TOP 10

Yeni liderin "baş məşqçisi" yekunda da 1-ci olacaqlarına inanır: "Aqil bu potensiala malik oyunçudu, onda daim belə xüsusiyyət var"

Futbol
Tarix: 2020-04-01 12:34

Sport24.az və Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyilə keçirilən "Azərbaycan futbolu tarixiylə başa-başa" çempionatında artıq yeni lider var. Bu, "Sumqayıt"lı İlqar Qurbanovu "taxtdan salan" "Neftçi"nin təmsilçisi Aqil Məmmədovdu. 31 yaşlı qapıçı bilik yarışmamızda ikinci dövrə başlayan kimi 1-ci pilləni ələ keçirdi. Yeni liderin virtual baş məşqçisi, klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Sport24.az-ın suallarını cavablandırıb.

 

- Səkkiz turdan sonra liderin “baş məşqçisi” olmaq necə bir hissdi?
- Bu, həqiqətən gözəl hissdi. Buna baxmayaraq, indidən yekun haqda danışmaq tezdi. Hələ ki ehtiyatlı olmalıyıq. Hesab edirəm ki, Aqil qarşıdakı turlarda daha diqqətli olaraq liderliyini davam etdirməlidi. Biz də ona mənəvi dəstəyik. Məmmədova güvənirik. Hər zaman hər yerdə lider olmaq gözəl hissdi. Olmayanlara qismət olmasını arzu edirəm. 

 

- “Yetirmən” çempionata heç də uğurlu başlamamışdı - ilk 3 turdan sonra passivində 2 məğlubiyyət var idi. Aqil Məmmədovla bundan sonra virtual təlim-məşq toplanışı keçdiniz? Bəlkə problem ilk turdan sonra Naxçıvana getməsində idi ki, yeni məkana adaptasiyaya ehtiyacı var imiş?
- Məsələ burasındadır ki, çempionat başlayanda Aqil Bakıda idi. Bilirsiniz ki, Aqil Naxçıvan bölgəsindəndi. Qərara gəldik ki, onun çempionatda yaxşı çıxışı üçün onu vətəninə - Naxçıvana yola salaq. Bu da öz sözünü dedi. Aqil məhz Naxçıvana gedib oranın ab-havasını udduqdan sonra daha yaxşı mübarizə aparmağa başladı. Bunun da nəticəsi göz önündədi. İnanırıq ki, hazırda Naxçıvanda olan gözəl hava onun mübarizəsinə müsbət təsir göstərəcək. Yaddaşı daha yaxşı olacaq və daha çox informasiya yadına salacaq. Sualları da maksimum diqqətlə dinləyib düzgün cavablandıracaq. Təbii ki, onun çempionatda mövqeyini yaxşılaşdırmasının səbəbi də məkan dəyişikliyi oldu. İnsan doğulub boya-başa çatdığı yerdə özünü daha rahat hiss edir. Hesab edirəm ki, Naxçıvanda olmaq Aqilə müsbət təsir göstərdi. 


- Səncə, Aqilə daha çətindi, yoxsa Ruslan Abışova? O mənada ki, “Neftçi” ən qocaman klubumuzdu, “Sabah” isə Premyer Liqanın ən gənc iştirakçısı...
- Aqilə daha çətindi. Nəzərə alsaq ki, "Neftçi"nin tarixi ilə bağlı məlumat daha çoxdu. Yəqin ki, siz də "Neftçi" ilə bağlı sual hazırlayanda bir o qədər də çətinlik çəkməzsiniz. "Sabah" isə Premyer Liqamınız ən gənc komandalarından biridi və Ruslan yeni yaranan komandanın tarixi ilə bağlı daha çox informasiyaya malik ola bilər. Bu baxımdan "Neftçi"nin müstəqillik dövründə olan tarixi ilə bağlı suallara cavab vermək Aqil üçün daha çətin olacaq.

 

- Aqilin cavabları arasında səni məyus edən və müsbət mənada təəccübləndirən hansılar oldu?
- Cavablar içərisində məni ən çox məyus edən Mahmud Qurbanovun Azərbaycanın ən titullu futbolçusu olduğunu bilməməsi idi. Bir çox suallar var idi ki, Aqil onlara düzgün cavab verməklə, məni müsbət mənada təəccübləndirdi.  


- Üçüncü turdan başlayaraq hər turdan sonra lider dəyişir. Bu sindroma “yetirmən” son qoya biləcəkmi?
- Ümid edirəm ki, Aqil sona qədər liderliyini davam etdirəcək. O, bu potensiala malik futbolçudu. Məmmədovda daim liderlik xüsusiyyəti var. Ümid edirəm ki, həmin xüsusiyyətini bu çempionatda da nümayiş etdirəcək və sonda qalib məhz Aqil olacaq.


 

 

 

CEYHUN ƏLİYEV

CBCsport
29 May 2020
28 May 2020
B.eÇ.aÇC.aCŞB