cavid U-19-da da rəhbərliyim altında oynayıb, Ermənistana qalib gəldiyimiz tarixi matçda iştirak edib. Hələ o vaxt futbolçularla fərdi söhbət edəndə görürdün ki, Cavid savadıyla seçilir. Səhv etmirəmsə, məktəbdə də əlaçı olub, bununla maraqlanmışdım. Allah rəhmət eləsin atasına, Qarabağ şəhidlərimizdən biri olub. Əmisi yanıma gəlirdi, mənə deyirdi ki, Cavid məktəbdə yaxşı oxuyan olub, artıq təhsili buraxıbsa, istəyirik ki, futbolda da yaxşı olsun. Mən də ona ürək-dirək verirdim ki, narahat olmayın, Hüseynovda futbolçu kimi perspektiv görünür. Ruslanda isə aydın məsələdir ki, özünəməxsus intellektual səviyyə var. Deyim ki, hər ikisinin savadı da yüksəkdi, insani cəhətdən də yaxşıdırlar. Düzdür, Cavid bir az çılğındı, Ruslansa təmkinli olmasıyla seçilir. Onları müqayisə etsək, bu fərq var". 

 

Maraqlıdı, Əsədov iddiaçıların şanslarını necə dəyərləndirərdi?: "Cavid çılğınlığına görə daha çox istəyir ki, qalib olsun, suallara tez cavab versin. Buna görə hardasa özünü "yandıra bilər". Abışov isə təmkinli olduğuna görə, soyuq başla doğru cavab verə bilər. Futbolda da pauza gözəl bir şeydi. Bəlkə bu pauzayla Ruslan bir az daha şanslıdı. Amma cavablara vaxt verilsə, Cavidin üstünlüyü ondadır ki, bunu tez edəcək. Çünki bu halda düşünməyə vaxt yoxdu. Ruslan isə fikirləşə və sonda vaxt onu sıxa bilər. Bu məqamda Hüseynovun üstünlüyünün olması mümkündü. Ola bilər ki, səhv cavab versin, ancaq vaxt qazanmaq üçün bunu tez edəcək. Ruslan isə az cavab verə, ancaq bunları dəqiq edə bilər". 

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB