TOP 10

Dumanlı "Qəbələ"nin dumanlı günləri - niyə belə oldu, necə bundan çıxmaq olar?

Futbol
Tarix: 2020-02-23 16:28

Qəbələyə bu il ilk səfərim. Son səfərim "Qəbələ"nin keçən il son ev matçına təsadüf etmişdi. Onda komandada əhval-ruhiyyə də başqa idi, yüksəliş idi, dalbadal rəqiblərini 0:3 hesablı məğlubiyyətlərlə yola salırdı. Son dəfə "Sabah"ı ölkə Kubokunun 1/4 final mərhələsində bu hesabla qalib gələrək yarımfinala çıxmaq vəzifəsini demək olar onda təmin etmişdi.

 

Ancaq indi Elmar Baxşıyevin yetirmələri artıq son pilləyə düşüb, qış fasiləsindən sonra xal üzünə həsrət qalan yeganə komandadı. Belə bir ümid vardı ki, "Neftçi"ylə matç dönüş nöqtəsi olacaq. Düzdür, rəqib çox güclü idi, ancaq digər tərəfdən, motivasiyaya ehtiyac yox idi.  Sadəcə, yenə alınmadı.

 

Əslində, start heyətinə baxanda, uğurlu nəticəyə ümid azaldı. Çünki Baxşıyev radikal dəyişikliklərə etməyə əl atmışdı. Düzdür, komanda "qara zolaq"da olanda, yeni nəfəsə ehtiyac yaranır. Ancaq nəzərə almaq lazım idi ki, həm rəqib güclü, heyətində yüksək səviyyəli futbolçular olan komandadı, həm də ən əsası, start heyətində şans verdiyin öz futbolçuların oyun praktikası sarıdan korluq çəkənlər idi. Sadiq Quliyev mərkəz müdafiəçisi kimi özünü yaxşı göstərə bilməmişdirsə, onun üçün öyrəşmədiyi dayaq yarımmüdafiəçisi mövqeyində etimadı doğruldacağı az inandırıcı görünürdü ki, gözləntilər özünü doğruldu.

 

Baxşıyev mərkəz yarımmüdafiəçilərindən birdən-birə ikisinin xidmətindən yararlanmadı. Hücum planında olan ispan Ferran Lopez cəzalı idisə, müdafiəyəmeylli gürcü Merab Qiqauri sonadək ehtiyatda saxlanıldı. Həqiqətən Merab qış fasiləsindən sonra özünə bənzəmir. Bilmirsən, ya həmyerlisi Davot Volkov artıq "Qəbələ"dən getdiyindən onun üçün darıxır, ya rejimə əməl etməyərək artıq çəkiyə malikdi, ya da nəsə başqa məqam var. Baxşıyev "Qəbələ"nin yetirməsi olan İdris İnqilablıya ilk dəqiqələrdən şans verərək əsas komandada, Premyer Liqamızda rəsmi debütünə şərait yaratdı. Artıq U-19-da çıxışını başa vuraraq 20 yaşın içində olan bu dayaq yarımmüdafiəçisini uşaqlığından tanıyaraq bəyənmişəm. İndidən deyə bilərəm ki, növbəti mövsüm 21 yaş limiti 2000-ci il təvəllüdlülərdən başlayaraq olacaqsa, "Qəbələ"də start heyətə əsas namizəd məhz İdris olacaq. İnqilablı debüt matçı üçün 90 dəqiqədə heç də pis təsir bağışlamadı, epizodlar oldu ki, oyunuyla alqışlar da qazandı. Təbii ki, təcrübəsizliyini də nəzərə almaq lazımdı və ondan səhvsiz oyun gözləmək də sadəlövhlük olardı. Necə ki "Neftçi"nin ilk qoluna gətirən epizodda qapısı qarşısında təhlükəli cəribə zərbəsinə səbəbkar oldu, sarı vərəqə aldı. "Neftçi"nin kapitanı Emin Mahmudovun dəqiq həmləsinə gözəl reaksiya göstərən "Qəbələ"nin ikinci qapıçısı Tərlan Əhmədli topu küncə çıxardı. Məhz Eminin yerinə yetirdiyi künc zərbəsindən sonta Tərlan yenə ustalığını nümayiş etdirdi - bu dəfə "Neftçi"nin mərkəz müdafiəçisi Mamadu Mbodjun baş zərbəsinə inanılmaz reaksiya göstərdi. Ancaq təkrar künc zərbəsində Əhmədli də aciz idi - "Qəbələ"nin cərimə meydanına gələn "Neftçi"nin digər ucaboyli müdafiəçisi Anton Krivotsyuk artıq neçəndi dəfədi başla fərqləndi.

