TOP 10

Tura sözardı: Autsayderin "qoca"nın da "abunəçi"si olmağa hazırlaşmasından Həşimovla Volkovun "Keşlə"dən çəkdiklərinədək

Futbol
Tarix: 2020-02-24 17:19

Premyer Liqamızda 3-cü dövrə ekvator xəttini keçdi. Hesabat turu ilk "3-lük"də olanların aktivlərinə növbəti qələbələri yazmalarıyla yadda qaldı. Bu isə o deməkdir ki, "Qarabağ", "Neftçi" və "Keşlə" arasında xal fərqi dəyişməz qaldı. 

 

Hərçənd, ən çətin qələbəni məhz lider qazandı. "Qarabağ" cari mövsümdə yeganə məğlubiyyətini aldığı, Kubokun yarımfinalında da rəqibi olacaq "Sumqayıt"ın yenə ciddi müqavimətiylə üzləşdi. Bu dəfə də diqqət mərkəzində Mahir Emreli oldu. Məsələ ondadır ki, bu gənc hücumçu "Sumqayıt"ı Tofiq Bəhramov adına Respublika stadionundakı ilk dövrədəki matçda da ikinci hissədə məyus etmişdi. Sadəcə, onda 90-cı dəqiqədə son nöqtəni qoymuşdusa, bu dəfə 49-ci dəqiqədə yeganə qolun müəllifi oldu. Mahir bu dəfə son dəqiqələrdə antiqəhrəmanlığı ilə də yadda qaldı. Çünki o, 2-ci sarı vərəqə alaraq meydandan çıxarıldı. Mahiri hər iki "sarı"ya görə qınamaq olar - birincidə fitdən sonra topa zərbə vurdu, passivində xəbərdarlıq ola-ola ehtiyatlı oynamayaraq rəqibinə kobudluq etdi. 

 

"Sumqayıt"ın indiyədək "Qarabağ"ı ara-sıra büdrətdiyinə şahid olmuşuqsa, bu, bir qayda olaraq evdə qeydə alınıb. Təsadüfi deyil ki, "gənclik şəhəri"nin təmsilçisi bu rəqiblə artıq 9-cu səfər matçıdır ki, məğlub ayrılır. Təsəvvür edirsiniz, "Sumqayıt" bu güclü rəqibinə onun meydanında cəmi bir dəfə -  Premyer Liqada debüt mövsümünün olduğu 9 il öncə qalib gəlib - 2:1. Onda komanda "Sumqayıt Şəhər" adlanırdı. 

 

Ayxan Abbasovun komandası ardıcıl 2-ci məğlubiyyətini alaraq artıq 3-cü pillədən 7 xal geri qalır. Elə növbəti turda da rəqib məhz 3-cü pillədə gedən "Keşlə" olacaq. "Sumqayıt" bu ev matçında da uduzarsa, bürünc medaldan əlini demək olar üzməli olacaq. "Gənclik şəhəri"nin təmsilçisinin bəxti onda gətirdi ki, ən yaxın izləyicisi "Zirə" ardıcıl 3-cü matçdı uduzaraq hələ də ondan 2 xal geridədi. Üstəlik, bu turda Masazırda "Sumqayıt"ın ən arzuladığı nəticə qeydə alındı. Belə ki, "Sabah"la "Səbail"in görüşündə heç-heçə olması nəticəsində hər iki komanda xal itirdi. Yoxsa "Sabah" qalib gəlsəydi, artıq "Sumqayıt"a çatmışdı. İstənilən halda, 4-cü yer uğrunda intriqa artır və 4 komandanın mübarizəsi gərginliyi ilə davam edəcək.

 

"Sabah"ın qələbə planını qış transferi Yevgeni Koçuk korladı. Moldovalı yarımmüdafiəçi artıq 15-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmaqla komandasını çox çətin vəziyyətə saldı. Məlumdur ki, "Sabah"la "Səbail" arasında qış fasiləsində oyun qurucularının dəyiş-düyüşü baş tutmuşdu - Koçuk "Sabah"a, cənubi afrikalı həmkarı Hendrik Ekşteyn isə əks martşrutla yollanmışdı. Elə matçın ən diqqətçəkən epizodunun iştirakçıları da onlar oldu. Koçuk məhz Ekşteynə qarşı çox kobud oynayaraq ağır cəzaya məruz qaldı. Bu komandaların Masazırdakı qarşılaşmaları adətən məhsuldar keçirdisə, 3 və daha çox qol qeydə alınırdsa, bu dəfə ümumiyyətlə, qapılardan top keçmədi. Hər halda, komandalar ardıcıl 2 qələbələrdən sonra aktivlərinə 1 xal da olsa yazdılar və 4-cü yerə bir qədər də yaxınlaşdılar. Ancaq "Sabah" nə qədər azlıqda oynasa da,  bu matçda əsas xal itirən tərəf oldu. Çünki Jelko Sopiçin komandasının 3-cü dövrədə son 3 matçda rəqibləri ilk "3-lük"də olanlardı, bunun 2-si səfərdədi və həmin görüşlərdə xal ehtiyatını çox artırmaq çətin görünür.

 

"Keşlə" böyükhesablı qələbə qazananda, adətən bunu 4:0-la reallaşdırır. Hər halda, ilk belə qalibiyyət də məhz 4 cavabsız qolla olmuşdu. Maraqlıdı ki, Zaur Həşimov 2-ci dəfə "Keşlə"dən bu ağır zərbəni alır. Çünki Tərlan Əhmədovun komandasının ilk 4:0-ı Qəbələdə olmuşdu və onda Həşimov yerli komandanın məşqçisi idi, gürcü legioneri Davit Volkov da futbolçusu. İndisə 39 yaşlı mütəxəssis Volkovla "Zirə"də 0:4-ə üzüldü. Halbuki, Həşimovun hazırkı postda ən inamlı qələbələrindən biri məhz "Keşlə" üzərində olmuşdu. Tərlan Əhmədovun yetirmələri ikinci dövrədə Zirədə artıq 35-ci dəqiqədə hesabda 0:3 geridə düşərək sonda 1:3 hesabıyla uduzmuşdu. Yeri gəlmişkən, həmin matçda qol müəlliflərinin heç biri budəfəki görüşün iştirakçısı olmadı. Belə ki, dubl müəllifi Xulio Sezar Rodriges artıq "Zirə"də deyil, kapitan Cavid Hüseynov cəzalıdı, "Keşlə"dən isə Ruslan Qurbanov zədə üzündən kənarda idi. "Keşlə"yə ardıcıl 2 məğlubiyyətdən sonra bu qələbə hava-su kimi lazım idi - həm ən yaxın izləyicisi "Sumqayıt"dan bir qədər də uzaqlaşdı, həm də özündən irəli gedən "Neftçi"ylə xal fərqinin böyüməsinə imkan vermədi.

 

"Neftçi" üçünsə "Qəbələ"yə qalib gəlmək artıq asan bir işə çevrilib. Hərçənd, ağ-qaralar" daxili yarşlarda ən ağır məğlubiyyətini məhz bu rəqibdən alıb - evdə 0:8. Ancaq "Qəbələ" indi elə vəziyətdə deyil ki, Azərbaycanın ən "qoca" klubundan ümumiyyətlə, xal alsın. "Qırmızı-qaralar"ın qış fasiləsindən sonra dərdi bitmək bilmir. Ardıcıl 4-cü məğlubiyyətini alan Elmar Baxşıyevin komandası bu dəfə meydanı qolsuz tərk etdi. Yeganə təsəlli böyükhesablı məğlubiyyətin qeydə alınmaması oldu. Hərçənd, "Neftçi"ylə ilk 2 matçda 0:3 və 1:4 hesabıyla uduzan "Qəbələ" artıq 14-cü dəqiqədə 0:2 geriyə düşəndə darmadağın olunacağı gözlənilən idi. Ancaq qonaqların yetərincə vaxtı olsa da, məsələni buna gətirib çıxarmadı. Ümumiyyətlə, Füzuli Məmmədovun baş məşqçiliyi dövründə qazanılan qələbələrə nəzər yetirsək, ssenarilər oxşardı. Yəni "Neftçi" erkən qollar vurur, ilk 20 dəqiqədə hesabda 2:0 irəlidə olur, bu zaman bir qola bombardir hücumçusu Baqali Dabo imza atır, digəri künc zərbəsindən müdafiəçisi ("Keşlə"ylə görüşdə Mamadu Mbodj, Qəbələdə Anton Krivotsyuk) başla fərqlənir. Sadəcə, "Bakcell Arena"dakı matçda rəqib penaltidən də olsa hesab arasında fərqi azaltmaqla intriqanı qaytardı ki, bu, "Neftçi"ni silkələdi. Tez ayılan "ağ-qaralar" çox keçmədən 2 top fərqli "status-kvo"nu bərpa edə bildi. Budəfəki 2 top fərqli qələbə ona görə asan oldu ki, "Neftçi"nin rəqibi 90 dəqiqədə "çərçivə"ni dəqiq nişan almaqda belə çətinlik çəkdi.

 

Fakt odur ki, "Qəbələ" "Neftçi"nin də "abunəçi"si olmağa hazırlaşır. Ona görə "də"ni işlətdik ki, digər paytaxt təmsilçisi "Keşlə"ylə ilk 3 görüşdən də məğlub ayrılıb - 0:4, 0:2, 1:2.  Bu uğursuz seriyaların qarşısı son dövrədə alınmazsa, hələ "Keşlə" "İnter" adlananda prezidenti olmuş bolqarıstanlı funksioner Georgi Nikolovun futbolumuza bəxş etdiyi "abunəçi" damğası "qırmızı-qaralar"a vurulacaq. 

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL