TOP 10

Liderin "baş məşqçisi" indidən nəticə çıxarmağı tez sayır, futbolçusu qalib olacağı halda mükafatı özü verəcək: "Bunu İlqardan 500 dəfə də soruşsalar, 500 dəfə də düzgün cavab verərdi"

Futbol
Tarix: 2020-03-25 20:00

Sport24.az və Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyilə keçirilən "Azərbaycan futbolu tarixiylə baş-başa" adı bilik yarışmasında arxada qalan 3 turdan sonra vahid lider var. Bu, elə hazırkı yarışmanın ən yaşlı iştirakçısı olan, aprelin 25-də 34 yaşı tamam olacaq İlqar Qurbanovdu. Onu bu çempionatda iştirak üçün seçən "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov Sport24.az-ın suallarını cavablandırıb.

 

- Liderin "baş məşqçisi" tələbəsinin çıxışına necə qiymət verərdi?

- İlk növbədə onu deyim ki, layihənizi təqdirəlayiq hesab edirəm. Bu dəqiqə futbolsuz qaldığımız dövrdə maraq yaratmaq baxımından doğrudan yaxşı layihədi. Buna görə sizə təşəkkür edirəm. İlqar suallarınıza cavab verəndən dərhal sonra mənə bu haqda yazır, aramızda diskussiya gedir. Hətta bunun yarım saata yaxın çəkdiyi də olub. Bir az əvvəl mənimlə söhbətində hesabı düz demədiyinə təəssüflənərək, bunu fikrinin yayınmasıyla əlaqələndirdi. Virtual baş məşqçiliyə gəlincə, bunu baş məşqçi kimi qələmə verməyək (gülür). Sırf onu fikirləşirdim ki, "Sumqayıt"da 3-4 ən yaşlı futbolçu vardı, kimi yarışmaya seçək. 

 

- Yeri gəlmişkən, niyə məhz İlqar?

- Saytınızdan bu yarışmayla bağlı zəng gələndə, beynimdə 3 futbolçu var idi - Vurğun Hüseynov, Rail Məlikov və İlqar Qurbanov. Çünki onarın istər-istəməz təcrübələri vardı. Vurğun "Sumqayıt"ın heyətində ən çox oyun keçirən, 2013-cü ildən bizimlə olan futbolçudu. Həm də Azərbaycan futbolunda çoxdan olduğundan, ona daha rahat olar. Sadəcə, bəzi səbəblərə görə Vurğunla Rail oyundan kənarda qaldılar. Sonda seçimi İlqar üzərində etdim. Özünə deyən kimi sağ olsun, dərhal qəbul elədi, iştirakda heç bir problem görmədi. İlqarın Azərbaycan futboluyla bağlı savadına güvənərək seçdim. O, həqiqətən təcrübəlidi.

 

- Ancaq onu da nəzərə alaq ki, Qurbanov "Sumqaytı"da yalnız bu mövsümdü çıxış edir, klubun tarixini bilməyə bilər. Təsadüfi deyil ki, Premyer Liqada ilk mövsümündə "Sumqayıt Şəhər" adlandığını bilmədi. Buna görə seçimdə tərəddüdün yox idi ki?

- Özümə görə nisbətən tərəddüdüm vardı. Ancaq düşünürəm ki, bir mətbuat katibi olaraq bunun az-çox qarşılığını verməyə çalışmışam. Çünki artıq ilk turdan İlqarla əməlli söhbət elədik, klubun tarixiylə bağlı daha vacib faktlarla haqda ona bəzi bilgilər vermişəm. İlqara konspekt ötürmüşəm ki, onlarla biliyini işlətsin, faktları yadına sala bilsin. "Sumqayıt Şəhər"ə gəlincə, mənə dedi ki, həqiqətən bu ad yadımda idi, sonradan xatırladım. Halbuki, İlqara deməmişdim ki, ilk adımız "Sumqayıt Şəhər" olub. Texniki xətaya yol verib, fikir yayınıqlığı olub ki, həmin vaxt yadına düşməyib. Buna görə çox təəssüfləndiyini bilirəm. 

 

- "Sumqayıt"da ən çox oyun keçirən futbolçunun Vurğun Hüseynov olduğunu bildi. Bir də Premyer Liqada ən yaxşı nəticənizin 5-ci yer olmasını. Bu, sənə təəəccülü gəlmədi, yoxsa bunda futbol diliylə desək, ötürmən olub?

- Yox. "Sumqayıt"da bu dəqiqə hər hansı futbolçudan bu sualın cavabını soruşsan, Vurğun adını deyər. Məntiqlə götürəndə, onun adı ilk olaraq ağla gəlir. Düzdür, Hüseynov bunadək lider olan Bəxtiyar Həsənalızadəni cəmi 4 oyundu keçib. İndi Bəxtiyar bizdə olmadığı, "Zirə"nin şərəfini qoruduğu üçün bəlkə onun adı yada düşmürdü. Düşünürəm ki, Vurğun adının deyilməsi normal idi. Ən yaxşı nəticəmizin 5-ci yer olmasıyla bağlı açığı, ona hər hansı məlumat verməmişdim. İlqara verdiyim bilgilər sırf statistik rəqəmlər idi. 5-ci yeri tapmağı öz "beyninin məhsuludu", futbol biliylə tapıb, yadında qalıb.

 

- İlqarda yarışmanın qalibi olmağa köklənmə varmı? Bunu hiss edirsənmi?

- Mütləq şəkildə var. Hətta mənə göndərdiyi səs yazısını da sizə ata bilərəm ki, deyir, Rəşad, uduzmağı xoşlamıram, elə edək ki, sonda da 1-ci olaq. İlk Azərbaycan Kubokunun qalibiylə bağlı sualınızdan sonra mənə zəng elədi ki, cavab "Neftçi" demişəm, mənimlə düz cavabı yoxlayırdı. Bəzi mətbuat katiblərimiz var ki, belə bilik yarışmaralarında iştirak edirlər. Mən çox nadir hallarda gedirəm. Bəzi həmkarlarımın bilik səviyyəsi məni həqiqətən heyran qoyur. Elmar Abdullazadənin, Nurlan İbrahimovun adını çəkə bilərəm ki, demək olar həftədə bir dəfə bu oyunlarda iştirak edirlər. Bəzi vaxtlarda məni də aparırlar. Təcrübələri çox olduqlarından, bu sahədə bilik səviyyələri məndən üstündü. Öz-özümə düşündüm ki, cavab "Neftçi" olar. Ancaq araşdıranda gördüm ki, Bakı "İnşaatçı"sıdı. İlqara dedim ki, səni əmin edirəm, çətin bu sualın cavabını hansısa futbolçumuz bilsin. Ancaq sonradan gördüm ki, səhv etmirəmsə, Ruslan Abışovla Cavid Hüseynov cavab verib.

 

- Cavid yox, Asif Məmmədov demişdi. Sadəcə, Sabirabad "İnşaatçı"sı ki, bu da doğru deyil. Ruslan Abışovsa tam düzgün cavab vermişdi...

- Aha, beləymiş, afərin Ruslana. Mənə təəccüblü gəldi bu cavabı futbolçunun tapması.

 

- İlqarla söhbətindən hansı qənaətə gəldin - yarışmanın qalibi uğrunda əsas rəqib kimi görür?

- Klubların təqdim etdiyi futbolçuların siyahısına baxdıqda, asan rəqib adı çəkə bilmərik. Çoxu Azərbaycan futbolunun tanınmış simaları, "qaymaq"larıdı. Burda asan rəqib axtara bilməzsən. İllərdi Azərbaycan futbolunun içində olanlardı. Yaşına görə ən kiçikləri Tərlan Quliyevlə Qara Qarayevdi, hər ikisi 1992-ci il təvəllüdlüdü. Ancaq onu nəzərə alaq ki, Tərlan "Neftçi"ylə Avropa Liqasının qrupunun iştirakçısı olan futbolçudu, Qara isə "Qarabağ"lda illərdi top qovaraq nə qədər təcrübə yığıb. Onlara deyə bilmərəm ki, təcrübələri yoxdu. Məncə, elə hamısı əsas rəqibdi.  

 

- İlqar komandanızda əsas heyət üzvü deyil, nadir hallarda oynayır, burda isə liderdi. Hansı nəticə çıxarırsan?

- Hərənin bilik səviyyəsi var. Biz də mətbuat katibi olaraq komanda daxilində hansı futbolçunun hansı bilik səviyyəsinə malik olduğunu bilirik. Həm də İlqara gəlin, lider deməyək ki, ən yüksək səviyyədədi. Çünki cəmi 3 tur keçib, hələ qabaqda 11 tur var. Bunu yekunda müzakirə edə bilərik ki, kim liderdi, ən güclüdü.

 

- Bəs, suallarımızı necə incələyərdin? Hansılar ən çox diqqətini çəkib?

- İlk turdan bu yana bütün sualara baxıram. Yaxşı suallardı. Məncə, ən çətin sual Azərbaycan Kubokunun qalibiylə bağlı idi. Sadəcə, "Sumqayıt Şəhər"ə görə sıxıntıda qalıram ki, futbolçumuz buna düzgün cavab vermədi. Çünki o, adı bilirdi, ani fikir dağınıqlığı olub. Bir də peşman olduğum bir sual var ki, İlqar buna cavab verməli idi. Bu da cari çempionatda neçə matçın keçirilməsidi. Onda da avtomobil idarə etdiyindən fikrini cəmləşdirə bilmədiyini diqqətimə çatdırdı. 

 

- Futbolçuların indiyədək neçə oyun keçirilməsini, hansı çempionatının iştirakçısı olduğu bilməməsi sənə qəribə gəlmədi?

- Məncə, bunlar sırf fikir yayınıqlığıdı. İlqar dərhal bunu diqqətimə çatdırdı ki, adi bir şeydi bunu hesablamaq. Ancaq qarışdıraraq 144 demişdi. Bir anlıq olub. Yəni, İlqarın dediyinə görə, bunu ondan 500 dəfə də soruşsalar, 500 dəfə də düzgün cavab verərdi.  

 

- Klub rəhbərliyinizə çempionatımız haqda məlumat vermisən? Prezidentiniz Riad Rəfiyevin bu yarışma haqda fikri nədi?

- Bəli, bu yarış keçiriləndən məlumat vermişəm. Mütləq şəkildə bilgiləri var. Sadəcə, hazırda iş günləri deyil ki, günün böyük hissəsini bir yerdə olaq. Ancaq Riad müəllimə mütəmadi məlumat verirəm.

 

- Maraqlıdı, Rəfiyev futbolçusuna qalib olmaqla bağlı mükafat vəd edibmi? Belə stimullaşdırma olubmu?

- Bu haqda qalib olandan sonra danışarıq, indi hələ tezdi (gülür). Mükafatı mən verəcəm, Riad müəllim yox. 

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
14 Iyul 2020
13 Iyul 2020
B.eÇ.aÇC.aCŞB