 

Həmin vaxt yalnız 8-ci dəqiqə gedirdi və meydan sahibləri bu "soyuq duş"dan özünə gəlmədi. Hesab açılandan 6 dəqiqə sonra əks-hücum zamanı "Qəbələ"nin bir vaxtlar bombardiri olmuş, indi "Neftçi"də bu işin "qulpundan yapışan" Baqali Dabo keçmiş komandasını qolla cəzalandırdı. Bu epizodda hər şey hücuma qoşulan Amin Seydiyevin topu itirməsiylə başladı, müdafiə boş qaldığından, Dabo Seydiyevin yer aldığı cinahla irəliləyərək topu dirəkdən tora göndərdi. 

 

Bəli, maraqlı təsadüfdü ki, Qəbələdə bu il 2-ci matçda da Amin müdafiənin mərkəzində İvitsa Juniçlə doğma olan sağ cinah müdafiəçisi yer almırdı, belədə Qismət Alıyev sol cinaha keçmişdi. Ancaq İvitsayla bu dəfə mərkəzdə duet təşkil edən Murad Musayev də etimadı doğrultmadı. İlk qolda Juniç bütün diqqətini Mbodjla mübarizəyə jönəltdiyi halda, Musayev və komanda yoldaşları digər sabiq "Qəbələ"li  Vojislav Stankoviçi tuturdu. Ancaq boş qalan Krivotsyuku tam yaddan çıxardılar ki, o da nəzarətsiz qalaraq bundan lazımınca yararlandı. 

 

"Qəbələ"nin müdafiə xəttini əbəs yerə vurğuladım, çünki komanda qış fasiləsindən sonra 4 oyuna 10 qol buraxıb, hər turda 2-3 dəfə qapısında top görüb. Halbuki, xüsusilə 2-ci dövrədə arxa xətti çox etibarlı idi, 7 oyuna cəmi 7 qol buraxmışdı. "Qırmızı-qaralar"ın hazırkı uğursuz çıxışının əsas səbəblərindən biri də budu. Düzdür, bu 4 matçın 3-də əsas qapıçısı Anar Nəzirov cəzalı olduğundan, gənc əvəzləyicisi Əhmədli "çərçivə"ni qoruyub. Ancaq məğlubiyyətlərdə onun kobud səhvləri olmayıb. 

 

"Qəbələ"nin uğursuzluğunun digər səbəbi İbrahima Niasseylə Davit Volkovun gedişindən sonra orta sahədə boşluğun yaranması, hücumda "dişslziyin" olmasıdı. Bu dəfə Fernan olmadığından Abdelrafik Jerar bir qədər də irəli çəkilərək oyun qurucusu idi. Bu solaxay fransalı futbolçu topla yaxşı davransa da, onu eyni zamanda onu saxlayır, tempi "öldürür". Həm də Abdelrafikin bura gələnədək xeyli vaxt futbolsuz qalması hiss olunur, fiziki cəhətdən tam hazır olmadığından, demək olar hər matç əvəzlənir. PSJ-nin yetirməsi olan "Qəbələ"nin digər qış transferi Nikolas Raysel bir hücumçu kimi xoş təsir bağışlayır. Sadəcə, sloveniyalı forvard oynöncəsi ayağında ağrıları olduğundan, bu dəfə kənarda qaldı. "Qəbələ"nin son transferləri olan toqoli sol cihan xavbeki Yaovi Akakpoyla çilili hücumçu Rodriqo Qattas son 15 dəqiqədə meydana buraxılaraq debüt etdilər və heç nəylə yadda qalmadılar. Yegenə yerli qış transferi Ehtiram Şahverdiyev isə əsas heyətdə şans qazansa da, əsas heyətdə yer almağa layiq olduğunu sübut edə bilmədi. Onun əvəzlədiyi, 67-ci dəqiqədə yerini verdiyi Rövlan Muradov yarımmüdafiənin sağ cinahında daha kəsərili oldu desək, yanılmarıq. 

 

Ümumiyyətlə,"Qəbələ"nin hücum xəttini həmin gün çox "dişsiz idi" 0 90 dəqiqədə yalnız 2 epizod yadda qaldı ki, onun birində hücumçu Ülvi İsgəndərlinin rəqibin müdafiəçinin ayağından gedən ofsayddan qolu, digərində isə mərkəz müdafiəçisi Juniçin qapı torunu üstdən silkələdiyi zərbə. Yəni, qəbələləlilər əvvəlki 3 turda da uduzsa da, belə zəif təsir bağışlamamışdı. 

 

Bəli, "Qəbələ" son pillədə yerini möhkəmlədərək "Avropa qatarı"dan xeyli uzaqlaşıb. Düzdür, çempionatdan Avroliqaya düşmək artıq çox çətinləşsə də, mövsüm itirilmiş hesab etmək də olmaz. Çünki komanda Kubokun yarımfinalındadı və rəqibi onun kimi heç də yaxşı günlərini yaşamayan "Zirə"di. Çoxdandı Qəbələdə "istefa" şüarları eşitmirdik, bunu da eşitdik. Azarkeşlərin bu çağırışını başa düşmək də olar, olmaz da. Ona görə başa düşmək olar ki, Baxşıyevin matçdan sonra dediyi kimi, nəticə yoxdursa, tərəfdarlar haqlıdırlar. Ancaq digər tərəfdən, komanda üçün belə çətin, mövsümün əldən getmədiyi bir vaxtda ona dəstək lazımdı. Onsuz da mövsümün bu qızğın vaxtında baş məşqçi dəyişikliyi ilə ciddi bir şey nail ola bilməzsən, yeni baş məşqçinin "sehrli çubuğu" yoxur ki, bir göz qırpımında hər şeyi yaxşılığa doğru dəyişsin. Baxşıyev hələ ukraynalı Roman Qriqorçukun vaxtından komandanın içindədi, Sənan Qurbanovun baş məşqçiliyi dövründə "qara zolaq" olanda da "Qəbələ"nin başının üstünü alan dumanı, "qara buludlar"ı qaçıra bilmədi. Yəni, gənc mütəxəssis bir dəfə bunu bacarıb, ondan yaxşı komandanın dilini bilən yoxdu. 

 

Bəli, "Qəbələ" qış fasiləsində heyətdə itkilərin, qış transferlərini yaxşı olmamağı, yaxşı olanların da komandaya gec qoşulmağının hazırda əziyyətini çəkir. Çempionat nə qədər əldən getsə də, Kubok var deyə turlarda məğlubiyyətləri sıralamaq da olmaz. Komanda apreldəki yarımfinal matçlarınadək məhz çempionatda özünə gəlməlidir ki, onu Avropaya çıxaran ən qısa yolda uğurla irəlilədiyini görəsən. Bir sözlə, Qəbələ "Neftçi"ni qonaq etdiyi görüşdə də ona tez-tez qonaq gələn dumanı tez bir zamanda qovmalıdı...

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV, Bakı-Qəbələ-Bakı

CBCsport
28 Mart 2020
27 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL