TOP 10

Cavid Hüseynov "keta"yla məşqi və 13 "şirvan" mükafat almasını xatırladı: "Ruslan favoritdi, Aqillə mən də..."

Futbol
Tarix: 2020-04-07 10:00

Sport24.az və Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyilə keçirilən "Azərbaycan futbolu tarixiylə baş-başa" bilik yarışmasında superfinal olacaq. Çempionu müəyyənləşdirəcək həmin "Qızıl tur"un iştirakçılarından biri olan "Zirə"nin kapitanı Cavid Hüseynov saytımızın suallarını cavablandırıb.

 

- Öz nəticəni necə dəyərləndirirsən? Belə yekunu gözləyirdin? Yarışmaya hansı iddiayla qatılmışdın?

- Superfinalda iştirak edəcəyimi yox, 3-4-cü olacağımı gözləyirdim. Yarışmaya çox pis başladım, ancaq sonra get-gedə toparlanaraq vəziyyətimi düzəltdim.

 

- Niyə pis başladın?

- Ciddiyə almırdım yox, keçmişi elə bil ki yada salmırdım. Sadəcə, asan bir oyun kimi baxırdım. Ancaq sonra maraq artdı. Saytınızı izlədikcə gördüm ki, yox, maraqlı gəlir. Artıq bundan sonra mətbuat katibimiz Elmar Abdullazadəyə klub göstəricilərinə dair məlumatlarla bağlı müraciət etdim, o da siyahını mənə göndərdi. Keçmişi də yada sala-sala cavab verirdim. Bilirsiniz, məni ən çox məyus edən hansı sual oldu?

 

- Hansı?

 - "Xəzər Lənkəran"ın bilə-bilə ki Azərbaycan Super Kubokunu qazanıb, "Neftçi" dedim. Bunda çaşqınlıq yaşadım.

 

- Yadımdadı, Ruslan Abbasovun qolunu xatırlatdın, bu da həmin komandalar arasında 2005-ci ildə Gəncədəki "Qızıl oyun"du...

- Elədi. Özü də Rasim Ramaldanovla yaxın dostam, o da həmin Super Kubokda qələbə topunu vurub. Bu yarışmadan 3-4 gün əvvəl də o barədə aramızda söhbət olmuşdu. Onu bilə-bilə dilim çönmədi "Xəzər Lənkəran" deməyə (gülür). Bunu özümə bağışlaya bilmədim.

 

.- Bəs, hansı suala cavabından zövq aldın?

- Son anda tapdığım "Xəzər Universiteti"ylə bağlı sualın cavabı. Bir anlıq beynimə siqnal gəldi. Onda 16 yaşında bu komandaya getmişdim. Heyətini də saya bilərəm - Zaur Həşimov da orda idi,  Elmar Baxşıyev də. 

 

- İndiki və keçmiş baş məşqçin...

- Bəli. Maraq üçün onu da deyim ki, pis çıxmasın, "butsu"m yox idi, "keta" ilə məşq edirdim (gülür). Çox pis vəziyyətdə idim.

 

- Baş məşqçi Böyükağa Ağayev səni niyə İntertotoda Avstriyadakı matça aparmadı? Ondan incimədin?

- Əsla! Əksinə, Böyükağa müəllimə "çox sağ ol" deyirəm ki, məni komandaya dəvət elədi, mənə şans yaratdı. 16 yaşım var, yeni gəlmişdim, qalıb-qalmayacağım hələ bəlli deyildi. Sadəcə, perspektivli futbolçu kimi bu komandaya gəlmişdim. Yalnız məşq edirdim, məni aparmaq da düzgün deyildi axı...Həmin vaxt Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya İdman Litseyindən gəlmişdim. Məşqçim Rəhman Tağıyev  idi, o, məni göndərmişdi. Bundan az sonra "Xəzər Universiteti" adlı komanda dağıldı, "İnter" oldu. O biri Böyükağa müəllimin (mərhum Böyükağa Abbasov-müəllif) rəhbərliyi altında "İnter-2"ylə çempion oldum. Yadımdadı, mənə 13 "şirvan" pul verdilər. Sonra qismət oldu ki, "İnter"in əsas komandasına cəlb olundum, mükafatçı oldum, tanındım.

 

- Yarışmamızda ən çox qələbə də səndədi, ən çox məğlubiyyət də. Bunu necə izah edərdin?

- Yalan danışmıram, ilk vaxtlar məndə maraq o dərəcədə deyildi. Ancaq sonra izlədikcə özümdə bu fikir yarandı kİ, bir yarışmaya qatılmısansa, yaxşı çıxış etməlisən. Həm də burda klubumu təmsil edirəm. Sonra başladım məlumatlar toplamağa, təkrarlama getdi, yoluna qoydum. 

 

- Real olaraq ilk yeri tutacağını gözləmədiyini etiraf etdin. Belə çıxır ki, superfinal olduğuna görə bəxtindən razısan? Deyirsən ki, nə yaxşı belə reqlament var...

- Əlbəttə! Çalışacam ki, 1-ci olum. Buna iddialıyam.

 

- Ancaq iştirakçılar arasında keçirdiyimiz sorğuda hamı bir ağızdan Ruslan Abışovun çempion olacağını deyir. Bəs, sən necə düşünürsən?

- Bəli, Ruslan daha çox məlumatlıdı. Bilirsiniz ki, onun qardaşı Sərxan da futbolun içində olandı, idman jurnalistidi, bu işə yaxındı. Sözün düzü, illəri yadda saxlamaqla bağlı aram yoxdu. Yaddaşım da o qədər güclü deyil, bunu önəmsəmirəm. Heç şəxsi statistikamı düz-əməlli bilmirəm. Yəni, buna maraq yoxdu da.

 

- Belə çıxır ki, Cavid Hüseynovdan karyerasında klubları ardcıllıqla sıralamağı soruşsaq, bilməz?

- Yox-yox. Hamısı dəqiq yadımdadı, istəyirsiniz, sayım... 

 

- Ehtiyac yoxdu, inanırıq...

- Arada uşaqlarla oturanda söz düşür bir futbolçudan, heç tanımıram onu.   

 

 - Proqnozun necədi yekun sıralamayla bağlı - Ruslan-Cavid-Aqil, yoxsa Cavid-Ruslan-Aqil?

- Aqili da hesabdan silməyək. Onu da izləyirəm, çox güclüdü ha, son vaxtlar dəhşət artırıb.

 

- Doğma Naxçıvanında olmaq ona düşüb...

- Hə, yəqin, suyundan içir, dağın havasını alır da. Ruslanı favorit görürəm, Aqillə mən də yəqin, "didişərik". 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

 

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB