TOP 10

Yubilyar Vahabzadəylə tarixə ekskursiya: Ən yaddaqalan ad gününü gəmidə qeyd etməsi, gecə tortla evinə gələn qonaq və doğma "Neftçi"sində tarixi qoluna görə aldığı mükafat

Futbol
Tarix: 2020-04-08 17:00

Bu gün “Neftçi”nin veteran futbolçusu Yaşar Vahabzadənin 60 illik yubileyidi. 1960-cı ilin aprelin 8-də dünyaya gələn yubilyarın karyerası daha çox "ağ-qaralar"a bağlı olub. Belə ki, o, 1983-89, 1993-97-ci illər ərzində “Neftçi”nin heyətində 288 oyun keçirib, 24 qol vurub. Vahabzadə “Neftçi” ilə Azərbaycan çempionatının (1996, 1997), kubokunun (1995, 1996) və Superkubokunun (1995) qalibi olub. Məşqçilik karyerasında uzun illər aşağı yaş qruplarından ibarət yığmalarımıza - U-17, U-19 və U-21-a bağlı olan, onlarda baş məşqçi kimi də, köməkçi kimi də işləyən bu mütəxəssis ötən mövsümdən I Divizion təmsilçisi "Kəpəz"i çalışdırır. Yabahzadə Sport24.az-a müsahibəsində futbol həyatına ekskursiya edib. 

 

- İlk növbədə saytımızın adından sizi yubileyiniz münasibətilə təbrik edirik. Bütün dünyanı bürüyən bu virusa görə belə bir çətin, sıxıntılı günlərdə ad gününü, özü də yubileyini keçirmək necədi? 

- Təbrikə görə çox sağ olun. Dostlarım məlum hadisələr olmamışdan əvvəl deyirdirlər ki, 60 illiyimi təmtəraqlı keçirim. Ancaq yox, elə bir şey edən deyiləm, bunu xoşlamıram da. Bu gün də koronavirus bəlası gəlib və Allah onu tez bir zamanda üstümüzdən götürsün. Mənim üçün əsas deyil ki, bu gün ad günümdü. Əksinə, 1 yaş da qocaldıq.

 

- Buna çox təəssüflənirsiniz? Artıq qocalığı hiss edirsiniz?

- Hələ yox. Sadəcə, yaş gedir. Sağlamlığım qaydasındadı, özümü yaxşı hiss edirəm. 

 

- Başqa cür necə olmalı idi ki...Azərbaycanda 40 yaşında karyerasını bitirən bəlkə ilk futbolçu olmusunuz...

- Bəli, 40 yaşım tamam oldu, karyeramı qurtardım. Belə bir hiss də keçirmirəm ki, ad günüm belə bir vaxta düşdü. Təki, hamımızın, xalqımızın, vətəndaşlarımızın, dostlarımızın, yaxınlarımızın canı sağ olsun. Qalan şeylər düzələndi. Ad günü bir gün olan şeydi. Bu gündə həmişə evdə olmuşam, bu gün də evdəyəm.

 

- Ad günlərinizi ölkədən kənarda keçirdiyiniz vaxt olmayıb?

- Olub. Məsələn, 50 yaşımda İtaliyada idim. Yığmayla təlim-məşq toplanışında idik, orda qeyd elədik. Ancaq bu, heç vaxt təmtəraqlı olmayıb. Vəziyyət belə olmasaydı da, 60 illik yubileyimi təmtəraqlı keçirmək fikrim yox idi. Dar çərçivədə dostlarla ola bilərdi. Necə ki həmişə belə olub, axşam da evə gəlmişəm, tort olub, onunla çay içib ailəmlə belə qeyd etmişəm (gülür). Bu gün isə evdəyəm, ailəmin tam sərəncamındayam və indi yalnız çay yox, yəqin ki, yemək də olar (gülür). 

 

- Bu gün ilk təbrik edən kim oldu?

- Gecə 1-nin yarısı idi, gördüm ki, qapı döyüldü. Öz-özümə dedim ki, kimdi görəsən bu saatda...Qapını açdım və gördüm ki, oğlum, gəlinim və nəvəm əlində tort məni təbrik eləməyə gəlib. Bu, mənim üçün xoş sürpriz oldu. Şirin stol ətrafında oturduq, nəvəm tortun üstündə şamları yandırmışdı.

 

- Baba olmaq necə bir hissdi? Necə deyərlər, dövlətdə dəvə, övladda nəvə...

- Elədi. Baba olanda bir az da məsuliyyətin artır. Üstəlik də, nəvənin da Yaşar olsun.

 

- Adıyla böyüsün. Sizcə, ikinci futbolçu Yaşar Vahabzadə olacaq?

- Qismət, baxarıq. Görək özünün həvəsi olacaqmı...Olmayacaqsa, başqa bir sənətə yiyələnmək istəyi olacaqsa, bu, onun seçimi olacaq. İnşallah, futbolçu olmaq istəyi olsa, ona bu şəraiti yaradacağıq.

 

- Məlumdur ki, həyat yoldaşınız tanınmış həndbolçu Esmira Vahabzadədi. Ancaq övladlarınızdan heç biri idmançı olmadı. Halbuki, oğlunuz futbolla məşğul olurdu, sonra atdı. Buna üzülmürsünüz?

- Yox. Oğlum Fuad bir az oynadı, sonra istəmədi. Bu, şəxsi seçimi idi, bugünkü gündə də dövlət işində çalışır. Qoy, işiylə məşğul olsun (gülür). 

 

- Ən yaddaqalan ad gününüz, hədiyyəniz hansı olub?

- Elə az öncə xatırladığım İtaliyada olub. Onda gəmiylə Romaya gəzməyə getdik - digər məşqçilərimiz Babək Alxasov, Ramiz Əhmədov və həkim Ucal İsmayılovla birgə. Gəminin ən yuxarı yerində dayanıb ad gününü qeyd etməyin özünün bir başqa ləzzəti var idi.

 

- İndisə İtaliyada tam başqa vəziyyətdədi. Siz buna necə izah tapırsınız?

- Bəlkə dövlət olaraq qeyri-ciddi yanaşdılar, sərhədləri gec bağladılar, ona görə virus onlarda belə çox yayıldı. Qışda iki aylıq karnaval keçirildi, bunun qabağını almadılar. Həmin vaxt İtaliyaya turist axını çox idi.

 

- 40 yaşadək davam edən futbolçu karyeranızdan nə dərəcədə razı qaldınız? Ürəyinizdə qalan bir arzu oldumu ki, onu qazanmadınız?

-  39 yaşım olanda, qarşıma məqsəd qoydum ki, 40 yaşına bir şey qalmayıb, onda qurtaracam. Gücüm də var idi, Sumqayıtın "Kimyaçı" klubunda çıxış edirdim. Onda ilk dövrə mayda bitirdi, apreldə 40 yaşım tamam oldu, ikinci dövrədə oynamadım. Həmin vaxt klub rəhbərliyi çox zəng elədi ki, qayıt gəl. Pis çıxmasın, borcları da vardı, bir az pul da mənə verməli idilər, onu da ödəyirdilər. Dedim ki, yox, demişəm 40 yaşında bitirəcəm, sözümə də əməl edirəm. Həmin vaxtda Azərbaycanda 40 yaşına kimi heç kim oynamamışdı. Özü də karyerama SSRİ çempionatından başlamışdım, gəldim müstəqillik dövründə də oynayım ki, rekord olsun.

 

- Fiziki gücü hardan alırdınız?

- Bu, mənim üçün problem deyildi, çünki təməlimiz SSRİ dövründən qoyulmuşdu (gülür). Karyeramdan razı qalmağa gəlincə, SSRİ vaxtında idman ustası adına layiq görüldüm. Bu, futbolda o vaxtlar bir az çətin idi, buna nail oldum. Müstəqillik dönəmində arzum milli komandada oynamaq idi. Özü də yaşım çox - 34-35 idi, ancaq bu istəyimə də çatdım. Avrokuboklarda oynadım, ilklərdə iştirak etdim - həm də ilk xalı, ilk qələbəni qazandığımız matçda. Hər ikisi də "Neftçi"ylə oldu. SSRİ dövründə isə avrokuboklarda oynamaq bizim üçün çətin idi. 

 

- Sofiya "Lokomotiv"inə Tofiq Bəhramov adına Respublika stadionunda 2:1 hesabıyla qalib gəldiyimiz UEFA Kuboku matçında qələbə topu karyeranızın zirvə nöqtəsidimi? Bu qolu tez-tezmi xatırlayırsınız?

- Belə də, az olmur. Bu, müstəqillik dövründə ən yaddaqalan qollarımızdan biridi. Bunadək çempionatda vurmuşdum. Düzdür, bir qolumu da həmişə qeyd etmək istəyirəm - SSRİ çempionatında 1984-cü ildə "Paxtarkor"la Bakıdakı matçda fərqlənmişdim. Bu, SSRİ çempionatında birinci qolum idi. Onda da qələbə topunu vurmuşdum - 1:0 hesabıyla qalib gəldik. Bu da yaddaşlardadı. 

 

- Çoxları isə "Lokomotiv" vurduğunuz qolu xatırlayır. Mərkəz müdafəçisi olsanız da, hücumçu kimi irəli gedirsiniz və tarixi qola imza atırsınız. Necə oldu bu?

- Düzdür, əsas işim müdafiə xəttində idi. Sadəcə, həmin epizodda boş zonanı gördüm. Top da Faiq Cabbarovda idi, ötürmə elədi, mən də bir toxunuşla qapıya göndərdim. Çoxu mənə sual verir ki, Yaşar müəllim, gərək irəli gedəydiniz. Dedim ki, əşi, o yaşım deyildi gedim ora çatım. Mən ora çatana kimi mənə rəqibin müdafiəçiləri çatacaqdı (gülür). Buna görə topu uzaqdan qapıya yönəltdim.

 

- Bu qola görə yaxşı mükafat aldınız?

- Hə, pis deyildi, yaxşı məbləğ idi. O dövr üçün çox yaxşı idi. 

 

- Bir avtomobil almaq olardı?

- Yox, daha elə də böyük deyildi (gülür).

 

- Müdafiəçi olsanız da, karyeranızda çox qol vurmusunuz. Bu məhsuldarlığı nəylə əlaqələndirərdiniz?

- Öncə onu da qeyd edim ki, "Paxtakor"a qol vuranda sağ cinah müdafiəçisi oynayırdım, hücuma qoşularaq fərqlənmişdim. Arxadan hücuma qoşulmağı xoşlayırdım. Pis də alınmırdı. Hər halda, vurduğum qolların sayı bunu göstərir. Vaxtında hücuma qoşulurdum. 

 

- Karyeranız daha çox "Neftçi"yə bağlı olsa da, milli çempionatda çıxışınıza Sumqayıtda başladınız, orda da bitirdiniz. Hansı klub sizə daha doğma gəlir?

- Bəli, Sumqayıtda "Xəzər"də başladım, 1992-ci ildə ilk milli çempionatda gümüş medalçı oldum, 2000-ci ildə "Kimyaçı"da bitirdim. Ancaq mən "Neftçi"liyəm. Futbolda Yaşar Vahabzadə olmağımda "Neftçi"nin böyük rolu olub. Bu, hələ SSRİ dövründən hər bir futbolçunun arzusu idi ki, ora düşsün, çıxış etsin. Bu da mənə nəsib oldu. Sumqayıt komandaları da mənə doğma olub. Əslən bu şəhərdən də deyiləm, sadəcə, taleyin qismətidi.

 

- Legioner həyatı yaşamamısınız. Heç vaxt təklif almamısınız?

- Yox. yalandan nə deyim... SSRİ dağılandan sonra yaşım 30-dan keçmişdi. Yaş o yaş deyildi ki, gedib xaricdə oynayım. 

 

- Məşqiçiliyiniz daha çox yığmalara bağlı, əsasən də köməkçi olub. Premyer Liqada baş məşqçi kimi hələ debüt etməsiniz. Belə demək olar ki, məşqçilik karyeranız futbolçu karyeranızın kölgəsində qalır?

- Yox, belə deməzdim. Məşqçilik tam başqa bir həyatdı. Bu, futbolçu olmaqdan fərqlənir. Məşqçi olanda, təkcə özünə yox, bütün komandaya cavabdehlik daşıyırsan. Burda məsuliyyət bir az da çoxdu. 

 

- Hər halda, məşqçilik dövründə diqqətçəkən uğur olub ki, bu da 2017-ci ildə U-23 yığmamızla Bakıda keçirilən İslamiadanın qalibi olmağınızdı. Bu, futbol həyatınızda hansı yeri tutur?

- Ən önəmli yerlərdən birini. Azərbaycan yığmalarının tarixində bugünkü gündə ən böyük uğurdu. Təki sonra bundan da yaxşı uğurlarımız olsun. İnşallah, "Kəpəz"lə başladığım işi Premyer Liqada davam etdirmək növbəti həyata keçən məqsədim olar.

 

- Və son olaraq yubilyarın özünə bundan sonrakı arzusunu eşidək - həm futbol, həm də şəxsi planda...

- Təki sağlıq olsun, bu koronavirusdan bizim ölkə, ümumiyyətlə, dünya qurtulsun. Vətəndaşlarımız, idmançılarımızın hamısı öz işlərinə qayıtsınlar. Əmin-amanlıq, insanların sağmalığı olsun. Allah hər gün bizə can sağlığı versin. Futbolçularımıza, məşqçilik sahəsində işləyən hər bir kolleqama uğurlar arzulayıram, onların içində də özümə.  

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB