TOP 10

Səfiyarlı "Azərbaycan futbolu tarixiylə baş-başa"da qalibi proqnozlaşdırdı: "Şoka salan deməzdim, amma təəssüfləndirən Məmmədov oldu"

Futbol
Tarix: 2020-03-26 11:00

Sport24.az-ın Football24.az-la birgə layihəsi olan, PFL-in dəstəyilə keçirilən "Azərbaycan futbol tarixiylə baş-başa" bilik yarışmasında mübarizə öz axarıyla davam edir. Futbolçuların fərqli çempionatda özlərini necə sınamasını izləyənlərdən biri "Qəbələ"nin sabiq meneceri Səbuhi Səfiyarlıdı. Azərbaycanın ən titullu futbol funksionerlərindən olan, hazırda futbol agenti kimi çalışan Səfiyarlı iştirakçıların çoxuyla eyni komanda üzvü olub. Söhbət "qırmızı-qaralar"da əsas komandanın rəisi işlədiyi dövrdə futbolçuları olmuş Asif Məmmədov, Cavid Hüseynov, İlqar Qurbanov, Ruslan Abışov və Aqil Məmmədovdan gedir. İntellektual səviyyəsi ilə də seçilən Səfiyarlı bu intellekt yarışmayla bağlı Sport24.az-ın suallarını cavablandırıb.

 

- İndiki futbolsuz və virusla mübarizə dövründə belə bir yarış nə dərəcədə faydalıdır?
- O baxımdan faydalıdır ki, həm futbolçuların, həm azarkeşlərin başını qatır. Jurnalistlər üçün də indi xəbər tapıb yazmaq çətin olduğundan saytı da bu vəziyyətdən çıxarır. Bu baxımdan da maraqlıdır. Ümumiyyətlə, futbol olanda da bunu keçirmək olar. Yaxşı, maraqlı layihədir. İştirakçılardan beş nəfəri də "Qəbələ"nin keçmiş üzvləri olduqları, bir komandada çalışdığımız üçün yaxından izləyirəm. Sual-cavablara, nəticələrə baxıram. 

 

- Sənin özün üçün nə dərəcədə maraqlıdı?
- Mənim özümə də çox maraqlıdır. Düzdür, sualların çoxu yaddaşla bağlıdır. Oyunçulardan zəng edərək cavablarla maraqlananlar olur, soruşurlar. Mən özüm də yadıma sala bilmirəm. Çempionatın ilk oyunu, çempionatda neçə oyunun olması kimi suallar bir o qədər də yaddaqalan deyil. 

 

- Bu bilik yarışması futbolçuların potensiallarını açmaları baxımından nə dərəcədə önəmlidi?
- Suallar sırf futbola aiddir. Ümumi, dünyagörüşünə aid olsaydı, futbolçunun İQ səviyyəsini daha yaxşı bilərdik. Bu suallar isə əsasən yaddaşla bağlı, rəqəmsal suallardı. İstənilən halda faydalıdır. Futbolçu artıq yaddaşını yeniləyir. Cavabları görüb yadda saxlamağa çalışırlar. Evdə boş vaxtlarında hansısa kitabları vərəqləyirlər ki, suallara cavab verə bilsinlər. 

 

- İlqar Qurbanovun liderliyi səni təəccübləndirmədi?
- Düzünü deyim ki, yox. İlqar da "Qəbələ"nin keçmiş üzvü olub. Ruslan Abışovu da üst pillələrdə görürdüm. İlqar tanıdığım, bilik səviyyəsinə bələd olduğum oyunçudur. Buna görə də əvvəldən ehtimal edirdim ki, o, ilk sıralada olacaq. 

 

- Hansı sual səni təəccübləndirdi? Və ya hansının cavabını özün də bilmədiyindən sənə də maraqlı idi?
- Demək olar ki, elə bir sual yox idi. Həmin an cavabını bilməsəm də, sonra yadıma düşüb. Yəni elə bir sual olmadı ki, onun cavabını bilmədim və burda öyrəndim.

 

- Bəs, ən çətin və ən asan sual hansı idi?
- Ən asan sual bu mövsüm çempionatda neçə oyun olduğu haqda verilən sual idi. 20 tur keçib və hər turda 4 oyun olur. Burda çətin bir şey yox idi. 

 

- Hərçənd, futbolçuların çoxu məhz bu suala düzgün cavab vermədi...
- Bu da riyazi sual idi. Düz hesablasaydılar, cavab verərdilər. Həm də qəfil sual veriləndə adam tutulur. Asif mənə zəng edib soruşdu ki, neçə oyun idi, həmin an mən özüm də cavab verə bilmədim. O ki, qaldı çətin suala, yəqin ki, ölkə Kubokunu ilk qazanan komanda haqda olan sual. Bu, mənim yox, onlar üçün çətin sayıla bilərdi, onlara yeni məlumatdı. Sualların aid olduğu dövrün canlı şahidi olmuşam - "Neftçi"nin, "Qəbələ"nin ilk qələbələri, ilk qolları. "Sumqayıt"ın ilk çıxışı, Premyer Liqada ilk adının "Sumqayıt Şəhər" olmağı. 

 

- Qeyd etdiyin kimi, "Neftçi"də, "Qəbələ"də, hətta "Keşlə"də çalışmısan. Oyunçuların əksəriyyəti ilə işləmisən və onları tanıyırsan. Kimin cavabı səni yaxşı və pis mənada şoka saldı? O baxımdan ki, cavab verə bilərdilər, amma vermədilər və ya əksinə?
- Şoka salan deməzdim, amma təəssüfləndirən Asif oldu. Bakı "İnşaatçı"sının əvəzinə Sabirabadın eyniadlı təmsilçisi cavabını verdi. Halbuki, şəhəri tapmaq asan idi nəinki komandanın adını. Asif isə əsas olan komanda adını düzgün desə də, təmsil etdiyi şəhərdə yanıldı. Bir də ən çox çempion baş məşqçi ilə bağlı suala bir nəfər Ağasəlim Mircavadov demişdi. Bu cavab mənə bir az qəribə gəldi. Halbuki, Qurban Qurbanov ardıcıl 6 dəfə çempion olub. Aqilin bir sualı səhv anlaması da var. 80 oyun əvəzinə 20 tur demişdi. Təəssüfləndirən cavab var, amma heyrətləndirən yox. 

 

- Sonda kimi qalib görürsən? 
- Çox güman ki, İlqar axıra kimi liderliyi qoruyacaq. Baxmayaraq ki, oyunçulara öz komandaları haqda suala cavab vermək asandır, İlqarda bu, belə deyil. Çünki "Sumqayıt"da ilk mövsümüdü. Buna görə də İlqara komandasıyla bağlı suallar çətin olacaq.


 

FƏRƏC ASLANOV

CBCsport
14 Iyul 2020
13 Iyul 2020
B.eÇ.aÇC.aCŞB