TOP 10

"Professor" Məmmədovun cavabının onun üçün gözlənilməz olmasından danışdı, suallarımızı çətinləşdirməyi məsləhət gördü: "Heç kimi məcbur etmək olmaz ki, rekordumu bilsin"

Futbol
Tarix: 2020-03-28 10:00

Sport24.az-la Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyilə keçirilən "Azərbaycan futbolu tarixiylə baş-başa" bilik yarışmasında ilk dövrə sona yaxınlaşır. Suallardan birinin qəhrəmanı Azərbaycan ən titullu futbolçusu Mahmud Qurbanov oldu. Məlumdur ki, "Neftçi-2"nin baş məşqçisi olan 47 yaşlı mütəxəssis ölkəmizdə çempionluq sayında rekordçudu. Qurbanovla söhbətimizdə bu və digər məqamlar haqda danışdıq. "Professor" Sport24.az-a müsahibəsinə layihəmizlə bağlı fikirləriylə başlayıb.  

 

- Düşünürəm ki, yaxşı, maraqlı layihədi. Əsas ona görə ki, indi futbol yoxdu, çox adam evdə oturaq həyat tərzi keçirir - televiziyanı, interneti izləyir. Məncə, Azərbaycan futbolunun tarixinə səyahət etmək, baxmaq faydalı olacaq. Məlumatlı olanlar yaddaşlarını təzələyəcək, olmayanlar üçünsə bu layihə gözəl bir şansdı. Onlar yaxından tanış olduqları Azərbaycan futbolunun tarixini bilməlidi. Bu mənada düşünürəm ki, əla layihədi.

 

- Suallardan biri şəxsən sizin rekordla bağlıdı. Həmin cavabları necə şərh edərdiniz? Sizin üçün hansı gözlənilməzlik oldu?

- Hamının əvəzindən danışmaq düzgün çıxmaz. Demək olmaz ki, kimin futbol biliyi, savadı var, kiminki yoxdu, kim bizim futbol tarixini bilir, kim yox. Mənimlə bağlı sualı bilənlər vardı, ən azından mənimlə oynayanlar idi. Sadəcə, hazırda "Neftçi"nin qapıçısı olan Aqil Məmmədovla "Bakı"da 2 il birgə çıxış etmişəm, münasibətimiz yaxşı olub. Düşünürdüm ki, o, rekordumla bağlı məlumatlı olmalı idi. 

 

- Belə olan halda, keçmiş komanda yoldaşınızın rekordunuzu bilməməyinə təəccübləndiniz?

- Təəccüblü deyil, sadəcə, bir az gözlənilməz oldu. 

 

- Aqil Məmmədov Hüseyn Məhəmmədovun adını çəkib. Sizcə, bu, qapıçı həmrəyliyi ilə bağlı deyil ki?

- İnanmıram ki, belə olsun (gülür). 

 

- İştirakçıların siyahısına nəzər yetirəndə, hansı təəssürat oyatdı? Bu futbolçuları gözləyirdiniz, bəlkə gözlədiyiniz başqaları vardı?

- Əvvəla, onların bir çoxuyla komanda yoldaşı olmuşam. Aqili dedim, İlqar Qurbanov və Rahid Əmirquliyevlə "Xəzər Lənkəran"da, Ruslan Abışovla millidə birgə çıxış etmişəm. Məncə, bu müsabiqədə hər bir futbolçu iştirak edə bilər. Fikrimcə, seçim etmək düz çıxmazdı. 

 

 - Kimi qalibiyyətə daha şanslı sayırsınız? Favoritiniz kimdi?

- Bunu deyə bilmərəm. Müsabiqədə hamıya uğrular arzu edirəm. Hamısını qalib kimi görürəm (gülür). Düzdür, qalib bir nəfər olacaq. Favoritim yoxdu. 

 

- Yəqin ki, Mahmud Qurbanovdan çempionluq sayını yuxudan oyadaraq soruşulsa, düzgün cavab verər...

- Bəli. Ancaq məcbur deyil ki, hamı çempionluq sayımı bilməlidi. Azərbaycan futbolu üçün çalışmışam. Düşünürəm ki, nə vaxtsa hansısa futbolçu bu göstəricimi keçəcək. Ya gələcəkdə, ya da indi oynayanlardan. Məncə, çempionluqla bağlı rekordumu bilsələr, pis olmaz. 

 

- Bilməməklərini ayıb saymırsınız?

- Heç kimi məcbur eləmək olmaz ki, rekordumu bilməlidi. Amma düşünürəm ki, bilsələr, yaxşıdı. Nəinki mənimlə, digər futbolçularımızla bağlı rekordları da.

 

- Rekordunuzu keçməyə ən real namizəd 8 çempionluğu olan Rəşad Sadıqovdu. Ancaq o da bu yay karyerasını bitirəcəyini rəsmən açıqlayıb. Belədə nə dərəcədə realdı kiminsə sizi keçməyi?

- Nə vaxtsa o rekordu keçən olacaq. Həmişə belə qalan deyil də. Amma zamanını deyə bilmərəm. Oynayanlardan ən yaxın Rəşad ola bilər. Amma o da karyerasını bitirir. Hələ ki rekord məndədi, qoy, belə qalsın (gülür). 

 

- Çempionluq sayınız vikipediya səhifənizdə 12 göstərilir. Buna fikir vermisiniz? Yarımçıq qalan 2001/02 mövsümü də nəzərə alınır, ancaq onda "Şəmkir"in çempionluğu tannmayıb...

- Bizdə futbol qurumları AFFA-dı, PFL-dı. Onlar bunu qəbul etmirsə, deməli, sayılmır. Qəbul eləsəydilər, 12 deyərdik. Ancaq bu, rəsmi olmalıdı.

 

- Maraqlıdı, qızıl medallarınızı saxlayırsınız?

- Düzünü desəm, evdədi, saxlayıram.

 

- Hamısını? Bəlkə kiməsə hədiyyə vermisiniz, yaxud itirmisiniz?

- Çempion olduğum medalları heç kimə hədiyyə verməmişəm. Hədiyyə verdiklərim 2-ci, 3-cü yeri tutduğum zaman aldığım mükafatlar olub. Qızıl medallarım isə evdə guşədə deyil, bir yerdə saxlayıram. Onlar mənim üçün əzizdi. Müxtəlif klublarda olub, müxtəlif futbolçularla oynamışam, müxtəlif məşqçilərlə işləmişəm.

 

- Bilik yarışmamızda hansı sualı daha çox bəyəndiniz? Sizcə, hansı daha çətin idi, hansı daha maraqlı?

- Çətin suallar yoxdu. Hamısı futbolumuzla, bəziləri də karyeramla bağlı olan suallardı. Hansısa sualı fərqləndirməzdim. Məni yada salmısınız, bu, mənim üçün çox xoşdu. Sizə təşəkkür edirəm, buna görə. 

 

- Elə sual oldu ki, cavabını burdan öyrəndiniz?

- Ümumi, normal suallardı. Sadəcə, düşünürəm ki, daha çətin suallar olsaydı, yaxşı olardı. 

 

- Bunu ikinci dövrədə, həlledici mərhələdə düşünürük. Futbolçularımızın intellektual səviyəsini da nəzərə almalıyıq. Məsələn, bu çempionatda arxada qalan 20 tura neçə oyun keçirildiyini çoxu bilmədi...

- İstənilən halda, etmək lazımdı. Bilməyən də öyrənər, bilər. Onları vermək lazımdı ki, bilməyən də bilsin, öyrənsin. 

 

- Bu sual daha çox diqqətçəkən oldu ki, ilk Azərbaycan Kubokunun qalibinin kim olmasını bir çoxları bilmir...

- Bax, bu, yaxşı sualdı. Qoy, yadıma salım... İlk çempion "Neftçi" olub. İlk Kubokun qalibiylə bağlı bir az fikirləşim (bir neçə saniyə keçir). Səhv etmisəmsə, Bakı "İnşaatçı"sı olmalıdı.

 

- Səhv etmirsiniz, bravo, "Professor"!

- Bilirsiniz, o vaxt bəzi klublarımız vardı ki, sonradan fəaliyyətini davam etdirmirdi. "İnşaatçı"nın yaxşı heyəti vardı. Sonradan hakim olanların çoxu orda oynayırdı, bu, yadımdadı. 

 

- Mahmud Qurbanovun imkanı olsaydı, özüylə bağlı hansı sualı gənc həmkarlarına verərdi?

- Bu, çətin sualdı, ən çətin sualı mənə verirsiniz (gülür). Nə sualı verərdim? Azərbaycan futboluyla bağlı olardı. Öz adımı çəkmək düzgün olmazdı, hansısa bir futbolçumuz haqda olardı.

 

- Belə bir sual necə - Mahmud Qurbanov hara gedib, o komandayla çempion olub, ancaq karyerasını bitiridyi komandada bu, olmadı. Sizcə, bu sualı bilərlər?

- "Sumqayıt"ı? Sözün düzü, orda axıradək də oynamadım, mövsüm bitməmiş getdim. Yəqin ki, həmin vaxt mənimlə bu komandada oynamışlar bilərlər. Maraqlı sualdı.

 

- Bu yarışmanın veteran futbolçular arasında keçirilməsinə necə baxırsınız? İştirak edərdiniz?

- Əlbəttə! Bu fikrə yaxşı baxıram. İndi elə vaxtdı ki, hamımız televiziyada təkrar futbollara baxırıq. "YouTube"də maraqlı, köhnə dövrlərdən olan yaddaqalan oyunları tapıb izləyirik. Veteranlar arasında belə yarışma maraqlı olardı. Bu dəqiqə hamımız futbol üçün darıxmışıq, ancaq hamımız üçün məcburi karantindi. Əsas sağlamlıqdı. İnşallah, bu virusa da qalib gələrik, yenə həyatımız öz axarıyla davam edir.

 

- Yarımçıq qalan çempionatda da uzun müddət futbolsuz qaldıq. İndiylə necə parallel aparardınız?

- Həmin futbolsuzluq dövrünü indiylə müqayisə etmək olmaz. Hazırkı ümumi bəşəri və insanlıq üçün təhlükəli olan virusdu, ona yoluxmayla bağlı məcburi dayanmadı. O vaxt isə bu, başqa amillərlə bağlı idi. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

 

 

 

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB