TOP 10

Turun "Ən"ləri-18: "Neftçi" dubl etdi, "Keşlə" coşdu

Futbol
Tarix: 2020-02-24 15:00

Azərbaycan Premyer Liqasında 2019/20​ mövsümündə XVIII tur arxada qaldı. Sport24.az hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasıyla yenidən görüşünüzə gələrək​ bu dəfə cari çempionatın son turunu​ dəyərləndirir.​

 

"Simvolik yığma"

 

Qapıçı: Saşa Stamenkoviç ("Sabah", 3)

 

Müdafiəçi: Anton Krivotsyuk ("Neftçi", 4) - Eriko da Silva ("Səbail") - Bəhlul Mustafazadə ("Sabah", 2) - Ürfan Abbasov ("Səbail")

 

Yarımmüdafiəçilər: Vüsal İsgəndərli ("Keşlə", 4) - Qara Qarayev ("Qarabağ") - Emin Mahmudov ("Neftçi", 4) - Şohruh Qadoyev ("Keşlə")

 

Hücumçular: Mahir Emreli ("Qarabağ", 3) - Baqali Dabo ("Neftçi", 4)

 

 

Turun BAŞ MƏŞQÇİsi - Füzuli Məmmədov ("Neftçi")

"Neftçi" Antalya toplanışında baş məşqçi dəyişikliyi edərək bunun müsbət bəhrəsini görür. Belə ki, yeni çalışdırıcı Füzuli Məmmədov məğlubiyyətsiz seriyayla irəliləyərək 4 oyuna 8 xal toplayıb. İlk 2 turda heç-heçələr sıralanmışdısa, son 2 turda inamlı qələbələr qeydə alınıb. "Keşlə"ni "Bakcell Arena"da 3:1 hesabıyla məğlub edəndən sonra Məmmədovun komandası Qəbələ səfərindən də 2 top fərqiylə qələbəylə qayıtdı - 2:0. Gənc mütəxəssisin bu matçda heyətlə bağlı itkiləri vardı. Belə ki, cinah müdafiəçilərindən Donald Gerye zədəli, Tural Axundov cəzalı, Vangelis Platellas isə qızdırmalı idi. Artıq xeyli vaxtdır mərkəz müdafiəçisi kimi oynayan Anton Krivotsyuku doğma mövqeyi olan müdafiənin sol cinahına çəkən Məmmədov ilk qola bu futbolçunun fərqlənməsi sayəsində sevindi. Artıq 14-cü dəqiqədə "Neftçi" hesabda 2:0 irəlidə olsa da, baş məşqçisi sonadək komandanı irəli səslədi, arxayınlaşmamağa çağırdı. Məmmədov "Neftçi"nin çalışdırıcı kimi ilk səfər qələbəsinə imza atsa da, göstərdikləri oyunun tam ürəyincə olmadığını, daha da yaxşı oynamalı olduqlarını matçdan sonra mətbuat konfransında açıq şəkildə bəyan etdi. 

 

 

Turun QƏHRƏMANı - Emin Mahmudov ("Neftçi")

"Neftçi" kimi kapitanı Emin Mahmudov da qış fasiləsindən sonra inamlı təsir bağışlayır. Xüsusilə yeni oyun qurucusu Saman Nəriman Cahanın gəlişindən sonra Emin ona doğma olan mövqedə - daşıdığı nömrəyə uyğun olaraq "8 nömrə" kimi oynayır. Düzdü, Mahmudov 3-cü dövrədə qol vurmasa da, son qələbədə müstəsna payı oldu. Belə ki, komandanının "Qəbələ"yə səfərdə 2:0 hesabıyla qalib gəldiyi matçda Emin məhsuldar ötürmələrlə yadda qaldı. Əvvəlcə onun yerinə yetirdiyi künc zərbəsindən sonra Anton Krivotsyuk başla topu tora göndərdi. Ardından isə Mahmudov Baqali Daboya uzun ötürməylə onu təkbətək çıxararaq fərqlənməsinə imkan yaratdı. 

 

 

Turun ANTİQƏHRƏMANl - Yevgeni Koçuk ("Sabah")

Turda ilk qırmızı vərəqə Masazırda qeydə alındı. Özü də artıq 15-ci dəqiqədə birbaşa. Bunu "Sabah"ın qış transferi Yevgeni Koçuk aldı. Nəticədə moldovalı yarımmüdafiəçi komandasını pis vəziyyətdə qoyaraq matçın böyük hissəsini azlıqda oynamasına səbəbkar oldu. Təbii ki, belə olan halda, "Sabah"ın bütün planları pozuldu və meydan sahibləri qalan 75 dəqiqədə daha çox müdafiəyə diqqət yetirməli oldu. Məlumdur ki, Koçukun ölkəmizdə ilk klubu məhz "Səbail" olub və keçmiş komandasıyla matçda necə deyərlər, özünü "yandırdı". Özü də bu, Yevgeninin Azərbaycan karyerasında ilk qırmızı vərəqəsi deyil. Sadəcə, o, həmin "Səbail"in heyətində cəzalanarkən 2 sarı vərəqəyə görə meydandan çıxarılmışdı.

 

Bu turda ikinci qırmızı vərəqəni "Qarabağ"ın bombardiri Mahir Emreli aldı. Ancaq Mahir 2-ci sarı vərəqəylə meydandan çıxarılarkən həm artıq 90+2-ci dəqiqə gedirdi, həm də komandasına qələbəni məhz bu hücumçu dəqiq baş zərbəsiyə qazandırmışdı.

 

 

Turun KOMANDAsı - "Keşlə" (4)

Bu turda yeganə darmadağına "Keşlə" imza atdı - 4:0. Özü də Tərlan Əhmədovun komandasının rəqibi autsayder yox, Avroliqaya iddialı, qış fasiləsində ən çox transferlərə imza atanlardan biri olan "Zirə" idi. Ancaq "Keşlə" həmşəhərlilərini demək olan bütün komponentlərdə qabaqlayaraq həm onunla xal fərqini 9-a çatdırdı, həm də 3-cü pillədə möqveyini möhkəmlətdi. Onu da nəzərə alaq ki, "Keşlə" ardıcıl 2 məğlubiyyətdən sonra toparlanaraq belə vacib qələbə qazandı. 

 

 

Turun SENSASİYAsı - "Keşlə" - "Zirə" - 4:0

Haqqında söz açdığımız bu matçda da məhz turun sensasiyası qeydə alındı. Hər halda, bu nəticəni, "Zirə"nin 0:4 hesabıyla uduzacağını çox adam gözləmirdi. Nəticədə ardıcıl 2 turdu rəqibləri Zaur Həşimovun komandasıyla görüşdə sensasiyalı nəticəyə imza atır. Ötən dəfə "Qarabağ" bunu Zirədə 6:0 hesablı qələbəylə reallaşdırmışdı.

 

 

Turun HAKİMı - Vüqar Həsənli ("Sabah" - "Səbail")

Penlati, qırmızı vərəqə nə vaxt varsa, onda da vermək lazımdı. Fərqi yoxdu, bu, 1-ci, yoxsa 90-cı dəqiqədi. Milli dərəcəli hakim Vüqar Həsənli idarə etdiyi "Səbail" - "Sabah" matçında artıq 15-ci dəqiqədə sərt qərar verərək meydan sahiblərinin futbolçusu Yevgeni Koçuka birbaşa qırmızı vərəqə göstərdi. Epizodun təkrarı da aşkar göstərir ki, Həsənli tam haqlı idi. Koçuk rəqib futbolçunun birbaşa ayağına vuraraq ona ciddi xəsarət yetirdi, aqressiv davranışla yadda qaldı. Vüqar bu epizodda sarı vərəqəylə kifayətlənsəydi, aşkar kobudluğa göz yummuş olardı.

 

 

Turun SİTATı - Elmar Baxşıyev ("Qəbələ", 2)

Üçüncü dövrənin ən uğursuz komandası olan "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev bu dəfə turun sitatı nominasiyasında fərqləndi. Belə ki, gənc mütəxəssis onu matçın sonunda istefaya səsləyən qəbələli azarkeşlərə qarşı çıxmadı: "Azarkeşlər haqlıdırlar, nəticə olmayanda bu çağırış normaldı".

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL