TOP 10

Abışov çempionluğa iddiasını açıqladı, ən çox məyus olduğu sualdan, onu ən çox üzəcək məqamdan söz açdı: "Ən ləzzət aldığım an 3 sualın üçünə də düz cavab verəndədi"

Futbol
Tarix: 2020-04-03 10:00

Sport24.az və Football24.az-ın birgə layihəsi olan "Azərbaycan futbolu tarixiylə baş-başa" bilik yarışması sona yaxınlaşdıqca, mübarizə daha gərginləşir. Favoritlər sırasında olan "Sabah"ın təmsilçisi, kapitanı Ruslan Abışov Sport24.az-a müsahibəsinə layihəmiz haqda fikirlərini bildirməklə başladı. 

 

- İndiki futbol olmayan dövrdə mənim kimi, demək olar bütün hamı, bu çempionatla maraqlanır, hamı da deyir ki, çox yaxşı, maraqlı yarışmadı. Bir sözlə, əla layihədi! Futbolun olmadığı dövrdə belə bir layihə lap yerinə düşdü. Buna görə sizlərə minnətdarlığımı bildirirəm.

 

- Arxada qalan 10 turda öz çıxışına necə qiymət verərdin?

- Açığı, ilk 2 turda zəif nəticə göstərdim. Hələ təcrübəm, məlumatım yox idi, az oxuyurdum. Amma daha sonra demək olar hər gün maraqlanıram, tarixi nəzərdən keçirirəm, qeydlərimi aparıram. Çalışıram hər an özümü çətin suallara hazırlayım ki, düzgün cavab verə bilim. 

 

- İştirakçıları nəzərdən keçirəndə, öz-özünə fikirləşirdinmi ki, intellektual səviyyənə görə əsas favoritlərdən biri özünsən?

- Deyərdim ki, İlqar Qurbanov, Asif Məmmədov çoxdandı futbolun içindədirlər, məlumatları çoxdu. Mənə elə gəlir ki, digərləri də oxuyurlar, araşdırırlar. Əvvəl-əvvəl ciddi yanaşmırdılarsa, artıq baxıram ki, hər kəs sualların 90 faizini düz tapır. 

 

 - 24 qolla yarışın bombardirisən və ən yaxın izləyicini 4 qol geridə qoyursan. Buna baxmayaraq, 2-ci pillədəsən. Paradoskaldı, deyilmi? Karyeranda hansı komandadakı çıxışına bənzəyir bu? Yəni, əla formadasan, amma gah ehtiyatda qalırsan, gah lazımsız kartla cəzalanırsan, gah da mikrozədə meydana çıxmağına imkan vermir...

- Yarışın qalibi sonda bilinəcək. Hələ qarşıda bir neçə tur var. Hazırda ancaq üzərimdə çalışıram, maraqlanıram, bilmədiklərim barədə məlumat toplayıram. Sağ olsun, mətbuat katibimiz Elnur Həmidov da, klub haqqında mənə məlumatlar göndərir. Etiraf edirəm ki, onun da köməyi var "Sabah"la məlumat bazamda. Ancaq digər məlumatları özüm oxuyuram və inanıram ki, bundan sonra daha çox oxuyacam. Məğlubiyyətlərim ilk turda və ilk dövrənin son turunda oldu. Startda o qədər də hazır deyildim. Ancaq sonradan yavaş-yavaş toparlanmağa çalışdım. Əsas odur ki, səhv cavablardan nəticə çıxarıram. Çalışacam ki, qarşıdakı matçlarda maksimum nəticə göstərim. 

 

- Səni ən çox məyus edən sual hansı oldu? Hansı sualın cavabını tapmağın isə özünə ləzzət elədi?

- Ən çox məyus olduğum Məqsəd İsayevlə bağlı suala düzgün cavab verməməyim oldu. Bu, "Sabah"ın Premyer Liqada ilk qolunu vuran yerli futbolçuyla bağlı idi. Mənim üçün yarışmanızda ən çətin sual oldu. Ən ləzzət aldığım an 3 sualın 3-nə də düz cavab verəndə olur. 

 

- Vyaçeslav Lıçkinlə Vidadi Rzayevi qarışdırmağını özünü bağışladınmı?

- Burda da bir qeyri-müəyyənlik oldu. Çünki Lıçkin də Türkiyə Super Liqasında çıxş edib, Rusiyada da legioner həyatı yaşayıb.

 

- Orda əsas məqam bu idi ki, həmin futbolçu karyerasını 40 yaşında Azərbaycanda bitirib. Bu da məhz Vidadidi...

- Açığı, buna fikir vermədim və ya ola bilsin ki, sualın sonunu eşitmədim. Yoxsa bunun cavabı yüz faiz Azərbaycanda karyerasını bitirən yerli futbolçularımızdan biri idi. Sadəcə, ağlıma dərhal Lıçkin gəldi. "Trabzonspor"da oynayb, onu da dedim. Bir də Bakı "İnşaatçı"sının ilk Azərbaycan Kubokunun qalibi olması yadımda qalmışdı. Hamının ağlına gələn "Neftçi", "Qarabağ", "Kəpəz"di. Bu sual da ən çətinlərdən idi.

 

- Səncə, hazırda lider olan Aqil Məmmədova klubla - "Neftçi"ylə bağlı sualı tapmaq daha çətindi, yoxsa Premyer Liqanın ən gənc təmsilçisi olan "Sabah"ın təmsilçisi Ruslan Abışova?

- Əlbəttə, Aqilə. "Sabah"ın tarixi az olduğundan tapmaq olur. Ancaq "Neftçi"nin tarixi zəngin olduğundan daha çətindi. Bu klubun təmsilçisi olsaydım, mənə də çətin olardı.  

 

- Finişə az qalıb, çempionu müəyyənləşdirmək mümkünsüzdü. Fikrincə, ilk üçlükdə hansı komandalar qərarlaşacaq?

- Bir şey soruşum, çempionatın sonunda mükafat verəcəksiniz? (gülür).

 

- Bu, nəzərdə tutulub. Çempionatımız PFL-in dəstəyilə keçirliir və bu qurumun prezidenti Ramin Musayev mükafatı sürpriz kimi saxlamağın daha məqsədəuyğun olduğunu saytımıza müsahibəsində dilə gətirdi. Təbii ki, biz də deyə bilmərik...

- PFL-in dəstəyilə keçriilməsi yaxşı haldı. Yəqin, ilk üçlükdə olanları sevindirərlər.

 

- Bəs, səncə, kim olacaq həmin üçlükdə? Demədin...

- Kim çox oxuyursa, kimin çox məlumatı varsa, kim layiqdirsə, onlar da olsun mükafatçılar sırasında. 

 

- Özünün qələbə şansını necə dəyərləndirirsən?

- Əlbəttə, qalib olmağa iddialıyam. Bilirəm ki, çətin olacaq, ancaq çempion olmaq üçün sonadək mübarizə aparacam.

 

- Ən çox düzgün cavab tapan olasan, ancaq çempion adını qazanmayasan. Bu, səni çoxmu üzəcək?

- Bəli, üzəcək. Çünki hər gün oxuyuram, maraqlanıram, hazırlaşıram. Əslində, məndə qeyri-adi suallar var. Onları çempionat qurtaran sonra sizə göndərə bilərəm ki, bu sualları versəydiniz, futbolçuların 90 faizi tapa bilməzdi. Sadəcə, cavabları bildiyim üçün indidən desəm, düzgün çıxmaz. Qalib olmasam, bombardir kimi yadda qalmaq baxımından simvolik suvenir təqdim olunsaydı, evdə bir güşədə qoymağa səbəb olardı ki, Sport24.az və Football24.az-ın birgə layihəsində 1-ci olmuşam. 

 

- Suallarımızdan biri PFL-in yaranma iliylə bağlı olub ki, ona düzgün cavab verdin. Ancaq bunu etməyənlər oldu ki, onlar Ramin Musayevin qarşılaşarkən zəhmindən çəkinir...

- Ramin müəllim bu məqamı da nəzərə alsın, onlara düşəcək hədiyyələri başqalarına verər (gülür).

 

- Super heç-heçələrə münasibətin maraqlıdı. Hər iki tərəfin maksimum sayda suala cavab verdiikdə, hər birinə 2 xalın verilməsi ədalətlidirmi?

- Bəli-bəli. Məncə, bu, çox ədalətlidi. Çünki hər 3 suala düzgün cavab verəni fərqləndirmək lazımdı. Hamı çalışır, oxuyur, araşdırır, maksimum cavab verənləri də qiymətləndirmək lazımdı. Ən azı motivasiya olmalıdır ki, növbəti suallarda xal qazanmaq üçün ümidi artsın. Heç-heçəyə görə yalnız 1 xalla çətin olardı. Super heç-heçə şansı artırır.

 

- "Qəbələ" - "Sumqayıt", yoxsa "Keşlə" - "Neftçi?" Cavid İmamverdiyev, yoxsa Kərim Diniyev? 27, yoxsa 28-ci çempionat? Bunlar sənə nəsə deyir?

- Bəli. Səhv cavab verdiyim suallardı. Hazırkı çempionatımızın 27-ci olduğu söyləmişdim, ancaq 28 idi. "Sabah"ın Premyer Liqada ilk kapitanının Cavid İmamverdiyev olduğunu demişdim, ancaq Kərim Diniyev olmuşdu. Bu futbolçuları səhv salmışdım. Daha biri isə cari çempionatın açılış oyunuyla bağlı idi. Onda "Qəbələ" - "Sumqayıt" cavabını söyləmişdim. Ancaq bu, "Keşlə" - "Qarabağ" olub, "Keşlə" - "Neftçi" deyildi.

 

- Bunu bilərəkdən səhv deyərək diqqətini yoxlamaq istədik...

- (gülür) Səhv verdiyim sualların cavablarını artıq dəqiq bilirəm. Hətta turun açılış matçında yeganə qolun müəllifini də deyə bilərəm - "Qarabağ"ın futbolçusu İsmayıl İbrahimli. 

 

- Hansı suala düzgün cavab verdikdən sonra güzgüyə baxıb dedin ki, mən dahiyəm?

- Yox, elə şey olmayıb. Əksinə, nə qədər çox oxusam, özüm üçün bir o qədər yaxşıdı. Kimsə məndən sual soruşsa, ən azı məlumatlı olacam ona cavab verməyə. Bu da sizin sayənizdədi ki, bizim üçün belə çempionat təşkil etmisiniz. Premyer Liqanın 8 klubunun futbolçuları arasında belə bilik yarışmasının keçirilməsi çox təqdirəlayiqdi. Deməli, ən azı 8 oyunçu Azərbaycan futbolunun tarixiylə maraqlanır, öyrənir, araşdırır. Futbolumuzun tarixiylə bağlı sualların olduğu belə bir layihə olmamışdı. 

 

- Sirr deyilsə, "Sabah" səni yarışmanın qalibi olmaqla bağlı stimullaşdırıbmı?

- Görək də sonda necə olur... İndi vəziyyət elədir ki, hər kəsin başı bu xəstəliyə qarışıb. Əsas odur ki, can sağlığı olsun. Qalan hamısı düzələn şeylərdi. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB